“Təhsil və zaman” qəzetində dərc olunan bu yazı Mingəçevir Texniki-humanitar Fənlər Təmayüllü Liseyin müəllimi Mahiyə Məmmədlinin iş təcrübəsinə həsr olunub.
Mahiyə Məmmədlinin çoxdandır ki, tanıyıram. Təxminən on il əvvəl qəzetimizin əməkdaşı bu təcrübəli ibtidai sinif müəllimi haqqında məqalə təqdim etmişdi. Həmin məqalə qəzetimizdə dərc olunduqdan sonra Mahiyə müəllimin iş təcrübəsi haqqında geniş yazı hazirlamağı planlaşdırmışdım. Amma hər dəfə Mingəçevirə gedəndə buna imkan olmurdu. Sonralar eşitdim ki. Mahiyə Məmmədli Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə keçirilən “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olub. Söz yox ki, Mahiyə müəllim bu adı uzun illik gərgin əməyinin nəticəsi olaraq almışdı. Hesab edirəm ki, bu kimi uğurların sırası daha da genişlənəcəkdir. Çünki bunun üçün müəllimin zəngin təcrübəsi-tədris etdiyi mövzunu həyatla ustalıqla əlaqələndirmək, tədrisi şagird şəxsiyyətinin formalaşmasına yönəli istiqamətdə qurmaq bacarığı var. Bu yaxınlarda Mingəçevirdəki Texniki-humanitar təmayüllü liseydə Mahiyə Məmmədlinin dərsində olarkən sadaladığım bu cəhətlərin şahidi oldum.





