2.04.2016

Fizika həyatın özüdür

317 nömrəli tam orta məktəbin fizika müəllimi Şahnaz Səfərova və şagirlərinin maraqlı “Fizika gecəsi”ndən qeydlər.

Yanvarın 21-də Bakının Suraxanı rayonundakı 317 nömrəli tam orta məktəbin müəllim, şagird və valideyn kollektivi maraqlı “Fizika gecəsi”nə tamaşa etdi. Məktəbin fizika müəllimi Şahnaz Səfərovanın hazırladığı bu tədbir təhsil ocağının səhnəsini sözün həqiqi mənasında, fizikanın ecazkar aləmi ilə əhatələyə bilmişdi. Bu tədbirin bir sıra özəllikləri var idi. Onlardan ən başlıcası o idi ki, Şahnaz Səfərova təqdim etdiyi ssenari sayəsində fizikanın insan həyatında, cəmiyyətdə nə qədər önəmli bir rola malik olduğunu göstərməyə çalışmış və buna nail olmuşdu. İkinci mühüm məqam ondan ibarət idi ki, tədbirin təşkilində şagirdlər nə qədər maraqlı səhnəciklər, oyunlar, tamaşalar nümayiş etdirirdilərsə, bir o qədər də informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə, laboratoriya, əl işlərinin nümayişinə şərait yaradılır, bu da öz növbəsində “Gecə”nin daha maraqlı,
öyrədici keçməsinə imkan verirdi. Əslində tədbiri giriş sözü ilə açan məktəbin direktoru Əliqismət Səfərov da Şahnaz Səfərovanın hazırladığı “Fizika gecəsi”nin maraqlı məqamlarla zəngin olacağı fikrini səsləndirməklə, tədbir iştirakçılarının diqqətini səhnədə baş verəcək qeyri-adi anlara yönəltmişdi. Etiraf edim ki, qeyri-adilik elə ilk andanca diqqətləri çəkdi. Milli geyimdə səhnəyə çıxan oğlanla qızın rəqsi monitorda nüvənin ətrafında dövr edən atomun “rəqsi” ilə müaiyət olunurdu. Elə ilk andanca məndə belə bir fikir yaranırdı ki, Şahnaz Səfərova fizikanın həyatilik amilini tədbir boyunca ön planda saxlayacaq. Bu, belə də oldu. 
Tədbirin aparıcısı, 9a sinif şagirdi Tuncay sözü şagirdlərə verdi. Rəmzinin ifasında səslənən “Fizika” mahnısı “Məndən şeir xəbər alan qız” mahnısının improvizə olunmuş variantında təqdim edildi.
Məndən təzə FİZİKA xəbər alan dost,
Bəs yazın gəlməsi FİZİKA deyilmi?!
Gəzməyə çıxanda – çölün, çəmənin
Üzünə gülməsi FİZİKA deyilmi?!
Yenə gözüm qalıb bağçada, bağda,
Min-min gül açıldı aranda, dağda.
Eyvana əyilən çarpaz budaqda
Bülbülün nəğməsi FİZİKA deyilmi?!
Şagirdlər bu mahnı ilə fizikanın təbiətdəki rolunu, həyatımızın ümumilikdə fizikadan ibarət olduğunu dilə gətirmək istəyirdilər. Bunun ardınca, qeyd etdiyim kimi, Məhəmmədəli və Nəzrinin ifa etdikləri “Naz eləmə” rəqsi həm də fizikanın gözəllik elmi olduğununa işarə kimi görünürdü. Aparıcı Tuncayın da fikirləri səhnədə nümayiş olunanların məntiqi davamı kimi səslənirdi. Bu məntiq deyirdi:-Müasir dövrdə həyatımızın, məişətimizin elə bir sahəsi yoxdur ki, orada fizika elmi ilə bağlılıq olmasın. Bir anlıq həyatımızı fizika elmi olmadan təsəvvür edək. 
Bu, çox dəhşətli bir hal olardı: əgər fizika olmasa idi, nə elektrik enerjisi, nə bu enerji ilə işləyən məişət əşyaları – radio, televizor, telefonlar, kompyuterlər, tozsoranlar və s., nə fabrik və zavodlar- neft mədənlərində dəzgahlar, nə də nəqliyyat olardı. Bütün bu misallardan da görünür ki, elm və texnika bir- birilə sıx bağlıdır. Ümumilkdə, Fizika gecəsinin ruhundan məhz onun əhəmiyyətliliyinin aşılanması ilə bərabər, şagirdlərin bu ruhu anlaması da dayanırdı. Müəllimin təqdim etdyi növbəti fraza gecənin ruhunu daha da zənginlədirməklə, fizikanın hamı üçün əhəmiyyətliliyini ortaya qoyurdu. Şahnaz müəllim bunun üçün filmlərdən fraqmentlər seçmişdi: “Müsyö Jordan və Dərviş Məstəli şah”, “Ögey ana”, “Romeo mənim qonşumdur”, “Sehrli xalat”, “Şərikli çörək”, “Bir qalanın sirri” filmlərindən nümayiş olunan səhnələr məhz fizikanın əhəmiyyətliliyini anlatmaq məqsədi daşıyırdı. Burada elə səhnələr seçilib təqdim olunurdu ki, biz dəfələrlə bu səhnələri müşahidə etmiş, amma onun fizika ilə nə dərəcədə bağlı olduğunu təsəvvür belə etməmişik. Şahnaz müəllimin təqdim etdiyi səhnələr isə, əlbəttə ki, şagirlərin fizikaya marağının təmin olunmasında əhəmiyyətli dərəcəyə malik idi. Əhəmiyyətli olan həm də o idi ki, monitorda nümayiş olunan səhnələr şagirdlərin fizikanın əhəmiyyətliliyindən bəhs edən səhnəciklərlə tamamlanırdı. Murad-7a), Xəyal –6a, Tuncay-6a, Gülnarə-6a, Nəzrin-6a, Rəvan-6a, Nərminə-6a, Zəhra-6a-nın “Bir qalanın sirri” filmindən canlandırdığı obrazlar fizika ilə bərabər, ümumilikdə elmin gənclərin mənəvi tərbiyəsi, həyat, cəmiyyət, dünya haqqında təsəvvürlərinin formalaşmasına yol açırdı. İlahə (9c )-nin neydə ifası, Kənan (6a)-ın, Emil(6a)-in, Jalə(8a)-nin, Səbinə(6a)-nin, Leyla(8a)-nın, Nəzrin(6a)-in, Nərmin(9c)-in, Mirzəhra(6a)-nın, Ənvər(9c)-in şeirləri, İnci-9c, Aynurə-(7a), Bənövşə, Fərman, Aytac, Elmira, Leyla, Hamlet, Həmzə, Kamal, Adilə- nin nəğməsi, şeirləri də özlüyündə bir fizika idi. 
Əlbəttə ki, fizikanı həyat, təbiət elmi adlandırırıqsa, bu elmin tədrisini təcrübəsiz təsəvvür etmək mümkün deyil. Təcrübə mövzuların daha mükəmməl mənimsənilməsinə, mövzunun mahiyyətinin açılmasına, eləcə də şagirdlərin fənnə marağının təmin olunmasına, yaradıcı fəaliyyətlərinə, dərsin müəllim-şagird əməkdaşlığı şəraitində keçməsinə yol açan amillərdəndir. Şagirdlərin tədbir boyunca nümayiş etdirdikləri bir-birindən maraqlı təcrübələr onların dərslərin təcrübi hissələrindən kifayət qədər bəhrələndiklərini, əgər belə demək mümkünsə, təcrübə aparmaqla təcrübə topladıqlarını deməyə əsas verirdi. Təcrübələrə diqqət yetirək: Hakim(8a), Ceyhun(7a), Tural(8c) nümayiş etdirdikləri “Qaldırıcı qüvvə” təcrübəsi ilə fizikanı həyatımızın hər sahəsində mövcud olduğunu göstərməyə çalışdılar. Bu təcrübəni həyata keçirtmək üçün iki stəkan su, duz və iki yumurtadan istifadə etdilər. Stəkanlardan birinə duz töküb,onu həll etdilər. Hər iki stəkana bir yumurta qoydular. Təmiz su olan stəkanda yumurta batır. Duzlu suda isə o, yuxarda qalır. Cisim suda batıb: Cisimin sıxlığı mayenin sıxlığından çoxdur. Ağırlıq qüvvəsi Arximed qüvvəsindən böyükdür.Bu üsulla köhnə və yeni yumurtanı bir-birindən fərqləndirə bilərsiniz. Hakim (8a)-in, Tural (8c)-ın, (Ceyhun (7a)-un, Fərman, Rəmzi, Kamal, Eminin təcrübələrinin, əl işlərinin hər bir yaradıcılıq axtarışlarının nəticəsi kimi maraqlı təsir bağışlayırdı.
Əlbəttə bu yazıda nümayiş olunan bütün təcrübələr haqqında bəhs etmək mümkün deyil. Amma bir sıra məqamlara toxunmağı lazım bilirəm. Nümayiş olunan təcrübələr, doğrudur, şagirdlərin keçdikləri mövzuların mahiyyətinə bələdliliyindən, onu həyata tətbiq etmək bacarıqlarından əhəmiyyətli dərəcədə soraq verirdi. Onlar sözün həqiqi mənasında, nəzəriyyə ilə təcrübənin vəhdətindən doğan bir həyat fizikası, yaxud fizika həyatı meydana gətirmişdilər. Sanki özlərinin nümayiş etdirdikləri fizika ecazkarılıqlarını açdıqca, bu ecazkarılıqlarda gizlənən həyat həqiqətlərinin sirrini meydana qoyur, eləcə də öz yaradıcılıqlarından zövq alırdılar. Şahnaz Səfərovanın istedadlı şagirdlrinin əl işlərinə heyran qalmamaq mümkün deyildi. Onların düzəltdikləri hidroelektrik stansiyası, lift, fənər, neftçıxaran qurğu, şeytan çarxı, təyyarə, dəyirman, sərinkeş, gəmi, avtomobil – hər bir cihaz şagirdlərin dərin zəkasının, əhatəli düşünmə bacarığının, fizikanı həyatla, riyaziyyatla, coğrafiya, biologiya, kimya ilə əlaqələndirmək bacarığından, daha dəqiq desək, öyrədkilərini həyata tətbiq etmək istedadlarından soraq verirdi. Əslində müəllimin də nail olmaq istədiyi elə bu idi.
Tədibirin sonunda çıxış edən məktəbin direktoru Əliqismət Səfərov da “Fizika gecəsi” ilə bağlı maraqlı məqamlara toxundu. O, vurğuladı ki, şagirdlərin təqdim etdikləri təcrübələr fizikanın mahiyyətini meydana qoymaqla yanaşı, şagirdlərin onları dərk etdiklərini də deməyə əsas verir. Onlar təcrübəni təcrübə nümayiş etdirmək xatirinə deyil, həyatın mahiyyətindən çıxış edərək göstərirdilər Bu isə deməyə əsas verirdi ki, keçilən mövzular onların təfəkküründə öz izini salır, onların gələcəkdə daha böyük kəşflərə imza atacaqlarına inam yaradırdı. Bu isə müəllimin və şagirdlərin birgə nail olduqları uğur idi. Tədbirdə digər çıxış edənlər-Təhsil Şurasının mətbuat və ictimaiyyətlə əlaqə mərkəzinin rəhbəri Böyükağa Mikayıllı, 227 nömrəli tam orta məktəbin müəllimi Ruhən Hüseynova, 221 nömrəli tam orta məktəbin müəllimi Aynurə Əliyeva, 314 nömrəli tam orta məktəbin direktor müavini Sara Babayeva, həmin məktəbin fizika müəllimi Aynurə Ştayeva, Xəyal Əliyev və başqaları şagirdlərin yaradıcılıq axtarışlarından məmnun qaldıqlarını dilə gətirib Şahnaz Səfərova və onun yetirmələrinə uğurlar dilədilər, gecənin hazırlamasında, keçirilməsində fəallıq göstərdiklərinə görə məktəbin müəllimləri Kəmalə Abdullayevaya, Lətafət Əhmədovaya minnətdarlıq ifadə etdilər. 
Böyükağa MİKAYILLI

No comments:

Post a Comment