8.31.2015

Təbiətlə həmahənglik

“TƏHSİL VƏ ZAMAN” qəzetinin son sayında dərc olunmuş bu yazı Xəzər rayonundakı 230 nömrəli tam orta məktəbin müəllimi Sevinc Səfərovanın iş təcrübəsindən bəhs edir.

Sinif otağına daxil olarkən diqqətimi çəkən bir məqam Sevinc Səfərovanın ikinciləri ilə aparacağı maraqlı dərslərin şahidi olacağıma şübhə yeri qoymadı. Bu məqam o idi ki, sinif otağı əyani vəsaitlərlə zənginləşdirilmişdi. Və bu vəsaitlərin böyük əksəriyyətinin şagirdlər tərəfindən hazırlandığı duyulurdu. Hiss olunurdu ki, təcrübəli müəllim yetirmələrinin ilk növbədə zəhmətə alışdırılması, onların əməksevər ruhda tərbiyə olunmasını qarşısına mühüm vəzifə kimi qoyub. Şagirdlərin əl işləri arasında ən maraqlısı isə hazırladıqları “Şəcərə ağacı” idi. “Şəcərə ağacı” müəllimin ağac haqqında ev tapşırığı əsasında şagirdlərin yaradıcı yanaşması, birgə zəhmətləri sayəsində meydana gəlmişdi. Burada şagird yaradıcılığı ilə yanaşı, onların mənəvi dəyərlərə ehtiramı, eyni zamanda bu dəyərlər barədə məlumatlılıqları, onlardan hansı məqamda, necə bəhs etmək bacarıqları da hiss olunurdu. Onlar ağacın kök hissəsini babalarına bənzətmişdilər. Gövdə atalarını xatırladırdı. Budaqlar və yarpaqlardan nəvələr və nəticələr boylanırdı. Ağac sanki möhkəm təməllər üzərindən gələcəyə boylanan bir mənəviyyat, şəcərə düsturunun açarı idi. Bu düstur onunla üzbəüz gələn hər bir şagirdi onun haqqında düşünməyə, keçmişini unutmamağa, daim onu düşünüb, gələcəyini qurmağa səsləyirdi. Və yalnız şagirdlərin hazırladıqları bu “Şəcərə ağacı” deyil, sinif mənə bütünlüklə mənəvi dəyərlər ruhunda gələcəyə üzən bir gəmini xatırladırdı. Sonradan biləcəkdim ki, onların hər biri bu gəminin kapitanı olmağa layiqdir, kompasları bilkləri, hədəfləri isə bilikli gələcəkdir. Bəs görək onlar bu yolda necə addımlayırlar?
Monitorda nümayiş olunan gənc, yaşlı ailə şəkillərindən sonra müəllim şeir səsləndirdi:
Bütün günü uçurlar
Güldən şirə çəkərək.

Zəhmətkeşdir deyirlər,
Adını tapın görək...
Şeir səsləndikdən sonra şagirdlər yerbəyerdən mövzunun adını dedilər: “Arı ailəsi”. Monitordakı ulduz şəklinin altından arı şəkilləri çıxınca bu gün həqiqətən də arılardan bəhs olunacağı bəlli oldu. Arı ailəsi şəkilləri nümayiş olunduqdan sonra müəllim sinfə tədqiqat sualını elan etdi. “Bu şəkil haqında nə deyə bilərsiniz?, Arı ailəsinin üzvləri haqqında nə bilirsiniz?” sualları mənə sinifdəki şəcərə ağacanı xatırlatdı. Düşündüm ki, şagirdlərin ailə, nəsil haqqında öncədən formalaşmış təsəvvürləri onların bu mövzu ətrafında maraqlı cavabları ilə müşaiyət olunacaq. Əslində belə də oldu. Sevinc Səfərova təbiətin möcüzəli varlığı olan arıların həyat tərzini, onların təbiətlə vəhdətindən yaranan ecazkar mühiti dərs prosesinə gətirməklə, bu möcüzəni şagirdlərinə həqiqət kimi təqdim edə bilmişdi. Sevinc Səfərova arılardan istifadə etməklə şagirdlərinin təfəkkürünə elə həqiqətləri həkk edirdi ki, bu həqiqətlər onların ruhuna mübarizlik, dönməzlik, haqq-ədalət, xeyirxahlıq, işgüzarlıq, öz ocağının dəyərini bilmək kimi təsəvvürləri həkk edirdi. O, yetirmələrini təbiətin reallıqları ilə üz-üzə qoymaqla, ən böyük məktəbin, müəllimin əslində təbiətin özü olduğu fikrini doğruldurdu.
Tədqiqat sualının ardınca müəllim şagirdlərin arılarla bağlı biliklərini müəyyənləşdirmək üçün monitor vasitəsilə suallar ünvanladı. Onlara diqqət yetirək: “Bircə dənə olur. Onun əsas vəzifəsi dünyaya bala arılar gətirmək və onları bəsləyib boya-başa çatdırmaqdır”. “Çölü-çəməni gəzir və pətəyə-ailənin evinə qayıdır. O özü ilə çiçəklərin ətrini gətirir və çəmənliyin yerini işçi arılara nişan verir.” “Həmin yerlərə uçur, çiçəklərdən nektar toplayır və onu bala çevirib şana doldurur.” “Pətəyi düşmənlərdən qoruyur və tənbəllik edənləri cəzalandırır.” Göründüyü kimi müəllimin məqsədi şagirdləri keçəcəyi mövzuya bir addım yaxınlaşdırmaq, arıların həyat tərzi haqqında onlarda təsəvvür yaratmaqla, əslində təbiətin bu sirli-sehrli varlıqlarını öyrənmə qapılarını açmaq idi. Şagirdlərin cavabları ilə bərabər monitorda açılan kiçik pəncərələrdə müəllimin suallarının cavabları aydınlaşır, aydınlaşdıqca da, arılar haqqında maraqlı məqamlar meydana çıxırdı. Ümumiyyətlə, müəllimin irəli sürdüyü strategiya özündə arının mahiyyətini tam, dolğunluğu ilə öyrətməyi ehtiva edirdi. Onun ötürdüyü informasiyalar dərslik çərçivəsindən kənara çıxır, arıların həyat tərzi əhatəliliyi ilə diqqətə çatdırılır, maraqlı nüanslar üzərində dayanılır, faktların dəqiqliyini yoxlamaq üçün internetə müraciət olunurdu. Birgə əldə olunan nəticələr sinifdə yüksək əhval ruhiyyə yaradırdı. Sevinc Səfərova irəli sürdüyü hər bir problemi mahiyyəti ilə aşılamağa çalışır, hər bir sualın üzərində dayanıb onun dərin qatlarındakı mənanı izah etməyə səy göstərirdi. O, bununla həm öyrətməni optimallaşdırır, həm də şagirdlərinin düşüncəsində mahiyyətəvarma meylləri formalaşdırırdı. Əslində sinif otağına daxil olarkən müşahidə etdiyim “Şəcərə ağacı” da müəllimin problemin mahiyyətinəvarma prinspiallığından doğur. Yəni irəli sürülən problem mahiyyətcə dərk olunmalı, onun üzərində düşünülməli, alternativ optimal variantlar ortaya qoyulmalı, münasib həll yolları göstərilməlidir. Əlbəttə ki, biz mahiyyət üzərində çalışmalıyıq. Əşyanın adını öyrətmək sıfır nöqtəsidir. Sevinc müəllim sıfır nöqtəsindən uzaqlaşdıqca şagirdlər təbiətin “Arı möcüzəsi” ilə üz-üzə dayanırdılar. O, bəzi məqamlarda şagirdlərinin qarşısına təbiət cildində çıxıb özünü anladırdı. Yəni, əslində bu, belə təəssürat yaradırdı. Məlum olurdu ki, arılar çiçəklərdəki nektarı yığmaq üçün qamışa bənzər balon şəklindəki uzun dillərindən istifadə edirlər. Arılar nektar yığdıalqrı qarınlarını doldurmaq üçün 100-1500 ədəd arasında çiçəyə qonmalıdırlar. Bal arıları şana dönür və yığdıqları nektarı digər işçi arılara köçürürlər. İşçi arılar bal arılarının qarınlarındakı nektarı ağızları ilə əmirlər. Baldan mədə-bağırsaq, ürək-damar, vərəm və digər xəstəliklərin müalicəsində geniş istifadə olunur. Bal zehni əməklə məşğul olanların iş qüvvəsini artırır. Orta əsrlərin məşhur alimi Əbu Əli İbn Sina deyirdi ki, əgər gənclik təravətini daim saxlamaq, uzun ömür sürüb sağlam qalmaq istəyirsinizsə, müntəzəm olaraq ulu Tanrının göndərdiyi ölümsüzlük rəmzi olan bal yeyin. Müəllimin izahatı ilə açılan “Arı möcüzəsi”nin işığında şagirdlər bu möcüzənin mahiyyətini anlayır, onun əhəmiyyətini dərk edirdilər.
Dərs ərzində sinfin ayrıldığı “Kvadrat” qrupu “Verilmiş sözlərin arasından arı ilə əlaqəli sözləri seçib yazın”, “Düzbucaq” qrupu
Əzizim bir anası,
Hərənin öz anası.
Quşlardan hansı quşdur,
Min bala, bir anası? tapmacasında neçə qalın, neçə incə sait olduğunu seçməli və onları cədvəldə yerləşdirmək, “Üçbucaq” qrupu “İşçi arılar uçaraq kəşfiyyatçı arıların nişan verdiyi yerlərdəki çiçəklərdən nektar toplayır və onu ------- çevirib ------ doldururlar, cümləsindəki boşluğa uyğun gələn sözləri tapın”, “Dairə” qrupu “Arının yuvası, pətəyi qoruyan arı,arının iynəsi, bal verən həşərat hansıdır?” tapşırığını yerinə yetirməli idilər. Şagirdlər bu tapşırıqları yerinə yetirməklə təbiətin sehrli aləminə səyahət edir, minbir rəngin, minbir səsin əhatəsindən arı çiçəkdən nektar çəkdiyi kimi sualların cavablarını araşdırırdılar. Onlar sanki özləri də işçi arıları idilər. Araşdırır, tapır, hər kəs özünü daha fəal göstərməyə, bir-birinə kömək etməyə çalışır, daha maraqlı faktlar meydana gətirməyə nail olurdular. Bu faktlarda arı ailələrinin xarakterik xüsusiyyətləri açılır, onların təbiətdəki rolundan bəhs edilir, arı ailələrinin insan ailələri ilə oxşar cəhətlərindən danışılırdı. Hiss olunurdu ki, onlar arının təbiətin, insanların həyatındakı rolunu dərk ediblər. Dərs boyunca səsləndirilən həzin musiqi Sevinc Səfərovanın dərslərində mütəmadi olaraq müraciət etdiyi yanaşmalardandır. O, səsləndirdiyi həzin musiqilərlə şagirdlərinin suallar üzərində işləyərkən fikir, düşüncə intensivliyini təmin edirdi.
Sevinc Səfərova Texnologiya dərsini də inteqrasiya şəraitində qurmaqla həyat bilgisinin, təsviri incəsənətin, musiqinin imkanlarından istifadə etdi. Ümumiyyətlə, təcrübəli müəllimin hər bir dərsi həyatın zəngin çalarları ilə mənalanmaqla, şagirdin maraq dairəsi səviyyəsində təşkil olunur. Bu baxımdan bu dərs də istisna olmadı. Müəllim motivasiya ilə yalnız mövzunu deyil, mövzuya müvafiq olaraq, kənd həyatının təkrarsız ab-havasını da gətirdi. “Südündən sıyıq yeyirik onun, oğluna buzov deyirik onun.” Şagirdlər tapmacaya rəğmən “İnək” cavabını verdilər.
Tədqiqat sualı “İnək” başı aplikasiyası hazırlamaq barəsində olsa da, müəllim dərs prosesini yalnız aplikasiyanın hazırlanması üzərində deyil, ümumən heyvanlar aləminin, təbiətin tanıdılması üzərində qurmuşdu. Elə qrupların adı da bunu deməyimizə əsas verir. Sinif “Su”, “Torpaq”, “Günəş”, “Sünbül” adlı dörd qrupa bölünmüşdü. Doğrudur, müəllim qarşısına şagirdlərin müvafiq emal texnologiyasını təyinatına görə sadə şəkildə izah etmək, aplikasiyanı hazırlamaq üçün uyğun emal vasitəsini seçmək, aplikasiyanın hazırlanması ardıcıllığını müəyyənləşdirmək, inək başının kontrlarını çəkmək və s. kimi məqsədlər qoymuşdu. Amma əvvəl də qeyd etdiyim kimi, dərsdə ən başlıca məqsəd şagirdlərində təbiət sevgisi formalaşdırmaqla, onları öyrətməkdən ibarət idi. Və onun öyrədəcəkləri sırasında suyun, torpağın, günəşin, sünbülün faydalığının aşılanması dayanırdı. Axı bu sadaladıqlarımızdan kənarda təbiətdə heç bir canlı mövcud ola bilməz. Bax elə buna görə də, təbiətə sevgi hissinin aşılanması bu məqamda çox mühüm amil kimi müəllimin qarşısında dayanırdı. Müəllim buna nail oldu desəm, yanılmaram. Qrup işlərinin təqdimatı, şəxsən mənim nəzərlərimdə şagirdlərin ilkin yaradıcı işləri kimi çox maraqlı idi. Onlar, inək başı aplikasiyası hazırlamaq üzərində işləsələr də, əslində qrup adlarından istiqamət alaraq torpaq, su, günəş, sünbül haqqında tədqiqat aparmış, əsas işlərini həzin musiqi sədaları altında bu məfhumlar üzərində qurmuşdular. Qruplarının adlarına müvafiq olaraq təqdimat vərəqlərinə çəkdikləri şəkillərdə də, təbiətə vurğunluqları ilə yanaşı, bilgilərini də nümayiş etdirir, maraqlı cavabları ilə diqqət mərkəzinə gəlirdilər. Bu cavablar haqqında çox danışmaq olar. Amma ən mühüm məqam o idi ki, onların hər biri əks etdirdikləri aplikasiyalara sadəcə bir təsvir nümunəsi kimi yanaşmır, onu qruplarının adı fonunda təqdim edir, mövzunu torpaq, su, günəş, sünbüllə əlaqəli şəkildə göstərirdilər. Bu da öz növbəsində deməyə əsas verirdi ki, Sevinc Səfərovanın ikinciləri təbiəti sözün həqiqi mənasında canlı varlıq kimi qəbul edir və bunu öz fəaliyyətləri ilə göstərirdilər. Bu da onların yüksək qiymət almasında özünü bir daha biruzə verirdi.
Böyükağa MİKAYILLI

No comments:

Post a Comment