1.23.2017

Təhsil Şurasının beynəlxalq layihəsi böyük maraq doğurur

Məlum olduğu kimi, Azərbaycan Təhsil Şurası 2015-ci ilin noyabrında Gürcüstanın
Kabuleti şəhərində bu şəhərin Təhsil Departamenti və bələdiyyə idarəsi ilə birlikdə “Beynəlxalq təcrübə mübadiləsi təlim keyfiyyətini yüksəldən vasitə kimi” mövzusunda beynəlxalq elmi-təcrübi konfrans keçirdi. Məhz həmin konfransla Təhsil Şurası Azərbaycan müəllimlərinin xarici həmkarlarının dərslərində iştirak etməklə təcrübə mübadiləsi aparmalarına, qabaqcıl iş təcrübəsini öyrənmələrinə, bununla yanaşı öz təcrübələrini bölüşmələrinə şərait yaratdı. Bunun ardınca Təhsil Şurası Ukraynanın Lvov şəhərində Lvov Vilayət Dövlət Departamenti Elm və Təhsil İdarəsi ilə birlikdə analoji konfransı keçirməklə müəllimlərin də təcrübə mübadiləsi aparmasına təkrar şərait yaratdı. Həmin konfransda polşalı təhsil işçilərinin də iştirak etməsi bu avropa ölkəsinin təhsil işçiləri ilə də əlaqələrin qurulması üçün əsas oldu. 
Bu günlərdə Ukraynanın Lvov Vilayətindən elm və təhsil işçilərinin Bakıda keçirilən “Beynəlxalq təcrübə mübadiləsi təlim keyfiyyətini yüksəldən vasitə kimi” mövzusunda üçüncü beynəlxalq elmi-təcrübi konfransa qoşulmaları ukraynalı həmkarlarımızın Təhsil Şurasının təşəbbüsü ilə reallaşan beynəlxalq təcrübə mübadiləsi layihəsinə önəm vermələrinin bariz nümunəsidir.
lll Beynəlxalq konfransın məqsədi nə idi?
Qeyd edim ki, hələ 2013-cü ildə Azərbaycan Təhsil Şurasının Ümumi Hesabat Yığıncağından sonra Şurada “Təhsil Sahəsinin İnkişafı üzrə Dövlət Strategiyasına” “Dəstək Proqramı” hazırlandı. Bu həmin vaxta təsadüf edirdi ki, ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə “Təhsil Sahəsinin İnkişafı üzrə Dövlət Strategiyası” haqqında sərəncam imzalanmışdı. Təhsil Şurasının hazırladığı bu Proqram da nizamnaməsinə uyğun olaraq ölkədə həyata keçirilən təhsil islahatlarına dəstəyi nəzərdə tuturdu. Təhsil müəssisələrinin beynəlxalq əlaqələrinin yaradılması, müəllimlərin beynəlxalq təcrübə mübadiləsinə qoşulması, bütün bunlara rəğmən Azərbaycan təhsilinin müasir inkişaf tendinsiyalarının təbliğ olunması Proqramın əsas müddəalarını təşkil etməkdədir.

1.12.2017

Müəllimin cəmiyyətdə rol

286 nömrəli tam orta məktəbin pedaqoji kollektivi və şagirdlər görkəmli alimlərlə görüşdü
Görüş cəmiyyət üçün aktual olan mövzuya həsr olunmuşdu 
"Təhsil və zaman" qəzeti 07.01.2017.

Bu günlərdə Bakının Yasamal rayonundakı 286 nömrəli tam orta məktəb daha bir maraqlı tədbirə ev sahibliyi etdi. Öncə qeyd etmək istərdim ki, bu təhsil ocağında son vaxtlar reallaşdırılan tədbirlər məzmun, ssenari, tərtibat baxımından tamamilə özünəməxsus xarakter daşıyır. Oxucularımıza yaxşı tanışdır ki, ötən dərs ilində təşkil olunmuş “İki şairin görüşü” adlı musiqili, ədəbi-bədii kompozisiya tarixiliklə müasirliyin vəhdətinin yaradılması, keçmişlə bu günün üz-üzə gətirilməsi, şagirdlərin sanki zaman maşınında keçmişə səyahətə çıxarılması tədbirin məzmun baxımından orijinallığı ilə səciyyələnmişdi. Həmin tədbirin təşkilatçısı, məktəbin dil-ədəbiyyat müəllimi Tamilla Qədirova öz orijinal ənənəsinə sadiq qalaraq bu dəfə də maraqlı bir ssenari ilə kollektivin görüşünə gəldi. “Müəllimin cəmiyyətdə rolu və keçmişə səyahət” adlandırılan tədbirinin qonaqları xalq şairi Nəriman Həsənzadə, pedaqoji elmlər doktoru, professor Əjdər Ağayev, filologiya elmləri doktoru, professor Nizami Cəfərov idi. 

1.08.2017

Azərbaycan dilinə, ədəbiyyata sevgidən yaranan dərs

Hədəfimiz ən yaxşı müəllimləri cəmiyyətə təqdim etməkdir...Təhsil Şurasının "Qabaqcıl iş təcrübəsinin öyrənilməsi və yayılması" layihəsi davam edir.
Təhsil Və Zaman qəzeti 07 yanvar 2017-ci il...
Bu yazı Lənkəran şəhər 8 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Münasib Nuriyevin iş təcrübəsindən bəhs edir.
Münasib Nuriyevin pedaqoji təcrübəsi haqqında yazmaq fikrimi özündən öncə şəhər 8 nömrəli tam orta məktəbin direktoru Aslan İbrahimova bildirəndə, o, böyük razılıq hissi ilə fikrimi bəyəndi. Amma hələ bundan da öncə Lənkəran şəhər Təhsil Şöbəsində Təhsil Şurasının həyata keçirdiyi “Qabaqcıl iş təcrübəsinin öyrənilməsi və yayılması” layihəsindən bəhs edərkən təqdim olunan bir neçə müəllimin arasında məhz Münasib müəllimin adı çəkilmişdi. Onu öz işinin mahir bilicisi olan müəllim olmaqla bərabər, həm də müəllim və şagirdlər, valideynlər, ümumilikdə, ictimaiyyət arasında nüfuzlu şəxs kimi xarakterizə etmişdilər. Qismət elə gətirdi ki, Münasib müəllimin dərsində iştirakım 8 nömrəli tam orta məktəbin fəaliyyəti ilə tanış olduğum günə təsadüf etdi. Həmin gün Azərbaycan Təhsil Şurasının sədri, pedaqoji elmlər doktoru, professor Əjdər Ağayev də məktəbə pedaqoji kollektivlə görüşə dəvət olunmuşdu.

İSTEDAD SORAĞINDA...

Təhsil Və Zaman qəzeti 07.01.17

Onunla Bakının 32 nömrəli tam orta məktəbində keçirilən – “Birinci sinifdən proqramlaşdırmanın tədrisi” layihəsinin pedaqoji ictimaiyyətə təqdimatında rastlaşdıq. Birinci sinifdə oxuyan yaşıdları ilə yanaşı əyləşib planşetdə verilən tapşırığı icra etməklə məşğul idi. İlk baxışdan o, heç nə ilə fərqlənmirdi. Amma diqqət yetirdikdə Aftandilin tapşırıqları daha operativ icra etdiyinin, nəzərdə tutulan nəticələrə daha optimal yollarla çatmaq bacarığını müşahidə etdim. Barmaqlarını cəld hərəkətlərlə planşet üzərində hərəkət etdirməklə bu balaca oğlan sanki, böyük bir problemin üzərində düşünür, çevik, qəti qərar qəbul edir, nəticə əldə etdikdə üzündə azacıq razılıq əlaməti hiss olunurdu. Mən onun baxışlarından dünyanın sirlərindən agah olmaq istəyini aydınca duyurdum.

11.28.2016

Dostluq körpüsü


Natalya NİŞTA
Lvov şəhər 69 nömrəli məktəbin direktoru


Hər şey nədən başladı...
          Bir qış günü məktəbimizi təmkinli, nəzakətli bir şəxs ziyarət etdi. Məlum oldu ki, həmin şəxs Azərbaycan Təhsil Şurasının katibi, "Təhsil və zaman" qəzetinin redaktoru Böyükağa Mikayıllıdır.
Elə ilk dəqiqələrdən Ukrayna və Azərbaycanda təhsilin səviyyəsi - müasir təlim metodları, didaktik və tərbiyə işlərinin həllinə yanaşmalar, şagirdlər üçün təlimi maraqlı edə biləcək vasitələr haqqında səmimi, dostyana söhbətimiz baş tutdu.
 Sonra məktəbdə ekskursiyaya çıxdıq, kollektivimiz xüsusi bir həvəslə öz təcrübələri ilə bölüşdü. İbtidai siniflərin dərsində olduq. Qonağımızı kiçik yaşlı məktəblilərin tədris prosesi daha çox maraqlandırırdı. Bu heç də təsadüfi deyil, çünki şəxsiyyətin formalaşması məhz bu yaşlarda baş verir, bu yaşda uşaqlar daha həssas, biliklərə yiyələnməyə maraqlı və açıq olurlar. Ona görə də bu mərhələdə məktəbdə işin forma və məzmununun düzgün seçilməsi mühüm əhəmiyyət kəsb edir. Bizim məktəbdə “Mehriban qonşuluq münasibətləri mədəniyyəti” layihəsi həyata keçirilir və məktəb proqramına inteqrasiya edilir. Birinci sinifdə kursun proqramı çoxillik təcrübəyə malik, yüksək ixtisaslı pedaqoq Lukyanenko Lyubov Afanasiyevna tərəfindən tədris olunur. Böyükağa Mikayıllı həmin müəllimin dərsində iştirak edərək onun iş sistemi ilə tanış oldu və beləliklə “Təhsil və Zaman” qəzetinin növbəti sayında əhatəli bir məqalə dərc olundu. 

11.18.2016

"İbtidai sinifdə tədris: yeni yanaşmalar, innovasiyalar" mövzusunda elmi-təcrübi konfrans


Xəbər verdiyimiz kimi, Azərbaycan Təhsil Şurası bu ilin dekabr ayının sonunda "İbtidai sinifdə tədris: yeni yanaşmalar, innovasiyalar" mövzusunda elmi-təcrübi konfrans təşkil edəcək. Konfransda öz iş təcrübəsi ərtafında çıxış etmək istəyənlər çıxışlarını 30.11.2016-cı il tarixinə qədər tehsil.zaman@mail.ru ünvanına göndərə bilərlər.

Aqrar inqilabın böyük alimi

Akademik Eyyub Bəşirov-90
Akademik Eyyub Bəşirov - Roma Papasının öz portretini hədiyyə etdiyi azərbaycanlı
Akademik Eyyub Bəşirov Azərbaycanda heyvandarlığın inkişafında öz rolu olan tanınmış alimdir. Akademikin bir çox elmi əsərlərindən, tədqiqatlarından həm ölkədə, həm də dünyada geniş istifadə olunur.
Rusiya Beynəlxalq Keyfiyyət Problemləri Akademiyasının həqiqi üzvü, akademik Eyyub Balaməmməd oğlu Bəşirov gələn il 90 illiyi qeyd edəcək. Yubileyi ilə bağlı jurnalist Əfqan Məmmədovun "Azərbaycan və dünya aqrar elminin inkişaf tarixində akademik Eyyub Bəşirov yaradıcılığının rolu və əhəmiyyəti" məqaləsini ixtisarla "Ekspress"in oxucularına təqdim edirik.