5.06.2016

Bilik o zaman dəyərə çevrilir ki...

Bu yazı Bakı şəhəri 162 nömrəli tam orta məktəbin kimya müəllimi Mahirə Nuriyevanın iş təcrübəsindən bəhs edir.

Kimya qarşımızda dünyanın minbir rəngli, möcüzəli aləminin qapılarını açır. Kimya şagirdlərə birgə mübarizə aparmaq, birlikdə nəticəyə gəlmək, kollektiv fikrə ehtiramla yanaşmaq hisslərini aşılayır. Kimya şagirdlərdə özünəinam, güc hissləri, dramatik vəziyyətlərdə davranmaq bacarığı və nə qədər dramatik olsa da, əldə olunan qələbənin bəxş etdiyi lirik duyğuların yaranmasına yol açır. Bakının Səbael rayonundakı 162 nömrəli tam orta məktəbin kimya müəllimi Mahirə Nuriyevanın 7-ci sinifdə apardığı “Yanma, yanacaqların səmərəli yandırılması” mövzusunda dərs məndə bu müstəsna elm haqqında bu fikirlərin yaranmasına yol açdı. Mahirə Nuriyevanın izlədiyim dərsərində bu istedadlı müəllimin nəzəriyyə və təcrübədən yaratdığı bir aləm gözlərim önündə canlanırdı. Onun şagirdlərinin təsəvvüründə formalaşdırdığı “Kimya şəhəri”, “Kimya aləmi”, “Kimya dünyası”nın hər birinin öz sakinləri var idi. O, şagirdlərinin düşüncəsində kimyanın ecazkar sirlərindən yaratdığı bu aləmdə bu elmə bir sevgi imarəti ucalda bilmişdi. Şagirdləri, dərsləri izlədikcə bunu müşahidə etmək mümkün idi. Onun dərslərində kimyanın ən müasir nailiyyətləri də, illərin, əsrlərin yaddaşından süzülüb gələn, kimyanı zənginləşdirən elmi nailiyyətlər də yeni texnologiyaların tətbiqi fonunda həyata keçirilir, bu elmi nailiyyətlərlə bərabər, dediyimiz kimi, dünyanın da minbir rəngi canlanırdı. Bəli, məhz canlanırdı.
Çünki, müəllimin ustalığı sayəsində bəzən təbiət özü də dil açıb danışırdı. Dərsin motivasiya hissəsi də bu baxımdan diqqətəlayiq oldu. Müəllim təbiətlə bərabər, keçmişin də dil açıb danışmasına zəmin yaratdı. Nümayiş etdirdiyi cizgi filmində əks olunan ibtidai insanların həyatında alovun nə qədər önəm daşıdığı əks olunurdu. Uşaqlar da bu fikri təsdiqlədilər. Və bu fikirlərin hər birində yalnız alov nədir sualının cavabı deyil, alovun bəşəri mahiyyətini oxumaq mümkün idi. Mənim fikrimcə, əsl müəllimlik məhz düşüncələrdə bəşəri mahiyyətin əks etdirilməsi məqamıdır. Məhz bu məqamlar müəllim və şagirdlərinin ürək, ruh yaxınlığından doğaraq şagird düşüncəsində ən incə mətləblərin əks olunmasına yol açırdı. Bəs insanar alovu nə üçün qoruyurdular sualı da uşaqların maraqlı cavabları ilə müşaiyət olundu. - Çünki onlar odu əldə edə bilmirdilər. Od isə həyat əhəmiyyətli bir vasitə idi. Od onları yaşadırdı. Alovdan yemək bişirir, onun istisində qızınırdılar. Od onları gələcəklə qovuşdururdu. Qaranlıqda onlaraın yolunu aydınladırdı. 
Müəllim addım-addım yeni mövzuya yaxınlaşırdı. Sinfə ünvanladığı suallarla sanki alovu bu günümüzə qovuşdururdu. Bəs bu gün biz alov əldə edə bilirikmi? Bəli, bu gün biz odu çox asanıqla əldə edə bilirik deyə verilən cavablar, həm də onun necə əldə olunması sualına aydınlıq gətirirdi. Əslində Mahirə müəllim özü ilə video-filmi təsadüfü yerə gətirməmişdi. O, həmişə belə nüanslardan istifadə edir. Və sanki kiçik bir filmlə, özü ilə böyük bir dünya, zəngin faktlarla dolu olan bir ideya gətirir. Sonra isə bu ideyanın şagirdlərinin beynində əks-səda verməsinə nail olur. Elə hər şey də bununla başlayır. Əgər belə demək mümkünsə, “qığılcımdan alov doğur”. Müəllim alovu əldə etmək üçün, necə deyərlər, onu asta-asta alışdırırdı. Alışqan rolunu isə suallar oynayırdı. Bəs indi insanlar alovu necə əldə edirlər? Yanan maddələr necə adlanır? Yanma hadisələri zamanı hansı əlamətlər müşahidə olunur? və s. Köməkçi suallardan sonra müəllim şagirdlərdən bir neçəsini təcrübə masasına dəvət etdi. Onlar kömürü yandırıb “Labdisk” rəqəmsal laboratoriya avadanlığı vasitəsilə temperaturu ölçdülər. Bəs “Labdisk” rəqəmsal laboratoriya avadanlığı nədir? Müəllim bu avadanlığın hansı üstün keyfiyyətlərindən dərs prosesində yararlanır? Öncə qeyd edək ki, “Labdisk” dərs prosesində vaxta qənaət baxımından əhəmiyyətli, çevik, dinamik, dəqiq ölçülər verə bilən avadanlıqdır. “Labdisk” ölçmənin nəticələrini qısa zamanda qoşulduğu qurğularda – kompüterdə, planşentdə qrafiklər formasında təqdim edir. 
Qeyd etdiyim kimi, müllimin monitorda nümayiş etdirdiyi qısa cizgi filmi həmin gün üçün motivasiya rolunu oynamışdı. Artıq hamı söhbətin yanmadan, alovdan gedəcəyi qənaətinə gəlmişdi. Köməkçi suallar da təbii ki, bu baxımdan əhəmiyyətli rol oynamışdı. Kömür, spirt lampası və maqnezium lenti yandırılandan və “Labdisk” rəqəmsal avadanlığında müqayisəli temperatur ölçülməsi aparılandan sonra ölçmələrin nəticələri qeyd olundu. “Yanma nədir? Yanacaqların səmərəli yandırılması necə aparılır?” tədqiqat sualı ətrafında işləmək üçün sinif beş qrupa bölündü. “Daş kömür” qrupu “Yanma reaksiyalarının həyatımızda rolu, onların müsbət və mənfi cəhətlərinin izah olunması, atmosfer havasının çirklənməsinin qarşısının alınması üçün görülən tədbirlərin izah edilməsi, yanma reaksiyalarının əlamətlərinin göstərilməsi” tapşırığı üzərində işlədi. 
“Spirt” qrupu “Yanma reaksiyalarının mahiyyətini izah etməli, maye yanacaqlara misallar söyləməli, yanacağın istilikötürmə qabiliyyətini araşdırmalı” idi. 
“Kömür” qrupuna “Yanma reaksiyalarının başlanma səbəblərini saymaq, bərk yanacaqlara misal gətirmək, bərk yanacaqların səmərəli yandırılması üçün görülən tədbirləri sadalamaq” tapşırığı verilmişdi. “Təbii qaz” qrupu isə “Yanma reaksiyalarının dayandırılma səbəblərini sadalamalı, qaz yanacaqlara misallar gətirməli, qaz yanacaqların digərlərindən üstün cəhətlərini sadalamalı” idilər. Bütün qruplara, eyni zamanda, müvafiq reaksiya tənliklərini əmsallaşdırmaq tapşırığı da verilmişdi. 
Tapşırıqlardan göründüyü kimi, müəllimin irəli sürdüyü suallarda mövzunun həyati mahiyyətinin, təsərrüfat, sənaye əhəmiyyətinin üzə çıxarılmasına xüsusi önəm verilirdi. Onlar mövzunu xüsusən ekoloji, coğrafi problemlərlə əlaqələndirir, yeri gəldikcə riyazi hesablamalar aparır, problemə qlobal nöqteyi nəzərdən yanaşırdılar. Əslində dərsin hər bir məqamında şagirdin əldə etdiyi nəticə, meydana qoyduğu fikir, ideya onun məntiqi düşünmə qabiliyyəti ilə bağlıdır. Şagirdlərin təqdimatında mən bu cəhətə xüsusi diqqət yetirirəm. Və belə qənaətə gəlirəm ki, şagird təlimdə yalnız o zaman uğur əldə edə bilir ki, bütün fənlərə maraq göstərsin, onun dünyagörüşünün formalaşmasında ədəbiyyat da, riyaziyyat da, musiqi də, təsviri incəsənət də eyni dərəcədə rol oynasın. Təfəkkürün hərtərəfli inkişafı ona zəmin yaradanların kompleks təsiri sayəsində mümkündür. Məhz bu düşüncələri sayəsində Mahirə Nuriyevanın şagirdləri cavabdan-cavaba, fikirdən fikirə məharətlə keçid edir, “Kimyanın sehirli aləmində” özlərini “Nağıl qəhrəmanları” kimi hiss edirdilər. 
“Promethean” lövhədə çarx vasitəsilə verilən suallar da şagirdlərin biliklərinin yoxlanılması, qoyulan suallara operativ cavab vermələri baxımından diqqətəlayiq idi. Şagirdlər çarxın hansı sual üzərində dayanacağından xəbərsiz idilər. Amma qarşıya çıxan suallara dərhal cavab vermələri də onların kimya ilə ciddi maraqlandıqlarından soraq verirdi. Onlar məharətlə keçilmiş mövzulara ekskurs edir, cavabları yeni mövzu ilə əlaqələndirir, konkret məntiqi nəticə çıxara bilirdilər. Bu tapşırıq sinfin bütünlüklə fəallaşmasına, hamının bir problemin həlli ətrafında cəmlənməsinə şərait yaradır, hər kəs, əgər belə demək mümkünsə, ürəyindəkini, düşüncəsindəkini xarakterizə edə bilirdi. Ümumiyyətlə, bu dərsdə diqqətimi çəkən məqamlardan biri də məhz müəllimin şagirdlərin qrup və fərdi fəaliyyətinə üstünlük verməsi idi. Bəzən qruplarda işləyən şagirdlərin arasında kimsə kölgədə qalır, unudulur. Amma sinif qruplarla yanaşı, fərdi sual-cavaba da cəlb edilirsə, kənarda qalmaq ehtimalı azalır. Bu, həm də şagirdlərin məsuliyyətini artırır. Hamı onun da prosesə cəlb ediləcəyini gözləyir və ona hazır olmağa çalışır. Mahirə Nuriyeva müasir texnologiyalardan istifadə etməklə, dərsə nə qədər yenilikçi ruh verib kimyanın nailiyyətlərini bu yenilikçi ruhda təqdim edirdisə, şagirdlər də texnoloji imkanlardan bəhrələnib öz biliklərini məharətlə meydana qoyurdular. “Promethean” və “Labdisk” biliklərin realizəsi vasitəsinə çevrilmişdi. Onların ifadə etdikləri hər söz, hər fikir ürək və təfəkkür süzgəsindən keçib bilik meydanında özünə yer tuturdu. Onlar bilik dəryasına baş vuran dalğıcları xatırladırdılar. Sanki duyurdular ki, ən qiymətli mirvarilər – biliklər – dəryanın ən dərin qatlarında yerləşir. Odur ki, həmin qatlara enmək lazımdır. Bunun üçün isə sadəcə üzmək deyil, həm də daha dərin qatlara üzməyi bacarmaq lazım idi. Elmin dərin qatlarına isə yalnız dərin biliklə çatmaq mümkündür. 
Mahirə Nuriyeva dərsin “Yaradıcı tətbiqetmə” mərhələsini də təcrübi əsaslarla apardı. 50 faiz su, 50 faiz spirt məhlulu ilə isladılmış dəsmala od vuruldu. Spirt alışıb yandı. Dəsmal isə yanmadı. Dəsmalın bu təcrübədə nə üçün yanmadğını araşdırmağı evə tapşıran müəllim bununla bağlı internetdən məlumat əldə edə biləcəklərini də vurğuladı. 
“Yaradıcı tətbiqetmə”nin digər maraqlı məqamı “Yaşıl paket” oyunu oldu. Müəllim şagirdlərə müraciət etdi ki, hər biri özünü ekologiya naziri vəzifəsində təsəvvür etsin. Bu vəzifədə ətraf mühitin çirklənməsinə qarşı necə mübarizə aparacaqlarını xarakterizə etsinlər. Əslində bunlar “Yaşıl paket” üzrə “Problemlər” və “Dilemmalar” oyunu hesab olunur və şagirdin yaranmış vəziyyətdə münasib mövqe tutmaq, yaradıcılıq, məntiqi təfəkkür nümayiş etdirmək, eyni zamanda, vətənpərvərlik hisslərinin yaranması və onlarda bu hissin olub-olmamasını müəyyənləşdirmək baxımından əhəmiyyətli rol oynayır. Şagirdlərin cavablarında daha çox, çirklənmənin qarşısının alınması üçün sənaye müəssisələrinin yaradılması, ən mühümü isə, insanların təfəkküründə dönüş yaratmaq, onlarda ətraf mühitə sevgi hissi oyatmaq üçün ciddi maarifçilik işinin aparılması fikirləri yer almışdı. 
Bir məqamı da qeyd etmək istərdim. Dərsin “Nəticə və ümumiləşdirmə” mərhələsində müəllim mövzuya aid olan informasiyaları sinfin iştirakı ilə ümumiləşdirdi. Ümumiləşdirmə aparmaq üçün elektron dərslik saytından istifadə etdi. Saytdan götürdüyü 7-ci sinif “Kimya” dərsliyindən müvafiq mövzunu elektron lövhədə nümayiş etdirdi. 
Mahirə Nuriyeva dərsin qiymətləndirilməsi mərhələsini də maraqlı ahənglə davam etdirdi. Mənim fikrimcə, bu, özü də öyrədici məqam idi. Şagirdlərə özünüqiymətləndirmə vərəqləri paylandı. Özünüqiymətləndirmə vərəqlərində - yanma reaksiyalarının mahiyyətini şərh edir, yanmanın başlanması şərtlərini göstərir; yanmanın qarşısının alınması şərtlərini izah edir, yanğının dayandırılması üsullarını göstərir; maddələrin istilikötürmə qabiliyyətinin tərifini verir, müxtəif növ yanacaqların yandırılmasının səmərəli üsullarını xarakterizə edir; yanacaqlar yandırıldıqda atmosfer havasının çirklənməsi və buna qarşı mübarizə tədbirlərini izah edir – meyarları yer almışdı. Əlbəttə ki, müəllimin bu yanaşmasını bir neçə cəhətdən xarakterizə etmək olar. Ən əsası da o mənada ki, şagirdlər öz işlərinə obyektiv dəyər verir, öz işinə kənardan baxmağı, özünə tənqidi yanaşmağı, özünü vətəndaş kimi formalaşdırmağı öyrənir. Müəllimin qiymətləndirməsi meyarlarına da nəzər saldıqda özünüqiymətləndirmə meyarları ilə bir-birini tamamlama, bilik və mənəvi keyfiyyətlərin dəyərləndirilməsi məqamları ilə rastlaşmaq mümkündür. Əgər Mahirə Nuriyeva qiymətləndirmədə əməkdaşlıq etmə, cavabların dolğunluğu, nəticəçıxarma bacarıqlarını dəyərləndirirdisə, özünə inam hissinə xüsusi həsaslıqla yanaşırdı. Təlim prosesi üçün, ümumiyyətlə şəxsi-mənəvi keyfiyyətlərin formalaşdırılması üçün bu, olduqca önəmli faktordur. Hansı ki, dərsin məqsədlərində də bu amilin yer aldığını görmək mümkün idi. Bilik o zaman dəyərə çevrilir ki, mənəvi keyfiyyətlərlə bərabər surətdə aşılansın. Necə ki, buna Mahirə Nuriyeva nail olurdu. 
Böyükağa MİKAYILLI


No comments:

Post a Comment