11.14.2016

Lənkəran təhsilinin ənənələrinə sadiqik

Region məktəbləri ilə tanışlıq

“Region məktəbləri ilə tanışlıq” layihəsi çərçivəsində qonağı olduğum növbəti məktəb – Lənkəran rayon Şürük kənd tam ota məktəbində qarşılaşdığım ilk diqqətçəkən məqam məktəb rəhbərliyinin söhbətə təhsil ocağının tarixi, görkəmli məzunları ilə bağlı maraqlı faktlarla başlaması oldu. Məktəbin direktoru Namiq Bağırov söyləyir ki, Şürük məktəbi Lənkəran təhsilində öz dəsti-xətti, bu dəsti-xətti yaradan nailiyyətləri, bu nailiyyətləri məktəbə qazandıran müəllimləri, keçmiş məzunları, nəhayət bugünkü məzunları ilə seçilirlər. Təhsil ocağının məzunlarından Məhəbbət Həşimov texnika elmləri doktoru, professor, Talverdi Əzizov fizika-riyaziyyat elmləri doktoru, professor, Xaqani Abdullayev tibb elmləri namizədi, Vüqar Əliyev və Mirqasım Vahabov iqtisadiyyat üzrə fəlsəfə doktoru, Sabir Zeynalov kimya üzrə fəlsəfə doktoru, Cəlal Əliyev və Yusif Əliyev kənd təsərrüfatı üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışlar. Şahin Zeynalov isə Respublikanın əməkdar jurnalisti fəxri adına layiq görülmüşdür. Azərbaycan Milli ordusunda xidmət keçmiş general-mayor Zaur Rzayev, Gömrük xidməti generalı Mirqasım Vahabov da bu təhsil ocağının yetirməsidir. Göründüyü kimi, Şükür məktəbi generallar yurdu olan Lənkəranın bu istisna ənənəsinə də öz töhfəsini verməyi bacarmışdır. Məktəbin məzunları torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə də Vətən sevgisinə sadiq qalmışlar. Ağakərim Yunusov 1992 – ci ildə, Əkbər Nəsirov isə 1993-cü ildə Qarabağın erməni qəsbkarlarından azad olunması uğrunda gedən döyüçlərdə şəhidlik zirvəsinə yüksəlmişlər. 

Azərbaycan Kooperasiya Universitetində görkəmli alimlə görüş keçirildi

13 oktyabr 2016-cı il tarixində Azərbaycan Kooperasiya Universitetində universitet rəhbərliyinin və Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə "Təhsilimizin dünəni, bu günü və sabahı" mövzusunda Təhsil Şurasının sədri, professor Əjdər Ağayevlə gənclərin görüşü keçirilmişdir.

Görüşdə, giriş sözü ilə çıxış edən Azərbaycan Kooperasiya Universitetinin Tərbiyə işləri və beynəlxalq əlaqələr üzrə prorektoru, professor Abdulla İsayev bildirdi ki, Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin zəngin nəzəri irsində və möhtəşəm fəaliyyətində təhsil məsələləri xüsusi yer tutur. Ulu öndərimiz ölkənin və xalqın taleyində, hərtərəfli tərəqqisində, uğurlar qazanmasında təhsilin xüsusi rolunu, əhəmiyyətini həmişə nəzərə almış, yüksək dəyərləndirmişdir. Azərbaycanın təhsil səhəsində keçdiyi yolu təhlil edərkən,  öncə təhsilimizin tarixinə nəzər salmalıyıq. Tarixi yaddaş isə onu deməyə əsas verir ki, Azərbaycan təhsilinin yüksək sürətlə inkişafı məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər 1969-cu ildə ilk hakimiyyətə gəldiyi dövrdən Azərbaycanda orta və ali təhsilin yüksək səviyyədə inkişafı, o cümlədən, ölkədən kənarda kadr hazırlığı başlandı.

Arzuların reallaşması üçün...


Bu günlərdə Bakının Nərimanov rayonundakı 177 nömrəli tam orta məktəbdə Şagird Fəaliyyət Komitəsinin (ŞFK) prezident seçkisi ilə əlaqədar toplantı keçirildi. Toplantıda pedaqoji elmər doktoru, Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, professor Vidadi Xəlilov, Azərbaycan Təhsil Şurasının mətbuat və ictimaiyyətlə əlaqə mərkəzinin rəhbəri, “Təhsil və zaman” qəzetinin redaktoru Böyükağa Mikayıllı, məktəbin direktoru Günel Xanlarova, direktor müavini Afilə Cəfərova, təşkilatçı-müavin Arzu Süleymanova, məktəbin müəllimləri, eləcə də şagirdlər iştirak edirdilər.
Toplantını açıq elan edən Afilə Cəfərova söylədi ki, məktəbin Şagird Fəaliyyət Komitəsinin yaradılması təşəbbüsü 2013-cü ildə onun tərəfindən irəli sürülmüş və təhsil ocağının o vaxtkı direktoru, tanınmış məktəbşünas, Respublikanın əməkdar müəllimi Həqiqə Məmmədova tərəfindən dəstəklənərək fəaliyyətə başlamışdır. ŞFK aylıq fəaliyyət planı əsasında fəaliyyət göstərir. Burada məktəbin ən fəal şagirdləri təmsil olunmaqla maraqlı işlərə imza atılır. ŞFK-nın nəzdində fəaliyyət göstərən klubların hər birinin özlərinəməxsus fəaliyyət istiqamətləri olur. Onlar zəif oxuyan şagirdləri himayəyə götürür, ayrı-ayrı tədbirlərin təşkilində iştirak edir, məktəbin ictimai həyatına fəal şəkildə qoşulurlar. Afilə Cəfərova qeyd etdi ki, şagirdlərin ŞFK ətrafında fəal şəkildə birləşmələri, ümumilikdə onların elmə marağının artmasında, ictimai fəallıqlarının yüksəlməsində müstəsna rol oynayır.

11.13.2016

Yeniliklər axtarışında

HƏDƏFİMİZ ƏN YAXŞI MÜƏLLİMLƏRİ CƏMİYYƏTƏ TƏQDİM ETMƏKDİR...
"Təhsil və zaman" qəzeti, 10.11.2016.

Bu yazı Şirvan şəhər 4 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi Əli Bəşirlinin iş təcrübəsindən bəhs edir.

O, bütün dərs boyu hərəkətdə idi. Əslində idman dərsində müəllimin hərəkətdə olması gözləniləndir. Amma Əli Bəşirlinin hərəkətlərini sanki bir daxili nizamlayıcı qüvvə idarə edirdi. Hər bir hərəkət ürəklə idarə olunur, ürəkdən doğan bir istək kimi meydana çıxrdı. Ona görə də dərsin dinamik, canlı alınmasına imkan yaranırdı. Müəllimin hərəkətliliyi təbii olaraq şagirdlərinə də sirayət etmiş, hər kəs dərsin ümumi ahənginə qoşulmuşdu. Məlum olduğu kimi dərs prosesində müəllimin nail ola biləcəyi ən böyük uğurlardan biri sinfin bütünlüklə problem ətrafında müzakirəyə cəlb olunması, hər bir şagirdin fəallığının təmin edilməsidir. Bu, əlbəttə ki, idman dərsləri üçün də istisna deyildir. O, şagirdlərinin hər birini “Estafet texnikasının təkmillləşdirilməsi, sürətin inkişaf etdirilməsi” mövzusu ətrafında cəm etməklə, hərəkətin, dinamikanın, sürətin vəhdətindən yaranan bir mühit meydana qoya bilmişdi. Başlıca məqsəd sürət qabiliyyətinin inkişaf etdirilməsi idi. Mən Əli Bəşirlinin yetirmələrində müşahidə etdiyim ən önəmli cəhətin onların tapşırıqları böyük ruh yüksəkliyi və fiziki cəldliklə yerinə yetirmələri idi. O, mənim fikrimcə, dərs apardığı səkkizincilərə zaman-zaman bu hissi aşılaya bilmişdi: hər bir iş ürəklə, ruhla, zövqlə icra olunmalı, yüksək nəticələrin əldə olunmasına qəlbən inanılmalıdır. Hər bir insan gördüyü işi, qarşısına qoyulan tapşırığı icra edərkən, əslində özünün daxili aləmini, dünyagörüşünü, həyata baxışlarını meydana qoyur. Ruh nə qədər sağlamdırsa, icra olunan iş və onun nəticələri də sağlam, səmərəli və əhəmiyyətli olacaqdır. Buna şübhə ola
bilməz. Əli müəllimin şagirdlərinin də qarşıya qoyulan tapşırığın icrasına ruhən bağlılqları hiss olunurdu. Məndə belə bir qənaət hasil olurdu ki, belə ruhi və fiziki hazırlıq bu yeniyetmələrin həyatının aparıcı istiqamətinə çevrilmişdir. Onlar digər dərslərinə də yanaşmalarında bu ruhi, mənəvi və fiziki hazırlıq əsas rol oynaya bilər. Elə insanın şəxsiyyət kimi formalaşmasının da əsasında dayanan ən mühüm amil bu deyilmi? Əgər biz cəmiyyət üçün layiqli şəxsiyyət yetişdirmək istəyiriksə, onun şəxsi mənəvi keyfiyyətlərinin məhz bu üç komponentlə - sağlam ruhla, mənəviyyatla və fiziki hazırlıqla bütövləşməsinə nail olmalıyıq. 

“Əli və Nino” filmi haqqında düşüncələr

"Təhsil Və Zaman" qəzeti 10.11.2016.

Mənim valideynlərim qapalı məkanda böyüyüblər. Yəni qapalı ölkədə. Öz yaxın tarixlərini belə doğru-düzgün öyrənmək imkanları olmayıb. Oxuduqları tarix kitablarında II Qızıl ordu xilaskar, yaşadıqları küçə Şaumyan adlanıb. Taxdıqları pioner qalstuku olub. Hətta ulu nənəm danışanda ki, ermənilər bolşeviklərlə birlikdə Bakının mərkəzində Azərbaycanlıları məscidə toplayıb yandırmışdılar və o, təsadüf nəticəsində sağ qalmışdı, buna da inanmaqları gəlməmişdi. “Yəni bu qədər kitab, qazet, bədii əsərlər yalan danışır? Nənə yaşlıdır, yəgin nəyisə qarışdırır.” – deyə düşünmüşdülər. Əli və Nino romanı dünya dillərinə tərcümə edilib (33 dildə), dönə-dönə nəşr ediləndə əslində tarixini əks etdirdiyi ölkənin insanlarının ondan xəbəri olmayıb. 
Mən Qarabağ uğrunda müharibənin ən qızğın dövründə dünyaya göz açmışam. 1994-cü ildə. Elə həmin il babam, nənəm doğma el-obalarından didərgin salınmışdılar. Valideynlərimin uşaqlıqda ağıllarına belə gətirmədikləri, mənim körpə ikən başıma gəlmişdi. Uşaqlığım babam, nənəm kimi minlərlə didərgin düşmüş azərbaycanlıların qırılmış arzularına, küskün gözlərinə, ümidsiz baxışlarına şahid olmağa məhkum idi.

“Birinci sinifdən proqramlaşdırmanın tədrisi” layihəsi təqdim olundu



Oktyabrın 29-da Bakıdakı 32 nömrəli tam orta məktəbdə Gənclərin Elmi Araşdırmalarına Dəstək İctimai (GEAD) Birliyinin Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə 2016-2017-ci tədris ilində Bakı şəhərinin beş məktəbində həyata keçirməyə başladığı “Birinci sinifdən proqramlaşdırmanın tədrisi” layihəsi ictimaiyyətə təqdim olundu. Təqdimat mərasimində GEAD-ın, digər Qeyri – Hökümət Təşkilatlarının, təhsil sahəsi üzrə mütəxəssislər, Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi, məktəb direktorları, layihənin iştirakçıları, müəllimlər, şagirdlər, valideynlər iştirak edirdilər. 
Təqdimat mərasimində layihənin ideya müəllifi və rəhbəri Abdulla Qəhrəmanov layihə haqqında ətraflı məlumat verdi. Təhsil nazirliyinə, GEAD təşkilatına və Bakı şəhəri üzrə Təhsil İdarəsinə layihənin pilot şəklində tətbiqinə dəstək verdikləri üçün minnətdarlığını bildirdi. Qeyd etdi ki, layihə çərçivəsində yaşı 5-dən yuxarı uşaqlara sadə formada proqramlaşdırmanın əsasları tədris edilməyə başlanacaq. Aşağı yaşlı uşaqlar əvvəlcə SCRATCHjr, daha sonra isə SCRATCH 2.0 proqramlaşdırma dillərini öyrənəcəklər. İbtidai sinfi bitirdikdən sonra isə onlara RYTHON proqramlaşdırma dili öyrədiləcək. 

Zəngin ideyaların meydanı

"Təhsil Və Zaman" qəzeti, 10.11.2016.
Bu yazı Şirvan şəhərindəki 21 nömrəli tam orta məktəbin fəaliyyətinə həsr olunur.
Şirvan şəhərindəki 21 nömrəli tam orta məktəbdə bir neçə dəfə olmuş, məktəbin direktoru, təcrübəli məktəbşünas Səadət Quliyeva ilə rəhbərlik etdiyi təhsil ocağının fəaliyyəti, əldə etdiyi uğurlarla bağlı söhbətlər etmişdik. Maraqlıdır ki, onunla hər bir görüşümüz sonradan məktəbdə həyata keçirəcəyimiz hər hansısa bir tədbirin planlaşdırılması ilə sonuclanmışdır. İlk görüşümüz Təhsil Şurasının Şirvan şəhərindəki 9 nömrəli tam orta məktəbdə keçirdiyi “Təlim keyfiyyətinin yüksəldilməsi imkanları” mövzusunda respublika elmi-təcrübi konfransında reallaşmışdı. Hələ o zaman qərara almışdıq ki, Təhsil Şurasının həyata keçirdiyi təlimlərdə 21 nömrəli tam orta məktəbin kollektivi bütünlüklə iştirak etsin. Bir müddət sonra biz bu layihəni həmin məktəbdə reallaşdırdıq. Səadət Quliyeva ilə növbəti görüşümüz Təhsil Şurasının Bakıda Amerika Birləşmiş Ştatlarının Qarabağ Fondu ilə birgə keçirdiyi “Qarabağ həqiqətlərinin böyüyən nəslə çatdırılmasının elmi-metodiki məsələləri” mövzusunda beynəlxalq konfransda oldu. Oradakı söhbətimizdə qərara aldıq ki, 21 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Təranə Səmədzadənin iş təcrübəsi Təhsil Şurası tərəfindən öyrənilərək Respublikaya yayılsın. Qısa müddət ərzində bu layihəni də reallaşdırdıq.
Müşahidələrim məndə belə bir qənaət hasil edib ki, Səadət Quliyevanın pedaqoji fəaliyyətinin əsasında rəhbərlik etdiyi kollektivin elmi-metoki hazırlıq səviyyəsinin yüksəldilməsi, innovasiyaların, mütərəqqi ideyaların məktəbdə özünə təməl qazanması, kollektivin mənəvi ab-havasının daim yüksək səviyyədə saxlanılması, yaxşı işə, qabaqcıllığa daim meydan verilməsi ön planda dayanmışdır. İndi nəzər salacağımız nailiyyətlər də məhz bu mühitin, bu yanaşmanın nəticəsi kimi dəyərləndirilə bilər.