2.04.2016

İnam həm də əqidə formalaşdırır

Bu yazı Bakının Yasamal rayonundakı 286 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Şəfəq Mustafayevanın iş təcrübəsindən bəhs edir.

İzlədiyim dərslərdə motivasiyanın elektron resurslardan istifadə edilərək qurulmasının həmişə növbəti mərhələlərdə səmərə verdiyinin şahidi olmuşam. Şəfəq Mustafayevanın dərsi də bu baxımdan istisna olmadı.
“Halalar, ay halalar,
Dağda ceyran balalar. 
Quşlardan hansı quşdur, 
Yumurtasız balalar?” 
Monitorda təbiətin əsrarəngiz canlılarının - quşların nümayişi fonunda səslənən bu tapmaca şagirdləri sanki sehrli bir aləmə qərq etmişdi. Axı, uşaqlar üçün təbiət həmişə sehrli bir məna daşıyır. Müəllimin də ustalığı ondadır ki, bu dünyanın sehrini şagirdinin gözləri qarşısında yavaş-yavaş açsın, ona dünyanın rənglərini duymağa yol göstərsin.

İbtidai siniflərdə quşlar mövzusunda çox dərslər izləmişəm. Hər bir müəllimin dərsində özünəməxsus yanaşma görmüş, bütün bunları qələmə almışam. Şəfəq müəllimin dərsində nümayiş etdirdiyi yanaşmanın fərqli cəhəti onda idi ki, kiçicik bir quşun mahiyyətini mənalandırmaqla, təbiətdə bütün mövcudatın əhəmiyyət daşıdığını aşılaya bilirdi. Şəfəq müəllimin sərgilədiyi yanaşma həm də şagirdlərin öz mövqelərini ortaya qoymağa şərait yaradırdı. 
Tapmacanın cavabı özünü çox gözlətmədi. Bu, yarasadır. Uşaqlar bir ağızdan dilləndilər. Şəfəq müəllimin dərsə tapmaca ilə başlaması, ümumiyyətlə, müəllimin bütün dərslərdə bu kimi yanaşmalardan istifadə etməsi elə dərsin əvvəlindəcə şagirdlərinin düşüncəsini oyatmağa, onların qoyulacaq suallara çevik reaksiya verməyə hazırlamasına xidmət edirdi. Özündə min bir hikmət yaşadan tapmacalar əslində həm də şagirdin yaddaşının möhkəmlənməsinə, onun məntiqi təfəkkürünün formalaşmasına, özünəinam hissinin yaranmasına yol açan amillərdəndir. Müəllimin tapmaca seçimi, eyni zamanda, mövzunun da mükəmməl mənimsədilməsinə yol açan amillərdəndir. Şəfəq müəllimin sinfə ünvanladığı tapmaca həmin gün keçəcəyi mövzunun bazasını təşkil etdi. Yəni əgər mövzunu bir ağaca bənzətsək, müəllimin sinfə ünvanladığı tapmaca onun kökləri hesab oluna bilərdi. Şəfəq müəllimi dərs boyunca müşahidələrimdən qənaətim bundan ibarət idi ki, o, irəli sürdüyü sualların cavablarından yalnız suallara mexaniki cavab verən bir şagirdi deyil, daha əfzəli, onları bir şəxsiyyət kimi görmək istəyirdi. Onun sinfə ünvanladığı suallar, yaratdığı mühit əslində şagirdinin daxili aləmini açmağa imkan verirdi. Mən onların cavablarından həm də bu uşaqların öz fikirlərinə sarsılmaz inamlarını müşahidə edirdim. İnam həm də əqidə formalaşdırır. Bu da bir həqiqətdir ki, inam üzərində qurulan, inamla görülən iş nəticə etibarilə daha məntiqli əsasa malik olur. Şəfəq müəllimin dərsində əvvəldən sona qədər bu tendensiyanı müşahidə etmək mümkün idi. “Yarasa nə üçün gecə ova çıxır” mövzusu üzərində qurulan dərs özlüyündə məntiqi cavablar tələb edirdi. Mən dərsdə belə cavabların şahidi olurdum. Şəfəq müəllim dərs prosesini şagirdlərinin fikir, zehin gücündən alınan məntiqli cavablar meydanına çevirə bilmişdi. Şəfəq müəllimin pedaqoji prosesə yanaşmasının metodoloji əsasını məntiqi təfəkkürün inkişafı fonunda biliyin ötürülməsi təşkil edirdi. 
Mövzu şagirdlər tərəfindən oxunduqdan sonra sinif qruplara bölündü. “Yarasanın digər quşlarla nə kimi oxşar və fərqli cəhətləri var?” tədqiqat sualı sinfi mübarizə ruhunda kökləmişdi. Hər qrupun öz işi var idi. “Yarasa” qrupu “Yarasaya nə üçün “Gecə quşu” deyirlər? “Yarasa bir saata 1200 böcək tutur” cümləsini sintaktik təhlil edin”, “Şir” qrupu “Yarasa ilə digər quşların oxşar və fərqli cəhətləri hansılardır?, “Yarasa uca bilən tək məməlidir” cümləsini sintaktik təhlil edin”, “Qartal” qrupu “Yarasaya nə üçün “Uçan siçan”da deyirlər?, “Yarasalar soyuqda, boranda, şaxtada üşümürlər” cümləsini sintaktik təhlil edin”, “Əfsanə” qrupu “Yarasanın təbiətə nə kimi faydası var? “Yarasalar ötürücü siqnala malikdir” cümləsini sintaktik təhlil edin” tapşırıqları üzərində işlədilər. Lakin verilən bu tapşırıqlar hələ başlanğıc idi. Şəfəq müəllimin, mahiyyəti ürəklərə yazmaq arzusu onu dərsin hər anında daha yeni ideyalarla şagirdlərinin diqqətinə gətirirdi. Bəs, o, bunu necə edirdi? Birincisi, Şəfəq müəllimin hər bir qrupa ünvanladığı sualların sonu “Mövzunu rollu oyun şəklində səhnələşdirin”lə bitirdi. Əvvəlcə düşündüm ki, dörd qrupun eyni mövzunu səhnələşdirməsi effektiv nəticə verməyəcək, yeknəsəklik yaradacaq. Lakin belə olmadı. Səhnəciklərdə əks olunan obrazlar – yarasa, şir, vergiyığanlar, qartal – hər biri şagirdlərin yaradıcı təxəyyülünün məhsulu kimi təqdim olunurdu. Onlar təqdim etdikləri tamaşanı dərsin mühüm tərkib hissəsinə çevirməklə, həm də həyat həqiqəti kimi təqdim edirdilər. Obrazlar xarakterlərinə, emosiaonal vəziyyətlərinə uyğun səsləndirilir, rollara müvafiq hərəkətlər icra olunurdu. Yarasa vergidən yayınır, bununla bərabər, öz kimliyini də danır. Əvvəlcə özünü quş, sonra isə heyvan kimi təqdim etməklə, vergiyığanları aldadır. Bir daha onlarla qarşılaşmamaq üçün gündüzlər gizlənib gecələr aşkara çıxır. Öz ovunu gecələr axtarır. Əslində bu əfsanəyə yarasanın hiyləgərliyi nöqteyi nəzərindən yanaşmaq mümkündür. Amma məsələnin digər tərəfi də var. Yarasa özündən qat-qat güclü olan heyvanlara əyilmir, öz prinsiplərini həqiqət kimi gəbul edərək, onun heyvanlar tərəfindən qəbul olunmasına çalışır. Bəs həqiqət necədir? Şəfəq müəllimin əfsanəyə tənqidi nöqteyi nəzərdən yanaşması, yarasanın vergiyığanlara cavablarının şagirdlərin müzakirəsinə təqdim etməsi sinifdə maraqlı müzakirəyə səbəb oldu. Qrup işlərinin təqdimatı fonunda gerçəkləşən bu müzakirə, əslində, elə dərsin əvvəlində hiss etdiyim bir gerçəkliyi mənim üçün daha da aydınlaşdırırdı: Şəfəq Mustafayeva üçün şagirdlərinin həqiqəti dərk etməsi, gerçəkliyin mənəvi mahiyyətini anlaması ən önəmli amil idi. Elə müzakirəyə təqdim etdiyi bu problem də mahiyyətin, gerçəkliyin açılmasına xidmət edirdi. Şagirdlərin cavablarından isə əsl həqiqət boylanırdı: - Əfsanədə göstərilən faktları real həyatla əlaqələndirsək, deyə bilərik ki, vergi vermək hər bir vətəndaşın borcudur. Vergi dövlətin dayağıdır. 
Göründüyü kimi, müəllimin müzakirəyə təqdim etdiyi problem tənqidi fikir düşüncəsindən keçərək, öz həllini tapır, ortaq fikir meydana qoyulur. Ümumiyyətlə Şəfəq müəllimin meydana qoyduğu yalnız bu problemdə deyil, qrupların tapşırıqlarında da təzadlı məqamlar var idi. Müəllimin bu məqamlara üstünlük verməsini mən bir neçə cəhətdən xarakterizə edərdim. Birinci cəhət odur ki, həqiqət, gerçəklik müxtəlif fikirlərin, mülahizələrin mövcud olduğu mühitdə daha aydınlığı ilə meydana çıxır. İkincisi isə, şagirdlər müstəqil fikir irəli sürmək, özünəməxsus mövqe sərgiləmək bacarığına yiyələnirlər. Bunlarla yanaşı, onlarda tədqiqata, yaradıcı fəaliyyətə meyllilik meydana gəlir. Əslində bu, müəllim üçün çox böyük uğurdur. 
Qruplar apardıqları tədqiqatların nəticələri olaraq maraqlı fikirlər meydana gətirmişdilər. “Əgər qanadları olmasaydı yarasa siçana bənzəyərdi, yarasa da heyvanlar kimi balalayır, balasına süd verir, yarasalar quşlar kimi sürətlə uçur, yarasaların gözləri zəif görür, orqanizmləri çox güclüdür, onlar dünyanın hər yerində yaşayırlar. Dünyada olan məməlilərin dörddə bir hissəsini yarasalar təşkil edir. Yarasalar böcəkləri yeyib onların təbiətə vurduqları ziyanı aradan qaldırırlar. Yarasalar bir saatda 1200 böcək tuta bilirlər. Yarasaların gözləri gündüzlər zəif gördüyü üçün onlar gecələr uçur, öz ovlarını gecələr edirlər.” Şəfəq müəllimin qruplara ünvanladığı suallardan bir həqiqətin də meydana çıxdığını görmək mümkün idi. Bu, əfsanə ilə reallıq arasında olan faktdır. Bu, gerçəklikdir. Şagirdlər əfsanənin irəli sürdüyü ideyanın elmi mahiyyətini öz araşdırmaları ilə meydana qoya bildilər. Əslində onlar əfsanədə irəli sürülən ideya ətrafında tədqiqat aparıb yarasa ilə bağlı reallıq, elmi faktlarla yanaşı dayandılar. Onlara yarasaların nə üçün gecələr uçduğu, onun tibb üçün, təbiət üçün nə qədər əhəmiyyətli bir varlıq olduğunun elmi izahını özləri üçün aydınlaşdırdılar. Apardıqları sintaktik təhlillə, eyni zamanda, mövzunun dil qaydalarını mükəmməl şəkildə mənimsədilər. 
Şəfəq müəllimin dərsdə tətbiq etdiyi idman dəqiqələri də diqqətimi xüsusi bir nüansla cəlb etdi. Biz, dərs prosesində müəllimin istənilən şəraitə hazır olmasını, baş verə biləcək hər hansı bir texniki problemdən çıxma, vəziyyətə müvafiq qərarqəbuletmə bacarığını yüksək dəyərləndiririk. Bu dərsdə də belə bir vəziyyətlə qarşılaşdıq. İdman dəqiqələrində kompüterdə yaranan texniki nasazlıq musiqinin səsləndirilməsinə imkan vermədi. Amma müəllimin təcrübəsi və musiqi duyumu onun köməyinə çatdı. Şagirdlərlə birlikdə ifa olunan mahnı idman dəqiqələrinin daha canlı alınmasına yardımçı oldu. Qeyd edim ki, səsləndirilən mahnının sözləri də mövzu ilə üst-üstə düşürdü. Həll edilən krossvord, elektron tədris resurlarından istifadə etməklə yarasalar haqqında daha ətraflı məlumatın verilməsi şagirdlərin mövzu ətrafında bilgilərini daha da artırırdı. Müəllimin apardığı ümumiləşdirmə isə şagirdlərin məlumat bazasının daha da zənginləşməsinə yol açdı: Bu quşun hər işi təəccüblüdür. Amma gecə qaranlıqda uçması daha heyrətamizdir. O, bu işlərin hamısını ötürücü siqnal vasitəsi ilə görür. 
Yarasanın ötürücü siqnala malikliyini başa düşmək üçün gərək ötürücü siqnalın nə olduğunu bilək. Fizikada «tələffüzün səsi» bəhsi «səsin ardınca gedən siqnal və dalğalar» haqqındadır. (Siz bunu yuxarı siniflərdə öyrənəcəksiz.) 
Alimlərin dediyinə görə, yarasada ötürücü siqnal və dalğa var. Əgər onu bir otağa salıb uçurtsalar və həmin otağa dalğaların ardınca olan səsi eşidilən səsə cevirən mikrofon qoysalar, küydən insanın qulaqları cingildəyər. Hər saniyədə yarasadan 30-dan 60-a qədər belə səs eşidiləcək. Burada belə bir sual irəli çıxır: bu dalğa və siqnal yarasanın hansı üzvü ilə səslənir? Yəni, onun ötürücü üzvü hansıdır, qəbuledici hansı?
Alimlər bu suala belə cavab verirlər: bu dalğalar yarasanın boğazındakı güclü səs telləri vasitəsilə yaranır və burun dəliklərindən çıxaraq irəli hərəkətdədir. Qulaqlar da geri qayıdan dalğaları qəbul edirlər.
Rus alimi Yurin apardığı təcrübələr nəticəsində müəyyən etmişdir ki, əgər yarasanın qulaqları kəsilsə, artıq o, heç bir maneəyə toxunmadan uça bilməyəcək. Lakin gözünü çıxarsalar, öz hərəkətindən qalmayacaqdır. Bir sözlə, yarasa gözü ilə yox, qulağı ilə görür. Bu da çox maraqlı bir məsələdir.
İndi fikirləşin, görün, bu iki aparatı (ötürücü və qəbuledici) yarasanın kiçik bədənində kim xəlq etmişdir? Bu aparatlardan istifadə etməyi kim ona öyrətmişdir? 
Müəllimin verdiyi bu informasiya, qeyd etdiyimiz kimi, şagirdlərin əfsanədə göstərilən faktların elmi əsaslarının dərk olunmasında vasitə idi. 
Şəfəq Mustafayevanın Riyaziyyatdan “Uzunluq vahidləri” mövzusunda apardığı dərs keçilən mövzunun məntiqi tapşırıqlarla möhkəmləndirilməsi ilə diqqətimi cəlb etdi. Müəllim bunun ardınca, işğal altında olan Azərbaycan ərazilərinin ümumi sahəsinindən, ermənilərin işğalçılıq siyasətindən danışdı. Bakıdan işğal altında olan torpaqlarımıza qədər olan məsafə, işğaldan bizi ayıran zaman ölçüsü müzakirə edildi. Şagirdlər Azərbaycan xəritəsində işğal olunmuş torpaqlarımızı göstərdilər. Onların sahəsi, əhalisi haqqında məlumat verdilər. 20 yanvar faciəsindən bəhs edən slaydlar, faciə haqqında verilən məlumat ürək yanğısı ilə dinlənildi. Müəllim ev tapşırığı olaraq ölçməsi mümkün olan əşyaların eninin, uzunluğunun ölçülüb yazılması, eləcə də 20 yanvar faciəsi haqqında esse yazmağı tapşırdı.
Böyükağa MİKAYILLI


No comments:

Post a Comment