1.23.2017

Təhsil Şurasının beynəlxalq layihəsi böyük maraq doğurur

Məlum olduğu kimi, Azərbaycan Təhsil Şurası 2015-ci ilin noyabrında Gürcüstanın
Kabuleti şəhərində bu şəhərin Təhsil Departamenti və bələdiyyə idarəsi ilə birlikdə “Beynəlxalq təcrübə mübadiləsi təlim keyfiyyətini yüksəldən vasitə kimi” mövzusunda beynəlxalq elmi-təcrübi konfrans keçirdi. Məhz həmin konfransla Təhsil Şurası Azərbaycan müəllimlərinin xarici həmkarlarının dərslərində iştirak etməklə təcrübə mübadiləsi aparmalarına, qabaqcıl iş təcrübəsini öyrənmələrinə, bununla yanaşı öz təcrübələrini bölüşmələrinə şərait yaratdı. Bunun ardınca Təhsil Şurası Ukraynanın Lvov şəhərində Lvov Vilayət Dövlət Departamenti Elm və Təhsil İdarəsi ilə birlikdə analoji konfransı keçirməklə müəllimlərin də təcrübə mübadiləsi aparmasına təkrar şərait yaratdı. Həmin konfransda polşalı təhsil işçilərinin də iştirak etməsi bu avropa ölkəsinin təhsil işçiləri ilə də əlaqələrin qurulması üçün əsas oldu. 
Bu günlərdə Ukraynanın Lvov Vilayətindən elm və təhsil işçilərinin Bakıda keçirilən “Beynəlxalq təcrübə mübadiləsi təlim keyfiyyətini yüksəldən vasitə kimi” mövzusunda üçüncü beynəlxalq elmi-təcrübi konfransa qoşulmaları ukraynalı həmkarlarımızın Təhsil Şurasının təşəbbüsü ilə reallaşan beynəlxalq təcrübə mübadiləsi layihəsinə önəm vermələrinin bariz nümunəsidir.
lll Beynəlxalq konfransın məqsədi nə idi?
Qeyd edim ki, hələ 2013-cü ildə Azərbaycan Təhsil Şurasının Ümumi Hesabat Yığıncağından sonra Şurada “Təhsil Sahəsinin İnkişafı üzrə Dövlət Strategiyasına” “Dəstək Proqramı” hazırlandı. Bu həmin vaxta təsadüf edirdi ki, ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə “Təhsil Sahəsinin İnkişafı üzrə Dövlət Strategiyası” haqqında sərəncam imzalanmışdı. Təhsil Şurasının hazırladığı bu Proqram da nizamnaməsinə uyğun olaraq ölkədə həyata keçirilən təhsil islahatlarına dəstəyi nəzərdə tuturdu. Təhsil müəssisələrinin beynəlxalq əlaqələrinin yaradılması, müəllimlərin beynəlxalq təcrübə mübadiləsinə qoşulması, bütün bunlara rəğmən Azərbaycan təhsilinin müasir inkişaf tendinsiyalarının təbliğ olunması Proqramın əsas müddəalarını təşkil etməkdədir.
Təsadüfü deyildir ki, istər Gürcüstanda, istərsə də Ukraynada düzənlənən elmi-təcrübi konfranslarda iştirak edən müəllimlərin məruzələrinin əsasını Azərbaycan təhslində həyata keçirilən yeniliklərin müasir dərsdə praktik tətbiqi və bütün bunların nəticələri üzərində qurulmuşdu. Yerli müəllimlər, təhsil işçiləri, təhsil rəhbərləri tərəfindən maraqla qarşılanan çıxışlarda Azərbaycan təhsilinin müasir səviyyəsi haqqında tam təsəvvür formalaşırdı.
Beynəlxalq konfransın Lvov mərhələsi Azərbaycan təhsili haqqında Ukraynalılarda nəzəri baxımdan əhəmiyyətli dərəcədə rol oynamağa yardımçı oldu. Təhsil Şurasının sədri, pedaqoji elmlər doktoru, professor Əjdər Ağayevin Lvov telekanalları ilə verdiyi müsahibələr də öz növbəsində həm konfransın məqsədlərinin açılmasına, həm də təhsilimizdəki yeniliklərin ötürülməsi baxımından səciyyəvi idi. Bakı konfransı isə Ukraynalı təhsil işçilərinin Azərbaycan təhsili, ümumən Azərbaycan haqqında nəzəri bilgilərinin zənginləşməsinə, danışılanların praktik olaraq izlənilməsinə yol açdı. 
13-14 yanvar 2017-ci il tarixində Bakıda keçirilən üçüncü beynəlxalq elmi-təcrübi konfransa Lvov Vilayət Dövlət Departamenti Elm və Təhsil İdarəsinin direktoru, dosent Lyubomira Mandziy, İvan Franko adına Lvov Milli Universitetinin prorektoru, professor Mariya Zubritska, Lvov vilayət Turku rayon Dövlət Departamenti Təhsil idarəsinin müdiri Natalya Hoşvitsa, Mostiska rayon Təhsil idarəsinin müdiri Valentina Çerneha, Lvov Vilayət Dövlət Departamentinin Təhsil Portalının rəhbəri Olqa
Parçevska, Ryasne-ruska bələdiyyəsinin katibi Xatsko Svyatoslav, Ryasne-ruska orta məktəbinin direktoru İqor Xorujiy, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu Nəzarət Təftiş Komissiyasının sədri Adgözəl Səfərov, jurnalist, layihənin Ukrayna üzrə koordinatoru Mirfəttah Rəsulov qatılmışdılar.
Konfransın prqramına uyğun olaraq qonaqların Azərbaycan təhsili ilə tanışlığı müəyyən istiqamətlər üzrə aparılacaqdı. Doğrudur, böyük bir dövr ərzində təhsil sahəsində əldə edilən bütün nailiyyətlər haqqında tam təsəvvür formalaşdırmaq üçün iki gün kifayət etməyəcəkdir. Bu, mümkün deyildir. Biz sadəcə ilkin təsəvvürlər yaratmaq və gələcək daha böyük konfranslarda, təcrübə mübadilələrində geniş əlaqələrin mükəmməl təməllərini qoymağı planlaşdırırdıq. Konfransa bugünkü maraq da məndə belə bir qənaət hasil edirdi ki, yaxın gələcəkdə bu əlaqələr daha geniş dairəni əhatə edəcəkdir. 
Öncə Təhsil Şurasının sədri, professor Əjdər Ağayevin rəhbərlik etdiyi ukraynalı qonaqlardan ibarət qrupun konfransın ilk günü fəaliyyət proqramı ilə tanış olaq. Dosent
Lyubomira Mandziy, professor Mariya Zubritska və jurnalist Mirfəttah Rəsulovun təmsil olunduğu qrup Azərbaycan Texniki Universitetinin rektor əvəzi, iqtisad elmləri namizədi, dosent Xalıq Yahudov, Memarlıq Universitetinin rektoru, millət vəkili, professor Gülçöhrə Məmmədova, Bakı Dövlət Universitetinin elm və innovasiyalar üzrə prorektoru Aydın Kazımzadə, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, eləcə də idarənin digər məsul şəxsləri ilə görüşdülər. Təhsil Şurasının Beynəlxalq təcrübə mübadiləsi layihəsinə böyük əhəmiyyətin qeyd olunduğu görüşlərdə bu layihəyə Azərbaycanın ali və orta məktəblərinin qoşulmasının hər iki ölkənin təhsili üçün mühüm məqamlarının olacağına toxunuldu. Görüşlərdə Azərbaycanın ali və orta təhsil sahəsində aparılan islahatlardan, müəllimlərin elmi-metodiki hazırlıq səviyyəsinin yüksəldilməsi, maddi-texniki bazanın yeniləndirilməsi istiqamətində görülən işlərdən bəhs olundu. Qeyd edildi ki, ən müasir avadanlıqlar məktəblərdə tədrisin keyfiyyətinin yüksəlməsinə yol açan amillərdəndir. 

Görüşlərdə Azərbaycanın orta ümumtəhsil məktəblərində həyata keçirilmiş müsabiqələrdən də geniş söhbət açıldı. Qeyd olundu ki, ölkə başçısı cənab İlham Əliyevin sərəncamları ilə reallaşmış müsabiqələrdə ölkənin qabaqcıl müəllimləri iştirak etmiş, mükafatlandırlmışlar. Azərbaycanın orta təhsilində tətbiq olunan kurikulum təlim modeli ukraynalı qonaqların böyük marağına səbəb olub. Onlar bu model əsasında qurulan dərslərin gedişini izləmək, ümumilikdə bu modelin üstünlükləri haqqında ətraflı məlumat əldə etmək istədiklərini dilə gətiriblər. Qonaqlara məlumat verilib ki, Azərbaycan təhsilində bütün yenilikləri özündə əks etdirən qəzet və jurnallar dərc olunaraq müəllimlərin istifadəsinə verilir. 
Təhsil Şurasının Mətbuat və İctimaiyyətlə Əlaqə Mərkəzinin rəhbəri, “Təhsil və zaman” qəzetinin redaktoru, “Beynəlxalq təcrübə mübadiləsi” layihəsinin rəhbəri Böyükağa Mikayıllının rəhbərlik etdiyi Lvov Vilayəti Mostiska şəhər Dövlət İdarəsi Təhsil Şöbəsinin müdiri Valentina Çerneha, Turku şəhər Dövlət İdarəsi Təhsil şöbəsinin müdiri Natalya Hoşvitsa, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu
Nəzarət Təftiş Komissiyasının sədri Adgözəl Səfərov və Bakı şəhəri Sabunçu rayonu 271 nömrəli tam orta məktəbin direktor müavini Ofelya Arazovadan ibarət nümayəndə heyəti Bakının Binəqədi rayonundakı 144 tam orta məktəbdə oldu. Duz – çörəklə qarşılanan qonaqlar öncə məktəbin foyesində Azərbaycan – Ukrayna dostluq əlaqələrini, məktəbin nailiyyətlərini, Azərbaycan dövlətinin təhsilimizin inkişafı istiqamətində gördüyü işləri əks etdirən foto-stendlərlə, eləcə də istedadlı şagirdlərin əl işləri ilə tanış oldular. Məktəbin direktoru Həcər Mahmudova rəhbirlik etdiyi təhsil ocağının əldə etdiyi uğurlardan bəhs etdi. Ümidvar olduğunu bildirdi ki, Lvov məktəbləri ilə əməkdaşlıq məktəbin gələcək fəaliyyəti üçün yeni səhifələr açacaq, müəllimlərin təcrübə mübadiləsi layihəsində iştirakı onların elmi-metodiki hazırlıqlarının yüksəlməsinə şərait yaradacaq. 
144 nömrəli tam orta məktəblə tanışlıq “Müəllimlər otağı”nda davam etdi. Burada qonaqlar şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiyaya tamaşa etdilər. Şagirdlərin ifa etdikləri Azərbaycan milli musiqilərindən ibarət parçalar, Azərbaycanın mədəniyyətini, incəsənətini, elmi nailiyyətlərini əks etdirən video-süjetlər qonaqlarda vətənimiz haqqında təsəvvür yaratmağa yardımçı oldu. Şagirdlərin Ukrayna dilində söylədikləri şeirlər, ifa etdikləri Ukrayna milli rəqsləri xalqımızın digər xalqların milli-mənəvi dəyərlərinə ehtiramını göstərməklə, qonaqların böyük marağına səbəb oldu. 
286 nömrəli tam orta məktəbin direktoru Samir Mehdizadənin rəhbərlik etdiyi Lvov Vilayət Dövlət Departamenti Elm və Təhsil İdarəsinin Təhsil Portalının rəhbəri Olqa Parçevskadan, Ryasne – ruska kənd orta məktəbinin direktoru İqor Xorujiydən ibarət nümayəndə heyəti Bakının Səbayil rayonundakı 162 nömrəli tam orta məktəbin fəaliyyəti ilə tanış oldu. 
Qonaqlar məktəblə tanışlıqdan sonra rus dili müəllimi Aynurə Hacıyevanın “Taras Şevçenko” mövzusunda dərsini dinlədilər. Qeyd edim ki, 162 nömrəli tam orta məktəb hələ 2016-cı ilin mart ayında Lvovda keçirilən elmi-təcrübi konfransda Lvovun 82 nömrəli orta məktəbi ilə əməkdaşlıq müqaviləsi bağlayıb. Məktəbdə həmin konfransı əks etdirən guşə qonaqların marağına səbəb oldu. 
Aynurə Hacıyevanın nümayiş etdirdiyi açıq dərs, əslində Azərbaycan təhsilinin elmi-metodiki-pedaqoji baxımdan inkişafını səciyyələndirən bir model idi. Bununla yanaşı bu dərs Azərbaycan pedaqoji ictimaiyyətinin, müəlliminin, şagirdinin Ukrayna xalqına olan dost münasibətini xarakterizə edirdi. Məktəbin akt zalında Ukraynalı qonaqlar üçün nümayiş olunan konsert proqramını da bu baxımdan səciyyələndirmək mümkündür. Məktəbin direktoru Sevinc Abbasovanın da dediyi kimi, Ukrayna xalqının milli rəqsləri, Ukrayna dilində ifa olunan şeirlər qonaqları nə qədər təsirləndirmişdisə, məktəbin dil-ədəbiyyat müəllimi Səbinə Səmədovanın ifasında “Sarı gəlin” mahnısı, şagirdlərin ifasında Azərbaycanın milli rəqsləri onları bir o qədər heyran etmişdi. 
Böyükağa Mikayıllının rəhbərlik etdiyi Ukraynalı qonaqlardan ibarət nümayəndə heyəti yanvarın 13-də günün ikinci yarısı Bakının Səbayil rayonundakı 6 nömrəli tam orta məktəbdə də oldular. Qonaqları böyük hərarətlə qarşılayan məktəbin direktoru Gülşən xanım təhsil ocağının fəaliyyəti haqqında ətraflı məlumat verdi. Qeyd etdi ki, 6 nömrəli tam orta məktəb Bakının ən böyük və nüfuzlu təhsil ocaqlarından olmaqla, zəngin ənənələrə malikdir. Bu gün bu təhsil ocağı özünün görkəmli məzunları ilə də fəxr edir. 
Gülşən xanım vurğuladı ki, bu gün 6 nömrəli tam orta məktəbdə tətbiq olunan yeniliklər məktəbin müasir tələblər səviyyəsində inkişafına, yeni-yeni nailiyyətlərin qazanılmasına yol açır. 
Konfransa dəvət olunmuş Lvov vilayəti Ryasne – ruska kənd bələdiyyəsinin katibi Xatsko Svyatoslav Xırdalan bələdiyyəsində bələdiyyə sədri Eldar Əhmədovla görüşdü. Ulu öndər Heydər Əliyevin Xırdalanda ucaldılmış abidəsi ziyarət olunandan sonra Ukraynalı qonaq Xırdalan bələdiyyəsinin sədr müavini Mehdi Nəsibovla birlikdə Abşeron rayonu ərazisində görülmüş işlərlə tanış oldu.
Qonaqlara işğal olunmuş torpaqlarımız haqqında ətraflı məlumat verildi
Yanvarın 14-də Bakıda olan Ukraynalı qonaqlar, Təhsil Şurasının sədri professor Əjdər Ağayev və Şuranın üzvlərindən bir qrupu Fəxri Xiyabanda Ulu öndər Heydər Əliyevin, görkəmli oftalmoloq – alim Zərifə xanım Əliyevanın, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş igid oğul və qızlarımızın uyuduğu Şəhidlər Xiyabanını, Ukrayna xalqının böyük şairi Taras Şevçenkonun abidəsini ziyarət etdilər. Qonaqlara torpaqlarımızın ermənlilər tərəfindən işğal olunması, sovet ordusunun 20 yanvar 1990-cı ildə Bakıda törətdiyi vəhşiliklər, ermənilərin Qarabağda törətdikləri soyqırımlar barədə ətraflı məlumat verildi.
Azərbaycan təhsil ictimaiyyətinin Təhsil Şurasının bu layihəsinə yüksək səviyyədə önəm verməsi təqdirəlayiq haldır
Həmin gün Bakının Səbayil rayonundakı 132-134 nömrəli Təhsil Kompleksində öz işinə başlayan “Beynəlxalq təcrübə mübadiləsi təlim keyfiyyətini yüksəldən vasitə kimi” mövzusunda elmi-təcrübi konfransda Ukraynadan olan qonaqlar, respublikamızın hər yerindən qabaqcıl müəllimlər, təhsil işçiləri, eləcə də Azərbaycan Respublikası Təhsil Nazirliyindən, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqları Konfederasiyasından, ali və orta ixtisas təhsili müəssisələrindən nümayəndələr iştirak edirdi. Konfrans Azərbaycanın və Ukraynanın Dövlət Himnlərinin səsləndirilməsi ilə öz işinə başladı. Konfransı giriş sözü ilə açan Azərbaycan Təhsil Şurasının sədri professor Əjdər Ağayev Təhsil Şurasının keçirdiyi beynəlxalq elmi-təcrübi konfransların dinamikasına nəzər saldı. Söylədi ki, Gürcüstanda və Azərbaycanda keçirilmiş təcrübə mübadilələrinə Azərbaycanlı müəllimlərlə yanaşı, gürcüstanlı, ukraynalı müəllimlər də böyük maraq göstərirlər. Məhz bu marağın nəticəsidir ki, bu gün Ukraynanın Lvov Vilayətinin elm və təhsil sahəsinin ali nümayəndələri Azərbaycana təşrif gətiriblər. Əjdər Ağayev vurğuladı ki, müəllimlərin, məktəblərin beynəlxalq təcrübə mübadiləsi layihəsinə qoşulması onların dünya təhsilində gedən prosesləri izləməsinə, öz işlərini müasir dövrün tələbləri səvəyyəsində qurmasına, eləcə də öz təcrübələrini dünya meridianlarına çıxarmasına yardımçıdır. Azərbaycan təhsilində beynəlxalq təcrübə mübadiləsi kimi əhəmiyyətli bir ənənənin yenidən gündəmə gəlməsi çox mühüm bir hadisədir. Əjdər Ağayev vurğuladı ki, Azərbaycan təhsil ictimaiyyətinin Təhsil Şurasının bu layihəsinə yüksək səviyyədə önəm verməsi təqdirəlayiq haldır.
Azərbaycan məktəbləri ilə əlaqələrin qurulmasının təməlində Azərbaycan Təhsil Şurası və onun “Beynəlxalq təcrübə mübadiləsi” layihəsi dayanır.
Lvov Vilayət Dövlət Departamenti Elm və Təhsil İdarəsinin direktoru Lyubomira Mandziy Ukraynada orta təhsil sahəsində həyata keçirilən islahatlardan bəhs etdi. Qeyd etdi ki, Ukrayna təhsilində yeniliklərin tətbiq olunmasına, dünya təcrübəsinin mütərəqqi ənənələrinin öyrənilməsinə böyük ehtiyac var. O, qeyd etdi ki, Azərbaycanın orta ümumtəhsil, ali məktəbləri ilə tanışlıq deməyə əsas verir ki, Azərbaycan təhsilinin öyrənməli işləri çoxdur. O, Lvov məktəblərinin beynəlxalq əlaqələrindən bəhs edərək sevindirici hal kimi vurğuladı ki, bu əlaqələrdə Azərbaycan məktəbləri də önəmli yer tutmağa başlayır. Əlbəttə ki, Azərbaycan məktəbləri ilə əlaqələrin qurulmasının təməlində Azərbaycan Təhsil Şurası və onun “Beynəlxalq təcrübə mübadiləsi” layihəsi dayanır. 
İvan Franko adına Lvov Milli Universitetinin prorektoru, professor Mariya Zubritska Universitetin fəaliyyət istiqamətlərindən, kadr hazırlığının mövcud vəziyyətindən, pedaqoji kadr potensialından, beynəlxalq əlaqələrindən, yeni texnologiyaların tətbiqi imkanlarından bəhs etdi. Azərbaycanın ali təhsil sferasında öyrənilməli çox məqamların olduğunu diqqətə çatdıran Mariya Zubritska əməkdaşlıqdan məmnun olduqlarını, Azərbaycanlıların qonaqpərvərliklərinə heyran qaldıqlarını dilə gətirdi. 
Konfransda çıxış edən Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Xumar Qazıyeva fəaliyyət göstərdiyi təhsil ocağının iş prinsiplərindən, təhsil ocağının müasir dövrdə Azərbaycan təhsilində mövqeyindən, məzunların ali məktəblərə qəbul səviyyəsindən, müəllimlərin elmi-metodiki hazırlığından danışdı. 
Abşeron rayonu Saray qəsəbə 3 nömrəli tam orta məktəbin müəllimi Təranə İsmayılova “Şagirdlərin mənəvi tərbiyəsində tədris filmlərinin əhəmiyyəti” mövzusunda çıxışında bu sahədə öz təcrübəsindən bəhs etdi. 
Konfransda daha sonra çıxış edənlər – Bakı Dövlət Universitetinin professoru, pedaqogika üzrə elmlər doktoru Hikmət Əlizadə, Bakı Musiqi Kollecinin direktoru, pedaqogika üzrə elmlər doktoru, professor Nazim Kazımov, 132-134 nömrəli Təhsil Kompleksinin direktoru Sara Xanlarova, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu Nəzarət Təftiş Komissiyasının sədri Adgözəl Səfərov, veteran təhsil işçisi, Respublikanın əməkdar müəllimi Həqiqə Məmmədova Azərbaycan təhsilinin müasir inkişaf dinamikasından, zəngin təlim-tərbiyə ənənələrindən, pedaqoji-psixoloji elm sahəsində aparılan tədqiqatlardan, musiqiçi kadrların hazırlanması səviyyəsindən, müəllimin cəmiyyətdəki mövqeyindən, Azərbaycanlı gənclərin xaricdə təhsilinin mövcud vəziyyətindən və s. bəhs etdilər. 
“Beynəlxalq təcrübə mübadiləsi” layihəsinin rəhbəri Böyükağa Mikayıllı Təhsil Şurasının həyata keçirdiyi layihənin tarixinə ekskurs edərək vurğuladı ki, Lvov şəhərinin 82, 69, 21 nömrəli, Vilayətin Striy şəhər 10 nömrəli, Mörşin şəhər təhsil şöbəsi ilə yanaşı bu gün Türkü, Mostiska rayonlarının, eləcə də Ryasne – ruska məktəbinin, Azərbaycandan isə 162, 286, 164 nömrəli tam orta məktəblər, Kürdəmir rayon Təhsil Şöbəsi ilə yanaşı, 179, 239, 144 nömrəli tam orta məktəblərin də layihəyə qoşulması “Beynəlxalq təcrübə mübadiləsi” layihəsinin dairəsinin genişlənməsinə, nüfuz qazanmasına dəlalət edir. 
Konfransın gedişində Bakının Səbayil rayonundakı 162 nömrəli tam orta məktəblə Lvov vilayəti Mostiska şəhər təhsil şöbəsi, 239 nömrəli tam orta məktəb və Binəqədi rayonu 144 nömrəli tam orta məktəblə Turku rayon Təhsil Şöbəsi, Binəqədi rayon 179 nömrəli tam orta məktəblə Ryasne-ruska kənd orta məktəbləri arasında əməkdaşlıq müqaviləsi imzalandı. Nəzərdə tutuldu ki, gələcəkdə Beynəlxalq təcrübə mübadiləsi layihəsinə digər ölkələrin də təhsil ocaqları, müəllimləri cəlb edilsin. 
Konfransdan sonra Bakı Musiqi Kollecinin tələbələrinin, eləcə də məktəblilərin ifasında konsert proqramı nümayiş olundu, iştirakçılara sertifikatlar təqdim edildi. Digər ölkələrin də Beynəlxalq təcrübə mübadiləsi layihəsinə qoşulması istiqamətində təşkilati işlərin aparılması nəzərdə tutuldu. 
Böyükağa MİKAYILLI, 
“Təhsil və zaman” qəzetinin redaktoru


No comments:

Post a Comment