Təhsil Və Zaman qəzeti 07.01.17
Onunla Bakının
32 nömrəli tam orta məktəbində keçirilən – “Birinci sinifdən proqramlaşdırmanın
tədrisi” layihəsinin pedaqoji ictimaiyyətə təqdimatında rastlaşdıq. Birinci
sinifdə oxuyan yaşıdları ilə yanaşı əyləşib planşetdə verilən tapşırığı icra
etməklə məşğul idi. İlk baxışdan o, heç nə ilə fərqlənmirdi. Amma diqqət
yetirdikdə Aftandilin tapşırıqları daha operativ icra etdiyinin, nəzərdə
tutulan nəticələrə daha optimal yollarla çatmaq bacarığını müşahidə etdim.
Barmaqlarını cəld hərəkətlərlə planşet üzərində hərəkət etdirməklə bu balaca
oğlan sanki, böyük bir problemin üzərində düşünür, çevik, qəti qərar qəbul
edir, nəticə əldə etdikdə üzündə azacıq razılıq əlaməti hiss olunurdu. Mən onun
baxışlarından dünyanın sirlərindən agah olmaq istəyini aydınca duyurdum.





