Bu yazı Pirallahı rayonundakı 231 nömrəli tam orta məktəbin ibtidai
sinif müəllimi Nüranə Əliyevanın iş təcrübəsinə həsr olunur.
Müəllimlik daha çox mənəviyyat məsələsidir. Hər bir müəllimin ən ali
məqsədi cəmiyyət üçün mənəvi saflığa malik olan şəxsiyyət yetişdirməkdir. Nuranə
müəllim dərs prosesində bütün varlığı ilə bu hisslərin aşılanmasına köklənmişdi.
Həm də çox çətin bir nüans üzərində dayanmışdı. Onun dərs prosesində irəli
sürdüyü prinsip şagirdlərinin mənəvi dünyasının formalaşmasına çalışmaqla bərabər,
bu dünyanın təməllərini onların vətən sevgisi üzərində qurmaq istəyi idi. O,
yetirmələrini bu hissə doğru addım-addım yaxınlaşdırırdı. Və bu yolda gənc müəllimin
ən böyük silahı özünün daxilindən gələn vətən sevgisi və bu sevgini aşılamaq
bacarığı idi.
Onun kabinetində hər bir detal yerli-yerində idi. Divarlardan asılmış
əyani vəsaitər, müxtəlif mövzulara aid plakatlar rəngarənglik yaradırdı. Hər
bir detal özlüyündə nə isə ehtiva edirdi, öyrədirdi. “Kitabqurdu” guşəsində şagirdlər
oxuduqları kitablar haqqında məlumatlar yerləşdirirlər. O məlumatlarla tanış
olduqda düşünmək olurdu ki, balaca fidanlar il ərzində müəllimlərinin tövsiyəsi
ilə maraqlı kitablar oxuyublar.
Azərbaycan dili dərsinin əvvəlində Azərbaycanın Milli Qəhrəmanı
Mübariz İbrahimov haqqında video-çarx nümayiş olundu. Video-çarxın tanınmış
qiraət ustası, müğənni Şəmistan Əlizamanlının səsi ilə müşaiyət olunması
motivasiya üçün stimul yaradırdı. Bunun ardınca müəllimin ünvanladığı suallar
videogörüntüdəki bilgiləri həm möhkəmləndirmək, həm də şagirdlərin bu barədə biliklərini
yoxlamaq baxımından əhəmiyyətli oldu. Videoda kimi gördünüz? Azərbaycanın Milli
Qəhrəmanı Mübariz İbrahimov harada şəhid olub? Xocalı faciəsi haqqında nə deyə
bilərsiniz? və s. kimi suallar səsləndirildi. Bu suallar əsasında qoyulan
motivasiyadan bəlli oldu ki, dərsin mövzusu “Qarabağ”dır. O da məlum oldu ki,
müəllim ötən dərsdə uşaqlara Azərbaycanın əzəli torpağı olan Qarabağ haqqında tədqiqat
aparmağı tapşırıb. Əvvəlcə mənə elə gəldi ki, şagirdlər Qarabağ haqqında
bildiyimiz ümumi məsələlərdən danışacaqlar. Axı, onlar hələ çox kiçikdirlər.
Amma bu, belə olmadı. Kiçikliklərinə baxmayaraq meydana gətirdikləri işlər
maraqlı cəhətləri ilə diqqətimi cəlb etdi. Öncə məni sevindirən bu məqam idi
ki, Nuranə müəllim şagirdlərinin təşəkkürünə Qarabağ həqiqətlərini əkməklə, həm
də onların tədqiqatçı ruhunda böyümələrinə stimul yaradırdı. Məndə belə bir
hiss yaranırdı ki, Nuranə müəllimin yetirmələri arasından gələcəkdə həm
Qarabağın azadlığı uğrunda döyüşüb özündən söz etdirəcək gənclər, həm də onun
tarixini, ədəbiyyatını araşdıracaq alimlər yetişəcək. Təsəvvür edin ki, ikincilərin
apardığı tədqiqatlar arasında Qarabağ atları, abidələri, görkəmli şəxsiyyətləri,
təbiəti və s. haqqında maraqlı işlərə rast gəlmək mümkün idi. Onlar sözün həqiqi
mənasında tədqiqat aparmış və bunu özlərinəməxsus tərzdə təqdim edə bilmişdilər.
Bu, sanki bir möcüzə idi. Nağilları
uşaqlara böyüklər danışır. Amma elə məqamlar olur ki, uşaqların danışdıqları da
adama nağıl kimi görünür. Nuranə müəllimin şagirdlərinin də Qarabağdan
danışdıqları tarixi həqiqət olsa da, nağıl təsiri bağışlayırdı. Axı bunu
danışanlar hələ çox kiçik idilər. Qrupların – “Qarabağ”ın, “Vətən”in, “Azadlıq”ın,
“Sülh”ün təqdimatında da bu hisslər hakim idi. Cavablar o qədər rəngarəng və
maraqlı idi ki, onların hər birində insan
sevgisinin hüdudsuzluğu görünürdü. Onu da sezmək mümkün idi ki, hər hansı bir
duyğu olursa olsun, onu hələ körpə ikən düşüncələrə həkk etmək daha mühümdür.
Körpəlikdən beynimizə həkk olunan yaxşılıqlar ömrümüz boyu yaddaşımızda yaxşı
kimi, pis isə pis kimi qalır. Nüranə müəllimin də məqsədi şagirdlərinin düşüncəsinə
böyük bir həqiqəti olduğu kimi həkk etmək idi. Və bunun üçün onun öz
yanaşmaları var idi. Məsələn, əgər Mübariz İbrahimovun qəhrəmanlıqlarını əks
etdirən video-çarx sıradan bir vəsait olaraq nümayiş olunsaydı, bunun əhəmiyyəti
istənilən səviyydə alınmayacaqdı. Amma Nüranə müəllim bu çarxı Şəmistan
Əlizamanlının ecazkar
səsi ilə daha da təsirləndirmişdi. Əgər Şuşa haqqında
nümayiş olunan video-çarx yalnız şəkillərdən və faktlardan ibarət olsaydı, müəllim
yenə də istəyinə nail ola bilməyəcəkdi. Amma müəllim Şuşanın nümayişini Şuşalı
xanəndələrin möcüzəli səsi ilə nümayiş etməklə, şagirdlərin düşüncəsinə Şuşanın
tarixi, mədəniyyəti, ədəbiyyatı, görkəmli şəxsiyyətləri ilə yanaşı, Şuşa həsrətinin
də rəsmini həkk edə bilmişdi. Elə əsl müəllimlik də şagird qəlbinə sevgi
toxumları əkə bilmək bacarığıdır. Dərsin sonunda Nuranə müəllim şagirdlərinə tank və göyərçin şəkilləri payladı. O bununla
demək istəyirdi ki, ermənilər tərəfindən işğal olunmuş torpaqlarımızın sülh
yolu ilə azad olunmasını istəyənlər göyərçin, müharibə yolunu istəyənlər isə
tank şəklini qaldırsınlar. Ciddi müzakirə aparıldı. Sonda qərara gəldilər ki,
torpaqlarımız sülh yolu ilə azad olunmalıdır. Müharibə olmamalıdır. Analar
gözüyaşlı, körpələr yetim qalmamalıdır. Amma hər şeyin də son həddi var. Hər
bir Azərbaycan gənci torpaqlarımızın müharibə yolu ilə də azad olunmasına həm mənəvi,
həm də fiziki cəhətdən hazır olmalıdır.
Nüranə müəllim doğrudanda bir dərs nə qədər imkan verirsə, Qarabağ həqiqətlərini
o qədər də balaca fidanlarının düşüncəsinə həkk edə bildi. O, erməni işğalında
olan rayonlarımızın tarixi, Qarabağın, Şuşanın hazırkı durumunu, Mübariz
İbrahimovun igidliklərini, Xocalı soyqrımını, Azıx mağarasını, Xudafərin
körpüsünü uşaqların anlayacağı dildə onlara izah etdi. Və onun hər bir
izahatının mahiyyətində irəli sürülən problemin mənəvi tərəflərinin dərk
olunması, mənəvi dəyərlərimizin ruha hopdurulması çabaları dayanmışdı.
Nuranə Əliyevanın izlədiyim ikinci dərsi “Həyat bilgisi”ndən “Dövlətçiliyimizin
rəmzləri” mövzusu idi. Dərsin əvvəlində müəllim müxtəlif ölkələrin bayraqlarını
nümayiş etdirdi. Uşaqlar bu bayraqların fərqli və oxşar cəhətlərini qeyd etdilər.
Dövlətin rəmzi olan bayrağı xalqın qürur mənbəyi kimi xarakterizə elədilər.
Maraqlı idi ki, şagirdlər bu mövzuya da tədqiqatçılıq nöqteyi nəzərdən yanaşmışdılar.
Onlar bayrağımızın tarixini araşdırmış, onun ilk dəfə 1918-ci ildə Azərbaycan
Demokratik Respublikasının qurucusu Məmməd Əmin Rəsulzadə tərəfindən
qaldırıldığını vurğuladılar. Bayrağımızın üzərindəki rəngləri, onların mənalarını
söylədilər. Nuranə müəllim bu mövzunun tədrisinə də geniş aspektdə yanaşaraq
bayrağı əslində qəlbimizin ən dərin guşəsində dalğalanan uca bir varlıq kimi təqdim
etməyə çalışırdı. O, elə bir hiss aşılamağa çalışırdı ki, bayraq məfhumu hər dəfə
səslənəndə ürəkləri həyacana gətirə bilsin. Buna nail olmaq üçün o, dünyanın ən
hündür bayrağı olan Azərbaycanın bayraq meydanında dalğalanan üçrəngli
bayrağımızı nümayiş etdirdi. Heydər Əliyevin Dünya Azərbaycanlılarının 1-ci
qurultayında söylədiyi “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən
Azərbaycanıyam” sözləri sanki sinifdə bayraq kimi dalğalanıb, əks səda verdi.
Nuranə müəllimin iş prinsinin digər cəhətlərindən biri problem
haqqında öncə şagirdlərinin düşüncələrində təsəvvür yaratmaq bacarığıdır. O,
sanki keçəcəyi mövzuda qaldırılan
problemin rəsmini şagirdlərinin beyninə yazır. Bu, ilkin mərhələdir. Rəsm
həkk olunduqdan sonra ona, əgər belə demək mümkünsə, can verilir. Dərsdə “Ay”
qrupuna bayrağımız haqqında məlumat vermək, Azərbaycan və Türkiyə bayraqlarının
fərqli və oxşar cəhətlərini sadalamaq tapşırıldı. “Ulduz” qrupu himnimiz
haqqında danışmalı, bayrağımızın şəklini çəkməli idi. “Palıd” qrupuna
gerbimizin hansı incəsənət xadimi tərəfindən çəkildiyini müəyyənləşdirmək
tapşırıldı. Göründüyü kimi, qoyulan sullar əslində müəllimin şagirdlərinin təsəvvüründə
yaratdığı bayraq rəsminin tam olaraq canlandırılması anlamına gəlirdi. Elə
verilən cavablar da gözlərimiz önündə Azərbaycan bayrağının canlı obrazını
yaradırdı. Hər bir qrup sualı özünəməxsus şəkildə cavablandırmaqla mövzuya
böyük maraq göstərdiklərini sübuta yetirməyə çalışırdılar. Onlar Azərbaycan
bayrağını xarakterizə etmək üçün yeri gəldikcə şeirdən, musiqidən, mahnıdan
istifadə edir, nəhayət bu sevgini kağız üzərinə köçürürdülər. Əslində bununla
onlar bayrığımıza olan öz məhəbbətlərini ifadə edirdilər. Müəllim bəzi məqamlarda
bayrağı şagirdlərinin nəzərində bütöv Azərbaycan anlamına gətirirdi. Tarixini
1918-ci ildən götürən Azərbaycan bayrağının əslində tarixin daha dərin
qatlarından gəldiyini, daha dərin köklərə malik olduğunu sübuta yetirirdi. Buna
nail olmaq üçün tarixdə mövcud olmuş Azərbaycan dövlətlərinin bayraqlarını
nümayiş etdirirdi. Nüranə müəllim bununla da daha böyük məqsədlərini açırdı:
şagirdlərində hələ kiçik yaşlarından tariximizə, eləcə də tarix elminə məhəbbət
hissi oyatmaq. Onların hər birinin baxışlarında bu məhəbbəti oxumaq mümkün
idi. Nuranə müəllim bu məqsədə nail
olmaq üçün daha bir optimal yoldan istifadə edir. Mütəmadi olaraq Qala kəndində
yerləşən açıq səma altında tarix diyarşünaslıq muzeyinə ekskursiyaya gedən
şagirdlər burada Azərbaycan tarixinin bəzi məqamları ilə tanış olmaqla, tarixi
keçmişimizə məhəbbət, ehtiram ruhunda böyüyürlər.
Bir rəssamın gözəl bir rəsm əsəri ərsəyə gətirməsi üçün yaxşı bir
fırçaya, bir xarratın yaxşı bir ev tikməsi üçün yaxşı alətlərə, bir bağbanın
yaxşı bir bağ salması üçün yaxşı bir torpaq sahəsinə mailk olması vacibdir.
Amma bunlardan əlavə lazım olan ən vacib amil mükəmməl xarakterə, mənəvi gücə
malik olmaqdır. Əgər bu güc yoxdursa, nə rəssam, nə xarrat, nə də bağban heç
bir əsər yarada bilməz. Bu misalı müəllimə də aid etmək olar. Mükəmməl mənəvi
gücə malik olan müəllim zəngin mənəviyyata malik olan gənclik yetişdirə bilər.
Müşahidələrim Nüranə Əliyevanı mənə məhz belə bir müəllim kimi tanıtdı...
Əliyeva-Verir Nuranənin ömür yolundan sətirlər...
Əliyeva-Verir Nuranə 1985-ci il
iyulun 22-də Füzuli rayonunda anadan olub. 2001-ci ildə Bakı şəhəri, Pirallahı
rayonu 168 nömrəli tam orta məktəbi bitirib. Elə həmin il ADPK-nin ibtidai
sinif müəllimi fakültəsinə qəbul olub. 2004-cü ildə ADPK-ni başa vuraraq
sentyabr ayından Bakı şəhəri Pirallahı rayonu N.S.Teymurov adına 231 nömrəli
tam orta məktəbə laborant vəzifəsinə təyin olunub. 2006-cı ildən həmin məktəbin
ibtidai sinif müəllimi vəzifəsinə təyin edilib. 2012-ci ildə ibtidai siniflər
üzrə metodbirləşmə sədri seçilib. 2012-ci ildə Türkiyənin Anadolu
Universitetinin işlətmə fakültəsinə daxil olub. Azərbaycan Respublikası Təhsil
Nazirliyi və “Mədəd” təşkilatı tərəfindən təşkil edilmiş İKT-nin təhsil üzrə
İntel “Gələcək üçün Təhsil” təlim kursunu müvəffəqiyyətlə bitirib. 2011-ci ildə
“İntellekt RM” tədris mərkəində Windows, Word, Excel, Power Point, Publisher
(internet) proqramları üzrə kompyuter kursunu müvəffəqiyyətlə başa vurub.
01.02.2013 - 31.05.2015-ci il tarixlərində Bakı Pedaqoji Kadrların
İxtisasartırma və Yenidənhazırlanma İnstutunda 98 saatlıq kursu bitirib. 2013-cü ildə “On the basis of
traning module-web 2.0 from passive education towards Active norwegian Centre
for ICT in Education and ICT 21st Creative Education continuing professional
development For successful completion of training for train” (Veb 2 Passiv təhsildən
Aktiv təhsilə doğru kursu,Beynəlxalq sertifikat), 2014-cü ildə “Promethean”
interaktiv lövhələrdən istifadə üzrə təlim kursunu müvəffəqiyyətlə başa vurub.
28 fevral - 01 mart 2015-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin
maliyyə dəstəsyi ilə “İctimai Təşəbbüslərin Dəstəklənməsi” layihəsi çərçivəsində
“Müasir təlim metodları və yeni pedaqoji texnologiyaların tətbiqinin region müəlləmlərinə
öyrədilməsi təlimində müvəffəqiyyət sertifikatına layiq görülüb. 04-08 may
2015-ci ildə Təhsil Tətqiqatları Mərkəzinin və Norveç Qaçqınlar Şurasının təlim
modulları əsasında Təhsil nazirliyinin və Qlobal fondun birgə proqramı əsasında
“Həyatı bacarıqlara əsaslanan təhsil” (HBƏT) fənnini tədris edən müəllimlər
üçün 16 saatlıq tədris proqramı şərçivəsində keçirilən təlim kursunda iştirak
edərək beynəlxalq sertifikat əldə edib. 02-03 may 2015-ci ildə Norveç İKT təlim
Mərkəzi və ELTİCT lobarotoriyasının təlim modulu əsasında İnternet
resurslarının köməkliyi ilə Web 3 alətlərin tədrisdə rolu kursunda beynəlxalq
sertifikata layiq görülüb. 23 may 2015-ci ildə İKT savadlılığının artırılması
üzrə təlimlərdə yüksək nəticə göstərən ibtidai sinif müəllimlərinin və inzibati
heyətin mükafatlandırılması mərasimində yüksək nəticə göstərdiyinə görə
İnnovativ Texnologiyalar və Təhsil Nazirliyi tərəfindən kompyuter və sertifikata layiq görülüb.
Böyükağa
MİKAYILLI
No comments:
Post a Comment