Bu yazı Bakının Xətai rayonundakı 64
nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Gülşən Mustafayevanın iş
təcrübəsindən bəhs edir.
Gülşən Mustafayevanın 1-ci sinifdə
apardığı “Mənim hüquqlarım” mövzusunda dərsi dinləyərkən dahilərdən birinin
işlətdiyi bu ifadəni xatırlayırdım: “Bizim gələcəyimiz uşaqlara bu gün necə
tərbiyə verməyimizdən asılıdır.” Gülşən Mustafayevanın 1-cilərinin təliminə
yanaşmasında mənim diqqətimi cəlb edən ilk mühüm məqam onun şagirdlərinin
şəxsiyyətinə böyük ehtiram bəsləməsi idi. Qarşısındakılar sanki onun ən doğma
adamları idilər. Əslində də belə olmalıdır. Təlimdə qazanaılan uğurların
təməlində dayanan ən mühüm amillərdən biri də məhz şagird şəxsiyyətinə qoyulan
hörmətdən qaynaqlanır. Özünə ehtiramın mövcud olduğu bir mühitdə insan özünü
rahat və gərəkli hesab edir. O, “Mənim hüquqlarım”ın tədrisi prosesini elə
qurmuşdu ki, birincilərin baxış bucağı bu mühüm mövzunun dərk ediləməsi ilə
üst-üstə düşsün. Seçilən iş formaları, iş üsulları, resurslar – hər bir məqam
ölçülüb – biçilmiş, insan hüquqlarının düşüncələrdə əks olunması, bu haqda
ilkin təsəvvürlərin formalaşması qarşıya məqsəd kimi qoyulmuşdur. Gülşən
müəllim problem şagirdlərə daha aydın olsun deyə, Activİnspire proqramında
hazırladığı slaydları nümayiş etdirdi. Slaydlar çox maraqlı məqamlarla zəngin
idi. Orada uşaqların nəyi edə biləcəyi və nəyi etməli olmadığı məqamlar əks
olunmuşdu. Müəllim problemi təzadlı şəkildə qoymaqla, elə dərsin əvvəlindəncə,
şagirdlərini düşünməyə, götür-qoy etməyə dəvət etmişdi. Onların hər biri
slaydlarda nümayiş olunanlara öz fikrini bildirmək həvəsində idilər. Hələ kiçik
yaşlarından şagirdləri qoyulan problem ətrafında aktiv müzakirəyə cəlb etmək,
onların öz fikirlərini müstəqil, eləcə də kollektiv şəkildə ifadə etmək
bacarığını formalaşdırmaq, əlbəttə ki, müstəsna hal kimi dəyərləndirilə bilər.
Xüsusilə də söhbət əgər uşaq hüquqlarından gedirsə, şagirdlərin fəallıq
göstərmələri daha diqqətəlayiq hal kimi dəyərləndirilməlidir.
Müasir dövrdə
cəmiyyətimizdə gənc nəslin, eləcə də yaşlıların öz hüquq və vəzifələrini
bilməməsi səbəbindən çoxsaylı problemlər meydana gəlir. Hüquqlarımızı lazımı
səviyyədə bilməməyimiz ucbatından yaranan bu problemlər əksər hallarada geniş
dairəni əhatə edir. Mənim fikrimcə Gülşən Mustafayevanın birinciləri öz hüquqlarını
özlərinin təsəvvür etdikləri kimi görürdülər. Bu, həm onların daxili
azadlıqlarından, həm də dünyagörüşlərindən irəli gəlirdi. Müəllimin yaratdığı
motivasiyadan ürəklənmiş birincilər – uşaqlar işləyib pul qazanmalıdırlarmı?
Uşaqlar hansı işləri görə bilər? Hansı işləri görə bilməz? Ananıza kömək etmək
iş hesab oluna bilərmi? – sullarına həvəslə cavab verirdilər. Maraqlı idi ki,
birincilərin cavablarından daha çox - uşaqlar oxumalı, savad almalı, sağlam
olmalıdırlar – cavablarını eşidirdim. Bu, mənim diqqətimi cəlb edirdi. Əlbəttə,
ona görə ki, cəmiyyətin gələcək inkişafı məhz gənclərin savadlı və sağlam
olması ilə bağlıdır. Əgər bu gün 7 yaşlı uşaq savadlı və sağlam olmağı
arzulayırsa, demək ki, gələcəyin sağlam və savadlı gənclərin idarəsində
olacağına inanmaq mümkündür. Müşahidələrimə rəğmən deyə bilərəm ki, Gülşən Mustafayeva şagirdlərinin öz gücünə inamlı, gələcəyə həvəsli, sağlam ruhlu yetişməsinə nail olan müəllimlərdəndir. Müşahidə etdiyim dərsində şagirdlərin aralarında apardıqları müzakirələr, bir-birilərinin fikirlərinə münasibət bildirərkən nümayiş etdirdikləri etik davranış, dinləmək mədəniyyəti məndə bu fikrin yaranmasına əsas verirdi.
Onlar “Uşaqların hüquqların qorunması nə üçün lazımdır və uşaq hüquqları hansı yollarla qorunur?” tədqiqat sualı üzərində işlədilər. Öncə mənə elə gəlirdi ki, birincilərin bu suallara cavab verməsi çətinlik yaradacaq. Amma düşündüyüm kimi olmadı. Gülşən müəllimin şagirdlərinin psixikasına dərindən bələdliliyi, onlarla danışmaq, uşaqların fikirlərini meydana çıxarmaq, arzu və istəklərini duymaq texnologiyasına, metodikasına sahibliyi birincilərin dil-dil ötməsinə meydan yaratmışdı. Bəs, Gülşən Mustafayeva buna necə nail olurdu? O, nümayiş etdirdiyi slaydların maraqlı məzmunu ilə şagirdlərinin diqqətini problemə cəlb edir, maraqlı sualları ilə onları mövzu ətrafında müzakirəyə çəkir, ailədən, cəmiyyətdən doğan problemləri, özlərinə qarşı olan münasibətləri onların anlayacaqları dildə ifadə etmələrinə şərait yaradırdı. Hər uşaqla onun öz dilində, anlaq səviyyəsində danışmağı bacarmaq müəllimin peşəkarlıq xüsusiyyətlərinə dəlalət etməklə, onun şagirdlərinin təlim-tərbiyəsində uğur qazanmasına yol açan amillərdəndir. Doğrusu, Gülşən Mustafayevanın bu xüsusiyyətlərini dərs boyunca aydınca görmək mümkün idi.
Beləliklə, şagirdlər “Hüquq”, “Vəzifə”, “Qayğı”, “Hörmət” qruplarına bölünüb tapşırıqlarının icrasına başladılar. “Hüquq” qrupu Hüquq nədir?, kimlər qorunmalıdır? Afrikadakı uşaqların hansı hüquqları pozulub? Günah kimdədir? Onların hüquqlarını kim qorumalıdır?, “Vəzifə” qrupu vəzifələriniz nədir? Onları yerinə yetirirsinizmi? Vəzifələrinizi yerinə yetirmək sizin gələcəyinizə nə qazandırar, Vəzifələrinizi yerinə yetirməsəniz nələr olar?, “Hörmət” qrupu Hörmət nədir?, Sənə hörmət edirlərmi?, Hecaları birləşdir və atalar sözünü al – tapşırıqları üzərində işlədilər. Qeyd edim ki, Gülşən Mustafayevanın dərs prosesində qoyduğu tapşırıqlar həyatda kövrək addımlarını atan birincilərin mənəvi cəhətdən formalaşmasında, onların çətin suallar qarşısında aciz qalmamasında, öz fikrini açıq ifadə etməsinə bir növ stimul rolunu oynayırdı. Məhz Gülşən müəllimin istiqaməti sayəsində birincilər öz hüquqlarını açıq şəkildə bəyan edir, hətta hüquqları pozulmuş afrikalı həmyaşıdlarının müdafiəsinə qalxır, onların əzablı yaşayışlarından təəssüf hissi keçirdiklərni dilə gətirirdilər. Qeyd edim ki, “Hüquq” qrupu müəllimin mendoma alətindən istifadə edərək yazdığı sualları araşdırmış və cavabları cədvəllərdə verilmiş müvafiq xanalara yazmışdılar. “Hörmət” qrupu isə müəllimin Pow Toon da hazırladığı videonu izləyərək öz sualları ilə tanış oldular və cavabları iş vərəqlərinə yazdılar. Bundan başqa slaydda verilmiş ləçəkləri kənara çəkərək altından çıxan hecaları birləşdirib atalar sözü aldılar. “Qayğı” qrupu qısametrajlı film izlədi. Film nümayiş olunarkən Activİnspire proqramının imkanlarından istifadə edərək şəkillər çəkdilər və bu şəkilləri verilmiş cədvəlin müvafiq xanalarında yerləşdirdilər. Müəllim tədqiqat zamanı şagirdlərinə fikirlərini izah etməyi də tapşırmışdı. “Vəzifə” qrupu da qeyd etdiyimiz kimi, müvafiq suallara cavab vermək tapşırığını yerinə yetirməli idi. Tapşırıqlardan göründüyü kimi, Gülşən müəllim birincilərini hüquqları və vəzifələri mövzusunda tədqiqat xarakterli işlərə cəlb etməklə bərabər, onların informasiya-kommunikasiya texnologiyalarında işləmələrinə də şərait yaradır, bununla da fikirlərini daha optimal şəkildə çatdırmalarına yol açırdı. Bu, həm də mövzunun şagirdlər tərəfindən daha mükəmməl mənimsənilməsi və yadda saxlanılması demək idi. Ümumilikdə isə, Gülşən müəllimin birinicilərinin İKT – dən müstəqil istifadə edərək, tapşırıqları müstəqil şəkildə hazırlamaları və öz işlərini müstəqil olaraq təqdim etmələrinin pedaqoji əhəmiyyətini qeyd etməmək mümkün deyil. Müstəqil görülən iş intellektual və mənəvi-psixoloji inkişafın əsasında dayanır.
Gülşən Mustafayeva və yetirmələri dərsi maraqlı sonluqla yekunlaşdırdılar. Hər qrupdan bir şagird Web 2 alətlərindən LearningApps da hazırladığı pazıl üzərində işləyərək öyrəndiklərini nümayiş etdirdilər. Sonra o, Photo Pehach proqramında hazırladığı cəldlik oyununu keçirdi. Oyunun qaydalarına əsasən hər qrupdan bir şagird lövhəyə gələrək göstərilən videoda verilmiş zaman ərzində (ekranda cavab görünməmişdən) suala tez cavab verməli idi. Cavabları düzgün və vaxtında verən şagirdlər qrupları üçün xal qazanırdılar. Gülşən Mustafayeva dərsin sonuna yaxın tətbiq etdiyi bu oyunlarla həm şagirdlərinin təfəkkürünü inkişaf etdirməyə, həm də onlarda verilən tapşırıqlara dərhal reaksiya vermələrinə, fəallıq göstərmələrinə, ümumilikdə isə dərsi yüksək əhval-ruhiyyədə başa vurmalarına nail olurdu.
Mən, Gülşən Mustafayevanın birincilərlə apardığı dərsi böyük elm yolunun başlanğıcı, birinciləri isə heybələrinə, ancaq Gülşən müəllimin səkkiz ay ərzində yerləşdirə bildiyi biliklə yola çıxmış səyyaha bənzədərdim. Onlar yola çox inamla başlamışdılar. Gələcəkləri isə müəllimləri ilə birgə bu yolu necə davam edəcəklərindən asılı olacaqdı. Gülşən Mustafayeva şagirdlərinin qəlbinə təsir etməyi bacarırdı. Bu, bəlkə də təcrübəli müəllimin bədii təfəkküründən qaynaqlanırdı. Axı, Gülşən müəllim həm də gözəl şeirlər müəllifidir.
Qeyd edim ki, Gülşən Mustafayeva şagirdləri müvafiq meyarlara əsasən dərs boyunca qiymətləndirdi. Classdojo da qurduğu onlayn sinifdə yaratdığı qrupları dərs müddətində izləmələrinə əsasən vaxtaşırı qiymətləndirərək, qazandıqları xalları cəmləyib, sonda qalibi elan etdi. Ev tapırığı olaraq həmin gün saat 17-00-da hamıya birlikdə quizcreatorda hazırladığı testi həll etməyi tapşırdı. Müəllim onların reytinqlərini izləyəcəyini söylədi. Növbəti dərsdə qalib qiymətləndiriləcəkdir.
Gülşən Mustafayevanın pedaqoji fəaliyyətinin diqqətçəkən məqamlarından biri də şagirdləri ilə birlikdə maraqlı layihələrə qoşulmasıdır. Onlar mütəmadi olaraq Xəzərin sahilinə ekskursiyaya gedir, dənizin çirklənməsi səbəblərini öyrənir və ekologiyaya vurulan ziyanı aradan qaldırmaq üçün maarifləndirmə işi həyata keçrirlər. Rəsmlər çəkir, bukletlər hazırlayır, təbiəti mühafizəyə həsr olunmuş təqdimatlar ərsəyə gətirirlər. İnsanları təbiətə biganə olmamağa, onu qorumağa, gözəlliklərindən bəhrələnməyə, təbiətin səsinə səs verməyə, onun göz yaşını silməyə çağırırlar. Müəllim bununla onların əqli inkişafına qanad verir.
Böyükağa MİKAYILLI
No comments:
Post a Comment