7.11.2016

Biologiya fənninin tədrisində informasiya-kommunikasiya texnologiyalarından istifadə

"Təhsil Və Zaman" qəzeti 02 iyul 2016-cı il.
Aytel ASLANOVA,
Lənkəran şəhər 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin biologiya müəllimi

Müasir dərs nümunəsinin quruluşu, forma və metodu, qarşısında duran tələblər son vaxlar diqqət mərkəzində olan məsələlərdəndir.
Müasir dərs aşağıdakı əlamətlərlə xarakterizə olunur: aktuallıq, kreativlik, informativlik, sistemlilik, interaktivlik, kommunikativlik. Dərsin əsas məqsədi tədris prosesində şagirdin şəxsi keyfiyyətlərinin açılması və inkişaf etdirilməsidir. Müasir dərs dinamik və rəngarəng təşkil olunmalıdır. Bütün bunlara nail olmaq üçün dərs zamanı İKT və müasir pedaqoji texnologiyalardan istifadə edilməlidir.

Müasir dövrdə təhsil siyasətinin əsas məqsədi-tədrisin keyfiyyətini artırmaqdir. Tədris prosesində innovativ texnologiyalardan istifadə isə əsas şərtlərdən biridir. İKT-dən istifadə tədris prosesinin hətta kollektiv formasını idividuallaşdırmağa, aktivləşdirməyə imkan verir. Müasir texniki vasitələrdən istifadə həm müəllimin rolunu, həm şagirdin rolunu, həm də tədris prosesinin xarakterini dəyişir. İKT-dən istifadə nəticəsində nəinki müəllim, hətta şagird də informasiya mənbəyi ola bilər. Müasir şagirdlər məlumat üçün kitablara az müraciət edirlər, bunun üçün daha çox kompyuterdən istifadə edilir. Müəllimin vəzifəsi isə şagirdləri tapdıqları məlumatlardan düzgün istifadə etməyə, məlumatı araşdırmağa, onun məğzini -əsasını tapmağa yönəltməkdir. Biologiya dərsində inernet resurslardan istifadə dərsi daha maraqlı edir, şagirdlərin motivasiyasını artırır, dərs zamanı İKT-dən istifadə dərsə marağı az olan şagirdlərin tədris səviyyəsini gözlə görüləcək dərəcədə artırır. Pedaqoji vasitələr toplusu şagirdlərə çoxlu miqdarda məlumat çatdırmağa kömək edir. İKT-dən istifadə bir neçə komponenti özündə birləşdirir: mətn, rəsm, animasiya, səs və s. Bu da şagirdlərin obrazlı yaddaşının inkişafına kömək edir, diqqəti materialın daha vacib hissələrinə yönəltməyə imkan verir. 
Müəllimin işinin nəticəsi onun şagirdlərinin bilik səviyyəsinə, dərs zamanı şagirdlərin müstəqil işləmə qabiliyyətinə görə, şagirdlərin fənnə, müəllimə münasibətinə əsasən qiymətləndirilir.
Məktəbin texniki səviyyəsinin artırılmasına, müxtəlif elmi ədəbiyyatla təminatına baxmayaraq şagirdlərin təhsil səviyyəsini yalnız müəllimin keyfiyyətli işi ilə artırmaq olar. Müəllimin keyfiyyətli işi öz peşəkar səviyyəsini artirmaq və təkmilləşdirməyə çalışmaqdan ibarətdir. İnformasiya-kommunikasiya texnologiyalarından istifadə nəinki şagirdlərin o cümlədən müəllimlərin inkişafına şərait yaradır. Sözsüz ki, kompyuter müəllimin canlı fikirlərini əvəz edə bilməz, amma, yeni resurslardan istifadə müasir müəllimə elmi və metodik-elmi məlumatları əldə etməyə kömək edir, geniş məlumat sistemlərindən istifadəyə yol açır, şagirdlərin yaradıcılıq qabiliyyətini inkişaf etdirir.
Beləliklə, müəllimin peşəkarlığı mürəkkəb elmi məlumatları əldə edərək anlaşılan, maraqlı şəklə salıb şagirdlərə çatdırmaqla ölçülür. Tədris prosesində İKT-dən istifadə dərsin bütün mərhələlərinə tətbiq edilir. Müəllim müsair informasiya vasitələrindən istifadə etməyi həm də ona görə bacarmalıdır ki, şagirdlərin potensial imkanlarından istifadə edərək, ənənəvi tədrisi fəal tədrislə əvəz edə bilsin. 
Məktəbdə işlədiyim müddət ərzində belə bir fikrə gəlmişəm ki, yaxşı nəticə əldə etmək üçün hər bir müəllim öz fənninə marağı artırmalı, bunun üçün isə dərs zamanı müasir-pedaqoji üsullardan, o cümlədən informasiya-kommunikasiya texnologiyalarından istifadə etməlidir. İKT-dən biologiya dərsində istifadə tədris edilən fənnin keyfiyyətini də artırmağa kömək edir, müxtəlif obyektlərin nümayişini asanlaşdırır. Biologiyanın məktəbdə tədrisi mütəmadi olaraq təcrübələrin nümayişinə əsaslanır. Bununla belə, müasir məktəbdə təcrubələrin aparılması vaxt məhdudiyyəti üzündən çətindir. Hətta hər cür şəraiti olan, müasir avadanlıqlarla təchiz edilmiş laborator kabinetlərdə belə real təcrübələrin aparılması müəyyən vaxt tələb edir. Bir çox bioloji proseslər öz mürəkkəbliyi ilə fərqlənir. Obrazlı yaddaşa malik olan şagirdlər üçün abstrakt, şəkilsiz prosesləri öyrənmək çətinlik yaradır. Bu mənada biologiyanın tədrisi zamanı müxtəlif İKT vasitələrindən istifadə müasir dövrün tələblərindəndir. Animasiyalı multimedia modelləri şagirdlərin təfəkküründə bioloji proseslərin tam şəklini canlandırmağa imkan verir, interaktiv modellər isə sərbəst şəkildə prosesi qurmağa, öz səhvlərini düzəltməyə və müstəqil öyrənməyə şərait yaradır. İnformasiya-kommunikasiya texnologiyalarından istifadə tədris prosesini nəinki texniki cəhətdən təmin edir, həm də psixoloji rahatlıq gətirir.Öyrənilmişdir ki, İKT-dən istifadə olunan dərslərdə şagirdlər özlərini komf¬¬¬ort hiss edirlər, az çəkingən olurlar, hadisələrə individual yanaşırlar.
Ümumiyyətlə, dərs zamanı İKT-dən istifadə dərsi maraqlı edir. Mən dərsin müxtəlif mərhələlərində (yeni mövzunun izahı, tədqiqat işlərinin və laboratoriya işlərinin aparılması, mövzunun möhkəmləndirilməsi, ev tapşırığının yerinə yetirilməsi zamanı) İKT-dən istifadə edirəm.
İKT-dən istifadə aşağıdakıları yerinə yetirməkdə mənə kömək edir:
. bitkilərin, heyvanların, tanınmış insanların şəklini göstərməkdə
. prezentasiyaların hazirlanmasında
. illüstrasiyalı kitab, xəritə və s. skan edilməsində
. biliklərin yoxlanılması üçün test, krossvorddan istifadədə
. videomateriallardan istifadədə 
. internet resurslardan istifadədə və s.
Müasir dərsin təşkilində elektron dərsliklərin də böyük əhəmiyyəti vardır.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 avqust 2004-cü il tarixində təsdiq etdiyi "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı”na əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyinin hazırladığı biologiya fənni üçün elektron audiovizual dərs vəsaitlərindən geniş istifadə edirəm. Vəsaitdə mövzular geniş, anlaşıqlı və maraqlı verilmişdir. Dərs zamanı mövzunu izləmək böyük zövq verir. Vəsaitlərdən istifadə dərs prosesini maraqlı, effektli və baxımlı edir. Dərs vəsaitləri mövzuları tam əhatə edir, çoxlu miqdarda əlavə məlumatları özündə cəmləşdirir.
Çin atalar sözündə deyilir ki, “Mənə de və mən unudaram, göstər və mən yadda saxlayaram, ver özüm düzəldim və mən başa düşərəm”. Məktəb öz məzunlarını informasiya cəmiyyətinə hazır yetişdirməlidir. Biologiya fənninin tədrisində İKT-dən istifadə bu işdə kiçik bir addım olub, tədris prosesinin günün müasir tələblərinə uyğun gəlməsinə kömək edir. 
Bir müəllim kimi mənə dərs zamanı informasiya-kommunikasiya texnologiyalarından istifadə pedaqoji elmin inkişaf tendensiyalarını izləməyə imkan verir. Peşəkar səviyyəmi yüksəltməkdə, dünyagörüşümü artırmaqda, ən əsası isə bioloji biliklərimin bazasını genişləndirməkdə, sistemləşdirməkdə, dərsliklərlə sərbəst işləməkdə, əlavə ədəbiyyatlardan istifadə etməkdə kömək edir. 




No comments:

Post a Comment