11.14.2016

Mirhaşım Talışlıya “Ustad diplomu” təqdim olundu

Bu günlərdə Lənkəranda səfərdə olan Azərbaycan Təhsil Şurasının sədri, pedaqoji elmlər doktoru, professor Əjdər Ağayev  filologiya elmləri namizədi, Lənkəran Dövlət Universitetinin dosenti, əməkdar müəllim, prezident təqaüdçüsü, görkəmli ədəbiyyatşünas – alim, şair, el ağsaqqalı  Mirhaşım Talışlı ilə görüşdü. Professor Əjdər Ağayev Mirhaşım Talışlını səmərəli elmi-ictimai fəaliyyəti və 90 illik yubileyi münasibətilə Təhsil Şurasının təsis etdiyi “Ustad diplomu” ilə təltif etdi.
Görüşdə çıxış edən professor Əjdər Ağayev söylədi ki, Hacı Mirhaşım Talışlı 16 yaşından "Müsafir" imzası ilə yüzlərlə qəzəl, qəsidə, təxmis, təzmin, mürəbbe, mərsiyə, satirik şeir yazıb. O, əruz vəzninin mahir bilicisidir. Mirhaşım Talışlı  Azərbaycan ədəbiyyatında ilk dəfə əruz vəznində sonet yazıb. "Dedim ki, sözüm qala" şeirlər kitabı, "125 yaşlı məktəb", "Lənkəran" kitablarının, XIX əsr Lənkəran ədəbi mühiti haqqında elmi əsərin müəllifidir. 2010-cu ildə “Xatirəmdə yaşayanlar” kitabı çap olunub. Talış xanlarından olan Mir Mustafa xan Talışinski onun ulu babası olub. El ağsaqqalı Mirhaşım Talışlıya Lənkəran şəhərinin mərkəzində abidə ucaldılıb. Əjdər Ağayev vurğuladı ki, sağlığında abidəsi ucaldılan Mihaşım Talışlı həm şəxsiyyət, həm də alim kimi qəlblərdə özünə əbədi sevgi qazanıb. O, böyük bir nəslin adını şərəflə yaşatmaqla bərabər, zəngin ədəbi, elmi irs yaratmışdır.
Əjdər Ağayev ulu öndər Heydər Əliyevin el ağsaqqalı Mihaşım Talışlı haqqında dilə gətirdiyi sözləri xatırladı: “Bizim dostumuz, Lənkəranın ən böyük ziyalılarından biri olan Mirhaşım Talışlının burada oxuduğu şeir məni çox heyran etdi. Buna görə ona xüsusi təşəkkür edirəm. Lənkəranın həmişə böyük, ziyalı insanları olubdur. Mən bir dəfə televizora baxırdım. Lənkəran haqqında veriliş gedirdi. Mirhaşım Talışlı Lənkəranın tarixi, keçmişi haqqında danışır, söhbət aparırdı. Siz bunları yaxşı bilirsiniz. Amma mən sizə deyim. Bu verilişə axıradək, diqqətlə baxdım. Nə qədər ağıllı, nə qədər zəkalı bir insandır, nə qədər Azərbaycana sədaqətli bir insandır. Bu gün oxuduğunuz şeir adi bir şeir deyildir. Bu, həm də şeir sənətinin ən yüksək nümunəsidir. Azərbaycanın son beş ildə keçdiyi yolu əks etdirən bir əsərdir. Çox sağ olun, təşəkkür edirəm.” Əjdər Ağayev vurğuladı ki, bu sözlər Mirhaşım Talışlı şəxsiyyətinə, sənətinə verilən çox böyük bir dəyərdir.

Görüşdə filologiya üzrə elmlər doktoru Yədulla Ağazadə, Lənkəran Dövlət Universitetinin pedaqogika kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Afiq Əliyev, Lənkəran Şəhər Təhsil Şöbəsinin müdir müavini Güloğlan Bağırov, Təhsil Şurasının Mətbuat və İctimaiyyətlə Əlaqə Mərkəzinin rəhbəri Böyükağa Mikayıllı, LDU – nun əməkdaşı, yazıçı Etibar Əhədov iştirak edirdilər.

“Təhsil və zaman”

No comments:

Post a Comment