4.03.2016

Yaradıcılıq ruhu ilə...

Bu yazı Bakının Səbael rayonundakı 162 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Svetlana Nəcəfovanın iş təcrübəsindən bəhs edir.

Müşahidə etdiyim dərslərdə diqqət yetirdiyim ən mühüm məqamlardan biri müəllimin şagirdlərin dərketmə qabiliyyətlərini, ümumilikdə, fəaliyyətlərini dərsdə irəli sürülən ideyanın əsaslarına yiyələnməyə kökləməkdən ibarətdir. Əgər müəllim ilk dəqiqədən bunu bacaracaqsa, şagird mövzunun irəli sürdüyü fikirlər aləmində çaşıb qalmayacaq, düzgün istiqamət götürüb, bu yöndə  irəliyə doğru addımlayacaq. Sözsüz ki, dərsin əvvəlində müəllimin yaratdığı motivasiya bu baxımdan mühüm səciyyə daşıyır. Amma motivasiyanın özünün təşkili də müəllimdən bir sıra mühüm cəhətlərə əməl etməyi tələb edir. Bunlardan ən başlıcası şagirdlərin təfəkkür imkanlarını düzgün dəyərləndirmək, yaş fiziologiyası, zehni inkişaf dinamikasının nəzərə alınmasıdır. Bakı şəhəri Səbael rayonu 162 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Svetlana Nəcəfovanın 4-cü sinifdə “Mənim sevimli yeməklərim” mövzusunda apardığı dərs də bu baxımdan diqqətimi cəlb etdi.
Monitorda nümayiş etdirilən musiqi fonunda rəngarəng yeməklər, artıq, mövzunun yeməklər haqqında olacağı barədə məlumatı ötürmək baxımından əhəmiyyətli oldu. Bu musiqi həm də sinfə dinamika bəxş etdi. Müəllimin nümayiş etdirdiyi yeməklər sırasında öncə digər millətlərin mətbəxinə xas olan ərzaqlar yer aldı. Ardınca Azərbaycan milli mətbəxindən yeməklər əks olundu. Əslində müəllimin irəli sürdüyü ideya fidanların düşüncəsində yeməklərin yalnız bir qida olaraq gərəkli olduğunu əks etdirmək deyildi. Onun ideyası, əgər diqqət yetirsək, görmək mümkün idi ki, yemək, mətbəx mədəniyyətini, xalqların bu mədəniyyətə necə yanaşması, onun hansı formada dəyərləndirilməsi, dünyaya təqdimetmə imkanlarının hansı səviyyədə olması dayanırdı. Svetlana Nəcəfova Azərbaycan mətbəxini, Azərbaycanın milli yeməklərini onun mədəni, mənəvi dəyələrinin, adət-ənənəsinin bir parçası kimi təqdim etməyi bacarırdı. O, bunu dördüncülərin anlaq səviyyəsində qurmaqla, düşüncələrdə belə bir fikirin əks olunmasına nail olurdu: süfrə, mətbəx, yemək tərzi mühüm mədəniyyət, adət-ənənə göstəricisidir. Yaşımızdan asılı olamayaraq biz bu mədəni dəyərə sahib olmalı, eyni zamanda onun daşıyıcısına çevrilməliyik. Müəllimin irəli sürdüyü tədqiqat sualı da özündə məhz bu ideyanın şagirdlərin hansı səviyyədə dərk etməsi, bu dərketmədən asılı olaraq onu necə ifadə edə bilməsini aşkara çıxarmaq məqsədi daşıyırdı. Əslində tədqiqat sualı çox sadə görünürdü: “Sizin sevimli yeməyiniz hansıdır?” Amma Svetlana Nəcəfovanın ustalıqla yanaşması sayəsində şagirdlərin bu suala verdikləri cavablar dərsin məna tutumunu zənginləşdirirdi. Ümumiyyətlə Svetlana Nəcəfova üçün hər hansı bir mövzu yalnız həmin mövzunun sərhədləri daxilində tədris olunmur. Hər halda bu dərsdə mən bu qənaətə gəlirdim. Mövzunun verdiyi imkanlardan istifadə edən müəllim monitorda təbiətin əsrarəngiz nemətlərini nümayiş etdirməkə, süfrə nemətlərinin təbiətdən gəldiyini, hansı tərkibə, hansı əhəmiyyətə malik olduğunu meydana qoyurdu. Tədqiqat sualı ətrafında fəallaşan şagirdlərin cavabları da intensiv xarakter almaqla, hər dəqiqənin, hər bir şagird üçün səmərəsini artırırdi.  Svetlana Nəcəfovanın dərs prosesinə yanaşmasında diqqətimi cəlb edən ən mühüm məqamlardan biri də elə bu səmərəliliyin artırılması üçün şagirdlərin hər birini fəaliyyətə cəlb etməsi idi. Dərsin intensivliyi şagirdin idrak fəallığına da təsir edən amillərdəndir. Müəllimin məharətlə etdiyi şərhi, ahəngdar səsi, hər bir şagirdə yeri gəldikcə fərdi yanaşması onu nəzərdə tutduğu məqsədlərinə doğru inamla aparırdı. Sinfin tam olaraq fəallığı qrup işləri zamanı da diqqətdən yayınmadı. “Chokolate”, “Apple”, “İce cream” qruplarına ayrılan şagirdlər bir-biriləri ilə dialoq aparmaqla bərabər, yeri gəldikcə yoldaşlarına suallar ünvanlayır, sözlərdən cümlələr qurur, bu cümlələri aydın şəkildə tələffüz edirdilər. Qeyd edim ki, Svetlana Nəcəfovanın ingilis dilində səlis danışığı sinfin də danışıq tərzinə təsirsiz ötüşməmişdi. Sinifdə hər kəs öz işini ürəklə yerinə yetirirdi. Svetlana Nəcəfova hər bir şagirdinə tapşırığı üzərində ən mühüm məsələ kimi çalışmaq hisslərini böyük məharətlə aşılaya bilib. Əlbəttə ki, pedaqoji proses üçün bu, olduqca mühüm amillərdəndir. Bu, özlüyündə həm də şagirddə hələ uşaq ikən məsuliyyət hissinin formalaşmasına şərait yaradır. O, sinfi qısa bir zaman kəsiyində elə bir hazırlıq səviyyəsinə çatdıra bilib ki, sinif bütövlükdə müəllimin tətbiq edəcəyi təlim metodlarına, üsullara hazırdır. Diqqət yetirək: qruplar öz işlərini əməkdaşlıq şəraitində yerinə yetirir, dialoqa cəlb edilir, yoldaşlarının fikirlərinə tənqidi münasibət bildirir, bu zaman məntiqli fikirlər irəli sürür, kollektiv halda işləyib, düşünüb ortaq məxrəcə gəlirlər. Bütün bunlar isə öz növbəsində həm vaxtdan səmərəli istifadəyə, həm də keyfiyyətin yüksəlməsinə yol açır. Svetlana Nəcəfovanın özünün dinamikliyi, şagirdlərin hər birini operativ cavaba həvəsləndirməsi sinifin də müəllimin dinamikliyinə cavab verməsinə yol açırdı. O, sinfə elə bir dinamika bəxş edirdi ki, şagird ya işləyir, ya da düşünürdü. Bu, hamıya aid idi. Əslində sinfin tam olaraq fəallaşdırılması da müəllimin məharətinə, işini mükəmməl səviyyədə bilməsinə bağlıdır. Görkəmli rus pedaqoqu Konstantin Dmitriyeviç Uşinski yazır: “Bəzən dərslər üç-dörd şagirdi sual-cavaba tutmaqla başlanır və buna vaxtın yarıdan çoxu sərf edilir: sinfin qalan şagirdləri cavab üçün onlara növbə çatanadək diqqətsiz oturmaqda özlərini haqlı hesab edirlər. Belə dərslərdə elə şagird olur ki, bütün həftə müddətində gündə altı saat, başı fikirsiz, əli də məşğələsiz vaxt keçirir, o, ancaq çalışır ki, sinif intizamının tələb etdiyi hərəkətsiz və kütlük ifadə edən mənasız diqqətli görünüşünü mühafizə edib saxlasın.” Həqiqət də budur ki, bu gün dərslərdə hərəkətsiz, diqqətdənkənar qalan şagirdlər çoxdur. Bunun səbəbləri müxtəlifdir. Svetlana Nəcəfovanın sinfində heç də bütün şagirdlər eyni qavrama səviyyəsinə malik deyillər. Amma müəllimin yanaşması sayəsində sinifdə bütün şagirdlər prosesin mərkəzində idilər. Bəs Svetlana xanım buna necə nail olurdu? Mənim fikrimcə, bunun səbəblərindən biri Svetlana Nəcəfovanın sinfi bir ailə halında cəm edə bilmək bacarığı idi. Belə görünürdü ki, hər kəs özü öz işini görür, amma eyni zamanda, bir-birilərinə dəstək də hiss olunur. İkinci bir məqam, müəllimin şagirdlərin hər birini diqqətlə dinləməsi, hər bir cavabı  xüsusi həssaslıqla hesaba alması, dəyərləndirməsi idi. Cavab səhv olduğu halda belə, müəllimin nümayiş etdirdiyi reaksiya şagirdin utanıb-sıxılması ilə deyil, özünü toplayıb yeni versiyalar irəli sürməsi ilə nəticələnirdi. Fikrimcə, bu psixoloji amil, yalnız bir şagirdin deyil, sinfin ümumi ahəngini nizamlayır, təlim prosesinin münasib mühitdə keçməsinə şərait yaradırdı. Əlbəttə ki, mövzu ətrafında aparılan diskussiya, Azərbaycan və dünya mətbəxinin fərqli, bir-birindən üstün cəhətləri, özünəməxsus xüsusiyyətlərini meydana qoyur, şagirdlərin yaradıcı fikirləri ilə tamamlanırdı. Müəllimin diskussiyaya ara-sıra müdaxilə etməsi, şagirdlərin verdikləri cavabları əsaslandırmalarına təkan məqsədi daşısa da, eyni zamanda müqayisəyə, fikir mübadiləsinə də yol açırdı. Onlar öz yaşlarına müvafiq cavabları ilə yeməkləri xarakterizə edir, onları nə üçün bəyəndiklərini dilə gətirirdilər. Bu da öz növbəsində onların müəyyən söz ehtiyatlarına malik olduqlarından soraq verirdi. Svetlana Nəcəfovanın pedaqoji fəaliyyəti ilə tanışlıq belə bir qənaətə gəlməyə əsas verir ki,  onun üçün yetirmələrinin mənəvi hazırlığı, qarşıya qoyulan problemlərin həllinə ürəklə yanaşmaları, işə “ürəklərini qoymaları”, hədəflərinə doğru irəliləmək həvəsləri aparıcı istiqamət təşkil edir. Digər istiqamət isə dərs prosesinin yaradıcılıqla davam etdirilməsidir. Yaradıcılıq istiqaməti həm müəllimin tapşırıqlarında, həm də şagirdlərin cavablarında özünü biruzə verir. Şagirdlərdə yaradıcılıq meyllərinin inkişaf etdirilməsi isə, sözsüz ki, onlar üçün həyati əhəmiyyət daşıyan məqamlardandır. Yaradıcı dərs mühiti şagirdi istər-istəməz yaradıcı həyata da ruhlandırır, onun digər sahələrdə də yaradıcı çalışmasına yol açılır. Svetlana Nəcəfova şagirdlərinin yaradıcılıq ruhunu onların həyat, əqidə kredosuna çevirməyi pedaqoji fəaliyyətinin ən ali məqamı kimi qəbul edir. Müşahidələrim onu mənə məhz belə bir müəllim kimi tanıtdı...  

Böyükağa MİKAYILLI  

No comments:

Post a Comment