2.04.2016

Həqiqət elmdə təcəssüm olunur

Bu yazı Şəki şəhərindəki 5 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Atlas Namazovanın iş təcrübəsindən bəhs edir.

Dərs prosesində tətbiq olunan metodlar, üsullar o zaman səmərəli nəticə verir ki, müəllim onun mövzuyamüvafiqliyini təmin etsin, şəraitə, məqama uyğun istifadə imkanlarına malik olsun. Əlbəttə ki, bu, müəllimdən yaradıcı yanaşma, tədris etdiyi mövzunun incəliklərinə, eyni zamanda şagirdlərinin mənəvi aləminə, psixikasına bələdolma bacarığı tələb edir. Metod və üsulların səmərəli tətbiqi, əgər belə demək mümkünsə, mövzunun mənimsədilməsinin ana xəttini təşkil edir. Şəki şəhərindəki 5 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Atlas Namazovanın dərsində də müəllimin pedaqoji prosesə metodoloji yanaşmasının əsasında məhz səmərəli metod seçiminin dayandığını görmək mümkün idi. Əlbəttə ki, bu, ilkin yanaşmamdır. Atlas Namazova 4-cü sinifdə Azərbaycan dilindən tədris etdiyi “Zəm-zəm suyu” mövzusunu həm kollektiv, həm qrup şəklində şagirdlərə izah etməklə, əqli hücum, klaster üsullarını tətbiq edir, sorğu, müşahidə və suallarla şagirdlərinin əldə etdikəri bilikləri yoxlayır, möhkəmləndirirdi.

Atlas Namazovanın “Zəm-zəm suyu” mövzusunu tədris edəcəyini biləndə, müəllimin bu mövzuya hansı aspektdən, dini, yoxsa elmi baxımdan üstünlük verəcəyini düşündüm. Əslində “Zəm-zəm suyu” ifadəsi bizdə bir qayda olaraq dini düşüncə assosiasiyası yaradır. Bu da təbii ki, Zəm – zəm bulağının müsəlmanların müqəddəs ibadətgahı olan Kəbə ətrafında yerləşməsi, su ilə bağlı olan möcüzəvi inanclarla əlaqədardır. Amma Zəm-zəm suyu möcüzəsinin elmi əsasları da mövcuddur. Elə məni maraqlandıran da müəllimin dini təsəvvürlərlə elmi araşdırmaların nəticəsini necə uzlaşdıracağını, şagirdlərə “Zəm – zəm suyu” mövzusundan çıxış edərək dini görüşləri necə təlqin edəcəyi, nəhayət, Zəm-zəm suyunun elmi mahiyyətini necə öyrədəcəyi idi. 
Dərsin əvvəlində müəllimin monitorda nümayiş etdirdiyi məscid, kilsə rəsmləri əslində söhbətin dini – mənəvi dəyərlərdən gedəcəyi anlamına gəlirdi. Bunun ardınca müəllim sinfə, hansı dinləri tanıyırsız sualını ünvanladı. Şagirdlər İslam, Xristianlıq, buddizim dinlərinin adlarını çəkdilər. Bəs hansı peyğəmbərlər haqqında məlumata maliksiniz dedikdə - Məhəmməd Peyğəmbərin, İsa Peyğəmbərin adları dilə gətirildi. Zəm-zəm suyu haqqında sual isə şagairdlərin daha böyük marağı ilə qarşılandı. Onlar müəllimin bir neçə gün öncəki tapşırığı əsasında Zəm-zəm suyu haqqında tədqiqat aparmış, maraqlı nəticələr əldə etmişdilər. Şagirdlərin hələ mövzu oxunmamışdan müəllimin Zəm-zəm suyu ilə bağlı verdiyi sualları operativ cavablandırmaları, tədqiqat xarakterli cavablar, versiyalar irəli sürmələri məndə belə bir nəticə hasil edirdi ki, Atlas Namazova şagirdlərini tədqiqatçılğa ruhlandırır, onları müəyyən bir fikir irəli sürməzdən öncə öz araşdırmalarına istinad etməyi, mövqe nümayiş etdirərkən elmə (Təbii ki, yaşlarına müvafiq olaraq) söykənməyi öyrədir. Ümumiyyətlə, Atlas Namazova dərs boyunca mənə zəngin həyat təcrübəsinə malik olan şəxsiyyət, özünəməxsus pedaqoji yanaşmaya malik olan müəllim təsiri bağışlayırdı. Onun şagirdlərinə aşılamaq istədiyi, qeyd etdiyim mənəvi dəyərlər, şəxsiyyət keyfiyyətləri, məhz özünün şəxsi-mənəvi keyfiyyətlərindən, dünyagörüşündən qaynaqlanırdı. Mətn hissələrlə oxundu. Atlas müəllim sinfə ünvanlayacağı tədqiqat sualına qədər artıq, sinfi ona hazırlamışdı. “Zəm-zəm suyunun tarixi Kəbə, İsmayıl adları ilə bağlıdır. Onlardan biri müqəddəs yerin, digəri isə tarixi şəxsiyyətin adıdır. Bu yer və bu şəxsiyyət haqqında nə bilirsiniz?”
Müəllim “Şəfa” qrupuna 1-ci “Hansı fikir doğrudur? A) Zəm-zəm suyu yalnız nağıl və rəvayətlərdə mövcuddur. B) İbrahim Peyğəmbər Məhəmməd Peyğəmbərdən sonra yaşayıb. C) Kəbə Məkkədə yerləşir.” 2-ci nəyə görə həcc ziyarəti zamanı zəvvarlar Səfa və Mərva təpələri arasında yeddi dəfə gedib gəlirlər? suallarını ünvanladı. Şagirdlər bu sualların cavabını təqdim edərkən, təbii ki, mətnə istinad edirdilər. Amma onların bu dağlar, dağların yerləşdiyi ərazi və bu ərazinin coğrafiyası haqqında qismən məlumat vermələri maraq doğururdu. Təbii ki, şagirdlər tərəfindən Zəm-zəm suyunun nağıl deyil, həqiqətdə də bulaq kimi mövcud olduğu dilə gətirildi. 
“Mərvə” qrupuna ünvanlanmış “Ana nə üçün narahat idi?” sualı da maraqlı cavablarla müşaiyət olundu. Şagirdlərin cavabları öz mahiyyəti etibarilə ana sevgisinin ilahi mənasını meydana qoyurdu.
“Möcüzə” qrupunun işlədiyi “Allah İbrahim Peyğəmbərə ailəsini səhrada qoyub getməyi əmr etməklə hansı məqsədi daşıyırdı?” sualı şagirdlərin düşünməsi üçün geniş imkanlar açmışdı. Ümumən, Atlas müəllimin dərs prosesində şagirdlərin düşünmək üçün yaratdığı situasiyalar diqqətimi cəlb edirdi. Bu situasiyalar həm irəli sürülən tapşırıqlarda, həm də dərs prosesində şagirdlər tərəfindən nümayiş olunan səhnəciklərlə müşaiyət olunurdu. Şagirdlər, Uca tanrının məqsədinin İbrahim Peyğəmbəri sınağa çəkmək olduğunu dilə gətirdilər. Zəm-zəm suyunun yerləşdiyi məkanla bağlı ünvanlanan sualı cavablandırmaq isə çətin olmadı. 
“Zəm-zəm” qrupuna ünvanlanan sualda, müəllim, İbrahim Peyğəmbərin dövründə İslam dini yaranmamışdır, Zəm-zəm suyu insanların təxəyyülünün məhsuludur, Zəm-zəm suyunun yaranması İsmayıl Peyğəmbərlə bağlıdır, fikirlərində yanlışlığı müəyyən etməyi tapşırdı. Qrupun növbəti tapşırığı isə “Kəbə deyəndə nə başa düşürsünüz?” idi. Onlar Zəm-zəm suyunun insanların təxəyyülünün məhsulu deyil, təbiətin misilsiz neməti olduğunu, tərkibi etibarilə dünyada anoloqunun olmadığını, insan orqanizminə faydalı olduğunu dilə gətirdilər. Qeyd etdilər ki, Zəm-zəm Məkkə şəhərində, Məscidül-həramın ərazisində, İslam dininin ən müqəddəs yeri sayılan Kəbədən 20 metr şərqdə yerləşən bulaqdır. İslam inanclarına görə, bu bulaq min illər əvvəl, İbrahim peyğəmbərin körpə oğlu İsmayıl susuzluqdan ağladığı vaxt möcüzəvi şəkildə Allah tərəfindən yaradılmışdır. Hər il milyonlarla zəvvar Həcc və ya Ümrə ziyarətləri zamanı bu bulağın suyundan içir və özü ilə götürür.
İslam tarixində qeyd olunur ki, İbrahim peyğəmbər Allahın əmri ilə öz körpə oğlu İsmayılı və onun anası Həcəri Hicazda qoyub gedir. Həcər susuzluqdan əziyyət çəkən oğlu üçün su axtarsa da, tapa bilmir. Çünki Məkkə isti və quru havası, az su mənbəyi olan yerdə yerləşir. Həcər su axtarışında 7 dəfə Səfa və Mərva dağları arasındakı məsafəni gedib gəlir. Susuzlayan İsmayıl ayaqları ilə yeri sürtdükdə həmin yerdən su çıxmağa başlayır. Bu hadisənin başqa bir versiyasında Allah Cəbrayılı göndərir və o öz əsası (digər versiyada qanadı) ilə yerə toxunur və həmin yerdən su çıxır.
Zəm-zəm sözü ərəbcə "dayan" mənasını verən Zome sözündən yaranmışdır. Belə ki, bu sözü Həcər bulaqdan su doldurduqdan sonra onun dayanmasını istəyərkən təkrarlamışdır.
Yüz illərdir ki, bu su öz keyfiyyətini itirmir, qurumur, suyun həcmi azalmır, tükənmir, onun tərkibinə heç vaxt xlor əlavə edilmir. İllərlə saxlansa belə xarab olmur, öz keyfiyyətini quyudan təzə çıxmış kimi saxlayır. Başqa quyulardan fərqli olaraq onun divarlarında mamır və başqa bitkilər bitmir.
Müəlimin verdiyi məlumatlar da öz növbəsində şagirdlərin mövzunu mənimsəmələrini nizamlamaqla bərabər, mövzunun daha çox elmi mahiyyətini dərk etmələrinə yardımçı olurdu. Adı Ümumdünya Səhiyyə Təşkilatının hesabatlarında çəkilən, mənbəyi bilinməyən suyun dənizdən 80 kilometr uzaqda olmasına və ətrafında başqa heç bir quyu olmamasına baxmayaraq illərdir qurumaması, alimləri çaş-baş edir. Sadəcə 1,5 metr dərinliyindəki quyudan həcc mövsümündə milyonlarla hacı bütün su ehtiyacını qarşılayarkən, su səviyyəsində də heç bir azalma olmur. İçənin susuzluğunu və hətta aclığını belə götürən suyun bu sirri də alimlər tərəfindən araşdırılır.
Avropa laboratoriyalarında aparılan araşdırmalardan məlumdur ki, zəmzəm suyunun tərkibində kükürd miqdarı həddindən artıq azdır. ABŞ laboratoriyalarının apardığı testlərdən isə daha maraqlı məlumat verilib. Məlum olub ki, zəmzəm suyu dünyanın yeganə suyudur ki, tərkibində nə mikroorqanizm, nə də bakteriya var. Ümumdünya Səhiyyə Təşkilatı zəmzəm suyunu dünyanın içilə bilən ən xeyirli suyu kimi elan edib. Bununla belə digər sulara görə daha çox bəsləyici və mineral tərkibli zəmzəm bu günə qədər araşdırılır.
Zəmzəm suyunun xeyri elmi cəhətdən isbat edilsə də, bu su elmin izah edə bilməyəcəyi bir çox möcüzələri özündə birləşdirir. İçilməsi savab olan suyun şəfaəti bütün dünyada dillər əzbəridir. Zəmzəmin baş ağrısını kəsməyi və gözü işıqlandırmağı isbata ehtiyac olmayan həqiqətlərdəndir.
📷
Mənin nəzərlərimdə Atlas müəllimin şagirdlərinin cavabları balaca fidanların ruhi-mənəvi gözəlliklərinin təcəssümü kimi səslənirdi. Onlar dinin mahiyyətinə varırdılar və bu məqamda elə bir elmi sübut meydana qoyurdular ki, sanki dünyanın mahiyyətində dayanan elmin mərkəzinə can atırlar. Onu duymaq, elmlə nəfəs almaq istəyirlər. Əslində müəllimin ən böyük uğurlarından biri də elə budur. Şagirdinin mənəvi dünyasını zənginləşdirmək, onun inamının, əqidəsinin formalaşmasına təsir göstərməyi bacarmaq, bu inancın, bu əqidənin mahiyyətinə elmi həqiqətlərin daha vacib olduğunu həkk eləmək. Əlbəttə ki, bu, müəllimdən ustalıq tələb edir. Atlas Namazova məhz bu həqiqətlərin vacibliyini dərk etdirə bilirdi. Məndə belə bir inam yaranırdı ki, Atlas Namazovanın aşıladığı dini tərbiyə şagirdini heç vaxt mənəvi aşınmaya məruz qoymaz. İndiki dövrümüzdə bu, çox vacibdir. Atlas müəllimin irəli sürdüyü suallar, şübhə yoxdur ki, şagirdlərdə dini dəyərlərə rəğbət hissini formalaşdırmağa xidmət edirdi. Amma bu fundamental xarakter daşımırdı. O, dini sevgini ana, Vətən, torpaq, yurd sevgisi ilə paralel aparmaqla, ümumilikdə şagirdinin qəlbində sevgi, mərhəmət, xeyirxahlıq duyğularının baş qaldırmasına yol açırdı. Eyni zamanda şagirdlərinin düşüncəsində, dünyagörüşündə nağıl təfəkkürünün deyil, elmi əsasların özünə yer tutmasına çalışırdı. Əslində də həqiqət nağıllarda deyil, elmdə əks olunur. Böyük mütəfəkkir Mahatma Qandi haqlı olaraq deyir ki, mənə görə Sokrat dünyanın ən gözəl insanı imiş, çünki o, bütün gücü ilə həqiqəti axtarırdı. 
Atlas Namazovanın şagirdlərinin düşüncəsində elmi həqiqətlərin əks olunmasına, dünyanın həqiqətlərini dərk etmələrinə çalışması, ümumilikdə yetirmələrini həqiqətə tapınan, həqiqət, ədalət müdafiəçisi olan şəxsiyyət kimi formalaşmasına yönəlmişdi. O, sinifdə elə bir mühit yaradırdı ki, şagird çatdığı həqiqətin gözəlliyini anlaya bilsin. Həqiqəti tapdığı üçün sevinsin. Həqiqətdən zövq alsın və inansın ki, bəşəriyyət üçün ən mühüm olan yol budur...Əslində elə bununla da Atlas müəllim mənim dərsin əvvəlindəki düşüncələrimə aydınlıq gətirirdi: həqiqət elmdə təcəssüm olunur, elmi araşdırmalarla meydana çıxır. Bu öz yerində, müqəddəs inanclarımıza rəğbət, sevgi insanın həyata, eləcə də elmə məhəbbət hissini yüksəlirdir. Atlas müəllim elm kimi, mənəvi dəyərlərə, inanca da sevgi aşılaya bilirdi.
Böyükağa MİKAYILLI


No comments:

Post a Comment