7.12.2016

Həyatımızın vacib sualları ətrafında düşüncələr

Bu yazı Bakının Xətai rayonundakı 204 nömrəli tam orta məktəbin informatika müəllimi Qiyafət Fərruxovanın iş təcrübəsindən bəhs edir.
"Təhsil Və Zaman" qəzeti 2 iyul, 2016-cı il...

Müəllimin, gündəlik həyatda nələrə ehtiyacımız olur? sualı sinifdə canlanma yaratdı. Şagirdlərin hər biri gündəlik həyatımız üçün zəruri olan vasitlərin adını çəkir, onların vacib xüsusiyyətlərini qismən xarakterizə edirdilər. Bunlar – pul, enerji, təbii ehtiyatlar, informasiya, iş alətləri, geyim və s. ibarət idi. Bəs bütün bunlar nə adlandırıla bilər? - Resurs. Bəs hansı resurslar forma və qoxu kimi xüsusiyyətlərə malikdir? Hansı resurslar tükənən resurslardır? Enerji resursları dedikdə nə başa düşürük? Uşaqların bu resurslar barədə cavabları bu barədə xeyli məlumatlı olduqlarından soraq verirdi. Onlar mineralları, enerji daşıyıcılarını xarakterizə edir, tükənən və tükənməyən enerjilərin xarakterik xüsusiyyətlərindən danışırdılar. 

Bəs,biz, informasiya dedikdə nə başa düşürük? sualı da şagirdlərin informasiya haqqında müxtəlif fikirləri ilə müşaiyət olundu. Bu fikirlər informasiyanın olduqca əhatəli məfhum olduğunu, onun hər yerdə, hər anımızda mövcud olduğunu ifadə edirdi. Muzeylər, kitabxanalar, sərgi salonları, qəzetlər, jurnallar, internet, televiziya, şairlərin yazdığı şeirlər, rəssamların çəkdiyi rəsmlər, yazıçıların yazdığı romanlar – bütün bunlar informasiya mənbəyidir. Onlar informasiyanı həyatımızın ən mühüm amili kimi, əhatəli şəkildə təqdim edirdilər. Sanki həqiqətən də, həyat özü də informasiyalardan ibarətdir. Başqa sözlə, informasiyaları üst-üstə yığsaq, həyatın rəngarəng mənzərəsi yaranar. 
Əgər kitabxana və muzeylər, arxivlər və sərgi salonları olmasaydı nə baş verərdi? Bütün bunlar nə üçün yaradılır? sualı şagirdlərin informasiya nədir sualı ətrafında daha intensiv cavablar verməsinə yol açdı. Əgər bütün bunlar olmasaydı, biz informasiyanı toplayıb gələcək nəsillərə ötürə bilməzdik. Savadsızlıq yaranardı, bəşəriyyətin inkişafı ləngiyərdi. 
Qiyafət Fərruxova 5-ci sinifdə informatikadan “İnformasiya resursları” mövzusunda dərsdə informasiya resurslarının özü qədər zəngin bir dərs qura bilmişdi. Bu dərsin zənginliyi onun inteqrasiya şəraitində qurulması, şagirdlərin təbiət, cəmiyyət hadisələrinə mütəmadi olaraq müraciət etməsi, informasiya-kommunikasiya texnologiyalarının inkişaf dinamikasını izləyə bilmə bacarıqları, cəmiyyətin inkişafında onun rolunu dəyərləndirə bilmə qabiliyyətləri ilə şərtlənirdi. Qarşıya qoyulmuş məqsədlər informasiyaları əlamətlərinə görə təsnif etmək, informasiya resurslarına nümunələr göstərmək, informasiya resurslarını əlamətlərinə görə qruplaşdırmaq, təbiətlə əlaqədar informasiya resurslarının əhəmiyyətinə dair nümunələr göstərməkdən ibarət idi. 
Qiyafət müəllimin dərsin əvvəlində informasiya resursları barədə apardığı sorğu, şagirdlərin əhatəli cavabları motivasiya rolu oynamaqla sinifdə, sözün həqiqi mənasında, bol informasiya mühiti yaratmış, dərsdə söhbətin informasiya resurlarından gedəcəyinə əsas vermişdi. Əslində dərs ərzində informasiya nədir? sualı ətrafında müzakirə gedəcəkdi. Bu isə, əlbəttə ki, maraq doğurmaya bilməzdi. Son illər böyük inkişaf yolu keçmiş informasiya texnologiyaları cəmiyyətin inkişafında əsas vasitələrdən birinə çevrilmişdir. Əlbəttə ki, informasiya texnologiyaları ətrafında təzadlı suallar da mövcuddur. Xüsusən məktəb yaşlı uşaqların infiormasiya texnologiyalarından istifadəsi ilə bağlı birmənalı olmayan fikirlər informasiya texnologiyalarından uşaqların istifadəsi sahəsində müəyyən suallar yaradır. Bu dərs mənim üçün həm də ona görə maraqlı idi ki, müəllimin informasiya resurslarını şagirdlərə öyrətmə səviyyəsini, şagirdlərin isə onu dərk etmək, ona münasibət və baxışlarını özüm üçün müəyyənləşdirim. Əlbəttə ki, bir faktla problem barədə fikir yürütmək heç də doğru olmazdı. Amma hər halda meydanda olan nümunəvi faktı təbliğ etmək, onu cəmiyyətə nümayiş etdirib təcrübənin yayılmasına nail olmaq mümkündür. Mən Qiyafət Fərruxovanın yetirmələrini informasiya resurslarının mahiyyətini dərk edib öyrənən, onu müasir dünyanın inkişafında əsas amillərdən biri hesab edən, öz gələcəyini düşünən, gələcəyini elmli, dünyagörüşlü gənc kimi təsəvvür edən şagirdlər kimi gördüm. İnformasiya resursları onlar üçün ən mühüm elmi mənbə, cəmiyyətə, dünyaya inteqrasiya etmək üçün bir vasitə səviyyəsində idi. Onlar informasiyanı ən vacib gündəlik tələbat ehtiyatları sırasına daxil etməklə, onun əhəmiyyətli cəhətini meydana qoyurdular. Qiyafət Fərruxovanın dərsinin ən maraqlı cəhəti o idi ki, yekrənglikdən kənar idi. Həyatımızın rəngarəngliyi tam mənası ilə bu dərsin mahiyyətinə hopmuşdur. Bu dərsdə təbiətin ən dərin qatlarından, ən gizli mətləblərindən belə resurslar haqqında informasiya eşitmək mümkün idi. 
Qiyafət müəllimin sinfə ünvanladığı “İnformasiya resursları nədir və onları bir-birindən hansı xassələrinə görə fərqləndirmək olar?” tədqiqat sualı dərsin əvvəlindən müəllimin sinfə ünvanladığı sualların məntiqi nəticəsi kimi meydana çıxmışdı. Təcrübəli müəllim tədqiqat sualı və qrup işlərinə qədər sinfi elə bir hazırlıq səviyyəsinə gətirmişdi ki, onların qoyulan tapşırıqlara yüksək səviyyədə cavab verməkdən qeyri yolları qalmamışdır. Ümumiyyətlə, bu dərsdə yüksək səviyyədə müəllim-şagird əməkdaşlığını görmək mümkün idi. Onlar bir-birilərini məharətlə duyur, qoyulan sualları cavablandırarkən keçilən mövzulara, eləcə də “Həyat bilgisi”nə inteqrasiya edir, maraqlı, məntiqli cavablarla diqqət mərkəzinə gəlirdilər. Qrup tapşırıqlarına diqqət yetirək: “İnformasiya” qrupu “Resurs nədir? Hansı resurslar var?”, “İnternet” qrupu “İnformasiya resursu nədir? Onlar harada saxlanılır? Dünya informasiya resursu dedikdə nə başa düşürsüz?”, “Resurs” qrupu “İnformasiya resursları hansı mövzular üzrə qruplaşdırıla bilər?”, “Alqoritm” qrupu “İnformasiya resurslarının hansı təqdimolunma formaları var? Hansı informasiyalara məhdudiyyət qoyulur?” tapşırıqlarını icra etməli idilər. 
Qeyd etmək istərdim ki, qoyulan tapşırıqlar dərsin qarşıya qoyduğu məqsədlərin yerinə yetirlməsi baxımından optimal olmaqla, şagirdləri əhatəli fəaliyyətə istiqamətləndirirdi. Qrupların təqdimatında qoyulan tapşırıqlar öz həllini tapsa da, ünvanlanan əlavə suallar irəli sürülən fikirlərin daha da zənginləşməsinə, nəticədə yeni ideyaların doğulmasına şərait yaradırdı. Məni şagirdlərin toxunduqları bir fikir xüsusi cəlb edirdi: onlar informasiya resurslarının, informasiya-kommunikasiya texnologiyalarının nə qədər əhəmiyyətli olduğunu vurğulasalar da, informasiya mənbəyi olaraq muzeylərin, arxivlərin, kitabların rolunu da qabardırdılar. Hiss edirdim ki, beşincilər mütaliəyə həvəskardırlar, texnikaya, texnoloji inkişafa nə qədər maraq göstərsələr də, mütaliəni də unutmurlar və nəhayət mənim üçün ən önəmli olanı, informasiya resurslarından səmərəli şəkildə istifadə edirlər. İnformasiya resursları onlar üçün elmi-intellektual potensiallarını təkmilləşdirmək rolunu oynayır. Bununla yanaşı, onlar informasiya resurlarının köməkliyi ilə dərs tapşırıqlarının daha maraqlı hazırlanmasına nail olurlar. Dərsin məlumat mübadiləsi mərhələsində irəli sürülən suallar və verilən cavablar bir daha sübut edirdi ki, beşincilərin qoyulan tapşırıqlara yanaşmaları fundamental xarakter daşıyır və malik olduqları biliklərin davamlı olaraq inkişaf etdirilməsi fikrini yaradır. Diqqət yetirək: 
─ Resurs dedikdə nə başa düşürsünüz?
─İnformasiya resursu dedikdə nə başa düşürsüz?
─ Dərslərinizi hazırlayarkən hansı informasiya resurslarından istifadə edirsiniz?
─ Müasir cəmiyyətdə ən çox hansı informasiya resursundan istifadə olunur?
─ İnformasiya resurslarını toplayıb gələcək nəsillərə ötürmək üçün hansı vasitələrdən istifadə olunur. 
─İnformasiya resursları hansı mövzular üzrə quruplaşdırıla bilər ?
─Hansı informasiyaların istifadəsinə məhdudiyyət qoyulur?
─ Hansı resurslar tükənəndir və onlarla necə davranmalıyıq?
Əslində dərsin bu mərhələsində Qiyafət müəllim irəli sürdüyü suallarla yalnız bilikləri deyil, eyni zamanda, problemə baxışları da müəyyənləşdirmək məqsədi daşıyırdı. Şübhə yoxdur ki, o, buna nail olurdu. Elə nəticə olaraq irəli sürülən fikirlər də müəllim və şagirdlərin dərsdən əldə etdikləri biliklərin kifayət qədər olmasına sübut idi. Onlar kollektiv halda öyrəndilər və fikir olaraq irəli sürdülər ki, insanların müxtəlif ehtiyaclarının ödənməsinə xidmət edən hər şey Resurs adlanır. Resursların 2 növü var: Maddi resurslar, Qeyri-maddi resurslar.
İnformasiya resursları insanların yaratdıqları və maddi daşıyıcılarda saxlanılan biliklərdir.
İnformasiya resursları – elektron hesablama maşınlarında (EHM) xüsusi təşkil və emal edilmış, istehsalatda, texnikada, cəmiyyətin idarəçiliyində istifadə olunan informasiyadır. Başqa sözlə, informasiya texnologiyaları vasitəsilə yaradılan və emal edilən informasiyadır.
İnformasiya resursları ictimai istehsalda və onun idarə edilməsində obyektiv amil kimi iştirak edir. Belə ki, informasiya resursları istehsalın həcmi və səmərəliliyinə bilavasitə təsir göstərir. İnformasiya resursları məzmununa görə təbiət və ictimai proseslərin inikası olub, elmi tədqiqatların qeyd olunmuş nəticələri, layihə - konstruktur sənədləşmələri və s. şəklində təzahür edir.
İnformasiya resursları təkrar istehsal olunan resurslara aiddir. Onların təkrar istehsalı prosesi digər resuslarla müqayisədə bir sıra mühüm xüsusiyyətlərə malikdir.
Dərslərimizi hazırlayarkən dərsliklərimizdən, kitabxanalardakı əlavə ədəbiyyatdan, internetdən və s. kimi informasiya resurslarından istifadə edirik.
Müasir cəmiyyətdə son vaxtlar informasiya resurslarının əksəriyyəti elektron daşıyıcılarda, İnternetdə yerləşdirilir. İnternetin köməyi ilə hər kəs istənilən movzuda informasiyanı cox asanca əldə edə bilər. 
İnformasiya resurslarını toplayıb gələcək nəsillərə ötürmək üçün kitablardan, optik disklərdən, fləş- yaddaşdan, video kassetlərdən, aidio kasetlərdən, internetdən və s. istifadə olunur.
İnformasiya resursları bu mövzular üzrə qruplaşdırıla bilər: təhsil resursları, qanunlar,
statistik resurslar və s.
İstifadəsinə qoyulan məhdudiyyətə görə informasiya resurslarını fərdi məlumatlar, kommersiya sirri, dövlət sirri və s. kateqoriyalara bölmək olar.
Neft, təbii qaz, kömür, minerallar, faydalı qazıntılar kimi resurslar gec-tez qurtaracaq. Onların tez tükənməməsi üçün onlardan düzgün istiifadə etməli, israfçılığa yol verməməliyik.
Bütün bunları qeyd etməmək, yaxud üzərindən ötəri də keçmək mümkün idi. Amma şagirdlərin fikirlərini tam olaraq həm də ona görə yazıda saxladım ki, burada ciddi öyrədici məqamlar, nümunə götürüləsi nüanslar mövcuddur. Qiyafət Fərruxovanın şagirdlərindən nümunə götürülməli digər bir məqam isə şagirdlərin “Davamlı inkişaf konsepsiyası” haqqında hazırladıqları layihəni və bloqu təqdim etmələri oldu. Onlar araşdırmalarına əsasən meydana çıxarmışdılar ki, davamlı inkişaf konsepsiyası beş əsas prinsipə əsaslanır. Davamlı inkişaf konsepsiyası haqqında maraqlı fikirlər irəli sürən şagirdlər bir daha özlərinin araşdırmaçı, yaradıcı qabiliyyətlərini meydana qoymuşdular. Yaradıcı işin nəticəsi olaraq meydana çıxan bu layihə şagirdlərin qlobal problemlərə yaradıcı yanaşmaları, onların tədqiqat aparma bacarıqları, dünyanın qlobal problemlərini dərketmə qabiliyyətlərindən soraq verir. Bu da, şübhə yoxdur ki, şagirdlərlə aparılan sistemli işin nəticəsində yaranır. 
Qeyd edim ki, Qiyafət müəllim dərs boyunca apardığı qiymətləndirməni müasir sosial servisləri tətbiq etməklə həyata keçirdi.
Böyükağa MİKAYILLI


No comments:

Post a Comment