1.08.2017

Azərbaycan dilinə, ədəbiyyata sevgidən yaranan dərs

Hədəfimiz ən yaxşı müəllimləri cəmiyyətə təqdim etməkdir...Təhsil Şurasının "Qabaqcıl iş təcrübəsinin öyrənilməsi və yayılması" layihəsi davam edir.
Təhsil Və Zaman qəzeti 07 yanvar 2017-ci il...
Bu yazı Lənkəran şəhər 8 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Münasib Nuriyevin iş təcrübəsindən bəhs edir.
Münasib Nuriyevin pedaqoji təcrübəsi haqqında yazmaq fikrimi özündən öncə şəhər 8 nömrəli tam orta məktəbin direktoru Aslan İbrahimova bildirəndə, o, böyük razılıq hissi ilə fikrimi bəyəndi. Amma hələ bundan da öncə Lənkəran şəhər Təhsil Şöbəsində Təhsil Şurasının həyata keçirdiyi “Qabaqcıl iş təcrübəsinin öyrənilməsi və yayılması” layihəsindən bəhs edərkən təqdim olunan bir neçə müəllimin arasında məhz Münasib müəllimin adı çəkilmişdi. Onu öz işinin mahir bilicisi olan müəllim olmaqla bərabər, həm də müəllim və şagirdlər, valideynlər, ümumilikdə, ictimaiyyət arasında nüfuzlu şəxs kimi xarakterizə etmişdilər. Qismət elə gətirdi ki, Münasib müəllimin dərsində iştirakım 8 nömrəli tam orta məktəbin fəaliyyəti ilə tanış olduğum günə təsadüf etdi. Həmin gün Azərbaycan Təhsil Şurasının sədri, pedaqoji elmlər doktoru, professor Əjdər Ağayev də məktəbə pedaqoji kollektivlə görüşə dəvət olunmuşdu.
Münasib müəllimin dərsində görkəmli alimin də iştirak etməsi, məktəbdə sözün həqiqi mənasında əks-səda yaratmışdı. Bu, elə Münasib müəllimin, eləcə də uşaqların əhvalına da təsir etmişdi. Hər kəs sanki çağdaş pedaqoji fikrimizin görkəmli nümayəndəsi qarşısında öz hesabatını verməyə çalışırdı.
Münasib Nuriyev 7-ci sinifdə “O mənim bacımdır” mövzusunun tədrisinə ötən dərs verdiyi tapşırığın sorğusu ilə başladı. Şagirdlər “Qızıl aypara” haqqında təqdimat hazırlamışdılar. Əslində şagirdlərin hazırladıqları bu təqdimat məndə Münasib müəllimin pedaqoji fəaliyyəti, şagirdlərinin təlim-tərbiyəsinə, dünyagörüşünün, həyata baxışlarının formalaşmasına yanaşması haqqında fikir formalaşdırmağa yardımçı oldu. “Qızıl aypara” geniş əhatəli bir mövzudur. Elə şagirdlər də bu mövzuya müxtəlif aspektlərdən yanaşmaqla, rəngarəng fikirlər, ideyalar meydana qoymağa nail olmuşdular. Münasib müəllimin verdiyi tapşırıq şagirdləri yaradıcı işləməyə, tədqiqat aparmağa, öz fikirlərini ümumiləşdirməyə, bir-birindən fərqli nüanslar tapmağa sövq etmişdi. Düşünmək olardı ki, eyni mövzu ətrafında işləyən, tədqiqat aparan şagirdlər bir-birini təkrarlayacaq, oxşar faktlar səsləndirəcəklər. Amma biz elə öncədən müşahidə etdik ki, Münasib müəllim yetirmələrinə həm də bir-birilərini təkrarlamamaq, orijinal fikirlər yaratmaq düşüncəsini və təfəkkürünü aşılaya bilib. Hər bir mövzu şagirdin düşüncəsində əks olunduqca, onun dünyagörüşünün formalaşmasında öz rolunu oynayır. Müəllim təfəkkür formalaşmasında ardıcıllığa əməl olunmasına nail olmalıdır. Hər bir mövzunun şagird şəxsiyyətinə təsir imkanları var. Bunlar həm də şagirdin yaşı ilə bağlıdır. Bu gün ötürülməli olan informasiya sabah üçün artıq gecdir. Münasib müəllim Qızıl aypara mövzusu ilə xeyirxahlıq ideyalarının düşüncələrdə əks olunmasına çalışırdı. O, şagirdlərini elə bir mənəvi hazırlıq səviyyəsinə çatdırmaq istəyirdi ki, məqam yetişdikcə onların bu hazırlıqları cəmiyyət üçün faydalı olsun. Əslində Münasib müəllim ev tapşırığı ilə şagirdlərini həm də tədris edəcəyi növbəti mövzuya mənəvi cəhətdən hazırlayırdı. Bu yanaşma Münasib Nuriyevin öz təcrübəsi idi. İnsan qarşısına qoyulan tapşırığa yalnız bilik cəhətdən deyil, həm də mənəvi-psixiloji baxımdan hazır olduqda onu yaxşı dərk edir, onun icrasına ürəkə başlayır. 
Münasib Nuriyevin şagirdləri “Qızıl aypara” mövzusuna haqlı olaraq qlobal baxımdan yanaşmışdılar. Onlar təşkilatın yaranmasından tutmuş missiyasına qədər ən incə məqamlarına belə toxunur, bu missiyanın mənəvi aspektini, onun insanların taleyində oynadığı rolu xarakerizə edir, mənəvi inkişafda rolunu açıqlayırdılar. Bu bir tərəfdən. İkinci tərəfdən, xeyirxahlıq missiyasının şagirdlərə göstərdiyi təsir, onun mahiyyətinin dərk olunmasını hər bir şagirdin baxışlarından oxumaq mümkün idi. Maraqlı həm də burası idi ki, şagirdlər cavabları ilə bu böyük təşkilatın müstəsna missiyasının onların mənəvi dünyasına təsirini də nümayiş etdirirdilər. Əslində müəllimin də ustalığı elə burda meydana çıxır. Şagirdi elə istiqamətə yönəltmək lazımdır ki, bu istiqamətdə o, mənəvi baxımdan tərbiyə olunsun, eləcə də, özünün mənəvi dünyasını, daxili aləmini, iç düşüncələrini meydana qoya bilsin. Əgər müəllim buna nail ola bilirsə, şagirdini mənəvi cəhətdən kamil insan kimi formalaşdıra biləcəkdir. Mən bu dərsdə, müəllimin şagirdlərinə yanaşmasında, onları keçirdiyi elm körpüsünün qarşısında saf mənəviyyat və həqiqət axtarışlarında olduqlarını görürdüm. Ədəbiyyat müəllimi kimi, Münasib Nuriyevin qarşısına qoyduğu məqsəd də elə bundan ibarətdir. Həqiqət birdir. Ona çatmağın isə yolları müxtəlifdir. Nə qədər müxtəlif olsa da, bu yolların hər birinin bələdçisi elm və saf mənəviyatdır. 
Münasib Nuriyevin “O mənim bacımdır” mövzusunun tədrisində seçdiyi yanaşma, irəli sürdüyü “Cümlədə xəbəri necə müəyyənləşdirə bilərik?” tədqiqat sualı öncə qrammatik qaydaları aşılamaq idisə və nəticə olaraq xəbərlik şəkilçisi qəbul etmiş sözləri müəyyən etməli idilərsə, buna nail olmaq üçün qruplara ünvanlanan suallar yenə də şagirdlərinin mənəvi dünyasının açılması ilə reallaşacaqdı. Nəticənin əldə olunması şagirdin elmi və mənəvi hazırlığından asılı olacaqdı. Bu məqamda qrupların suallarına diqqət yetirək: Birinci qrup “O mənim bacımdır” mətnindəki göy rəngdə verilmiş cümlələrin xəbərini müəyyən etməli, bu sözlərin sualı və qrammatik xüsusiyyətləri haqqında bildiklərini danışmalı idilər. İkinci qrup cümlələrdə şəkilçiləri qəbul etmiş isimləri seçməli və onların neçənci şəxsə aid olduğunu müəyyənləşdirmək tapşırığı almışdı. Üçüncü qrup isə “O, həyatda ayağını yerə möhkəm dirəmiş güclü və eyni zamanda çox yaxşı bir adamdır.” (İ.Əfəndiyev).
Elə zənn etmə ki,qapıçınam mən ,
Bir az seçilirəm nökərlərindən...(S.Vurğun)
Mən torpağam nemətimi,varımı
Zəhmət sevən insanlarla bölürəm.(R.Rza)
Cümlə və şeirlərdəki dil qaydalarını müəyyən etməli idilər. Münasib müəllim dil qaydalarının öyrədilməsi zamanı belə irəli sürdüyü suallarla sinfin emosiaonal, mənəvi-psixoloji vəziyyətini nəzarətdə saxlayır, məhz belə bir mühitdə öyrətməyə nail olurdu. Unutmamalıyıq ki, təlimin səmərəliliyi sinfin mənəvi-psixoloji durumundan birbaşa asılıdır. Müəllim buna bir dərs ərzində deyil, zaman-zaman nail olmaqla, uğur əldə edə bilər. Münasib Nuriyevin özünün elmi tədqiqatçılıq qabiliyyəti, məqalələri və bu məqalələrdə qaldırdığı elmi-pedaqoji, metodiki problemlərlə də yaxından tanış olduqca görmək mümkündür ki, təcrübəli müəllimin şagirdlərinin təlim-tərbiyəsində əldə etdiyi uğurların təməlində məhz təlim prosesinə yanaşmasındakı elmilik dayanır. Göründüyü kimi o, şagirdlərinin elmi potensialını, bilik və bacarıqlarını aşkara çıxarmaq üçün onları tədqiqata həvəsləndirir, sinifdə müxtəlif xarakterli yarışmalar təşkil edir, digər məktəblərin şagirdlərini də yarışlara cəlb edir, ədəbi mətnlər, filmlər, tamaşalar haqqında rəylər, resenziyalar yazdırır. Münasib müəllimin şagirdləri oxuduqları əsərləri məharətlə təhlil edir, obrazların xarakterik xüsusiyyətlərini, hadisələrin dinamikasını açır, özlərinəməxsus fikirlər bildirirlər. Təcrübəli müəllim çox yaxşı dərk edir ki, ədəbiyyat estetik zövqün, mənəvi aləmin formalaşmasında, insanın ətraf aləmə, insanın insana hiss və duyğularının yaranmasında müstəsna rola malikdir. Mən bunu Münasib müəllimin yetirmələrini izlədiyim müddətcə onlarda aydınca hiss edirdim. Onlar şeiri yalnız intonasiya ilə deməklə kifayətlənmirdilər. Eyni zamanda onu aktyorluq məharəti ilə icra edirdilər. Onlar şeirini söylədikləri şairi tanımaqla kifayətlənmirdilər, həmin şairin yaşadığı zamanın ictimai-siyasi, ədəbi, mədəni mühitini də xarakterizə edirdilər. Bununla yanaşı Azərbaycan dilinin səlisliyinə diqqət yetirir, onu ən incə məqamınadək ahəngdarlıqla danışırdılar. Bu həm də Münasib müəllimin Azərbaycan dilinə və ədəbiyyatına aşılaya bildiyi sevginin bariz nümunəsi idi. Bu dərs Azərbaycan dilinə, ədəbiyyata sevginin mükəmməl portreti kimi diqqətimi cəlb etdi. 
Bütün yazılarımda olduğu kimi, Münasib Nuriyev haqqında yazımda da müəllimin keçdiyi dərsi mərhələ-mərhələ xarakterizə etməyə çalışmadım. Münasib Nuriyevi və yetirmələrinin müvafiq olaraq müəllim və şagird kimi, ədəbiyyata, Azərbaycan dilinə, verilən tapşırıqların icrasına məsuliyyətliliklərinə, onu hansı səviyyədə yerinə yetirmk bacarıqlarına, inteqrativ düşünmək qabiliyyətlərinə, innovasiyalara münasibətlərinə ümumi şəkildə münasibət bildirməyə cəhd etdim. Belə bir qənaətə gəldim ki, yetirmələrinə fəal həyat mövqeyi aşılamaq, onları cəmiyyətin ləyaqətli vətəndaşı kimi yetişdirmək, mənəvi dəyərlərə sevgi aşılamaq, bir sözlə şəxsiyyət formalaşdırmaq Münasib Nuriyevin bir müəllim və vətəndaş olaraq əsas qayəsidir. 
Böyükağa MİKAYILLI


No comments:

Post a Comment