5.06.2016

Həyat eşqi ilə

Bu yazı Bakının Suraxanı rayonundakı E.Qaranzadə adına 270 nömrəli tam orta məktəbin təsviri incəsənət müəllimi, məktəbin “İstedadlılar” dərnəyinin rəhbəri Məhsəti Cəfərovanın iş təcrübəsindən bəhs edir.

Bəlkə də onlar “Cığal sərçə” nağılını hələ daha kiçik yaşlarında oxumuşdular. Və kiçik yaşlarında “Cığal sərçə”yə, onun hərəkətlərinə bir başqa don geyindirmişdilər. Bəlkə də heç vaxt ağıllarına gəlməmişdi ki, nə zamansa “Cığal sərçə”yə rəsm çəkəcək, onun hərəkətlərini öz xəyallarında yaratdıqları bir aləmdə təsəvvür edəcəklər. Bəlkə də 5 yaşlarında “Cığal sərçə”ni başqa cür təsəvvür edər, onun rəsmini tamam başqa cür yaradardılar. İndi isə tamam başqa xəyallar qururdular. Məhsəti Cəfərovanın yetirmələrinin qonağı olmaq mənim üçün ona görə zövqlü idi ki, onlarının hər birinin öz zəngin aləmi var idi. Bu aləmdə onlar çox sərbəst və azad idilər. Elə bu azadlıqdan da yaranan rəsmlər özünün məna tutumu ilə fərqlənib, minbir fikri ifadə edirdi. Bəli, mən onların – Aydan Mirzəyevanın, Aydan Məhəmmədovanın, Aydan Həsənovanın, Arzu Baxişovanın, Aydan Mustafayevanın, Fatimə Kərimovanın, Ayxan Mansırlının, Məhəmməd Rəhimlinin baxışlarından sezdiyim parıltını minbir rəngdə rəsmlərində də müşahidə edirdim.
Məhsəti Cəfərova Bakının Suraxanı rayonundakı E.Qaranzadə adına 270 nömrəli tam orta məktəbin təsviri incəsənət müəllimidir. Onu bir müddətdir ki, tanıyıram. Amma mart ayının 22-26 tarixlərində Azərbaycan Təhsil Şurasının Ukraynanın Lvov şəhərində keçirdiyi Beynəlxalq elmi-təcrübi konfransda daha yaxından tanımaq imkanı əldə etdim. Əlindəki çanta çox ağır idi. Bunlar nədir belə? - soruşanda, Məhsəti xanım, şagirdlərimin əl işləridir, istəyirəm ki, konfrans gedən məkanlarda nümayiş etdirim, qoy Ukraynalılar görsünlər ki, Azərbaycan məktəbliləri necə istedadlıdırlar. Həm də rəsmlərdə əks olunan milli-mənəvi dəyərlərimizlə tanış olsunlar, dedi. Məhsəti xanımın bu təşəbbüsü mənim də ürəyimcə oldu. Elə konfransın birinci günündə o, rəsmləri nümayiş etdirməyə imkan tapdı. Doğrusu bu rəsmləri mən də birinci dəfə idi ki, görürdüm. Rəsmlərə heyran qalmamaq mümkünü deyildi. Ukraynalı, Polşalı konfrans iştirakçıları da Məhsəti Cəfərovanın yetirməsi Leylan Cəfərzadənin rəsmlərini maraqla seyr edirdilər. Bu, yalnız mənim üçün deyil, konfransda iştirak edən bütün nümayəndələrimiz üçün qürurverici idi. Konfrans günlərində Morşin məktəbləri ilə tanışlığa yollanan Məhsəti xanım Leylanın rəsmlərini orada da nümayiş etdirdi. Elə Lvovda ikən Məhsəti xanımla razılaşdıq ki, onun 270 nömrəli tam orta məktəbdə rəhbərlik etdiyi “İstedadlar” rəsm dərnəyinin işi ilə tanış olaq. Danışdığımız kimi də etdik. Məhsəti Cəfərovanın Təhsil naziri cənab Mikayıl Cabbarovun “Ümumitəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması” əmrinə müvafiq olaraq məktəbdə təşkil etdiyi maraqlı mütaliə günündə iştirak etdim. Məhsəti Cəfərova mütaliə gününü özünəməxsus ssenari əsasında hazırlamışdı. Ssenariyə əsasən şagirdlər “Cığal sərçə” nağılını dinləməli və bu nağıl əsasında illüstrasiyalar çəkməli idilər. Ssenaridə maraqlı digər məqamlar da var idi. Hələlik isə istedadlıların çəkdikləri illüstrasiyaları izləyək.
Müəllim “Cığal sərçə” nağılını oxudu. Şagirdlər diqqət kəsilmişdilər. Onlar müəllimin səsləndirdiyi hər bir fikri dinləyir, nağıldakı məqamların məna tutumunu dərk etməyə çalışırdılar. Nağıl onları xəyalən yaşıl çəmənzarlara, şır-şır axan bulaqlara, gül-çiçək ətirli bağçalara, yaşıl tarlalara, yaylaqlara aparırdı. Bunu onların hər birinin simasından, baxışlarındakı parıltıdan duyurddum. Müəllimin səsi onlara yaradıcılıq üçün stimul verirdi. Bir tərəfdən də şagirdlərdən birinin sazda ifası xəyallara həyat eşqi bəxş edirdi. Xəyal aləmindəkilər kağız üzərində canlanırdı. Şagirdlərin nağıl personajlarını, təbiət mənzərələrini hansı həvəslə işlədiklərini müşahidə edirdim. 9-cu sinif şagirdi Rəşad Məmmədovun sazda ifa etdiyi “Ruhani”nin, “Yanıq Kərəmin”in, “Sarıtel”in sədaları hər bir rəsmin ruhuna hopurdu sanki. Rəsmlərdən təbiət ətri, bahar nəfəsi, Ruhani sədası duyulurdu. Dərsin bu məqamında həm Məhsəti müəllimin, həm də şagirdlərinin daha bir bacarıqları, istedadları üzə çıxdı. Sən demə onlar rəssamlığı bacardıqları kimi, aktyorluq qabiliyyətinə də malik imişlər.
Onların hər biri rəsmlərin ərsəyə gəlməsini qaranquşların gəlişi, baharın nəfəsi kimi gözləyirdilər. Ümumiyyətlə, Məhsəti xanımın yaratdığı sazlı-sözlü mühit sinfin yaradıcılıq eşqini sözün həqiq mənasında canlandırmışdı. İllüstrayiyalara həsr olunmuş səhnəcik isə, həmin gün görülən işlərin həm məntiqi davamı, həm də ədəbi-bədii yekunu kimi dəyərləndirilə bilərdi. İstedadlılar “Cığal sərçə”ni öncə dinlədilər, sonra onu öz rəsmlərində-təfəkkür məhsulu kimi ifadə etdilər. Nəhayət, nağılı canlandrdılar. Rəsmlər canlandıqca, sanki onlar da nağılın sirrini açırdılar. Rəsmlər göydən düşən üç almaya bənzəyirdi. Rəsmlər əbədi nağıl sonluğu kimi, əbədi yaşayacaq təssüratı yaradırdı.
Məhsəti müəllimin nümayiş etdirdiyi mütaliə gününü, əslində onun istedadlı yetirmələrinin yaradıcılıq hesabatı da adlandırmaq olardı. Hər kəsin qarşısındakı kağız üzərində çəkilən mənzərə sanki qəlblərinin, arzu və istəklərinin rəsmi idi. Diqqətimi çəkən məqamlar çox idi. Rəsmlər o qədər zəngin idi ki, hər birini tam dolğunluğu ilə xarakterizə etmək çox çətindir. Amma onu demək mümkündür ki, hər bir istedadlının rəsmində milli kalorit, milli-mənəvi ruh, Vətən təbiətinin əsrarəngizliyi, eləcə də rəssamın mənəvi dünyası, Azərbaycanlılıq keyfiyyətindən süzülüb gələn mənəvi ab-hava hiss edilirdi. O da hiss edilirdi ki, rəssam üçün vacib olan mütaliə bu şagirdlərin də həyatının bir hissəsinə çevrilib. Axı rəssamın mütaliəsi geniş olmalıdır. Rəssam elə bir mənəvi hazırlıq səviyyəsinə malik olmalıdır ki, o zəngin mənəvi hazırlıq onun əsərlərinə də sirayət etsin. Məhz bu zənginliklə tamaşaçı qəlbini ovsunlamaq, onun sevimlisinə çevrilmək mümkündür. Məhsəti Cəfərovanın yetirmələrinin rəsmləri ilə tanış olduqca buna əmin olurdum. Əmin olurdum ki, o, yetirmələrini yalnız bu ruhda – zəngin mənəvi hazırlıq, eləcə də azadlıq ruhunda tərbiyə edir. Məhz belə insanlar yaradıcılıq əzminə, yadıcılıq eşqinə mailk olurlar.
Təlim prosesində bütün baxışlar, bütün düşüncələr müəllimə, onun təfəkkür zənginliyinə, onun dünyaya baxışlarına bağlıdır. Şagirdin şəxsiyyət kimi formalaşması, onun yaradıcı ruhunun yaranması da həmçinin...Məhsəti Cəfərovanın apardığı məşğələdə yaradıcı ruhun yaranmasına, eləcə də bu ruhun ürəkləri titrədəcək əsərlər meydana gətirməsinə bir mühit görürdüm. Bu mühit yalnız həmin gün üçün yaradılan bir mühit deyildi. Əgər belə olsaydı biz şagirdlərin yaradıcı işlərini görə bilməzdik. Hər şey süni təsiri bağışlayardı. Amma bütün mövzuların, eləcə də, fikir və düşüncələrin, arzu və istəklərin, ruhi-mənəvi tellərin bir-birinə bağlılığından səsini, ruhunu duya biləcəyimiz rəsm əsərləri meydana gəlirdi. Bəli, məhz əsərlər.
Məhsəti Cəfərovanın məktəbdə fəaliyyət göstərən Təsviri incəsənət emalatxanası da şagirdlərinin yaradıcı işləri ilə zəngindir. Məşğələdə olduğu kimi, emalatxana ilə tanışlığımızda da məktəbin direktoru Əli İsgəndərov bizi müşaiyət edirdi. Bir nüansa da toxunmamaq mümkün deyil. Təcrübəli məktəbşünas Əli İsgəndərov məktəbdə hər bir müəllimin fəaliyyətini müasir dövrün tələbləri səviyyəsində qurmasına, yaradıcı, işgüzar mühitin yaranmasına çalışır. Məhz belə bir mühitdə müəllim və şagirdlər yaradıcılq axtarışlarına istiqamətlənir, müxtəlif müsabiqələrdə, sərgilərdə, bilik yarışlarında iştirak edir, məktəbə nailiyyətlər qazandırırlar. Məhsəti Cəfərova və onun yetirmələrinin də sorağı beynəlxalq, yerli sərgi salonlarından eşidilir, nəfis tərtibatlı kitab, albom səhifələrində görünür.
Məhsəti Cəfərovanın emalatxanası ilə tanış oluruq. Ümumiyyətlə, hər hansı bir yaradıcı şəxs haqqında fikir söyləmək onun yaradıcılıq işləri ilə tanışlıqdan keçir. Yaradıcılıq işlərinin zənginliyi onu ərsəyə gətirənin özünün də mənəvi zənginliyindən soraq verir. Bu emalatxana, sözün həqiq mənasında, balaca istedadlılar üçün gələcəyə açılan yaradıcılıq qapısıdır. Burada hər bir şagird öz fikir və düşüncələrindəki yaradıcılıq meyllərini meydana qoya, düşüncəsindəki kiçicik bir parıltını göstərə bilər. Yetər ki, bunu arzulasın. Bu kiçik parıltını cilalamaq, onun işığını ətrafa yaymaq isə Məhsəti Cəfərovanın işidir. Əl işləri ilə tanış oluram. Mozaika, şüşə üzərində rəsm, taxta üzərində rəsm, müxtələlif əl işləri...Bütün bunların hər biri sanki canlı idi. Hər birinin qəlbi var idi. Mən onların hər birində ürəyi yaradıcılıq eşqi ilə döyünən Məhsəti müəllimin və onun istedadlı yetirmələrinin arzularını, istəklərini, sənətə olan sevgilərini, həyat eşqlərini görürdüm...
P.S. Yazı çapa hazırlanarkən məlumat aldım ki, Məhsəti Cəfərovanın yetirmələrindən Vilayət Məmmədova, Emil Səfərli, Abdulla Abdullayev, Nihad Hüseynov, Hüseyn Səadətov, Şaiq Hüseynzadə, Əyyub Məmmədov, Saleh Ağazadə, Leylan Cəfərzadə daha bir sərgidə rəsmləri ilə çıxış ediblər. Onlar həmçinin Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman əsgərlərimizin xatirəsinə həsr olunmuş gənc rəssamların rəsm müsabiqəsində fərqləndikləri üçün Suraxanı rayon Gənclər və İdman İdarəsi tərəfindən fəxri fərmanla təltif olunublar. Qarşıda isə onları Azərbaycanda və onun hüdudlarından kənarda böyük sərgi salonları, tamaşaçı sevgisi gözləyir.
Onu da qeyd edim ki, rəsmləri Lvovda nümayiş olunan Leylan Cəfərzadənin sertifikatını Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev təqdim etdi.
Böyükağa MİKAYILLI

No comments:

Post a Comment