1.12.2017

Müəllimin cəmiyyətdə rol

286 nömrəli tam orta məktəbin pedaqoji kollektivi və şagirdlər görkəmli alimlərlə görüşdü
Görüş cəmiyyət üçün aktual olan mövzuya həsr olunmuşdu 
"Təhsil və zaman" qəzeti 07.01.2017.

Bu günlərdə Bakının Yasamal rayonundakı 286 nömrəli tam orta məktəb daha bir maraqlı tədbirə ev sahibliyi etdi. Öncə qeyd etmək istərdim ki, bu təhsil ocağında son vaxtlar reallaşdırılan tədbirlər məzmun, ssenari, tərtibat baxımından tamamilə özünəməxsus xarakter daşıyır. Oxucularımıza yaxşı tanışdır ki, ötən dərs ilində təşkil olunmuş “İki şairin görüşü” adlı musiqili, ədəbi-bədii kompozisiya tarixiliklə müasirliyin vəhdətinin yaradılması, keçmişlə bu günün üz-üzə gətirilməsi, şagirdlərin sanki zaman maşınında keçmişə səyahətə çıxarılması tədbirin məzmun baxımından orijinallığı ilə səciyyələnmişdi. Həmin tədbirin təşkilatçısı, məktəbin dil-ədəbiyyat müəllimi Tamilla Qədirova öz orijinal ənənəsinə sadiq qalaraq bu dəfə də maraqlı bir ssenari ilə kollektivin görüşünə gəldi. “Müəllimin cəmiyyətdə rolu və keçmişə səyahət” adlandırılan tədbirinin qonaqları xalq şairi Nəriman Həsənzadə, pedaqoji elmlər doktoru, professor Əjdər Ağayev, filologiya elmləri doktoru, professor Nizami Cəfərov idi. 

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Samir Mehdizadə vurğuladı ki, bu günkü tədbirin həsr olunduğu mövzu – müəllimin cəmiyyətdə rolu – cəmiyyətimiz üçün olduqca əhəmiyyətli olan bir mövzudur. Odur ki, bu mövzunun əhəmiyyətini xarakterizə etmək, müəllim və müəllimlik haqqında danışmaq üçün tədbirə cəmiyyətdə nüfuz sahibi olan şəxsiyyətlər dəvət olunub.
Tədbirdə ilk çıxış edən professor Nizami Cəfərov vurğuladı ki, bir az yaşlı nəslin nümayəndələrinə izah etməyə ehtiyac yoxdur ki, müəllim kimdir. Çünki onlar müəllimin kim olduğunu çox yaxşı bilirlər. Gənc nəsil də müəllimin kim oluğunu duyur, görür, anlayır. Müəllim bizim hamımız üçün valideynlərimizdən sonra ikinci yerdə dayanan bir şəxsiyyətdir. Hətta elə məqamlar var ki, müəllim valideyndən də üstün mövqedə dayanır. Müəllimlərimiz həm də bizim üçün tarixdir, tariximizin bir hissəsidir. Müəllim özü tarixdə qalır. Amma yetirməsinin simasında gələcək üçün işləyir. Biz nə qədər öyrənsək də, bilsək də, həmişə elə bilirik ki, müəllimimiz bizdən irəlidədir. 
Professor Nizami Cəfərov özünün orta, ali məktəb müəllimlərindən bəhs edərək həmişə onlarla fəxr etdiyini, onlara bənzəmək istədiyini dilə gətirdi. Müəllimlərimizə ehtiram bəsləmək hər birimizin borcudur, dedi.
Professor Əjdər Ağayev də çıxışında müəllimliyin müqəddəslik daşıyan missiyasından bəhs etdi. Vurğuladı ki, müəllim şagirdinin təfəkkürünə, ürəyinə bilik, savad toxumu əkməklə, onu sabaha hazırlayır. Mən, ustad müəllimdən dərs almış insanı ən xoşbəxt insan hesab edirəm. İbtidai sinifdən başlayaraq yaxşı müəllimdən dərs alan insan həyatda özünü dərk edir, həyatda özünə mövqe qazanır, layiqli şəxsiyyət kimi yetişir. Müəllimi yaxşı olmayan cəmiyyət uğurlu cəmiyyət ola bilməz. 
Bu gün cəmiyyətdə baş verən hadisələr müəllimin cəmiyyətdə rolunu daha da aktuallaşdırır.
Əjdər Ağayev vurğuladı ki, müəllimin cəmiyyətdə rolu zaman-zaman danışılan çox əhəmiyyətli bir mövzudur. Bu mövzudan islam alimlərindən başlamış, Nizami Gəncəvi, Nəsirəddin Tusi, həmçinin digər görkəmli alimlər bəhs ediblər. Əjdər Ağayev qeyd etdi ki, bu gün ətrafda baş verən proseslər müəllimin cəmiyyətdə rolunu daha da aktuallaşdırır. Müəllim şagird üçün, cəmiyyət üçün daha əhəmiyyətli bir simaya çevrilir. Əsl müəllim şagirdi tam olaraq bir insan, şəxsiyyət kimi görməyi, eləcə də onu tənzimləməyi bacarmalıdır. Müəllim elə bir hazırlığa malik olmalıdır ki, beyni ilə düşünə, gözü ilə ilə görə, qulağı ilə eşidə, dili ilə danışa və bütün bunların fonunda şagirdinə kompleks təsir edə bilsin. Əgər bunlar yoxdursa və müəllim elmi bilmədən sinfə daxil olursa, onda onun şagirdlərini biz xoşbəxt hesab edə bilmərik. 
Əjdər Ağayev daha sonra müəllimə zaman-zaman görkəmli şəxsiyyətlərin dəyər verməsindən, ən böyük şəxsiyyətləri yetişdirən müəllimin cəmiyyətdə ən böyük ehtirama layiq olmasından bəhs etdi. 
Müəllim böyük şəxsiyyətdir
Xalq şairi Nəriman Həsənzadə müəllimin cəmiyyətdəki rolundan bəhs edərək vurğuladı ki, insan kimdən öyrənirsə onun müəllimi məhz odur. Biz zaman-zaman Nizami Gəncəvindən, Şekspirdən, Aristoteldən, Tusidən öyrənirik. Demək ki, onlar bizim müəllimlərimizdir və biz həyat dərsi aldığımız, elm, savad öyrəndiyimiz müəllmlərimizə ehtiramla yanaşmalıyıq. Müəllim böyük şəxsiyyətdir. Cəmiyyət müəllimin qədrini bilməli, onu yaşatmalıdır. Nəriman Həsənzadə söylədi ki, o hər zaman yaxşı müəllimlərlə qarşılaşıb və onun bir şəxsiyyət kimi formalaşmasında həmin müəllimlərin müstəsna rolu olub. Nazim Hikmətdən, Mir Cəlal Paşayevdən dərs aldığını dilə gətirən Nəriman Həsənzadə onları müəllimlərin müəllimi adlandırdı. Qeyd etdi ki, müəllimə qiymət vermək üçün insan özü də gərək yüksək hazırlıq səviyyəsinə malik olsun. Necə deyərlər, zər qədrini zərgər bilər. Nəriman Həsənzadə qeyd etdi ki, müəllim öz şagirdinə qarşı hər zaman xeyirxah olmalı, onun inkişafına çalışmalıdır. O, müəllimi Mircəlal Paşayevin məhz ona qarşı olan xeyirxahlığından, onun həyatda özünə layiqli yer tutmasında göstərdiyi dəstəkdən böyük minnətdarlıq hissi ilə bəhs etdi. Ən yaxşı müəllim şagird üçün valideyn, ata səviyyəsinə yüksəlir, dedi. 
Nəriman Həsənzadə onu da qeyd etdi ki, 286 nömrəli tam orta məktəbdə müəllim və şagirdlərin mənəvi inkişafına xidmət edən böyük əhəmiyyətli tədbirlər keçirilir. Məktəbin direktoru Samir Mehdizadənin bu istiqamətdə tədbirlərə üstünlük verməsini alqışlamaq lazımdır. 
Tədbirin ikinci hissəsi məktəbin dil-ədəbiyyat müəllimi Tamilla Qədirovanın hazırladığı ədəbi-bədii kompozisiya ilə davam etdi. Öz ampluasına sadiq qalan Tamilla Qədirova yenə də kompozisiyanın orijinallığını təmin etməklə, tamaşaçıları tədbir boyunca maraqlı səhnələrlə üzbəüz qoydu. Bu səhnələr bir-birindən məzmun cəhətcə nə qədər fəqrli olsalar da, onların mahiyyəti bir ideyadan qaynaqlanırdı: müəllimin cəmiyyətdəki rolundan və müəllimə ehtiramın vacibliyindən, ana dilimizin şirinliyindən, milli-mənəvi dəyərlərimizdən, tariximizdən...
Ən yaxşı müəllimlərin, məktəb rəhbərlərinin adlarının əbədiləşdirilməsi bu günkü nəslin mənəvi borcudur
Tədbirin maraqlı cəhətlərindən biri də ondan ibarət idi ki, müəllimlik və müəllimlərə tariximizin ənginliklərindən süzülüb gələn ehtiramdan bəhs olunurdu. Və bütün bunlar şagirdlərin gözləri qarşısında, həm də onların özlərinin iştirakı ilə baş verirdi. Cəmiyyətimizin inkişafında müəllimin rolu açıqlanırdı. Məlum oldu ki, Azərbaycanda müəllimə heykəl də ucaldılıb. Bu maraqlı faktı professor Əjdər Ağayev dilə gətirdi. Qeyd etdi ki, Yevlax rayonundakı Xaldan məktəbində olarkən məktəbin direktoru, SSRİ Xalq Müəllimi Zahid Şöyübov bu təhsil ocağının inkişafında müstəsna xidmətləri olmuş Süleyman Məmmədovun heykəlini ona göstərib və onun Böyük Vətən Müharibəsində həlak olduğunu bildirib. Vurğulandı ki, ən yaxşı müəllimlərin, məktəb rəhbərlərinin adlarının əbədiləşdirilməsi bu günkü nəslin mənəvi borcudur. Tamilla Qədirova təklif kimi irəli sürdü ki, 286 nömrəli tam orta məktəbin inkişafında mühüm rol oynamış İsfəndiyar Qurbanovun da bu mühüm xidmətlərini nəzərə alaraq bu təhsil ocağına onun adının verilməsi çox yaxşı olardı. Tamilla müəllimin bu təklifi tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılandı. 
Tədbir boyunca tarixi keçmişimizdən, milli – mənəvi dəyərlərimizdən bəhs edən səhnələr şagirdlərimizin dəyərlərimizə nə qədər böyük ehtiram bəslədiklərindən soraq verirdi. Əlbəttə ki, bu ehtiramın əsası bu günün müəllimləri, təlim-tərbiyə işini, müəllim əməyini lazımınca dəyərləndirən ailələr tərəfindən qoyulur. 
Böyükağa MİKAYILLI


No comments:

Post a Comment