7.05.2015

Gələcəyin Mübarizləri

 Əzəmət Quliyeva, 230 nömrəli tam orta məktəbin dil-ədəbiyyat müəllimi

Şəhid Fuad Fərhadoğlunun adını daşıyan məktəbimiz vətənpərvərlik mövzusunda keçirdiyi tədbirlərdə daim fərqlənmişdir. 20 Yanvar şəhidi Fuad Fərhadoğluna həsr olunmuş silsilə tədbirlərə artıq neçə ildir ki, vətənimizin qəhrəman oğlu Mübariz İbrahimov haqqında keçirilən tədbirlər də daxil edilmişdir. Tərtərdə göstərdiyi misilsiz qəhrəmanlıq bütün azərbaycanlılar kimi məktəbimizdə təhsil alan şagirdlərin və müəllim kollektivinin də qəlbini riqqətə gətirdi.

7.04.2015

Məktəbin siması onun müəllimləri ilə müəyyənləşir

Hər bir təhsil ocağının  siması, mənəvi mühiti orada çalışan müəllimlərin hansı peşəkarlıq,
intellektual, pedaqoji-psixoloji  hazırlıq səviyyəsinə malik olması ilə ölçülür. Doğrudur, müəllim çalışacağı təhsil müəssisəsinə bu cəhətdən hazırlıqlı gəlməlidir. Amma məktəbin mühiti onun bir müəllim olaraq formalaşması üçün başlıca amildir. 230 nömrəli tam orta məktəbin müəllimlərini gənc, orta, yaşlı nəsil kateqoriyalarına ayırmaq olar. Məktəbin fəaliyyəti ilə tanışlıq çərçivəsində bu kateqiriyadan olan müəllimlərin hər birinin dərsini izləmək imkanı qazandım. Əslində bu kateqoriyaları özüm üçün ona görə müəyyənləşdirmişdim ki, məktəbin fəaliyyətini fəal təlim texnologiyalarının, informasiya-kommunikasiya vasitələrinin, gənc nəslin tərbiyəsi məsələlərinə yanaşma tərzinin necəliyini özüm üçün aydınlaşdırım. Öncə onu deyim ki, məktəbin İKT ilə təchizatı normal səviyyədədir. Fizika, kimya, biologiya  fənn kabinetləri əyani texniki vəsaitlərlə təchiz olunmaqla, tədrisin əyanilik üzərində qurulmasına imkan yaradır. Bu da nəticə etibarilə təlim keyfiyyətinin yüksəldilməsinə yol açır. Şagird nailiyyətlərinin sırası genişlənir.
Məktəb rəhbərliyinin pedaqoji kollektivin qarşısına qoyduğu tapşırıqlar, sözsüz ki, təlim keyfiyyətinin, bununla bərabər böyüyən nəslin mənəvi, əxlaqi tərbiyəsi səviyyəsinin yüksəldilməsidir. Əslində bu vəzifə dövlətin müəllim qarşısında qoyduğu vəzifədir. 230 nömrəli tam orta məktədə bu vəzifənin ağırlığını ləyaqətlə daşımaq fəaliyyət, iş prinspinə çevrilmişdir. İştirak etdiyim dərslərdə də bunu müşahidə etmək mümkün idi.

 Mübariz ruhlu gənclər yetişdirmək əzmi

İbtidai sinif müəllifi Sevinc Səfərova təhsil ocağının qabaqcıl müəllimlərindəndir. Bu il ikinci sinifdə dərs aparan Sevinc müəllim yetirmələrinin mənəvi tərbiyəsinə önəm verməklə, onların vətən üçün layiqli vətəndaş kimi yetişmələrini qarşısına başlıca amal kimi qoymuşdur. Elə şagirdlərinin də simasından bunu oxumaq mümkün idi Sevinc müəllimin. Sevinc müəllim dərs prosesində informasiya – kommunikasiya texnologiyalarının tətbiqinə üztünlük verir. İKT-ni tədrisə tətbiq etməklə maraqlı təlim mühiti yaratmağa, şagirdlərinin diqqətini cəlb etməyə, onların tədrisə marağını artırmağa nail olur. Sevinc Səfərovanın dərs ilinin sonunda təşkil etdiyi “Hər birimiz bir çiçək” adlı kompozisiyada da şagirdləri maraqlı çıxışları ilə məktəbin pedaqoji kollektivinin və şagirdlərin rəğbətini qazandılar. Onlar məktəbin səhnəsində həvalə olunmuş rolları məharətlə ifa etməklə alqışlarla qarşılandılar. Qeyd edim ki, Sevinc Səfərova ibtidai siniflər üzrə fənn kafedrasının rəhbəridir.
Əfsanə Rəhimova ibtidai sinif müəllimidir. Bu il 4-cülərini yola salan Əfsanə müəllim riyaziyyat dərsində sinfi “Lütfüzadə”, “Tusi”, “Arximed”, “Pifaqor” olmaqla dörd qrupa bölmüşdü. O, qeyd edir ki, mövzunun verdiyi imkanlardan istifadə etməklə fəal təlim texnologiyalarını tətbiq etmək  fəaliyyətinin əsas istiqamətini təşkil edir. Bu, hiss olunurdu. Əfsanə müəllim sinfin bütün şagirdlərini qoyulmuş sual ətrafında fəal çalışmağa, öz fikirlərini sərbəst ifadə etməyə, məntiqli cavablar verməyə çalışır və buna nail olurdular.    
Günel Hacızadənin ikincilərlə apardığı “Həyat bilgisi” fənnindən “Hüquqlarımızı bilək” mövzusunda dərs maraqlı məqamlarla yadda qaldı. Şagirdlər hüquqlarını kimin daha yaxşı bilməsi uğrunda sanki yarışa girmişdilər. Müəllim mövzunun imkanlarından istifadə etməklə irəli sürdüyü suallarda uşaqların öz hüquqlarını onlara aşılamaqla bərabər başqalarının hüquqlarını da qorumağı, başqalarının hüquqlarına hörmətlə yanaşmağı, xeyirxah olmağı tövsiyyə edirdi. Şagirdlər fikirlərini sərbəst ifadə edir, problemin aradan qaldırılması istiqamətində müstəqil fikir irəli sürürdülər. Bunun nəticəsi olaraq sonda sinfin kollektiv işinin bəhrəsi kimi “Hüquqlarımızı tanıyaq” adlı divar qəzeti meydana gətirdilər.  
 

Nigar Bədəlova 3-cü “d” sinfində riyaziyyat dərsində sagirdləri sərbəst olaraq məsələlər qurmağa istiqamətləndirmişdi. Şagirdlər sərbəst məsələlər qurur, müstəqil olaraq məntiqli riyazi fikirlər irəli sürürdülər. Müəllim şagirdləri yazı lövhəsinə dəvət etdi. Hər qrupdan bir nəfərin dəvət olunduğu yazı lövhəsi qarşısında yarış təşkil olundu. Hər kəs öz biliyini nümayiş etdirməyə, qələbə əldə etməyə çalışırdı. Nigar Bədəlova da məktəbin mübariz ruhlu gənclər yetişdirmək əzmində olan müəllimlərindəndir.
Mehdi Talıbov məktəbin qabaqcıl riyaziyyat müəllimlərindəndir. Fəal təlim texnologiyalarını tədris prosesinə məharətlə tətbiq edən Mehdi müəllimin ənənə ilə müasirliyin vəhdətində qurduğu dərslər maraqlı cəhətləri ilə seçilir. O, hər bir şagirdinə fərdi yanaşmaqla, mənimsəməni yüksəltməyə, riyazi misal və məsələləri müstəqi olaraq həll etmələrinə nail olur.

Məktəb yeni inkişaf mərhələsində

Bakının Şüvəlan qəsəbəsində yerləşən Fuad Fərhadoğlu adına 230 nömrəli tam orta məktəblə tanışlığım yeni olsa da, bu təhsil ocağı haqqında kifayət qədər məlumat əldə edə bilmişəm. Mütəmadi olaraq iştirak etdiyim rəngarəng tədbirlər, məktəbin direktoru Elşən Qafarovla söhbətlərim, müəllimlərin dərslərini izləmək imkanlarım məndə məktəb haqqında xeyli təəssürat yaradıb. Bu təhsil ocağı son iki ildə şagirdlərin dünyagörüşünün, pedaqoji kollektivin peşəkarlıq səviyyəsinin, tədrisin keyfiyyətinin yüksəldilməsi üçün, əgər belə demək mümkünsə, sanki bir təcrübə bazasına çevrilib. Atılan hər bir addım həm yenilikçilik, həm öyrədicilik, həm də tərbiyəedicilik mahiyyəti ilə diqqət mərkəzində dayanıb.

Şübhəsiz ki, məktəbdə yeni dərs ilinə hazırlıq işləri hələ köhnə dərs ili başa çatmamışdan aparılmağa başlayır. Məktəbin direktoru Elşən Qafarov bu mövzuda bəhs edərkən söyləyir ki, hər şeydən öncə pedaqoji kollektivə yeni dərs ilində qarşıda dayanan vəzifələrlə bağlı məlumatlar çatdırılır. Pedaqoji kollektivin hər bir üzvü bu vəzifələrin içərisindən öz payını götürür. Nəzərdə tutulur ki, dərs ili ərzində məktəbdə informasiya-kommunikasiya texnologiyalarından istifadə, onun tədrisə tətbiqi işi genişliyi ilə tətbiq olunsun. Bununla paralel olaraq İKT-nin tədrisə tətbiqi işinin səviyyəsi mütəmadi olaraq öyrənilsin. Elşən Qafarov haqlı olaraq vurğulayır ki,  İKT-nin tətbiqi ilə keçirilən dərslərin intensivliyini təmin etmək zamanın tələbidir. Pedaqoji kollektivin hər bir üzvü bu tələblə yanaşı addımlamağı bacarmalıdır. Lakin İKT-nin tətbiqi də hələ son deyil.

6.19.2015

Dəryadan bir damla

 İyunun 4-də Şirvan şəhərindəki Azərbaycanın Milli Qəhrəmanı Nofəl Quliyev adına 9 nömrəli tam orta məktəbdə bu təhsil ocağına 34 il rəhbərlik etmiş mərhum Xavər xanım Sayılovayanın həyat və pedaqoji fəaliyyətinə  həsr olunmuş “Ruhunun əbədi məskəni məktəb” kitabının təqdimatı və mərhumun anım mərasimi keçirildi. Azərbaycan Təhsil Şurası İdarə Heyətinin qərarı ilə çap olunan kitabın ideya müəllifi və redaktoru pedaqoji elmlər doktoru, professor, Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının akademiki Əjdər Ağayev, tərtibçi “Təhsil və zaman” qəzetinin redaktoru, yazıçı-publisist Böyükağa Mikayıllıdır. Tədbirdə Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev, mərhum Xavər Sayılovanın qardaşı, veteran sovet-partiya işçısi, yazıçı, tarix üzrə fəlsəfə doktoru Sahib Sayılov, bacısı, veteran müəllim Zəkiyyə Sayılova, tarix üzrə fəlsəfə doktoru Ülviyyə İbrahimova, Xavər Sayılovanın digər ailə üzvləri, 9 nömrəli tam orta məktəbin, eləcə də Şirvan şəhərinin digər məktəblərinin pedaqoji kollektivlərinin üzvləri, Xavər Sayılovanın vaxtilə dərs dedyi şagirdləri, onunla çiyin-çiyinə çalışmış müəllim yoldaşları iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan professor Əjdər Ağayev söylədi ki, həyatını gənc nəslin təlimi və tərbiyəsinə, xeyirxahlığa, humanizmə həsr edənlər, ədaləti, sağlam əqidəni, vətənə xidməti, ləyaqəti, insanlara faydalılığı uca tutanlar dünyalarını dəyşib əbədiyyətə qovuşsalarda mənəvi cəhətdən ölmürlər, qəlblərdə əbədi yaşamaq hüququ qazanırlar. Xavər Sayılova da belə insanlardan olub. Xavər xanımın dünyasını dəyişməsindən bir ildən artıq vaxt ötür. Amma biz, onu tanıyan yüzlərlə insan onun aramızda olmadağını hiss etmirik. Sanki hər gün onunla həmsöhbət olur, bu istedadlı müəllimin, məktəb rəhbərinin iş üslubundan, direktorluq fəaliyyətindən, ziyalılığından, mədəniyyətindən, insanpərvərliyindən söhbət açırıq. Əjdər Ağayev Xavər Sayılova ilə tanışlığının tarixindən bəhs etdi. Qeyd etdi ki, Xavər xanımı hələ Lənkəran Pedaqoji Texnikumunda oxuduğu illərdən tanıyıb. Həmin illərdə Salyan rayonundakı Çuxanlı kənd orta məktəbində dərs hissə müdiri və dil-ədəbiyat müəllim işlədiyini deyən Ə.Ağayev Xavər xanımın pedaqoji təcrübə keçmək üçün həmin məktəbə gəldiyini, təcrübə dövrünü uğurla başa vurduğunu söylədi.

Əjdər Ağayev söylədi ki. Xavər Sayılova özünün yüksək insani və peşəkarlıq məziyyətləri ilə yalnız Şirvanda deyil, respublikada tanınıb sevilirdi. Ona həm öz işinin mahir bilicisi olan məktəb rəhbəri kimi, həm də fəal ictimaiyyətçi kimi ehtiram olunurdu. Təsadüfü deyil ki, ölkə başçısı cənab İlham Əliyev Şirvanda səfərdə olarkən şəhərin baş planının ona təqdim olunması məhz Xavər Sayılovaya həvalə edilmişdi. Şirvan şəhər bələdiyyəsinin üzvü, Respublika Qadınlar Cəmiyyətinin Şirvan şəhər təşkilatının sədri kimi apardığı ictimai işlərdə qadın hüquqlarının müdafiəçisi kimi çıxış edir, əməlləri ilə insanların qəlbində xeyirxahlıq mücəssəməsi kimi yüksəlirdi.

Məqsəd, fikir, düşüncə aydınlığı...

 Bu kəndi belə də təsəvvür edirdim. Dağların əhatəsində yerləşən Soyuqbulaq aprel ayının
sonunda da soyuq, hətta qarlı günlərini yaşayırdı. Soyuqbulaq apreldə Bakının fevralı kimi görünürdü. Dolambac yollardakı son dayanacağımız kəndin zəngin tarixə malik olan məktəbi idi. Çoxdan idi ki, bu məktəbə gəlməyi planlaşdırırdım. Amma yolun uzaqlığı, bir də vaxtın azlığı mane olurdu. Amma Soyuqbulaq məktəbində sorağına getdiyim təcrübəli coğrafiya müəllimi Heyrət Vəliyev üçün mənim gətirdiyim bəhanələr onu tanıdığım vaxtdan heç də əsas olmayıb. Təhsil Şurasının son vaxtlar Bakıda keçirdiyi elə bir təlim, konfrans, seminar olmayıb ki, Heyrət müəllim ora bir gün əvvəldən gəlməsin.

“Dünya riyazi dildə yazılmış bir kitabdır”

 Bu yazı Gədəbəy rayonu Gərgər kənd tam orta məktəbin riyaziyyat – informatika müəllimi Elmar Həsənovun iş təcrübəsi haqqındadır.


Dünya elminin zənginləşməsində misilsiz xidmətlər göstərmiş Qalileo Qalileyin belə bir sözü var: “Dünya riyazi dildə yazılmış bir kitabdır. Onu ancaq bu dili bilənlər anlaya bilər.” İnsanlıq zaman-zaman riyaziyyatın bəşəriyyətin inkişafındakı rolunun, riyazi kəşflərin cəmiyyəti sürətlə irəli aparan bir qüvvə olduğunun şahidi olub. Bu, bu gün də belədir. Əsl riyaziyyatçı üçün həyatın nəbzini riyazi əməllərdə görmək çətin deyil.  Bəli, həyat riyaziyyatın fəlsəfəsi üzərində qurulmuş sonsuz məna çələngidir. Riyaziyyat müəllimi bu məna çələngini şagirdinin boynundan qiymətli bir boyunbağı kimi asa da bilər, onu şagird çantasının mənasız bir əşyasına çevirə də bilər. Gədəbəy rayonu Gərgər kənd tam orta məktəbin riyaziyyat-informatika müəllimi Elmar Həsənov birincilərdəndir. Gədəbəydə dərsində iştirak etdiyim müəllimlərdən biri də məhz Elmar müəllim oldu. Elmar müəllimin Gərgər kənd orta məktəbindəki riyaziyyat kabineti – bizim uşaqlıq dövrümüzün riyaziyyat kabinetini

Gələcəyə addım-addım

Bu yazı Pirallahı rayonundakı 231 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Nüranə Əliyevanın iş təcrübəsinə həsr olunur.


Müəllimlik daha çox mənəviyyat məsələsidir. Hər bir müəllimin ən ali məqsədi cəmiyyət üçün mənəvi saflığa malik olan şəxsiyyət yetişdirməkdir. Nuranə müəllim dərs prosesində bütün varlığı ilə bu hisslərin aşılanmasına köklənmişdi. Həm də çox çətin bir nüans üzərində dayanmışdı. Onun dərs prosesində irəli sürdüyü prinsip şagirdlərinin mənəvi dünyasının formalaşmasına çalışmaqla bərabər, bu dünyanın təməllərini onların vətən sevgisi üzərində qurmaq istəyi idi. O, yetirmələrini bu hissə doğru addım-addım yaxınlaşdırırdı. Və bu yolda gənc müəllimin ən böyük silahı özünün daxilindən gələn vətən sevgisi və bu sevgini aşılamaq bacarığı idi.
Onun kabinetində hər bir detal yerli-yerində idi. Divarlardan asılmış əyani vəsaitər, müxtəlif mövzulara aid plakatlar rəngarənglik yaradırdı. Hər bir detal özlüyündə nə isə ehtiva edirdi, öyrədirdi. “Kitabqurdu” guşəsində şagirdlər oxuduqları kitablar haqqında məlumatlar yerləşdirirlər. O məlumatlarla tanış olduqda düşünmək olurdu ki, balaca fidanlar il ərzində müəllimlərinin tövsiyəsi ilə maraqlı kitablar oxuyublar.