"Təhsil və zaman" qəzetinin son sayında dərc olunan bu yazı İsmayıllı şəhər 3 nömrəli tam orta məktəbin müəllimi Çingiz Muradlının iş təcrübəsi haqqındadır.
Onunla 2013-cü il may ayının 25-də Azərbaycan Təhsil Şurasının Bakının Nəsimi rayonundakı 164 nömrəli tam orta məktəbdə keçirdiyi elmi-təcrübi konfransda tanış oldum. Respublikanın demək olar ki, bütün bölgələrindən qabaqcıl müəllimlərin iştirak etdiyi elmi-təcrübi konfrans “Pedaqoji mətbuat və müasir müəllim” mövzusunda idi. Çingiz Muradlı konfransda maraqlı çıxışı ilə diqqəti cəlb etdi və elə həmin konfransda o, Təhsil Şurasının orqanı olan “Təhsil və zaman” qəzetinin redaksiya şurasına üzv seçildi. O vaxtdan Çingiz müəllimin Təhsil Şurası, “Təhsil və zaman” qəzeti ilə sıx əməkdaşlığı başlandı. O, Şuranın keçirdiyi tədbirlərdə mütəmadi iştirak etməklə bərabər, qəzetdə də maraqlı metodiki məqalələrlə çıxış edir, yazılarında təhsilimizin aktual problemləri ilə bağlı təkliflər irəli sürür. O zamandan etibarən mən də Çingiz müəllimin fəaliyyətini izləyir, rayon və Respublika miqyaslı uğurlarından xəbər tuturdum. 2013-cü ildən bu günə kimi Çingiz Muradlı təhsil sahəsində hər bir müəllimin arzu edəcəyi nailiyyətləri gərgin zəhməti, mübarizliyi sayəsində əldə edə bilib. Bunlara qısaca nəzər salaq: Ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə keçirilən “Ən yaxşı müəllim” Respublika müsabiqəsinin qalibi olub. (Qeyd edim ki, o, bu nüfuzlu müsabiqədə iki dəfə qalib olan azsaylı müəllimlər sırasındadır). Bundan sonra o, ölkə başçısının sərəncamı ilə “Tərəqqi” medalına layiq görülüb. İsmayıllı Rayon İcra Hakimiyyəti tərəfindən 2014-cü ildə təhsil sahəsi üzrə “İlin gənci” elan olunub. Yetirmələri ən yüksək balla ali məktəblərə qəbul olub. Bu il isə şagirdlərindən biri orta məktəbi qızıl medalla başa vurmaqla müəlliminin etimadını doğruldub.
Doğrudur, Çingiz Muradlının yaxşı müəllim olduğunu bilirdim. Amma etiraf edim ki, mən onu yaxşı müəllim kimi Azərbaycandan uzaqlarda kəşf etdim. Təhsil Şurasının Gürcüstanın Kobuleti şəhərində keçirdiyi “Beynəlxalq təcrübə mübadiləsi təlim keyfiyyətini yüksəldən vasitə kimi” mövzusunda beynəlxalq elmi-təcrübi konfransda görkəmli Azərbaycan şairi Məmməd Araz haqqında dərs nümayiş etdirən Çingiz Muradlı burada həm özünün bir müəllim kimi hazırlıq səviyyəsini, eyni zamanda, Məmməd Araz poeziyasının mühüm məqamlarını, bəşəri dəyərini meydana qoydu. Təcrübəli müəllim, bununla yanaşı, Azərbaycan təhsilində müəllimlərin informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə dərs qurma imkanlarını, təhsilin məzmun yeniləşməsini xarakterizə etməyi bacardı. Çingiz müəllimin nümayiş etdirdiyi dərs, qeyd etdiyim kimi, görkəmli Azərbaycan şairinin poeziyası haqqında gürcü müəllimlərində geniş təəssürat yaratdı. Əslində Vətəndən kənarda Azərbaycan şairi haqqında məlumatlar dinləmək, bu məlumatları dinlədikcə digər millətdən olan müəllimlərin təəccüb dolu simalarını müşahidə etmək çox xoş idi. Mənə elə gəlirdi ki, Çingiz müəllim əgər bu dərsi Azərbaycanda təqdim etsəydi daha fərqli yanaşmanın şahidi olacaqdıq. Gürcüstanda fərqli yanaşmanın mahiyyəti müəllimin təqdimat prosesini daha çox mənəvi dəyərlərin təbliği üzərində qurması idi. Elə bu təqdimatdan da mənə aydın olurdu ki, Çingiz Muradlının bir müəllim olaraq başlıca qayəsi dərs prosesinin, mövzunun imkanlarından istifadə etməklə, mənəvi dəyərləri şagird qəlbinin, düşüncəsinin “Şah əsəri”nə çevirməkdir.
Çingiz müəllimin beynəlxalq konfransdakı çıxışından sonra da onun iş təcrübəsi haqqında düşüncələrimi qələmə almaq qənaətim möhkəmləndi. Ötən dərs ilində isə təcrübəli müəllimin dərsini izləmək imkanım yarandı. Onun izlədiyim dərsinin mövzusu isə hələ 2011-ci ildə qələmə aldığım “Nənəmin mirası” adlı hekayəm idi. “Nənəmin mirası” müəllimin qarşısında mənəvi dəyərlərin gənc nəslə aşılanması istiqamətində geniş üfüqlər açmışdı.
Dərs maraqlı motivasiya ilə başladı və bu maraq üzərində də davam etdi. Ekranda mücrü, sandıq, qədmi xalça, palaz, yaşlı qadın şəkilləri nümayiş olundu. Bununla yanaşı, müəllim özü ilə gətirdiyi mücrünü masanın üzərinə qoydu. Bu, artıq özlüyündə çox şey deyirdi. Ekranda nümayiş olunanlar - qiymətli qədmi əşyalar, köhnə tikililər ulu nənələrimizi, babalarımızı gözlərimiz önündə canlandırırdı. Uşaqların bu maraqdan doğan cavabları da maraqlı oldu. Onlar dərsdə keçmişimizdən, ailələrimizin qiymətli yadigarlarından söhbət gedəcəyini söylədilər. Çingiz müəllim motivasiyanı bu səviyyədə qurmaqla ulu nənələrimizin, babalarımızın zəmanəsi ilə bərabər, sanki o zəmanənin səsini mücrünün içində gətirmişdi. Sanki bu mücrünü açmaqla, ən dərin mətləblərin üzərindən sirr pərdəsini götürəcəkdi. Əslinə qalsa elə mövzunun da mahiyyətini açmaq üçün sonunu gözləmək lazım olacaqdı. “Nənə ölüm yatağındadır. Vəsiyyət etmək üçün övladlarını, nəvə-nəticələrini başına toplayıb. Hətta illərlə üzünü görmədiyi qohum-əqrəbası da mirasdan pay almaq ümidi ilə özünü hövlnak yetirib.”
Yazıçı yazır: “El dili ilə desək, nənəm “Nuh əyyamı”ndan qalma - “köhnə arvadlardan” idi. Bu da çoxlarının gözünü qamaşdırırdı. O, Böyük Vətən Müharibəsi illərində övladlarını təkbaşına saxlayıb böyütmüş, onları aclığın cəngindən qorumuş, hələ üstəlik kimsəsizə, yetimə əl də tutmuşdu. Qulaqlarımla eşitmişdim qonşu arvadların qeybətlərini… Deyirdilər ki, Qönçə arvadın uşaqları müharibə illərində bəy balası kimi yaşayıblar. Əgər belədirsə, “onda Qöncə arvad imperialdan kalan olar”,- deyə düşünənlər gözlərini vəsiyyətini deməyə hazırlaşan nənəmin ağzından bir an belə kənara çəkmir, nə deyəcəyini səbirsizliklə gözləyirdilər.”
Müəllimin bu dərsdə qarşısına qoyduğu başlıca məqsəd şagirdlərin əsas fikri və anlayışları başa düşməsinə kömək etmək üçün mühüm məqamları vurğulaması, problemlə bağlı mülahizələr söyləməsi, lüğətlərdən istifadə etməklə, tanış olmadığı sözlərin mənasını şərh etmək, mətndəki əsas fikri nəzərə çatdırmaq məqsədi ilə mühüm məqamları vurğulamaq, mətni mövzuya uyğun fakt və hadisələrlə zənginləşdirmək, sözün qrammatik mənasını kontekstə uyğun izah etmək idi və ən başlıcası mövzunun, onunla bərabər zamanın ruhunu anlatmaq, mirasın mahiyyətini dərk etdirmək, nəhayət nənənin mirasının nə olduğunu meydana çıxarmaq idi.
Əslində bu hekayə bir-birindən aralı düşmüş iki zaman arasında körpü rolunu oynayan yaşlı qadının düşüncəsi fonunda gəncliyə ünvanlanan bir mənəvi – psixoloji çağırış anlamında səsləniridi. Müəllim bu hekayəni gənclərin mənəvi tərbiyəsi üçün mühüm amil olaraq tədris prosesinə cəlb etmişdi. Maddi dəyərlərin mənəviyyatı “udduğu” indiki zamanda böyüyən nəslin düşüncəsində sağlam mənəviyyatın formalaşdırılması müəllimin ən mühüm vəzifəsidir. Çingiz müəllim, qeyd etdiyim kimi, “nənənin mirası”nı təqdim etməyə tələsmir, onu müəyyənləşdirmək üçün şagirdlərin yollar aramasına çalışırdı. Qoyduğu sullarla onları məqsədə doğru addım-addım aparırdı. O, sinfi qruplara bölməmişdi. Düşünürəm ki, bütün sinfi birgə fəaliyyətə cəlb etməkdə müəllimin məqsədi problemin həllinin kollektiv şəkildə əldə olunması istəyi idi. Məncə mövzu da bunu ehtiva edirdi. Suallara diqqət yetirək: - Sizcə, xəstə qadın “öz var-dövləti”ndən hamıya niyə pay verməli idi? Hadisələrin ardını təxmin edin. - Nənə hansı müharibədən danışıb? Bu müharibə haqqında nə bilirsiniz? Sizcə, nənənin danışdıqlarını müasir dövrümüzlə necə əlaqələndirmək olar? - Qönçə arvadın ən qiymətli mirası nədir və onu kimə vəsiyyət edəcək? Hadisələrin davamını proqnozlaşdır(təxmin et). - Lüğətdən istifadə edərək “miras”, “bədheybət”, “imperial”, “məşəqqət”, “buxarı”, “sazaq” və “külfət” sözlərinin mənalarını araşdırın. - Qönçə arvadın xarakterindəki əsas keyfiyyətləri mətnə əsasən epizodlarla əsaslandırın. Müəllimin bu sualları şagirdlərin diqqətini müəllimin dərsin əvvəlində sinfə gətirdiyi mücrüyə təkrarən yönəltdi. Görəsən bu sualların cavabları mücrüdəki sirrin açılmasına yardımçı olacaqdımı? Hər kəs sorğu-sualda fəal iştirak edirdi. Fikirlər, cavablar haçalanır, maraqlı ideyalar irəli sürülürdü. Böyük Vətən Müharibəsindən danışılır, Qönçə nənənin xarakterik xüsusiyyətləri təhlil olunur, yeni sözlərin izahı verilir. Amma əsl mirasın nə olduğu sirr kimi qalırdı. Mövzu Çingiz müəllimin yetirmələrini az qala həyatın hər üzündən bəhs etməyə sövq edirdi. Amma yazıçının ideyası hələ açılmırdı. Əslində mən Çingiz müəllimin özünü də bir “Sirli xəzinə” adlandırardım. Bu müəllimin elmi potensialının sərhədləri görünmür desəm, yanılmaram. Mən onu hər bir tədbirdə və nəhayət dərsində, hər dəfə yeni fərqli biçimdə müşahidə etmişəm. Və həmişə gözləmədiyim məqamda yeni bir ideya ilə qarşımda dayanıb. Necə ki, “Nənəmin mirası”nı xarakterizə etmək üçün mücrü, müəllimin əlində bir vəsait, həm də sehrli çubuq təsiri bağışlayırdı. O, mücrünü kompüterdə də nümayiş etdirə bilərdi. Amma bu, effektiv təsir bağışlamayacaqdı. Amma şagirdlərin gözləri qarşısında dayanmaqla o, həm mövzunun təsir qüvvəsini artırır, həm də onları problemin həllinə çatma maraqlarını yüksəldirdi. Çingiz müəllimin verdiyi istiqamət əsasında aparılan müzakirələrdə Qönçə nənənin obrazı, zamanın problemləri açılırdı. Xeyir-şər, yaxşı-pis, zəhmətkeş-tənbəl, dözümlü-dözümsüz, əliaçıq-xəsis, cəsarətli-cəsarətsiz, qorxmaz-qorxaq, vəfalı-vəfasız və s. xüsusiyyətlərin mahiyyəti bəlli olurdu.
Daha sonra verilən - hekayədə altından xətt çəkilmiş sözləri bir-birindən fərqləndirən qrammatik xüsusiyyətləri müəyyənləşdirin, sifətin quruluşca növlərini tapın, düzəltmə sifətlər leksik şəkilçilərin köməyi ilə necə düzəlir, mürəkkəb sifətlər necə əmələ gəlir? sifətləri seçib quruluşuna görə sütunlarda yazın, tərəflərindən biri və ya hər ikisi ayrılıqda işlənə bilməyən mürəkkəb sifətləri müəyyənləşdirin və onları cümlədə işlədin – kimi tapşırıqlar mövzunun mənaca dərk olunmasına yardımçı olurdu. Bununla belə, nənənin mirası hələ də sirr olaraq qalırdı. Əslində altıncılar üçün bu sirr az qala həyatın mənası anlamına gəlirdi. Müəllimin açar sözü isə şagirdlərin bir anlıq düşünməsinə və mücrüdəki sirrin-nənənin mirasının açılmasına yol açdı. Sual belə idi: ailələrdə yeni doğulan körpələrə adətən kimin adını qoyurlar? Sizcə maddi, yoxsa mənəvi miras daha əhəmiyyətlidir? Uşaqlar – yaşlı adamların, nənələrin, babaların adlarını – deyə, vurğuladılar. Əlbəttə ki, mənəvi miras daha böyük mənaya malikdir. Bundan sonra isə baxışlar yenə mücrüyə yönəldi. Deməli, mücrüdəki miras nənənin adıdır, yəni mənəvi mirasdır. Bundan sonra müəllim hekayənin son hissəsini oxumağı uşaqlardan birinə həvalə etdi. “Mənə elə gəlirdi ki, nənəmin ölümü ilə bütün uşaqlıq xatirələrim, həm də anamın dediyi kimi evimizin bini-bərəkəti yox olub gedəcəkdi. Birdən nənəmin ovcumda olan əlinin tərpəndiyini hiss elədim. Baxışlarımı gözlərinə zillədim. O, qurumuş dodaqlarını ehmalca aralayıb öz adını bir neçə dəfə təkrar elədi. Sonra güclə seziləcək səslə: “Mənim sizə çatacaq varım-dövlətim yalnız təmiz adımdır. Hamınızın hüzurunda mən öz adımı kiçik oğlumun böyük oğluna vəsiyyət edirəm. Qız övladı dünyaya gələndə adını Qönçə qoyar. Adına layiq bir qız kimi böyüyər”,- dedi. Nənəmin bu vəsiyyətindən sonra otaqdakılara nəzər saldım. Simalardakı məyusluq məni çox üzdü. Deyəsən, nənəmin vəsiyyəti elə bircə mənim ürəyimcə oldu. İllər sonra mən nənəmin vəsiyyətinə əməl elədim. İndi evimizdə böyüyən balaca Qönçəni nənəmin ən qiymətli mirası kimi qoruyuram.” Artıq mücrü açılmışdı. Və bu, uşaqların miras haqqındakı fikirlərində, sözün həqiqi mənasında, bir dəyişiklik yaratmışdı. İndi onlar anlayırdılar ki, ev, mal, mülk, var-dövlət heç də qiymətli miras deyil. Ən qiymətli miras təmiz ad, insanın malik ola biləcəyi saf mənəvi keyfiyyətlər, əxlaqi dəyərlərdir. Bu dəyərlər sizi şərəfli bir ömür yoluna çıxaracaqdır.
Çingiz Muradlının şagirdlərin mənəvi dünyasının formalaşmasına təkan verən mövzuları tədris prosesinə cəlb etməsi birinci dəfə deyildi. O, bu kimi mövzuları mütəmadi olaraq tədris etməklə şagirdlərinin mənəvi dünyasını milli-mənəvi dəyərlərlə zənginləşdirməyə, onları əsl vətəndaş, insanın daxili dünyasına dəyər verməyi bacaran şəxsiyyət qayəsində formalaşdırmağa çalışır.
Böyükağa MİKAYILLI
No comments:
Post a Comment