Şagirdlərin
elmi biliklərin əsasına yiyələnməsi olduqca mürəkkəb və çoxcəhətli bir
prosesdir. Dərs zamanı məqsədə tam çatmağın mümkünsüz olması dərsdənkənar tədbirlərin,
fənn gecələrinin, bilik yarışlarının keçirilməsini zəruri edir. Dərsdənkənar bu
tip tədbirlər öz formasına görə bu və ya digər fənnin tədrisi prosesindən fərqlənsə
də, məzmun və məqsədinə görə isə bu prosesi tamamlayır. Bu cür tədbirlər
şagirdlərin biliklərini daha da dərinləşdirmək, dünyagörüşünü artırmaq və həmçinin
onlarda bu və ya digər fənnə maraq oyatmağa xidmət edir. Xüsusən bilik
yarışlarının şagirdlərin elmi biliklərini artırmaqla yanaşı, onlarda yarış,
mübarizə mədəniyyəti,əzmkarlıq, daim qələbə qazanmaq istəyi və s. kimi keyfiyyətlər
formalaşdırdığını nəzərə alsaq, deyə bilərik ki, bu cür tədbirlər elə təlim-tərbiyə
prosesinin ayrılmaz hissəsidir. Odur ki, hər bir məktəb fənn gecələrinin, bilik
yarışlarının keçirilməsinə xüsusi önəm verməli, şagirdlər arasında rəqabətli
mühit yaratmalıdır.
Belə
yarışlardan biri də Astara rayonu Həzi Sovqatov adına Şümrüd kənd tam orta məktəbin-də
keçirildi. Coğrafiya yaraşı məktəbin gənc və perspektivli müəllimi olan Mahir
Əhədovun təşkilatçılığı ilə baş tutdu. Hələ yarışın başlamasına qalmış, Mahir
müəllimin iştirakçılara son tövsiyyə və
təlimatlarını çatdırdığı zaman otağa daxil oldum. Şagirdlərin üzlərində ki, həyəcan,
qələbə əzmi və sevinc hissi yarışın gərgin keçəcəyini vəd edirdi. Otaqda
gördüklərimdən, müəllim və şagirdlərin dialoqundan anladım ki, bizi “Coğrafiya”
adlı bir dünyaya səyahət gözləyir.
Nəhayət
hər kəs öz yerini tutdu. Və tədbiri giriş sözü ilə məktəbin direktoru Şamxal
Dadaşov açdı. O, çıxışında fənn gecələrinin, bilik yarışlarının keçirilməsinin
tədrisdə rolundan danışdı. Və məktəbin coğrafiya müəllimi Mahir Əhədovun əməyini
yüksək qiymətləndirərək, onu digər gənc müəllimlərə örnək göstərdi. Ardından
söz tədbirin təşkilatçı və aparıcısı Mahir Əhədova verildi. Mahir müəllim
coğrafiya elmi, coğrafiya elminin digər elmlərlə qarşılıqlı əlaqəsi, Azərbaycanda
coğrafiyanın inkişafı haqqında geniş nitq söylədi.Mahir müəllimin dilimizdə ilk
coğrafiya dərsliyinin müəllifi olan Qafur Rəşad Mirzəzadə, akademik Budaq
Budaqov, biocoğrafiyanın inkişafında xidmətləri olmuş Həsən Əliyev haqqında
çıxışı maraqla dinlənildi.
Ardından
IX sinif şagirdi Əzizov Fəxrəddin və X sinif şagirdi Babayev Rövşən maraqlı
coğrafi məlumatları diqqətə çatdırdılar. Yaponiya dövlətində küçələrin
adlarının olmaması, Özbəkistanda hər gün 80 tondan artıq qızılın hasil edilməsi,
dünyada hər il təxminən 90 milyon insanın artması, planetin əhaləsinin 70% -
nin, onun ərazisinin cəmi 7% - də məskunlaşması, dünya okeanının bio-kütləsi ilə
30 milyard insanı qida ilə təmin etməyin mümkünlüyü, hər gün yer səthinə iki
mindən çox meteoritin düşməsi, Çinin 600 şəhərlə şəhər sayına görə birinci
olması və s. bu kimi faktlar hər kəsin marağına səbəb oldu.
Daha
sonra yarışda mübarizə aparacaq dörd komandanın kapitanları hər biri öz
komandalarının adları haqqında ətraflı bilgi verdi. Dadaşzadə Əfrail
“Qalaktika”, Abidov Şəhram “Meteorit”, Əhədov İlqar “Magellan”, Fərhadov Daşqın
“Yupiter” haqqında geniş nitq söylədilər.
Bütün
bu çıxışlar sona çatdıqda şagirdlərin artan həyəcanını hiss etməmək mümkün
deyildi. Çünki artıq onların intizarla gözlədikləri bilik yarışına start veriləcəkdi.
Əvvəlcə
Mahir müəllim yarışın reqlamentini hər kəsin diqqətinə çatdırdı. Hər biri 5
sualdan ibarət olan, 12 mövzu oynanılacaqdır. Hər doğru sual 5 balla qiymətləndirilir
və nizam-intizam qaydalarını pozan hər bir komandaya isə cəza balı tətbiq ediləcəkdir.
Yarışın əvvəlləri bərabər mübarizə şəraitində keçsə də sonlara yaxın mübarizənin
“Qalaktika” və “Meteorit” arasında gedəcəyi
bəlli oldu. Son ana qədər birinciliyi əldə saxlayan “Qalaktika” komandası,
sonuncu olan 12-ci mərhələdə üstünlüyü əldən verdi. “Meteorit” xal fərqini
aradan qaldıraraq hesabı bərabərləşdirdi: 210-210. Və bundan sonra gərginlik
pik həddə çatdı. Hesab bərabər olsa da “Meteorit”in hesabında iki cərimə xalı olması
“Qalaktika”nı qalibə çevirirdi. Bir qrup şagird və müəllimlər əlavə sualların
verilməsini tələb edib, etiraz etsə də, “Məktəb təkcə təlim yox, eyni zamanda tərbiyə
ocağıdır və hər bir şagird nizam-intizam qaydalarına riayət etməyi məktəbdən
öyrənməlidir” deyən Mahir Əhədov etirazları qəbul etmədi. Belə də gərgin keçən
mübarizənin sonunda həm intizamı, həm də biliyi ilə fərqlənən “Qalaktika”
komandası qalib oldu.
Yarış
sonrası təlim-tərbiyə işləri üzrə direktor müavini Rufulla Əhədov Mahir müəllimin
nümunəvi və qüsursuz pedaqoji fəaliyyətindən bəhs edib, ona və şagirdlərə yarış
üçün təşəkkür etdi. Və sonda qalib komandanı mükafatlandırmaq məktəbin ən təcrübəli
müəllimi Məmmədhüseyn Dadaşova həvalə edildi.
Sonda
hər bir şagirdin üzündə olan təbəssüm və sevinc hissi qalib komandadan başqa
digərlərini tərk etsə də, onların gözlərində Coğrafiya elminə və Mahir müəllimə
qarşı olan sevgi isə dəyişməz qalmışdı.
Dadaşzadə Əfrail (“Qalaktika” komandasının kapitanı) – Məktəbimizdə
bir çox yarışlar keçirilmişdir. Onlardan biri olan Coğrafiya yarışı olduqca
maraqlı keçdi. Hələ yarışdan öncə hər həftənin 6-cı günləri bizə təlim
yarışları keçirilirdi. Bu təlim yarışlarında kapitanı olduğum “Qalaktika” hər dəfə
yüksək balla qalib gəlsə də, sonuncu təlim yarışında “Meteorit” komandasına məğlub
olduq və bu məğlubiyyət bizi əsas yarışda daha diqqətli olmağa məcbur edirdi.
Sonda qalib gəldiyimiz üçün çox sevinirəm və “Qalaktika” komandasının digər
üzvləri olan Babayev Xəzər, Fətullayev Yalçın və Ağayev Kənanı da təbrik edirəm.
Bizə bu yarışı təşkil edən Mahir müəllimə özüm və komandamız adından sonsuz təşəkkürümü
bildirirəm.
Əhədov Mahir (Coğrafiya müəllimi) – Məktəbimizdə Coğrafiya
yarışı keçirmək ideyası işlədiyim ilk tədris ilindən məni düşündürürdü. Lakin
bunun üçün mənə bir qədər zaman lazım idi ki, şagirdlərin coğrafi biliklərinin
nə səviyyədə olduğunu müəyyən edim. Düşünürəm ki, üç illik fəaliyyətim nəticəsində
bu fənnin əsaslarını və incəliklərini qismən də olsa şagirdlərə aşılamış oldum.
Bunu şagirdlərin dərsimdə göstərdikləri fəallıqdan da görmək olardı. Bütün bu
amillər mənə bilik yarışının keçirilməsində stimul oldu. Coğrafiya yarışının təşkilində
əsas məqsəd şagirdlərimizin bilik və bacarıqlarının qiymətləndirilməsi, eyni
zamanda onlarda bu fənnə olan marağı daha da artırılması idi. Yarış günü
şagirdlərin gözündə olan sevinci görmək və özgüvən hislərini duymaq bir müəllim
kimi məni sevindirməyə bilməzdi. “Qalaktika” və “Meteorit” komandalarının baş-başa mübarizəsi yarışa
ayrı bir rəng qatırdı. Ümumiyyətlə yarış zamanı olan atmosfer, məktəb rəhbərliyinin,
o cümlədən müəllimlərin təsüratları yarışın yüksək səviyyədə keçdiyindən xəbər
verir. Mən də fürsətdən istifadə edib, qalibləri təbrik edir, onlara daha böyük
uğurlar arzu edirəm.
Fikrət Abdulov
No comments:
Post a Comment