3.08.2017

Təlim və tərbiyənin vəhdətində

Region məktəbləri ilə tanışlıqTəlim və tərbiyənin vəhdətində

“Təhsil və zaman” qəzetinin 03.03.2017-ci il tarixli sayında dərc olunan bu yazı Mingəçevir şəhər 1 nömrəli tam orta məktəbin fəaliyyətindən bəhs edir.
Mingəçevirin təhsil ocaqları ilə tanışlığım çərçivəsində qonağı olduğum 1 nömrəli tam orta məktəb özünəməxsus fəaliyyət prinsipləri, strateji məqsədləri ilə diqqətimi cəlb etdi. Mənim üçün ilk maraqlı və əhəmiyyətli məqam - təhsil ocağının maddi – texniki bazasının hansı səviyyədə olduğu sualıma məktəbin direktoru Aynur Rəsulovanın cavabı diqqətçəkən oldu: - Bu gün Mingəçevir şəhər 1 nömrəli tam orta məktəbin maddi – texniki bazası müasir dövrün tələblərinə tam cavab verməklə tədrisin yüksək səviyyədə təşkili üçün nizamlanmışdır. Aynur Rəsulovanın məktəbin maddi – texniki bazasından həvəslə bəhs etməsinin səbəbini isə bir qədər sonra
öyrənəcəkdim. Öyrənəcəkdim ki, 1 nömrəli tam orta məktəb uzun illər zəif maddi – texniki bazadan əziyyət çəkib. Şəhər İcra Hakimiyyəti başçısının təşəbbüsü, Azərbaycan Respublikası Nazirlər Kabinetinin mavafiq qərarı ilə əsaslı şəkildə təmir edilərək 2016 – cı ildə istifadəyə tam təhvil verilən 1 nömrəli tam orta məktəbin kollektivi, əslində hər zaman olduğu kimi bu gün də ən yüksək arzular – Aynur Rəsulovanın söylədiyi kimi – birincilər sırasında olmaq arzusu ilə fəaliyyət göstərir. Çətinliklərə baxmayaraq onlar həmişə yüksək nəticələrə çalışmış və buna nail olmuşlar. Yəni 1 nömrəli tam orta məktəbin uzun illər təmirsiz fəaliyyət göstərməsi, bazanın zəifliyi onları yaxşı işləməkdən çəkindirməyib, əldə olunan nailiyyətlər baxımından heç də geri qalmayıblar. Aynur Rəsulova bunu həm də çoxillik zəngin pedaqoji təcrübəyə malik olan pedaqoji kollektiv üzvləri ilə, işgüzarlıq və məsuliyyət hissi, nizam – intizama hər kəs tərəfindən eyni dərəcədə əməl olunması ilə əlaqələndirir. Qeyd edir ki, məktəbin qabaqcıl müəllimləri əldə olunan nailiyyətlərin təməlini təşkil etməklə şagird uğurlarına, bununla da məktəbin ad – san qazanmasına yol açırlar. O, məktəbin ən yaxşı müəllimlərinin sırasında fizika müəllimi Təranə Qasımovanın, kimya müəllimi Elnarə Həsənovanın, riyaziyyat müəllimi Oruc Əhmədovun, Emilya Süleymanovanın, Azərbaycan dili müəllimləri Könül Hüseynovanın, Rəna Məmmədovanın, tarix müəllimi Füzuli Əhmədovun adlarını çəkir.
Aynur Rəsulova ilə birlikdə məktəbin sinif otaqlarını, dəhlizləri və laboratoriyaları gəzib əsaslı təmirdən sonrakı vəziyyətlə tanış oluruq. Diqqətimi ilk cəlb edən məqamlardan biri əyani vəsaitlərlə zənginləşdirilmiş kimya, biologiya, fizika kabinetləri və laboratoriyaları oldu. Adı çəkilən fənlərin tədrisinin əyanilik əsasında qurulmasında böyük imkanlar yaradacaq bu vəsaitlər müəllimlər tərəfindən də razılıq və maraqla qarşılanıb. Şübhə yoxdur ki, əyaniliyin təmin olunmasında əhəmiyyətli dərəcədə rol oynayacaq bu vəsaitlər şagirdlərin təlimə marağının artmasında, təlim keyfiyyətinin yüksəldilməsində, nəticə etibarilə şagird nailiyyətlərinin artmasında əsaslı rol oynayacaqdır. Aynur Rəsulova vurğulayır ki, qeyd olunan zəngin əyani vəsaitlər açıq dərslərin də nümunəvi şəkildə həyata keçirilməsinə yüksək səviyyədə imkan yaradır. Məktəbdə açıq dərslərin təşkili sistemili hal almışdır. Müəllimlərin elmi – metodiki hazırlıqlarının meydana qoyulması, eləcə də gənc müəllimlərin metodiki hazırlıqlarının yüksəldilmısində mühüm əhəmiyyət daşıyan nümunə dərsləri Aynur Rəsulovanın da qeyd etdiyi kimi, məktəbdə bir növ “Metodiki dərslər”, yaxud “Məktəbaxili təlimlər” xarakterini almışdır. Bu məqamda bir məsələyə toxunmaq istərdim. Məktəbdə hər həftənin şənbə günləri “Metodiki gün” kimi elan olunub. Həmin gün müəllimlər məktəbə gələrək fikir mübadiləsi aparır, təcrübələrini bölüşür, bir-birilərinə elmi-metodiki baxımdan köməklik göstərirlər. Bu da nəticə etibarilə təlim keyfiyyətinin yüksəlməsinə yol açır. 
Aynur Rəsulova müəllimlərin müxtəlif məzmunlu təlimlərdən də böyük həvəslə keçdiklərini diqqətə çatdırır. Əlbəttə ki, müəllimlərin metodiki hazırlıq səviyyəsinin yüksəldilməsi, təhsildəki yenilikləri öyrənməsi, texnologiyalardan istifadə imkanlarının təkmilləşdirilməsi baxımından bu, müstəsnadır. 1 nömrəli məktəbin müəllimləri də bu amilə xüsusi önəm verərək innovativ təlimlərə qatılmaqla, yenilikəri öyrənib tədris prosesinə tətbiq etməyi özlərinin fəaliyyət amallarına çeviriblər. Elə bunun nəticəsidir ki, məktəbin yeni texnoloji tədris avadanlıqlarından səmərəli şəkilədə istifadə olunmaqdadır. Məktəbin “Promethean” lövhələri müəllimlərin tədris prosesinə böyük maraqla tətbiq etdiyi avadanlıqlardandır. Aynur Rəsulova qeyd edir ki, “Promethean” şagird və müəllimlərin təlimə marağını artırmaqla bərabər, təlim keyfiyyətinin təmin olunmasında da əsasdır. 
Aynur Rəsulova söyləyir ki, təmir işləri başa çatdıqdan, məktəb müasir tədris avadanlıqları ilə təmin olunduqdan sonra xüsusən yaxın ərazidə yaşayan valideynlərin məktəbə marağı artıb. Bu da təsadüfü deyil. 1964 – cü ildən istifadəyə verilən 1 nömrəli tam orta məktəbin 1073 yerlik şagird tutumu var. Baza möhkəmləndirildikdən sonra məktəb elə bu qədər də şagird qəbul etmək iqtidarındadır. Əlbəttə ki, yüksək elmi – intellektiual potensiala malik pedaqoji kollektiv də valideynlərin diqqətini cəlb edən əsas amillər sırasındadır. Biz yazının əvvəlində məktəbin ən yaxşı müəllimlərindən bir neçəsinin adını çəkdik. Əminliklə söyləmək olar ki, məktəbin əldə etdiyi nailiyyətlər o zaman tam mənası və mahiyyəti ilə diqqət mərkəzində dayanır ki, pedaqoji kollektiv tədrislə bərabər, mənəvi tərbiyə məsələlərinə də önəm verir. Aynur Rəsulovanın dediyi ki, əgər biz zamanın nəbzini tutmağı bacaran gənclik yetişdirməyi qarşımıza məqsəd kimi qoymuşuqsa, hərtərəfli vətəndaş hazırlığına nail olmalıyıq. Bu günün hərtərəfli hazırlığa malik gənci öz ana dili ilə bərabər xarici dilləri, müasir informasiya texnologiyalarını, dünyada baş verən elmi – intellektual prosesləri izləyə, hadisələrə özünün fəal vətəndaşlıq mövqeyi olan gəncdir. Bu günün müəllimi öz peşəkarlığı, intellektual hazırlığı ilə gənclərin qeyd olunan mənəvi, intellektual səviyyədə hazırlığına nail olmağı bacarmalıdır. Odur ki, müəllimin özünün də zamanın tələbləri səviyyəsində intellektual hazırlığa malik olması müasir dövrün qarşıda qoyduğu tələblərdəndir. Ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə həyata keçirilməkdə olan “Təhsil sahəsinin İnkişafı üzrə Dövlət Strategiyası” da müəllimin qarşısında çox mühüm vəzifələr qoyur. 1 nömrəli tam orta məktəbin müəllimləri öz işini məhz dövlətin irəli sürdüyü tələblər əsasında reallışdırmaqla böyük nailiyyətlərə imza atmaqdadırlar.
Aynur Rəsulova vurğulayır ki, 1 nömrəli tam orta məktəbin şagirdləri həmişə öz nailiyyətləri ilə seçilməklə Mingəçevir təhsilində layiqli yer tutublar. Bu nailiyyətlərin bəzilərinə nəzər salaq: Gülnar Tağıyeva Respublika şeir müsabiqəsində 1 – ci yerə layiq görülüb. Məktəbin 6 şagirdi bu dərs ilində fənn olimpiadalarının zona turuna vəsiqə qazanıb. 10-cu sinif şagirdi Ülkər Fərzəliyeva zona mərhələsində Azərbaycan dili fənni üzrə 80 faiz nəticə ilə iştirak hüququ əldə edib. Aynur Rəsulova vurğulayır ki, bu ilin məzunlarından daha böyük nailiyyətlər gözləyirlər. Sınaq imtahanlarının nəticələri də bunu deməyə əsas verir. 
Aynur Rəsulova söyləyir ki, məktəbdə şagirdlərin vətənin layiqli vətəndaşı, müstəqil düşüncəli şəxsiyyət kimi formalaşması pedaqoji kollektivin qarşısında dayanan ən mühüm məsələlərdəndir. Şagird özünüidarə orqanlarının yaradılması da bu məqsədə xidmət edir. Şagird özünüidarə orqanı kimi fəaliyyət göstərən şagird parlamentinin məktəbdə dörd fəaliyyət istiqaməti müəyyənləşdirilmişdir. Bu istiqamətlərin hər biri şagirdlərin həyati bacarıqlarının, cəmiyyətdə özlərinə layiqli mövqe qazanmalarının, bir sözlə şəxsiyyət kimi yetişmələrinin möhkəm təməllərinin qoyulması kimi mühüm məsələlərə yönəldilmişdir. Qeyd edək ki, 2016 – cı ilin 21 dekabrı məktəbdə “Şagird özünüidarəetmə günü” kimi təsis edilmişdir. Məktəbdə fəaliyyət göstərən “Kiçik Akademiya” isə şagirdlərin elmi təfəkkürünün formalaşmasına, elmin onların düşüncəsində fundamental mövqe qazanmasına yönəldilmişdir. Məktəbdə istedadlı şagirdlərlə işin təşkili, şagird elmi tədqiqat işlərinin aparılması, Şagird Elmi Cəmiyyətinin fəaliyyətinin nizamlanması və digər işlər Kiçik Akademiyanın fəaliyyət istiqamətlərini təşkil etməklə, şagirdlərin gələcək elmi fəaliyyətə stimullaşmasına yol açır. Aynur Rəsulovanın sözlərinə görə hazırda Şagird Elmi Cəmiyyətində şagirdlərin elmi – tədqiqat işləri davam edir. 28 May – Respublika Günü ərəfəsində məktəbdə elmi işlərin müdafiəsi təşkil olunacaq. Ən maraqlı işlərin sahibi rəğbətləndiriləcək. 
Məktəbin fəaliyyəti ilə tanışlıqdan belə bir qənaət hasil etmək mümkündür ki, pedaqoji kollektiv uğurlar əldə etməyin yolunun təlim və tərbiyənin vəhdətindən keçdiyini anlayır, pedaqoji prosesi bu prinsiplər üzərində qurmaqla, onun tamlığına nail olmağa çalışırlar.
Böyükağa MİKAYILLI


No comments:

Post a Comment