Bu yazı Gədəbəy rayonu Gərgər kənd tam orta məktəbin
riyaziyyat – informatika müəllimi Elmar Həsənovun iş təcrübəsi haqqındadır.
Dünya elminin zənginləşməsində misilsiz xidmətlər
göstərmiş Qalileo Qalileyin belə bir sözü var: “Dünya riyazi dildə yazılmış bir
kitabdır. Onu ancaq bu dili bilənlər anlaya
bilər.” İnsanlıq zaman-zaman riyaziyyatın bəşəriyyətin inkişafındakı
rolunun, riyazi kəşflərin cəmiyyəti sürətlə irəli aparan bir qüvvə olduğunun
şahidi olub. Bu, bu gün də belədir. Əsl riyaziyyatçı üçün həyatın nəbzini
riyazi əməllərdə görmək çətin deyil. Bəli,
həyat riyaziyyatın fəlsəfəsi üzərində qurulmuş sonsuz məna çələngidir.
Riyaziyyat müəllimi bu məna çələngini şagirdinin boynundan qiymətli bir
boyunbağı kimi asa da bilər, onu şagird çantasının mənasız bir əşyasına çevirə
də bilər. Gədəbəy rayonu Gərgər kənd tam orta məktəbin riyaziyyat-informatika
müəllimi Elmar Həsənov birincilərdəndir. Gədəbəydə dərsində iştirak etdiyim müəllimlərdən
biri də məhz Elmar müəllim oldu. Elmar müəllimin Gərgər kənd orta məktəbindəki
riyaziyyat kabineti – bizim uşaqlıq dövrümüzün riyaziyyat kabinetini
xatırladırdı. Amma bu köhnəlik müəllim və şagirdləri ruhdan salmırdı. Onlar
üçün hansı mühitdə öyrənməyin fərqi yox idi. Əsas o idi ki, ürəklərində sonsuz
riyaziyyat marağı hiss olunurdu. Fərqi nədir ki, müəllimin sənin təfəkkürünə
yazdığı bilikləri yazı taxtasına təbaşırlə yazdın, yaxud onu elektron lövhəyə
köçürdün. Əsas odur ki, sən onu beyninə necə həkk etmisən. Müəllim sənin riyazi
təfəkkürünü formalaşdırmağa nail ola bilibmi? Əgər bilibsə, yüz ilin yazı
taxtasına yazdıqların da səni işıqlı həyat yoluna çıxara biləcək.
Elmar Əliyevin 8-ci sinifdə apadığı dərs “İkidəyişənli xətti tənliklər sistemi
qurmaqla məsələ həlli” idi. O, motivasiya qurmaq üçün sinfə belə bir sualla
müraciət etdi: 5 karandaşla 6 dəftərə 65 qəpik verdilər. 3 dəftərə
2 karandaşdan 28 qəpik cox pul verilmişdir. Bir karandaş və bir dəftər neçəyədir? Əslində bu
sual mövzuya giriş üçün həm də motivasiya rolunu oynadı. Suala verilən
cavablardan belə qənaətə gəldim ki, Elmar Həsənovun 8-ci sinfi riyaziyyata
meylli sinifdir. Müəllim sinif hələ qruplara bölünməzdən öncə şagirdlərlə
apardığı sorğu sualla onları bir növ qrup işlərinin həllinə hazırladı. Bundan
sonra sinif “Zəka”, “Odlar yurdu”,
“Tusi”, “İntellekt” adlandırılmaqla dörd qrupa bölündü. “Zəka” qrupuna “Cəmi
118, fərqi isə 83,6 olan ədədlərin hasilini tapın. Alınan ədədi təkliklərə qədər yuvarlaqlaşdırın”, "Odlar
Yurdu " qrupuna “14 metr parçadan 4
kişi və 2 uşaq paltosu , 15 metr eyni parçadan isə 2 kişi və 6 uşaq
paltosu tikmək mümkündürsə, bir kişi və bir uşaq paltosuna nə qədər parça
lazımdır?”, "Tusi" qrupuna “Birinci fəhlə 15 gün, ikinci fəhlə isə 14
gün işlədi və birlikdə 234 manat pul aldılar. Birinci fəhlənin 4 gün üçün
aldığı pulun ikinci fəhlənin 3 gün üçün aldığı puldan 22 manat çox olduğu məlumdur.
Hər fəhlənin bir gün üçün aldığı pulun məbləğini müəyyən edin”, "İntellekt"
qrupuna “Hər gün 8 at və 15 inəyə 162 kq. yem verilir. Məlumdur ki, 5 ata verilən
yem 7 inəyə veriləndən 3 kq çoxdur. Hər
atın və inəyin gün ərzində neçə kiloqram yem yediyini müəyyən edin”
tapşırıqları verildi.
Elmar
müəllim dərs prosesinin optimallığını artırmaq, mənimsəməni yüksəltmək üçün
proses boyunca şagirdləri müzakirəyə cəlb edir, məntiqi suallarla onları mövzu ətrafında
ciddi işləməyə və düşünməyə sövq edirdi. Şagirdlərin təqdimatında da o, ənənəsinə
sadiq qalaraq mövzunun hamı tərəfindən mənimsənilməsi üçün bir qrupun işinin təqdimatına
digər qrupların da qoşulmasına şərait yaradırdı. Beləliklə bir qrupun
tapşırığının cavabı digər qruplara da aydın olurdu. Elmar müəllim şagirdlərin
birgə, əməkdaşlıq şəraitində fəaliyyətinə, müzakirələrdə fəal iştirak etmələrinə
asanlıqla nail olurdu. Bunun ən əsas səsəblərindən biri bundan ibarət idi ki,
şagirdlər sistemli olaraq müəllimlərinin bu kimi tapşırıqlarını yerinə yetirir,
dərsin hər bir məqamında müəllimin yeni-yeni yanaşmaları ilə üzləşirdilər. Müəllim
onlara hər anın dəyərli olduğu hissini çoxdan aşılamışdı. Digər bir məqam isə
şagirdlərin qoyulan tapşırıqlara cavab vermək üçün yazı lövhəsinə ürəklə
yaxınlaşmaları idi. Bu da öz növbəsində bilikdən, məlumatlılıqdan irəli gəlirdi.
Elmar
müəllim, doğrudur, dərsin müəyyən məqamlarında informasiya-kommunikasiya
texnologiylarından istifadə edirdi, amma qüvvə müəllim və şagirdlərin
qarşılıqlı əməkdaşlığı, ünsiyyəti üzərində qurulmuşdu ki, bu da prosesin daha
canlı alınmasına imkan verirdi. İKT yardımçı vasitə idi. Şagirdlərin ardıcıl, məntiqli
cavabları dərs prosesinin ağırlıq mərkəzini təşkil edirdi.
Elmar
müəllim hər bir tapşırığın şagird təfəkküründə dərk olunması üçün onun mahiyyətcə
izah olunmasına çalışırdı. Verdiyi tapşırıqları həyatla əlaqələndirir, şagirdlərin
özlərinin də həyati cavablar verməsinə nail olurdu. O, elan etdiyi suallarla
sanki şagirdlərində düşüncə oyaqlığı yaradır, problemi elə qoyurdu ki, hər şey
sanki şagirdin gözləri qarşısında canlanır, hissi olaraq təsir edirdi. O,
qoyduğu suallarla şagirdlərini yaradıcı işləməyə sövq edir, verilən cavabların
məntiqi ardıcıllığına diqqət yetirirdi. Maraqlı həm də bu idi ki, şagirdlər həm
şifahi cavabları, həm də yazılı cavabları ilə yaradıcı fəaliyyətə nail olurdu.
Yeri gəldikcə ayrı-ayrı mövzulara ekskurs edən şagirdlər köhnə biliklərini də məharətlə
nümayiş etdirirdilər. Elmar müəllim sinifdə elə ahəngdar bir mühit yaratmışdı
ki, sanki ən çətin suallar şagirdlərin bilikləri qarşısında əriyirdi. Bu, yenə
də qeyd etmək istərdim ki, bilikdən, məlimatlılıqdan və özünəinam hissindən
yaranırdı. Elə inamı yaradan amillərdən ən başlıcası da bilik deyilmi? Buna
nail olmaq üçün müəllimdən şagirdin mənəvi inkişafı istiqamətində işləmək tələb
olunur. Müəllimdən həm də o tələb olunur ki, tədris etdiyi fənnin gözəlliklərini,
mahiyyətini, şagirdin gələcək həyatında oynayacağı rolu onun üçün aydınlaşdıra
bilsin. Elmar müəllimin özünün də qeyd etdiyi kimi, həyati məsələləri riyazi ifadələr,
tənliklər qurmaqla həll etmək mümkündür. Həyati hadisələrə aid məsələlərin həllini
ikidəyişənli xətti tənliklər qurmaqla da yerinə yetirmək olar. Göründüyü kimi Elmar Həsənovun təqdimatında
riyaziyyat nə qədər həyəti təsir bağışlayırdısa da, bu həyat özlüyündə
dinamiklik, ritmlik gətirirdi. Yəni riyaziyatı mükəmməl öyrənməklə həyatın nəbzini
tutmaq, onun qarşıya çıxardığı problemlərə çevik reaksiya vermək mümkündür. Dərs
əslində bunu ehtiva edirdi.
Mənim fikrimcə riyaziyyat ən qədim dövrlərdən gələn
bir səs, müəllim isə o səsi ifadə edən, onu şagirdin qəlbində, düşüncələrində əks
etdirən ruhi-mənəvi bir qüvvədir. Axı kainatın düzülüşünün, nizamının özü də
riyaziyyata bağlıdır. Odur ki, riyazi təfəkkür sahibləri dünyanın nizamını daha
dərindən anlamaq gücündədirlər. Elmar müəllimin müşahidə etdiyim 45 dəqiqəlik dərsində
və onu tanıdığım müddət ərzində də bunu müşahidə etmişəm. Mən Elmar müəllimin
şagirdlərinin simasında riyaziyyatın qədim dövrlərdən gələn səsini dinləmək
bacarığını duydum. Elə Elmar müəllimin özünün də. Onların – müəllim və şagirdlərinin
birliyindən sinifdə mükəmməl kompozisiya yaranmışdı. Bu, əsl yaradıcı, dərketmə
mühiti idi... Müəllimin inamlı, etibarlı səsi riyaziyyatın mürəkkəbliyini sanki
şagirdlərinin düşüncələrində mum kimi əridirdi. Onlar inam hissi ilə əhatə
olunaraq verilən tapşırıqları bacarıqla yerinə yetirirdilər. Bu, müəllimin
ustalığı idi. Ustalıq özündə yalnız biliyi deyil, onu ötürməyi, həm də məharətlə
ötürməyi birləşdirir. Elmar Həsənov məhz bu kimi xüsusiyyətləri daşıyan müəllim
kimi diqqətimiz cəlb etdi və belə də yaddaşıma həkk olundu...
Elmar Həsənovun ömür yolundan sətirlər.
Elmar Həsənov 22
mart 1982-ci ildə Gədəbəy rayonunun Gərgər
kəndində ziyalı ailəsində anadan olub. 2003-cü ildə Azərbaycan Beynəlxalq
Universitetinin Riyaziyyat və İnformatika fakültəsini bitirib. 2006-cı ildən Gədəbəy
rayon İ.Mahmudov adına Gərgər kənd tam orta məktəbində öz ixtisası üzrə müəllim
işləyir.
Elmar Həsənov
pedaqoji fəaliyyəti dövründə “Müəllimlərin Peşəkarlıq Səviyyəsinin
Təkmilləşdirilməsi- Təlimçilər üçün təlim”, “İnzibati İdarəetmə Heyəti üçün İKT
– nin təhsilə tətbiqi üzrə təlimçilər üçün təlim”, “Dymo /Mimo İnteraktiv texnologiyaları ilə tədris",
"Smart Notebook" İnteraktiv texnologiyaları ilə tədris", Təhsil Şurasının "Təhsil sahəsinin
inkişafı üzrə Dövlət Strategiyasına" Dəstək Proqramı" çərçivəsində
"Öyrədənlərin öyrədəni" layihəsinə daxil olan "Elektron Tədris
Resurslarının hazırlanması və tədrisdə tətbiqi” təlimçi təlimi”, “Ümumi orta təhsil
səviyyəsi üzrə yeni fənn kurikulumlarının tətbiqi və fəal (İnteraktiv) təlim”
kurslarında iştirak edib, təlimçi kimi fəaliyyət göstərib.
Elmar Həsənov həmçinin
Təhsil Şurasının ABŞ-ın Qarabağ Fondu ilə birgə keçirdiyi “Qarabağ
həqiqətlərinin dünya ictimaiyyətinə
çatdırılmasının elmi-metodiki və praktik məsələləri” mövzusunda elmi-təcrübi
konfransda iştirak edib.
Böyükağa Mikayıllı
No comments:
Post a Comment