5.06.2016

Mədəniyyətlərin dərkinə doğru

Bu yazı Bakının Səbael rayonundakı 162 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Sevda Ağayevanın iş təcrübəsi haqqındadır. 

Həmin gün onlar İngiltərənin şəhərlərinə virtual səyahətə çıxdılar. Bu, adi bir səyahət deyildi. Müəllim yalnız İngiltərənin görünən tarixi binalarını, zamanın ənginliklərindən süzülüb gələn tarixi yaddaşını deyil, eyni zamanda, bu ölkənin mənəvi tarixini də şagirdlərinin gözləri qarşısında canlandırmaq, onları bu ölkənin tarixinə, mədəniyyətinə, incəsənətinə, ədəbiyyatına, bir sözlə, mənəvi xəzinəsinə virtual səyahətə aparmışdı. Bakının Səbael rayonundakı 162 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Sevda Ağayeva coğrafiyanın, ədəbiyyatın, tarixin inteqrasiyası şəraitində 9-cu sinifdə elə bir dərs qurmuşdu ki, dünyanın zəngin bir mədəniyyət abidəsini görməmək, təsəvvür etməmk mümkün deyildi. Çünki hər bir məqam gözlər önündə canlanlır, aydın təsəvvür formalaşdırırdı. 

– Siz hansı ölkəyə getmək istərdiniz və nə üçün? Bu sualdan sonra müəllim monitorda Avropanın döyünən ürəyi olan İngiltərənin görməli yerlərini, eyni zamanda coğrafi mövqeyini, ərazisini nümayiş etdirdi. Əlbəttə ki, o, bu ölkənin hansı ölkə olduğu cavabını şagirdlərdən aldı. Şagirdlər xəritədə Böyük Britaniya Kralığına daxil olan İngiltərəni, Şotlandiyanı, Ueilsi, İrlandiyanı və Şimali İrlandiyanı göstərdilər. Bəs İngiltərənin paytaxtı haradır? Əlbəttə ki, London. Eləcə də Uelsin, Şotlandiyanın, Şimali İrlandiyanın, İrlandiyanın paytaxtları soruşuldu. Şagirdlər paytaxtları qeyd etməklə bərabər, onları xəritədə də göstərir, əhatə olunduğu dənizləri, sərhədləri də qeyd edirdilər. Bütün bunlarla yanaşı, ölkələrin simvollarını da söyləyir, onların bayraqlarını xarakterizə edirdilər. Elə bu məqamda müəllimin monitorda nümayiş etdirdiyi şəkil sinifdə müzakirə yaratdı. Şagirdlər şəkildəkinin məşhur ingilis şairi Robert Börnüs olduğunu dilə gətirdilər. Onun “Mənim qəlbim yüksəkliklərdədir” şerinin ifası sinfə sanki ingilis ədəbi mühitinin ab-havasını bəxş etdi. Şagirdin İngilis ləhcəsi ilə söylədiyi şeirlə müəllim şagirdlərin yaddaşını sınağa çəkməklə yanaşı, həm də ürəklərdəki ədəbiyyat sevgisini, şagirdlərinin öyrəndikləri ölkənin mənəvi dəyərlərini hansı səviyyədə dəyərləndirdiklərini bilmək istəyirdi. Şagirdin ifasında Şotlandiyanın böyük şairinin lirikası isə bu möcüzəli ölkənin ürək döyüntülərini də sinfə gətirmişdi. Əslində bu ifa da sinif üçün bir motivasiya rolunu oynadı. Artıq hər kəs ədəbiyyatın, poetik düşüncənin lirik möcüzəsində mövzunu mənimsəməyə köklənmişdi. Ardınca sinfə ünvanlanan tədqiqat sualı -“Siz İngiltərənin mərkəzi hissəsinə səyahət etsəydiniz nələri görmək istərdiniz?” – həm də şagirdlərin dünya görüşündə, həyata baxışlarında, arzu və istəklərində mənəvi dəyərlərin nə dərəcədə önəmli rol oynadığını meydana çıxarmaq məqsədi daşıyrıdı. Ümumiyyətlə, Sevda Ağayevanın dərs prosesinə, şagirdlərinin təlim-tərbiyəsinə mənəvi aspektdən yanaşmasını görməmək mümkün deyildi. Dərs prosesi boyunca nümayiş olunan şəkillər, musiqilər, səsləndirilən şeirlər müəllimin müəyyənləşdiridiyi metodiki yanaşmalarla həm şagirdlərin bilik səviyyəsini müəyyənləşdrir, həm də onların mənəvi dünyasının, mənəvi hazırlıq səviyyəsinin açılmasına yardımçı idi. Koventri, Birminqam, Stradford...Qruplara verilən bu adlar İngiltərənin şəhərləridir. Şagirdlər bu şəhərlər haqqında təqdimat hazırlamalı idilər. Bəs təqdimat zamanı əsasən hansı məqamlara üstünlük verilməli idi? Əlbəttə ki, bu, şagirdlərin yaradıcılıq imkanlarından asılı olacaqdı. Amma müəllimin buna qədər verdiyi istiqamət şagirdlərin bu şəhərlərin hər birinə sıradan bir daş evlərdən, tarixi binalardan, geniş yaraşıqlı küçələrdən, xiyabanlardan ibarət olduğunu deməklə kifayətlənməmək həvəsi yaratmışdı. Bu şəhərlər özündə hansı mənəvi dəyərləri yaşadır, hansı məşhur yazıçılar, hansı məşhur əsərlər, hansı məşhur tikililər bu şəhərləri xarakterizə edə bilər? Bəli, məhz bu sualların cavabı ilə qoyulan problemlər öz həllini tapa, bu böyük şəhərlərin mənəvi aləmi açıla, ürək çırpıntıları eşidilə bilərdi. Əslində hər bir şəhərin ürəyi, ruhu var. Bu, bu şəhərin mənəvi dəyərlərində, ürək döyüntülərində gizlənməkdədir. Sevda Ağayeva Koventri, Birminqam, Stradfordun, bir sözlə, İngiltərə şəhərlərinin mənəvi aləmini Şekspirin “Otello”su, “Hamleti”, “Kral Lir”i, “Romeo və Culyetto”su ilə şagirdləri ilə birgə açmağa çalışırdı. Şekspridən səslənən Sonet də bu mənada yerinə düşmüşdü. Ümumiyyətlə, mən bu dərsi dünyanın böyük mədəniyyətinin dərkinə doğru atılan addım adlandırardım. Sevda Ağayeva dərs boyunca maddi mədəniyyət nümunələrini belə mənəviləşdirməyə, ona mənəviyyat abidəsi statusu verməyə çalışır, yetirmələrinin düşüncəsində bu mənəvi dəyərlərin əks olunmasına nail olurdu. Böyük Britaniya öz gözəllikləri ilə bərabər, öz qəlbini də sanki onlara açır, öz tarixindən, mədəni dəyərlərindən ürək açıqlığı ilə danışmaqdan yorulmurdu. Axı onun danışmağa sözü çox idi. Elə şagirdlər də onun danışıqlarına cavab verməyi bacarırdılar. Onların zəngin söz ehtiyatı var idi. Bu öz yerində. Müəllim də onların bu söz ehtiyatlarından səmərəli istifadə etməyi bacarır, şagirlərinin bildikləri sözləri yerində, həm də düzgün tələffüslə ifadə etmələrinə nail ola bilirdi. Onlar bildikləri sözlərdən bəhs etdikləri mövzu barədə elə maraqlı fikirlər söyləyirdilər ki, bu sözlər bir dram əsərinin hansısa bir dərin mənasına aydınlıq gətirir, hansısa bir tarixi abidənin məzmununu açırdı. Dərsi izlədikcə müəllimin mövzu ilə bağlı məqsədlərini düşünür, onların əslində daha böyük məqsədlərə doğru addımladıqlarının şahidi olurdum. Məqsədlər şagirdlərin dilini öyərndikləri ölkə haqqında biliklərinin genişləndirilməsindən, şagirdləri mövzu ətrafında söhbətə həvəsləndirməkdən, onların nitq bacarıqlarının inkişaf etdirilməsindən ibarət idi. Əlbəttə ki, müəllim məqsədə nail olmaq üçün qeyd etdiyimiz kimi, müəyyən metodiki yanaşmalar müəyyənləşdirmişdi. O, meydana qoyulan problemi həll etmək üçün şagirdləri müzakirələrə cəlb edirdi. Bununla da Sevda Ağayeva çalışırdı ki, sinfin bütün şagirdləri problem ətrafında cəlb olunsun, onun həllinə öz töhfələrini verməyə çalışsın. İkinci məqam isə qruplarla işin tətbiq olunması idi. Qrup işləri məlum olduğu kimi, şagirdlərin əməkdaşlıq şəraitində işləməsinə, birgə qərar qəbul etmə, kollektivin fikrinə dəyər vermə bacarıqlarının formalaşmasında müstəsna əhəmiyyətə malikdir. Elə mövzular var ki, qrup işləri bu mövzuların tədrisi üçün daha əhəmiyyətli sayıla bilər. Təcrübəli müəllim Sevda Ağayeva İngiltərənin mərkəzi şəhərlərinə də şagirdləri qrup halında səyahətə çıxarmağı gərəkli bilmişdi. Əlbəttə ki, bu, başadüşülən idi. Ən əsası ona görə ki, qruplar üçün irəli sürülən sualları birgə işləmək, birgə nəticəyə gəlmək üçün əsas verirdi. Suallar rəngarəng cavablar tələb edirdi. Rəngarənglik isə, şübhə yoxdur ki, müxtəlif fikirlərin, ideyaların cəmindən formalaşır. Bu dərsə də rəngarənglik qatan, onun məzmununu zənginləşdirən, şagirdlərin qlobal düşünməsinə stimul yaradan metodiki yanaşmanın, iş üsullarının düzgün seçilməsi, fikirlərin sərbəst ifadə olunmasına yaradılan şərait idi. Ümumiyyətlə, dərsdə müşahidə etdiyim məqamlardan biri də mövzunun Azərbaycanla əlaqələndirilməsi idi. Onlar şəhərlər, yazıçılar, bəstəkarlar, şairlər arasında paralellər aparır, oxşar və fərqli cəhətləri dilə gətirdilər. Elə fənlərdə elə mövzular var ki, bu mövzularda ortaya qoyulan problem dünyanın ortaq problemi olur. Bu mövzuların aşılanması müəllimdən böyük məharət, dünyagörüşü, nəhayət hərtərəfli savad tələb edir. Müəllim bu mövzuları mədəniyyətlərarası, svilizasiyalararası problem kimi şagirdlərə elə təqdim etməlidir ki, bu, şagirdlərin düşüncəsində özünün obyektiv həllini tapa bilsin. Dünyanın böyük şəhərləri, böyük mədəniyyətləri də belə mövzulardandır. Sevda Ağayeva “İngiltərənin mərkəzi şəhərlərinə səyahət” mövzusunu virtual olaraq elə həyata keçirdi ki, şagirdlər bu şəhərlərin ab-havasını hiss etməyə, mənəvi atmosferasını duymağa, bir sözlə, bu şəhərlərin ruhunu hiss edib, onun qəlb döyüntülərini dinləyə bildilər. Onlar İngiltərənənin dünya üçün nə qədər önəmli mərkəzlərə, sosial, pedaqoji, elmi ehtiyatatlara malik olduğunu öyrənib, eyni zamanda özləri də bu istiqamətdə fikir yürüdə bildilər. Ən əsası isə bu fikirləri ingilis dilində sərbəst ifadə etmək bacarığına malik olduqlarını ifadə etdilər. Və təbii ki, hər biri zəngin söz ehtiyatına, sorğuda fəal iştiraklarına, şəhərlər haqqında əhatəli biliyə malik olduqlarına görə qiymətəndirildilər. Bütün bunlar müəllim və şagirdlər arasında qarşılıqlı anlaşılma, səmimiyyət, yüksək mədəni ünsiyyət şəraitində həyata keçirildi. 
Böyükağa MİKAYILLI

No comments:

Post a Comment