5.20.2015

Məktəbin idman nailiyyətləri ilbəil artır

Selyadar MƏMMƏDOV, 129  N-li Məktəbin fiziki tərbiyə müəllimi
Azərbaycan zəngin idman ənənələrinə malik olan bir ölkədir. Ölkəmizdə idmanın minillik tarixi, enişli-yoxuşlu inkişaf yolu vardır. Bu gün Azərbaycan idmanı özünün daha uca zirvələrinin fəthinə doğru gedir.
Dahi öndərimiz Heydər Əliyev müdrik bir ümumiləşdirmə apararaq söyləmişdir: “Xalqımız, millətimiz genetik xüsusiyyətlərinə görə fiziki cəhətdən sağlam insanlardan ibarət olan xalqdır, millətdir. Fiziki sağlamlıq və fiziki güc, mənəvi sağlamlıqla bərabər Azərbaycan xalqına, millətinə xas olan xüsusiyyətdir”.
Təsadüfi deyildir ki, ölkəmizdə bütün təhsil müəssisələrində fiziki tərbiyə və  idman sağlam nəsil yetişdirmək üçün vacib sahələrdəndir, dövlət buna həmişə qayğı göstərir.
Bakı şəhərinin Nizami rayonundakı 129 nömrəli tam orta məktəbdə də fiziki tərbiyə dərsləri günün tələbləri əsasında qurulur və keçilir. 2014-2015-ci tədris ilində də yenilik və müvəffəqiyyətlərimiz çox olmuşdur. Respublika, şəhər və rayonlar üzrə keçirilən idmanın müxtəlif növlərinə aid yarışlarda məktəbimizin şagirdləri iştirak edərək  bilik və bacarıqlarını nümayiş etdirmişlər.
Belə ki, Təhsil Nazirliyi tərəfindən 30 oktyabr 2014-cü il tarixində Bakının Nizami rayonunda keçirilən XXVII  idman  spartakiadasının “Domino” növü üzrə yarışında məktəb komandası III yer tutmuşdur. Ulu Öndər  Heydər  Əliyevin  xatirəsinə  həsr olunan stolüstü tennis yarışında şagirdlərimiz rayon üzrə IV yerə layiq görülmüşlər. 2014-cü il oktyabrın 10-da  məktəblilərin  XXVII  idman  spartakiadasında  şahmatçılarımız uğur qazanaraq  IV yerə çıxmışlar. Təhsil Nazirliyi tərəfindən  10 aprel 2015-ci ildə  Nizami rayonunun 220 nömrəli məktəbində idmanın “Atıcılıq” növü üzrə keçirilən yarışda şagirdlərimiz rayon üzrə V yeri, idmanın “Peyntbol” növü  üzrə 09 aprel 2015-ci il Nizami rayonu 201 nömrəli məktəbdə keçirilən yarışda II yerə, “Mini futbol” üzrə “Coca-kola” məktəbli kubokunun birinciliyində II yerə, respublika üzrə keçirilən “Şahin”hərbi idman oyunlarında XI yerə layiq görülmüşlər və s.
Şagirdlərimizin idmana marağının artmasında fiziki tərbiyə müəllimlərinin çox böyük əməyi var.
2014-2015-ci tədris ilində məktəbimizin fiziki tərbiyə müəllimlərindən Selyadar Məmmədov və Baxış Baxışov Gənclər və İdman Naziri Azad Rəhimovun əmri ilə “Fəxri Bədən Tərbiyəsi və İdman işçisi” adına layiq görülmüşlər. Müəllimlərimizdən Elduzə Əliyeva, Raisə Bağırova və digərləri də fəal təlim metodlarından istifadə etməklə dərslərini günün tələbləri səviyyəsində qururlar.
Yuxarıda sadalanan uğurlardan başqa məktəbimizin şagirdlərinin böyük əksəriyyəti mütəmadi olaraq idmanın müxtəlif növləri - boks, güləş, taekvondo, domino, gimnastika, şahmat və s. ilə məşğul olur, fiziki sağlamlıqlarını inkişaf etdirirlər. Müəllimlərimiz şagirdlərə təkcə fiziki tərbiyə dərsləri keçməklə kifayətlənmir, həm də idmanın insan həyatında necə böyük əhəmiyyətə malik olduğu mövzusunda tez-tez maarifləndirici söhbətlər aparırlar. Çünki müstəqil Azərbaycanın sosial-iqtisadi inkişafı digər sahələrdə olduğu kimi, idmanın da inkişafına ciddi zəmin yaratdı. Uzun illərdən bəri sübut olunmuş bir məfhum var - idman və bədən tərbiyəsi hər bir ölkənin beynəlxalq aləmdə tanınması, gənc nəslin sağlam inkişafı üçün önəmli vasitələrdən biridir.
Məhz bu səbəbdən də Azərbaycan dövləti idmanın, xüsusilə də olimpiya hərəkatının inkişafına xüsusi diqqət yetirir.
Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyevin bu sahəni sevməsi, idmançıların qayğı və problemləri ilə yaxından maraqlanması ölkədə  idmanın kütləviləşməsinə, gənc nəslin bu sahəyə sürətli axınına şərait yaratmışdır. Təbii ki, bunun üçün Azərbaycanda lazımı maddi-texniki baza da yaradılıb. Ölkəmizdə son 10 ildə  tikilən olimpiya idman kompleksləri, təlim-məşq bazaları məhz yeniyetmə, gənc və usta idmançılara, idmanın inkişafına xidmət edir. Ölkəmizin bütün rayonlarında müasir tələblərə cavab verən idman olimpiya mərkəzləri fəaliyyət göstərir. Azərbaycanın idman sahəsində qazandığı medallar və mükafatlar ölkəmizin beynəlxalq idman təşkilatlarında da mövqeyinin xeyli güclənməsinə səbəb olmuş və Azərbaycanı dünyaya əsl idman ölkəsi kimi tanıtmışdır. Məhz bu səbəbdən də beynəlxalq idman ictimaiyyəti, idman federasiyaları həvəslə ən mötəbər yarışları ölkəmizə həvalə edir. Bakı, eləcə də, digər şəhərlərimiz bu yarışları yüksək səviyyədə təşkil edərək Azərbaycanın idman sahəsində liderlər sırasında olduğunu göstərir. Builki “Birinci Avropa Oyunları”nın Azərbaycanda keçirilməsi heç də təsadüfi deyil.



No comments:

Post a Comment