HƏDƏFİMİZ ƏN YAXŞI MÜƏLLİMLƏRİ CƏMİYYƏTƏ
TƏQDİM ETMƏKDİR...
Bu yazı Sumqayıt
şəhərindəki 26 nömrəli tam orta məktəbin ingilis dili
müəllimi Könül Qafarovanın iş təcrübəsndən bəhs edir.
Hər bir insanın şəxsi-mənəvi keyfiyyətləri
onun hansı ruha, hansı əxlaqa, hansı dəyərlərə sahibliyi ilə formalaşır.
Ürəyin, ruhun sahib olduğu mənəvi keyfiyyətlər insanın ən dəyərli nemətləridir.
Zaman-zaman müəllimin qarşısında dayanan ən ali vəzifə də, məhz yetirmələrinin
mənəvi dünyasının zənginləşməsi, onun ürəyinin, qəlbinin ən dərin qatlarında
mərhəmət, xeyirxahlıq, haqq-ədalət toxumlarını cücərtmək olmuşdur. Əlbəttə ki,
bu, bu gün də belədir. Sumqayıt şəhərindəki 26 nömrəli tam orta məktəbin ingilis
dili müəllimi Könül Qafarovanın 8-ci sinifdə “Heç vaxt təslim olma” mövzusunda
apardığı dərs yalnız mövzuda əks olunan iradəli, mətin, cəsur şəxsiyyətlərin
mənəvi dünyasını xarakterizə etmək deyil, həm də şagirdlərdə bu keyfiyyətlərin
formalaşdırılmasına yönəlmişdi. Qarşıya qoyulan məqsədlərdən də bunu aydın
görmək mümkün idi. Onlar dil bacarığından istifadə etməklə fiziki qüsurlu
insanların həyat eşqindən ruhlanaraq bu insanların cəsarətliliyi haqqında
tapşırıqları icra etməli, mövzu ilə bağlı fikirlərini bildirməli, mətndən
fiziki qüsurlu insanlar haqqında fakt və hadisələri seçib qruplaşdırmalı,
fiziki qüsurlu insanlar haqqında kiçik mətnlər yazmalı idilər. Ən nəhayətdə isə
onlar bu insanların mənəvi dünyasını xarakterizə etməli, onları yüksək
zirvələrə aparan zəngin mənəvi aləmlərindən bəhs etməli idilər.







