Svetlana ƏMİROVA,
129№li Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi
İnsan özünü dərk
etdiyi gündən həyat yolunu seçməli, seçdikləri naminə
mübarizə aparmalı , məqsədinə çatmaq üçün fədakarlıq göstərməlidir. Bunları
əldə etmək üçün bizə yardımçı və istiqamət verən bir məkan , daim bizi xoş gələcəyə
səsləyib, keçmişimizi xatırladıb, bu
günümüzlə yaşayan insanlar olmalıdır. Bu məkan – məktəb, bu insan – müəllimdir.
İlk dəfə məktəbə addım atan hər bir şagird yeni həyata atıldığını dərk edir. Bu
baxımdan məktəb və müəllimin gənc nəslin
tərbiyəsindəki rolu danılmazdır.
Bakı şəhəri, Nizami
rayonunda yerləşən 129№li tam orta məktəb də öz yenilikçiliyi, müəllimlərinin intellektual səviyyəsi,
ciddi nizam-intizamı, öz işinin bilicisi
olan rəhbərliyi, sənətinin vurğunu olan müəllim kollektivi ilə seçilən bir təlim
– tərbiyə ocağıdır. Məktəbin həyətində öz doğma şagirdlərinin Qarabağ müharibəsində
şəhidlik zirvəsinə ucaldığını nümayiş etdirən abidə ucaldılmışdır. Hər gün məktəbə
gələn müəllim və şagirdlər bu abidənin önündən keçir, onların ruhları
qarşısında baş əyirlər. Məktəblilər onlar kimi vətənpərvər olacaqlarına öz
kiçik qəlblərində and içirlər. Əgər məktəb qapısının astanasında şagirdlər bu
hissi yaşayırlarsa , deməli , təhsil aldıqları məktəbdə xalqın vətənpərvər
ruhlu şagirdləri yetişir. Məktəbin foye və dəhlizləri məktəbə ilk gəlişdən bu təhsil
ocağının ab–havasından xəbər verir. Ulu Öndər Heydər Əliyevin keçdiyi həyat
yolunu, onun davamçısı olan ölkə başçısı cənab İlham Əliyevin fəaliyyətini, 129№li
məktəbin nailiyyətlərini, xalqımızın qəhrəmanlıq
salnaməsini əks etdirən lövhələr şagirdlərin gələcəyə hansı yollarla gedəcəklərini,
necə bir vətəndaş kimi yetişəcəklərini onların gözləri önündə canlandırır.
Şagirdlərin xalqının əsl vətəndaşı
kimi yetişməsində məktəb kollektivinin birgə fəaliyyəti ön planda durur. Belə
ki, şagirdlərin dünyagörüşünün formalaşmasının, təhsildə uğur qazanmalarının
ilk şərti məktəb rəhbərliyinin məktəbdaxili işinin düzgün qurulmasındadır. Şagirdlərin
öz elinə, obasına bağlılığını, doğma Vətəninə olan sevgisini, vətənpərvər bir
şagird kimi formalaşmasını təmin etmək üçün məktəbdə keçirilən tədbir, görüş və
layihələrin sırası genişdir. “Milli Qəhrəmanlarımızı tanı” layihəsinin tədbirlərindən
birinin məktəbdə keçirilməsi bunun bariz nümunəsidir. Şagirdlər bugünkü
tariximizin canlı yaradıcıları ilə - Milli Qəhrəmanlarımızla görüşlərdə əfsanəvi Koroğlunun, Qaçaq Kərəmin
davamçıları ilə canlı ünsiyyətdə olurlar. Onların keçdiyi həyat yolu, göstərdikləri
fədakarlıq şagirdlərimizin vətənpərvərlık hissini daha da artırır. Azərbaycanın Milli Qəhrəmanı Vahid Quliyev,
Fariz Qəhrəmanovla, igidliyi ilə adı əfsanəvi qəhrəman kimi dillər əzbəri olmuş
Qarabağ müharibəsi qəhrəmanı İbad Hüseynovla görüş şagirdlərin mənəvi
inkişafında əxlaqi – tərbiyəvi rol oynamışdır. Məktəblilər əsər, film qəhrəmanları
ilə deyil, həqiqi, real müasirləri ilə üz – üzə dayanırlar. Bu da onların bir gələcək qurucusu kimi,
xalqın mənafeyini qoruyacaq bir insan kimi formalaşmasında böyük əhəmiyyət kəsb
edir.
Məktəbdə keçirilən digər tədbir
yazıçı Elxan Elatlının “Qisas gecəsi” kitabının təqdimatı oldu. Bu təqdimat
sanki döyüşə hazır dayanan igid Azərbaycan əsgərlərinin hazırlığını göstərirdi.
Milli Qəhrəman Mübariz İbrahimova həsr olunmuş bu kitabın hər səhifəsini diqqətlə,
qürurla, məhəbbət və sevgi ilə oxuyan şagidlər Mübariz həyatının davamını onlar
yaşayacaqlarını tədbirdə öz çıxışlarında nümayiş etdirdilər. Bu fədakarlıq, Vətən
naminə xalq sevgisinin bəşəriliyi deyilmi? Şagidlər üçün onlar əsl örnək, əsl məktəb,
əsl həyat dərsləridir.
Məktəb günün nəbzi ilə işləyir.
Çünki məktəb kollektivinin bir amalı
var: hərtərəfli inkişaf etmiş, müasir bilik və bacarıqlara yiyələnmiş, Vətənini
sevən, onun yolunda canından belə keçməyə hazır olan vətəndaş yetişdirmək!
Bunun üçün də məktəb rəhbərliyinin
qayğısı və təşəbbüskarlığı sayəsində bütün kollektiv vəzifə və borclarını
layiqincə yerinə yetirirlər. Heç bir tarixi, ictimai hadisə məktəb
kollektivinin nəzərindən kənarda qalmır. Şagirdlər 20 Yanvar hadisələrini,
Xocalı faciəsini əks etdirən divar qəzetlərində, tarixi yerlərə ekskursiyalarda, bədii anim gecələrində də
eyni bir ruhu – Vətənə layiqli övlad olmalıyıq fikrini təbliğ edirlər.
Məktəbdə və məktəbdənkənar
tədbirlərdə - “Şahin”, “Vətənin müdafiəsinə hazıram”, 20 Yanvar hadisələrinə həsr olunmuş rəsm sərgilərində ,
“ Odlar Yurdu – Azərbaycan” rəsm müsabiqəsində 129№li tam orta məktəb öz sözünü
demişdir. Şagirdlərin hər birinin əl işində, çəkdikləri rəsmlərdə, istifadə
etdikləri boyalarda Vətən eşqi, Vətən sevgisi duyulur. Bölünməz Azərbaycanın gələcək vətənpərvər övladları öz hislərini “Azərbaycan – Biz həmişə
səninləyik!” şüarı ilə keçirilən bilik yarışmasında da bir daha sübut etdilər. Məktəbdə
keçirilən layihələrdən biri də şagirdlərə “Tanıyaq Azərbaycanı” adı ilə təqdim
olundu. Məktəb rəhbərliyinin tövsiyə və göstərişləri, müəllimlərin təşəbbüskarlığı,
şagirdlərin bacarıq və vərdişləri, həvəslə çalışmaları sayəsində bu tədbir də
yüksək nəticələrlə başa çatdı.
Nizami rayonunda keçirilən
Gül bayramında şagirdlərimizin əl işlərindən ibarət sərgi ən nümunəvi, rəngarəng
rəsm qalereyasını xatırladırdı. Məktəblilərin belə həvəslə, səylə, sevgi ilə
yaratdıqları hər bir nümünə Vətən gözəlliklərinin canlı əksidir.
Biz müəllimlər şagirdlərimizin
ugurlarını gördükcə sevinirik ki, gələcəyimizi etibar etməyə layiqli varislərimiz
var. Əgər biz onların qəlblərində Vətən sevgisinin ən azından bir damlasını
yarada bilmişiksə, deməli, bu damlalar ümmana çevriləcək. Elə bir ümmana ki,
daim Azərbaycan adını öz axarı ilə aparacaq, onun sərhədlərinin
toxunulmazlığını təmin edəcək. Elə bir ümman ki, coşub – daşıb yad, mənfur düşmənləri
sularında məhv edəcək. Elə bir umman ki, dünyaya sülh, əmin –amanlıq carçısı
kimi nur paylayacaq.
Bizə – 129№li məktəbin
kollektivinə də şagirdlərinin bu ümmanından pay düşəcək və fəxr edəcəyik ki, çəkdiyimiz
əziyyət, göstərdiyimiz fədakarlıq cavabsız qalmayıb. Bu cavab isə müasir
dünyamızın quruculugunda çalışacaq, vətənpərvərlik ruhunda böyüyəcək 129 №li məktəbin
şagirdlərinin Vətən qarşısında borclarını dərk edib yerinə yetirməkləri olacaq!
ŞAGİRDLƏRİN VƏTƏNPƏRVƏRLİK RUHUNDA TƏRBİYƏSİ
ReplyDelete