7.05.2015

“Məktəb idarəetməsində strateji və perspektiv planların hazırlanması” mövzusunda praktik seminar

İyunun 28-də Fuad Fərhadoğlu adına 230 nömrəli tam orta məktəbdə “Məktəb
idarəetməsində strateji və perspektiv planların hazırlanması” mövzusunda praktik seminar keçirildi. Seminarda Azərbaycan Müəllimlər İnstitutu “Təhsilin idarə edilməsi və peşə təlimi” kafedrasının dosenti, pedaqoji elmlər namizədi Sirac Rəsulov, Azərbaycan Polis Akademiyasının əməkdaşı, hüquq üzrə fəlsəfə doktoru Nəbi Əsgərov, Bakı şəhərinin ayrı-ayrı təhsil müəssisələrinin rəhbərləri, təhsil mütəxəssisləri, müəllimlər, mətbuat nümayəndələri, eləcə də 230 nömrəli tam orta məktəbin pedaqoji kollektivinin üzvləri iştirak edirdilər.

Yeniliklərə cavab vermək əzmi ilə

  Günel KƏRİMOVA, məktəb Uşaq Birliyi Təşkilatının rəhbəri 


Məktəbimizin Uşaq Birliyi Təşkilatı 2014-2015-ci dərs ilində öz işini müvafiq fəaliyyət planı, eləcə də Uşaq Birliyi Təşkilatlarının əsasnaməsi  əsasında həyata keçirmişdir. Fəaliyyət planına əsasən il ərzində şagirdlərin estetik dünyagörüşünün, həyati bacarıqlarının formalaşması məqsədilə müxtəlif tədbirlər təşkil olunmuşdur. Bununla yanaşı, şagirdlərin dərsə davamiyyətinə, məktəbli formasının geyilməsinə, nizam-intizama nəzarət olunmuş, şagirdlərlə fərdi söhbətlər təşkil edilmiş, qarşıya çıxan problemlərin həllinə səy göstərilmişdir. Dərs ilinin əvvəlində məcburi köçkün, aztəminatlı, valideyn himayəsindən məhrum olan uşaqlar müəyyənləşdirilir. Bunu etməkdə məqsədimiz ondan ibarətdir ki, bu kateqoriyadan olan ailələrin uşaqlarına məktəb tərəfindən müəyyən köməkliklər olunsun. Yola saldığımız dərs ili ərzində məktəbdə fəaliyyət göstərən Şagird parlamentinin işinin sistemli təşkil olunması sahəsində də müəyyən işlər görülüb.
Məktəbdə Uşaq Birliyi Təşkilatının fəaliyyətinin forma və məzmunu uşaqların yaş xüsusiyyətləri, həyatın tələbləri nəzərə alaraq yenilənir və ya dəyişdirilir. Biz 230 nömrəli tam orta məktəbin kollektivi bu yeniliklərə cavab vermək əzmi ilə işləyirik.


“Riyaziyyat əqlin gimnastikasıdır”.

Həcər ZEYNALLI, Məktəbin VII “a” sinif şagirdi
Riyaziyyatı çox sevirəm. Bu sevgini məndə riyaziyyatı bizə tədris edən Tünzalə müəllim yaradıb.
Biz kurikulumla dərs keçən sinif olduğumuzdan qruplarla, iş vərəqləri ilə işləməliyik. Tünzalə müəllim də bunun üçün bizə şərait yaradır.
Oxuduğum 230 nömrəli tam orta məktəbdə fənlərə dair aylıqlar təşkil olunur və həmin aylıqlarda o fənnə aid müxtəlif tədbirlər, müsabiqələr keçirilir.
Bu il də məktəbimizdə fevral ayı “Riyaziyyat ayı” elan olunmuşdu. Fevral ayında riyaziyyata aid tədbir, müsabiqələr və testlər keçirildi.
Tünzalə müəllimə riyaziyyata aid maraqlı tədbir hazırlamaq tapşırılmışdı. O, tədbirin ssenarisini hazırlayıb dərslərimizin birində sinfə gətirdi və oxudu. Sinfimizdən rollara aid uşaqlar seçildi. Sonra isə məşqlərə başladıq.

Nailiyyətlər zəhmətin bəhrəsidir

İncixanım ABBASOVA,
“Texnologiya – İdman” kafedrasının rəhbəri


 Yola saldığımız dərs ilində texnologiya və rəsm dərslərində şagirdlərin əl işlərindən ibarət sərgilərin təşkil olunması onların böyük marağına səbəb olub. Bu sərgilər məktəbdə keçirilən tədbirlər, tanınmış şəxslərlə görüşlər zamanı və əlamətdar günlər münasibətilə təşkil olunmuşdur. Rəsm sərgiləri əsasən “20 yanvar”, “Hamımız Mübarizik” , “Xocalı – 23” , “Heydər Əliyev – 92”, “Qələbə - 70 “ mövzularında təşkil olumuşdur. “20 yanvar” və “Hamımız Mübarizik” rəsm müsabiqəsində qalib gələn şagirdlərə məktəb rəhbərliyi tərəfindən “Fəxri Frəman” verilmişdir. Şagirdlərin yaradıcılıq bacarıqlarını inkişaf etdirmək üçün məktəbdə “Şəms” qızlar qrupu təşkil olunub. Həftədə bir dəfə dərsdən sonra yaradıcı işlərə maraq göstərən qızlar həmin qrupun işinə cəlb olunurlar.

İnkişaf rəqabət mühitində yaranır

Dilarə Məmmədova, 230 nömrəli tam orta məktəbin kimya müəllimi
Gənclərin intellektual səviyyəsinin, bilik və məlumat bazasının möhkəmlənməsi, güclənməsi üçün müxtəlif layihələr həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin gənclərlə bağlı imzaladığı bütün rəsmi sənədlərdə gənclərin intellektual səviyyəsinin yüksəldilməsi məsələsi önə çəkilir. Sözsüz ki, savadlı, bilikli gənclik xalqa və dövlətə daha məsuliyyətlə, daha vicdanla xidmət edər.
Təhsil Nazirliyi,Gənclər və İdman Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və digər qurumlar  gənclər arasında müxtəlif intellekt yarışları keçirir. Ümumilikdə bu yarışların hamısı gənclərin inkişafına hesablanıb. Gənclər nə qədər bu yarışlara çox qatılsa, bir o qədər gələcəyini təmin etmiş olur.

Gələcəyin Mübarizləri

 Əzəmət Quliyeva, 230 nömrəli tam orta məktəbin dil-ədəbiyyat müəllimi

Şəhid Fuad Fərhadoğlunun adını daşıyan məktəbimiz vətənpərvərlik mövzusunda keçirdiyi tədbirlərdə daim fərqlənmişdir. 20 Yanvar şəhidi Fuad Fərhadoğluna həsr olunmuş silsilə tədbirlərə artıq neçə ildir ki, vətənimizin qəhrəman oğlu Mübariz İbrahimov haqqında keçirilən tədbirlər də daxil edilmişdir. Tərtərdə göstərdiyi misilsiz qəhrəmanlıq bütün azərbaycanlılar kimi məktəbimizdə təhsil alan şagirdlərin və müəllim kollektivinin də qəlbini riqqətə gətirdi.

7.04.2015

Məktəbin siması onun müəllimləri ilə müəyyənləşir

Hər bir təhsil ocağının  siması, mənəvi mühiti orada çalışan müəllimlərin hansı peşəkarlıq,
intellektual, pedaqoji-psixoloji  hazırlıq səviyyəsinə malik olması ilə ölçülür. Doğrudur, müəllim çalışacağı təhsil müəssisəsinə bu cəhətdən hazırlıqlı gəlməlidir. Amma məktəbin mühiti onun bir müəllim olaraq formalaşması üçün başlıca amildir. 230 nömrəli tam orta məktəbin müəllimlərini gənc, orta, yaşlı nəsil kateqoriyalarına ayırmaq olar. Məktəbin fəaliyyəti ilə tanışlıq çərçivəsində bu kateqiriyadan olan müəllimlərin hər birinin dərsini izləmək imkanı qazandım. Əslində bu kateqoriyaları özüm üçün ona görə müəyyənləşdirmişdim ki, məktəbin fəaliyyətini fəal təlim texnologiyalarının, informasiya-kommunikasiya vasitələrinin, gənc nəslin tərbiyəsi məsələlərinə yanaşma tərzinin necəliyini özüm üçün aydınlaşdırım. Öncə onu deyim ki, məktəbin İKT ilə təchizatı normal səviyyədədir. Fizika, kimya, biologiya  fənn kabinetləri əyani texniki vəsaitlərlə təchiz olunmaqla, tədrisin əyanilik üzərində qurulmasına imkan yaradır. Bu da nəticə etibarilə təlim keyfiyyətinin yüksəldilməsinə yol açır. Şagird nailiyyətlərinin sırası genişlənir.
Məktəb rəhbərliyinin pedaqoji kollektivin qarşısına qoyduğu tapşırıqlar, sözsüz ki, təlim keyfiyyətinin, bununla bərabər böyüyən nəslin mənəvi, əxlaqi tərbiyəsi səviyyəsinin yüksəldilməsidir. Əslində bu vəzifə dövlətin müəllim qarşısında qoyduğu vəzifədir. 230 nömrəli tam orta məktədə bu vəzifənin ağırlığını ləyaqətlə daşımaq fəaliyyət, iş prinspinə çevrilmişdir. İştirak etdiyim dərslərdə də bunu müşahidə etmək mümkün idi.

 Mübariz ruhlu gənclər yetişdirmək əzmi

İbtidai sinif müəllifi Sevinc Səfərova təhsil ocağının qabaqcıl müəllimlərindəndir. Bu il ikinci sinifdə dərs aparan Sevinc müəllim yetirmələrinin mənəvi tərbiyəsinə önəm verməklə, onların vətən üçün layiqli vətəndaş kimi yetişmələrini qarşısına başlıca amal kimi qoymuşdur. Elə şagirdlərinin də simasından bunu oxumaq mümkün idi Sevinc müəllimin. Sevinc müəllim dərs prosesində informasiya – kommunikasiya texnologiyalarının tətbiqinə üztünlük verir. İKT-ni tədrisə tətbiq etməklə maraqlı təlim mühiti yaratmağa, şagirdlərinin diqqətini cəlb etməyə, onların tədrisə marağını artırmağa nail olur. Sevinc Səfərovanın dərs ilinin sonunda təşkil etdiyi “Hər birimiz bir çiçək” adlı kompozisiyada da şagirdləri maraqlı çıxışları ilə məktəbin pedaqoji kollektivinin və şagirdlərin rəğbətini qazandılar. Onlar məktəbin səhnəsində həvalə olunmuş rolları məharətlə ifa etməklə alqışlarla qarşılandılar. Qeyd edim ki, Sevinc Səfərova ibtidai siniflər üzrə fənn kafedrasının rəhbəridir.
Əfsanə Rəhimova ibtidai sinif müəllimidir. Bu il 4-cülərini yola salan Əfsanə müəllim riyaziyyat dərsində sinfi “Lütfüzadə”, “Tusi”, “Arximed”, “Pifaqor” olmaqla dörd qrupa bölmüşdü. O, qeyd edir ki, mövzunun verdiyi imkanlardan istifadə etməklə fəal təlim texnologiyalarını tətbiq etmək  fəaliyyətinin əsas istiqamətini təşkil edir. Bu, hiss olunurdu. Əfsanə müəllim sinfin bütün şagirdlərini qoyulmuş sual ətrafında fəal çalışmağa, öz fikirlərini sərbəst ifadə etməyə, məntiqli cavablar verməyə çalışır və buna nail olurdular.    
Günel Hacızadənin ikincilərlə apardığı “Həyat bilgisi” fənnindən “Hüquqlarımızı bilək” mövzusunda dərs maraqlı məqamlarla yadda qaldı. Şagirdlər hüquqlarını kimin daha yaxşı bilməsi uğrunda sanki yarışa girmişdilər. Müəllim mövzunun imkanlarından istifadə etməklə irəli sürdüyü suallarda uşaqların öz hüquqlarını onlara aşılamaqla bərabər başqalarının hüquqlarını da qorumağı, başqalarının hüquqlarına hörmətlə yanaşmağı, xeyirxah olmağı tövsiyyə edirdi. Şagirdlər fikirlərini sərbəst ifadə edir, problemin aradan qaldırılması istiqamətində müstəqil fikir irəli sürürdülər. Bunun nəticəsi olaraq sonda sinfin kollektiv işinin bəhrəsi kimi “Hüquqlarımızı tanıyaq” adlı divar qəzeti meydana gətirdilər.  
 

Nigar Bədəlova 3-cü “d” sinfində riyaziyyat dərsində sagirdləri sərbəst olaraq məsələlər qurmağa istiqamətləndirmişdi. Şagirdlər sərbəst məsələlər qurur, müstəqil olaraq məntiqli riyazi fikirlər irəli sürürdülər. Müəllim şagirdləri yazı lövhəsinə dəvət etdi. Hər qrupdan bir nəfərin dəvət olunduğu yazı lövhəsi qarşısında yarış təşkil olundu. Hər kəs öz biliyini nümayiş etdirməyə, qələbə əldə etməyə çalışırdı. Nigar Bədəlova da məktəbin mübariz ruhlu gənclər yetişdirmək əzmində olan müəllimlərindəndir.
Mehdi Talıbov məktəbin qabaqcıl riyaziyyat müəllimlərindəndir. Fəal təlim texnologiyalarını tədris prosesinə məharətlə tətbiq edən Mehdi müəllimin ənənə ilə müasirliyin vəhdətində qurduğu dərslər maraqlı cəhətləri ilə seçilir. O, hər bir şagirdinə fərdi yanaşmaqla, mənimsəməni yüksəltməyə, riyazi misal və məsələləri müstəqi olaraq həll etmələrinə nail olur.