11.14.2016

Təbiət zənginliyinin əks olunduğu dərs

 Bu yazı Xocavənd rayon 2 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Elnarə Məhərrəmovanın iş təcrübəsindən bəhs edir.

Mənim üçün adi dərs, açıq dərs anlayışı yoxdur. 1 müəllim və 30 nəfər şagirdin yaratdığı bir əsər, həmin əsərdə həyatın anları  var. Gərək o əsərə, o anlara ən yüksək fikir zirvəsindən baxmağı, onun dəyərli məqamlarını meydana çıxarmağı bacarasan... Əgər müəllim ən kiçik hadisəni, ən kiçik dənizi, ən kiçik çayı, ən kiçik obrazı şagirdin düşüncəsində, xəyallarında əks etdirə, onun həyati vacib məqamları barədə təsəvvür oyada bilirsə, demək ki, belə müəllim  şagirdinin təsəvvüründə həyat nədir sualının cavabını da formalaşdırmağı bacarır. Belə müəllim üçün hər hansı bir mövzu həyatın ən böyük problemləri, sınağı kimi, əhəmiyyətli olur. Belə dərslərin haradan başlayıb, haradan bitdiyini də bilmirsən. Xocavənd rayon 2 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Elnarə Məhərrəmova da 7-ci sinifdə tədris etdiyi “Yer kürəsinin gölləri” mövzusu ilə  dünyanın su möcüzəsinin təfəkkürlərdə əks olunmasını, bəşəri həqiqət axtarışlarını hədəfləyirdi. Sanki dünya onlar üçün böyük bir okean, axtarışında olduqları göllər isə mirvarilər idi. Onlar bu mirvariləri min əzab-əziyyətlə toplayıb bəşəriyytin boynundan ən qiymətli inci kimi asmaq arzusunda idilər. Onlar üçün mövzu ilə bağlı hər bir məqam əhəmiyyətli idi. Göllərin dərinliyindin tutmuş, onun suyunun tərkibindəki duzluluğun miqdarına qədər, hər bir məqam əhəmiyyətli hesab edilib, təhlilə cəlb olunurdu. Dərsin motivasiya hissəsində səsləndirilən “Göy-göl” mahnısı, müğənninin məlahətli səsi sanki əsrarəngiz gözəlliyi malik olan göllərimizdən əsən həzin mehi özü ilə bərabər sinif otağına gətirmişdi. Bu həzin meh “Fikir”, “Düşüncə” gəmisini dalğalar qoynunda yırğaladıqca, müəllimin, şagirdlərin dillərindən dünyanın su möcüzəsi həqiqət inciləri kimi süzülüb axırdı.

Elnarə Məhərrəmova mövzuya müvafiq olaraq qarşıya konkret məqsədlər qoymuşdu: “Təbiətdə suyun böyük dövranının sxematik təsvirini çəkmək”, “Suyun böyük dövranının nəticələrindən biri də göllər olduğunu əsaslandırmaq”, “Duzlu göllərin yaranmasına təsir edən amilləri izah etmək” əsas məqsədlər hesab olunurdu. Amma ən ali məqsəd isə, əvvəldə də qeyd etdiyim ki, su möcüzəsinin açılması idi. Bəs onlar buna necə nail olacaqdılar? Əlbəttə ki, müəllimin yaratdığı inteqrativ, işgüzar mühit, şagirdin yaradıcılıq imkanlarını meydana çıxaracaq şərait, fəal təlim metodlarının, nəhayət informasiya-kommunikasiya texnologiyalarının tətbiqi buna şərait yaradacaqdı. Coğrafiya, bildiyimiz kimi, bir sıra fənlərlə əlaqəli şəkildə tədris olunduqda, daha səmərəli nəticlər əldə etmək mümkündür. Bu baxımdan, fizikanın və kimyanın yeri danılmazdır. Elnarə Məhərrəmova da bu amildən səmərəli şəkildə bəhrələnirdi. Müəllimin sinfə ünvanladığı istiqamətlərindici suallardan başlayaraq inteqrativ şəraitdə keçəcək dərsin ilkin elementləri sezilirdi. Tədqiqat sualından isə bu, tam aydınlığı ilə göründü: “Təbiətdə suyun böyük dövranının göllərin formalaşması ilə nə kimi əlaqəsi var?” sualı şagirdləri dünyanın qlobal bir problemi, bu problemin mahiyyəti üzərində düşünüb daşınmağa sövq edəcəkdi. Əslində müəllim burada bir qlobal vəhdət yaratmaq istəyirdi. Atmosfer, kosmos və yer, insan və təbiət... Bu vəhdəti necə dərk etməli, onun dinamikasını necə duymalı? Müəllim və şagirdlərin dialoqu bu vəhdətin açılmasına xidmət edəcəkdi. Düşündüyüm kimi də oldu.
Sinif 3 qrupa bölündü. “Xəzər” qrupu “Axarsız göllərin əsas xüsusiyyətlərini”, “Göygöl” qrupu “Axarlı göllərin xarakterik xüsusiyyətlərini”, “Baykal” qrupu “Şirin sulu göllər, onların yaranma xüsusiyyətlərini” araşdıracaqdı. Amma bütün dərs ərzində də müşahidə etdim ki, qruplar yalnız verilən tapşırıqlar çərçivəsinə sığışdırılmamışdılar. Müəllim bütün sinfə yaradıcı iş üçün tam sərbəstlik vermişdi. Əlbəttə ki, yaradıcı iş heç bir çərçivəyə salına bilməz. Müəllimin dərsdə formalaşdıra biləcəyi yaradıcılıq meylləri, yaradıcılıq həvəsi, ümumən şagirdin bütün həyatı üçün dönüş nöqtəsi ola bilər.
Mən bu dərsə Elnarə müəllimin diqqətimi cəlb edən bir məharəti ilə qarşılaşırdım. O, şagirdlərini dünyanın qlobal göllər problemi ətrafında səyahət etidirb, hamını düşündürə biləcək bir ideya ətrafına gətirirdi. Yəni, onun şagirdləri bir ideya, fikir, amal uğrunda birləşdirə bilmək bacarığı müstəsna idi.
Bir mühüm məqam da o idi ki, Elnarə Məhərəmmovanın sinfə ünvanladığı suallar ötən mövzuların müəyyən məqamlarını da özündə daşımaqla, şagirdlərin cavablarının zənginləşməsinə şərait yaradırdı. Əlbəttə ki, qrup işlərinin də təqdimatında bu, görünürdü. Onlar dünyanın demək olar ki, bütün ərazilərində mövcud olan göllərin adını çəkməklə onları xəritədə göstərir, hansı materikdə, hansı dövlətin ərazisində yerləşdiyini bildirir, eyni zamanda göllərin suyunun tərkibi, dərinliyini, ərazisini, flora və faunasını xarakterizə edir, bununla da kifayətlənməyib, geoloji xüsusiyyətlərini fərqləndirirdilər. Onlar göllərin mövcudluğunu və xarakterik xüsusiyyətlərini atmosferin qlobal dinamikası, qalaktikal hərəkəti fonunda təqdim etməklə, göllərin qlobal atmosfer asılılığını izah edir, həm də onların əhəmiyyətini meydana qoyurdular. Bununla yanaşı, okeanların, dənizlərin, çayların əmələ gəlməsi mövzunun məzmunu, xarakteri baxımından təhlil olunur, təbiətdə suyun böyük dövranı, təbiətdə suyun kiçik dövranı baxımından nəticələr əldə edilirdi, dünya okeanının yaranması səbəbləri aşkara çıxarılırdı. Əslində, mənin qənaətimcə, su möcüzənin açılmasına yaxınlaşırdılar. Səyyahların keçib gəldiyi yollar, əldə etdikri nəticələr, dünyanın kürəşəklli olması haqqındakı fərziyyələrin irəli sürülməsi, okenaların yaranmasında kosmosun əhəmiyyəti şagirdlərin dillərindən ifadə olunduqca, onların  təhlil, fərziyə irəlisürmə bacarıqlarına heyran olurdum. Maraqlı və səmərəli həm də burası idi ki, müəllim sinfi bütünlüklə sorğu-suala cəlb edib, hər kəsin prosesdə iştirakına nail olmuşdu. O, hər bir sualı ardıcıllıqla qoyur, suallar arasındakı məntiqi bağlılığı, problemin inkişaf dinamikasını şagirdlərinin təşəkkür, qavrama səviyyəsində meydana qoymaqla, düşüncələrdəki fikri aşkara çıxarırdı. Bu fikirlərdə dünyanın təbiət boyda möcüzəsinin, su möcüzəsinin sirləri yavaş-yavaş açılırdı.  Meydana qoyulan fikirlər yalnız elmi tutumu ilə deyil, həm də təsəvvür oyatmaq, gözlər önündə əsrarəngiz mənzərələr yaratmaq baxımından diqqətəlayiq idi. Onlar təbiətin gözəllik simvolları olan gölləri həm də ekranda nümayiş etdirir, onların təbiətə bəxş etdiyi gözəllikləri, bu gözəlliklərin əhəmiyyətini, insanlar üçün mənəvi, estetik mahiyyətini də açıqlayırdılar. Azərbaycanın əsrarəngiz gözəlliyə malik olan göllərinin görkəmli şair və yazıçılarımızın əsərlərində yer tutduğunu, onların ilham mənbəyi olduğunu vurğulayırdılar. 
Şagirdlərin ermənilər tərəfindən işğal olunmuş Azərbaycan ərazisində, düşmən tapdağı altında olan göllər barədə məlumatları da maraq doğurdu. Əslində bu, mənim dərsdə gözlədiyim məqam idi. Onlar erməni işğalı altında olan göllərdən ürək ağrısı ilə danışdılar. Amma ümidvar olduqlarını dilə gətirdilər ki, torpaqlarımız azad olduqca, təbiət gözəli olan göllərimiz də mənəvi xəzinəmiz kimi özümüzə qayıdacaq.
Elnarə müəllimin dərs boyunca tətbiq etdiyi BİBÖ metodu da işlə yarıyırdı. BİBÖ-yə əsasən onlar göllərin geoloji quruluşunu, göllərin su rejiminə görə axarlı və axarsız olduğunu bildiklərini qeyd etdilər. Geoloji quruluşuna görə daha hansı göllərin olduğunu, şirin sulu və şor sulu göllərin nə üçün bir-birilərinə qarışmadıqlarını öyrənmək istədiklərini diqqətə çatdırdılar. Öryəndikləri İsə təbii ki, daha çox idi. Buraya Yer səthinə düşən meteoritlərin əmələ gətirdiyi çökəklərdə yaranan memeorit mənşəli göllərin yaranması, şirinsulu və şorsulu göllərin bir-biri ilə niyə qarışmamsı və digər qlobal mahiyyətli problemlər idi.
O da diqqətdən yayınmırdı ki, qrup işlərini təqdim edən şagirdlər digər qruplar tərəfindən ünvanlanan sualları da cavablandırmalı olur, eyni zamanda, onların etdikləri əlavələri diqqətlə dinləyib, nəticə çıxarırdılar.  
Elnarə Məhərrəmovanın 7-ci sinifdə apardığı bu dərs mövzusu etibarilə nə qədər qlobal və əhəmiyyətli idisə, müəllimin səlis və ahəngdar nitqi, problemləri yeri gəldikcə obrazlı, yaxud dramatik təqdim etməsi, sadə misallarla izahatı problemin mahiyyətini şagirdlər üçün asanlaşdırır, necə deyərlər, onu əlçatan edirdi. Şübhə yoxdur ki, bu, məllimin peşəkar xüsusiyyətlərindən, şagirdinin anlama səviyyəsini, psixoloji durumunu dərketmə bacarığından qaynaqlanır. Elnarə müəllim şagirdlərinə sualı elə ünvanlayırdı ki, onların hər biri özlərini ifadə edə bilsinlər. Öz daxili düşüncələrini, fikir və ideyalarını deməyə çətinlik çəkməsinlər. Öyrəndiklərini dilə gətirsinlər. Əslində Elnarə müəllimin də sadiq qaldığı təlimin də məqsədi və prinspi də elə budur: öyrənmək və bilmək  hələ əsas şərt deyil. Əsas olan bildkilərini bu gün ifadə etmək, sabah isə tətbiq etməyi bacarmaqdır...

Böyükağa MİKAYILLI

No comments:

Post a Comment