7.05.2015

“Məktəb idarəetməsində strateji və perspektiv planların hazırlanması” mövzusunda praktik seminar

İyunun 28-də Fuad Fərhadoğlu adına 230 nömrəli tam orta məktəbdə “Məktəb
idarəetməsində strateji və perspektiv planların hazırlanması” mövzusunda praktik seminar keçirildi. Seminarda Azərbaycan Müəllimlər İnstitutu “Təhsilin idarə edilməsi və peşə təlimi” kafedrasının dosenti, pedaqoji elmlər namizədi Sirac Rəsulov, Azərbaycan Polis Akademiyasının əməkdaşı, hüquq üzrə fəlsəfə doktoru Nəbi Əsgərov, Bakı şəhərinin ayrı-ayrı təhsil müəssisələrinin rəhbərləri, təhsil mütəxəssisləri, müəllimlər, mətbuat nümayəndələri, eləcə də 230 nömrəli tam orta məktəbin pedaqoji kollektivinin üzvləri iştirak edirdilər. Seminarı giriş sözü ilə açan 230 nömrəli tam orta məktəbin direktoru Elşən Qafarov bildirdi ki, məktəbin strateji və perspektiv planının hazırlanması təhsil ocağının həyatında, onun gələcək inkişafında müstəsna rola malikdir. Odur ki, məktəb rəhbərləri təhsil ocağı üçün həyatı əhəmiyyət daşıyan bu sənədə xüsusi önəm verməli və onun mavafiq qaydada hazırlanmasını diqqətdə saxlamalıdırlar. E.Qafarov vurğuladı ki, hər bir məktəbin özünün spesifik xüsusiyyətləri var. Məhz bu spesifik xüsusiyyətlər nəzərə alınmaqla məktəbin özünün planlaşdırılması və fəaliyyət planı olmalıdır. Rəhbərlik fəaliyyət planını hazırlayarkən real vəziyyətə söykənməli, qeyd etdiyimiz spesifik xüsusyyətləri nəzərə almalıdır. Bu xüsusiyyətlərin nəzərə alınması şəraitində hazırlanan strateji və perspektiv planlar özünü doğruldur və təhsil ocağının inkişafına stimul yaradır.

Elşən Qafarov məktəbdə həyata keçirilən məktəbdaxili təlimlərdən də bəhs etdi. Vurğuladı ki, artıq başa çatmaqda olan məktəbdaxili təlimlər müəllimlərin metodiki hazırlığında müstəsna rol oynayır. Onlar bu işi gələcəkdə də davam etdirmək fikrindədirlər.

Pedaqogika üzrə fəlsəfə doktoru Sirac Rəsulov “Strateji və perspektiv planların hazırlanması” yolları mövzusunda çıxış etdi. O, məktəbin idarə edilməsinin ümumi məsələləri, məktəb direktorunun fəaliyyətinin əsas istiqamətləri, məktəbdə yarana biləcək münaqişələr, onların səbəbləri və aradan qaldırılması yolları, strateji və perspektiv planların hazırlanması qaydaları və s. haqqında ətraflı məlumat verdi. Sonra çıxış edən hüquq üzrə fəlsəfə doktoru Nəbi Əsgərovun “Əmək müqavilələrinin bağlanması, xitam verilməsinin hüquqi yolları” mövzusunda, 230 nömrəli tam orta məktəbin direktoru Elşən Qafarov isə “Məktəb sənədləşməsində 230 nömrəli tam orta məktəbin iş təcrübəsi”  mövzusunda məruzələri maraqla qarşılandı. Məruzələrdən sonra seminar iştirakçılarını maraqlandıran suallar cavablandırıldı.

 Təhsil və Zaman









No comments:

Post a Comment