Bir dərs yalnız
texnologiyanın tətbiqi ilə deyil, müəllimin ənənəviliyi və müasirliyi sintez
etmək bacarığı, bu bacarığı reallaşdırmağa yardımçı olan təfəkkür genişliyi ilə
zənginləşir.
286 nömrəli tam orta məktəbin direktoru Samir Mehdizadənin 6-cı sinifdə “Həyati
bacarıqlara əsaslanan təhsil” fakültativ kursundan apardığı dərs
informasiya-kommunikasiya texnologiyalarının tətbiqi olmadan, müəllim və
şagirdlərin real həyata obyektiv baxışları, bu baxışların realizəsi fonunda
davam etdi. Dərsin maraqlı olduğu qədər də həyatilikdən doğan mövzusu, əslində
fikirlərin tətbiqi üçün geniş imkan yaratmışdı. Əlbəttə ki, müəllim də öz növbəsində
bu imkanı stimullaşdırırdı. “Övlad-valideyn, şagird-müəllim” münasibətləri
mövzusunun tədrisi əslində müəllimdən pedaqoji ustalıqla yanaşı, həm də zəngin
həyat təcrübəsi tələb edir. Daha doğrusu müəllim öz həyat təcrübəsini pedaqoji
ustalıqla meydana qoyub həyatın bu zəruri sullarına cavab almalıdır.
Dərsdə ilk olaraq diqqətimi cəlb edən müəllimin
şagirdlərini mükəmməl tanıması idi. Əlbəttə ki, bu, dərs prosesində mühüm
pedaqoji-psixoloji amildir. Xüsusən də həyati mövzuların tədrisində bu, daha
ciddiliyi ilə özünü biruzə verir. Şübhə
yoxdur ki, əgər müəllim hər bir şagirdini yaxından tanıyır, onun
xarakteristikasını bilir, ailə mühitinə, psixoloji durumuna bələddirsə, bu,
amil dərs prosesinin daha səmərəli alınmasına şərait yadacaqdır.
Samir Mehdizadənin sinfə ünvanladığı
suallarda bu amil özünü göstərirdi. Diqqətimi həm də o cəlb edirdi ki, Samir müəllim
şagirdlərinin mənəvi dünyasını görməyə, onların daxili imkanlarını aşkara
çıxarıb, dərs prosesini bu imkanlar üzərində qurmaq qabiliyyətinə malikdir. O,
dərsin hər bir məqamında mövzuya müvafiq olaraq mənəvi-psixoloji atmosfer
yaratmaqla, şagirdini həm də gələcək haqqında düşünməyə sövq edirdi. Mövzudakı
“Övlad – valideyn, şagird – müəllim” münasibətlərini Samir müəllim həyatın ən
mühüm suallarından biri kimi şagirdlərinin qarşısında qoyur, problemin həlli
yollarını yetirmələrinin ürəklərində axtarırırdı. Əslində hər bir insanın
daxili imkanları onun ürəyində, düşüncəsində gizlənmişdir. Ürəyi açmaq, onun
imkanlarını meydana çıxarmaq müəllimin ustalığı ilə bağlıdır.
Samir müəllim meydana qoyduğu suallarla
yalnız şagirdinin problemə münasibətini, onu nə dərəcədə mənəimsədiyini aşkara
çıxmaq istəmirdi. O, həm də təhsil müəssisəsinin rəhbəri olaraq sinfin
pedaqoji-psixoloji xarakteristikasını özü üçün müəyyənləşdirir, şagirdlərinin
hansı ailədən, hansı mühitdən gəldiklərini aşkara çıxarırdı.
“Bizim övlad olaraq valideynlərimiz
qarşısında borcumuz nədən ibarətdir?” sualı birinci mərhələdə həm də şagirdləri
sınamaq məqsədi daşıyırdı. Yəni insan əgər öz valideyni qarşısında mənəvi
borcunu dərk edirsə, demək o, müəyyən mənada mənəvi hazırlığa malikdir və
onunla “yola çıxmaq” olar. İkinci məqam isə sual verənlə, yəni müəllimlə əlaqədardır.
Hər bir insan daşıdığı vəzifəyə, danışdığı sözə, irəli sürdüyü fikrə mənəvi cəhətdən
də hazır olmalıdır. Əgər bu hazırlıq olmazsa, danışılan söz, irəli sürülən fikir
heç bir əhəmiyyət daşımaz. O fikrin heç bir təsir qüvvəsi də olmaz. Müəllim
şagirdi qarşısında, cəmiyyət arasında elə bir mənəviyata malik insan kimi
tanınmalıdır ki, onun hər bir sözü ürəklərə, düşüncələrə ən qiymətli inci kimi
yazıla bilsin. Mən Samir müəllimin yetirmələrinin simasından müəllimlərinə bu rəğbəti
və ehtiramı oxuyurdum. Məhz bu məqam, ən mühüm pedaqoji məqam kimi dəyərləndirilə
bilər. Ehtiram yaratmadan öyrətmək mümkün deyil. Müasir dövrümüzdə, müəllim
nüfuzunun hər yerdə müzakirə olunduğu bir dönəmdə müəllimə bu ehtiramı görmək,
sözsüz ki, məni sevindirirdi.
İndi isə birinci sualın cavabına diqqət yetirək:
Biz valideynlərimizin borcunu qaytara bilmərik, amma onlara olan ehtiramızıla
öz övladlıq borcumuzu yerinə yetirə bilərik. Məni sevindirən mühüm məqamlardan
biri də o idi ki, şagirdlərin cavablarından mərhəmətlilik, xeyirxalıq, sevgi
duyğuları sezilirdi. Ümumiyyətlə mən bu dərsi mərhəmət dərsi adlandırardım.
Samir müəllimin ünvanladığı sualların cavablarından boy verən bu hiss şagirdlərin
qəlbinin mərhəmət səsi kimi eşidilirdi. Bu səs onları həm də vətəndaşlıq qəyəsinə
kökləyirdi. Ailədən təməli qoyulan sağlam mənəvi tərbiyə bir ömür boyunca
onlara yol yoldaşlığı edəcək, onların cəmiyyətdə yerini müəyyənləşdirəcək,
onları bir insan kimi göstərəcəkdir. Əgər belə demək mümkünsə, Samir Mehdizadə
həyatın reallıqlarını yetirmələrinin düşüncəsi önündə vərəq-vərəq açıb, bunu
onların özlərinə oxudurdu. Onlar həyat həqiqətlərini özləri kəşf edir, bu kəşflə
qarşılarında yeni düşüncə dünyası ilə qarşılaşırdılar.
Onlar məqsədə doğru addım-addım gedirdilər.
Aldıqları fərdi tapşırıq ilk addım idi. Bəs Samir Mehdizadə niyə məhz şagirdlərini
öncə fərdi tapşırıqla sınağa çəkirdi? Niyə hər şeydən öncə yetirmələrinin tək
işləyə bilmək bacarıqlarını yoxlayırdı. Fikrimcə, o, bu addımı atmaqla birinci
növbədə şagirdlərinin müstəqil fikir yürütmək bacarıqlarını müəyyənləşdirmək məqsədi
daşıyırdı. İnsan o zaman öyrənir, o zaman dərk edir ki, onun təfəkkür azadlığı,
düşüncə sərbəstliyi olsun. Azad olmayan düşüncələrdən, sıxıntlı beyinlərdən mütərəqqi
ideyalar, fikirlər doğulmaz. Necə ki, biz, ünvanlanan sualların cavablarından
ideyalılığı görürdük. Sual belə idi: “Dostunuz valideyninizin xoşuna gəlirmi?”
Cavablar haqqında konkret danışmayacam. Bircə onu deyəcəm ki, şagirdlərin
cavabları insanın insana dəyər verməsi, dostun dostu xarakterizə etməsi, cəmiyyətin
qanunauyğunluqları baxımından müzakirə edilməsi çox təqdirəlayiq idi. Ən əhəmiyyətli
cəhət isə, qeyd etdiyim kimi, fikir və düşüncələrdəki azadlıq meyilləri, düşüncə,
təfəkkür nəticəsi olması etibarilə xarakterik idi. Cavablardan həm də
obyektivlik meylləri duyulurdu. Hiss edirdim ki, siniflə ümumilikdə aparılan tərbiyəvi
pedaqoji-psixoloji iş şagirdlərin mənəvi tərbiyəsində hərtərəfli müsbət rol
oynayır. Sağlam düşüncə, bütöv əqidə, şəxsiyyət kamilliyi bu yeniyetmələrin həyat
amallarıdır.
Samir Mehdizadənin növbəti sualı “cütlər” tərəfindən
cavablandırılmalı idi. Sualın məzmununa diqqət yetirək: “Valideynlərinizlə hər
hansı bir səbəbdən mübahisəniz olubmu?” Bu sual məzmun və mahiyyət etibarilə
birinci sualdan daha ciddi səslənmişdi. Bu sualın cavabından artıq, şagirdin
özünün mənəvi tərbiyəsi ilə yanaşı, ailə mühiti, ailənin cəmiyyətdəki mövqeyi,
valideynlərin xarakterik xüsusiyyətləri meydana çıxacaqdı. Cavabalar haqlı
olduğumu sübut edirdi. Hətta bir az daha irəli getsək deyə bilərik ki, cavablar
ailələrin mədəni səviyyəsini, əxlaqi-mənəvi durumunu da xarakterizə edirdi. Əslində
şagirdlər cavabları ilə həyat gerçəkliklərini, cəmiyyətin reallıqlarını
xarakterizə edirdilər. Lakin hələ bu da müəllimin son məqsədi deyildi. Mövzunun
ikinci hissəsi: şagird-müəllim münasibətlərindən bəhs etməklə, şagirdin cəmiyyətə
baxışının müəyyənləşməsinə xidmət edirdi. Samir müəllim irəli sürdüyü suallarla
şagirdinin düşüncəsindəki müəllimin obrazını açırdı. Onlar dərk edirdilər ki,
yeniyetmələrin, gənclərin həyatında valideyni qədər mühüm rola malik olan bir
insan da var: o, müəllimdir. Nahaq yerə demirlər ki, müəllim ikinci
valideyndir. Türk dünyasının böyük oğlu Mustafa Kamal Atatürk söyləyir ki,
cismimin sahibi atam Əli Rza əfəndi, fikir və düşüncələrimin sahibi isə müəllimin
Ziya Göyalpdır.
Samir müəllimin ünvanladığı suallara rəğmən
almaq istədiyi cavablarda şərəfli müəllimlik peşəsinə böyük ehtiram duyulurdu.
O da duyulurdu ki, şagirdlərin müəllimliyə olan sevgisi həm də ailədən
qaynaqlanır. Əgər fikirlərin bir tərəfində, tərəzinin bir gözündə valideyn
dayanırdısa, digər tərəfdə eyni mahiyyət daşıyan müəllim dayanırdı. Təlimdə, tərbiyədə
o zaman yüksək nəticədən danışmaq mümkündür ki, ailə və məktəb vəhdətdə fəaliyyət
göstərsinlər. Əslində şagirdlərin bu nəticəyə gəlməsi bir neçə cəhətdən
xarakterik idi. Və bu xarakterizmi dərsin mahiyyəti, ruhu da hesab etmək
olardı: Bu da ondan ibarətdir ki, bütün sinfi işlətməyə nail olan müəllim nəticəyə
də onlarla birlikdə gəlmişdi. Bu nəticə isə yeniyetmələrin gələcək həyatında
mühüm rola malik olan valideyn, müəllim zəhmətinin, bu zəhmətə olan ehtiramım dərk
olunması idi. Samir müəllim yetirmələrinə bu ehtiramı aşılamaqla, həyat
fenomenini dərsin baş roluna gətirə bilmiş və ona yetirmələrində sevgi aşılaya
bilmişdi.
Böyükağa MİKAYILLI
No comments:
Post a Comment