...Cəmi bir neçə dəqiqə kifayət etdi ki, Şəcahan müəllimin 4-cü “d” sinfində yaratdığı qeyri-adi təlim mühitinin xoş aurası məni ağuşuna alsın. Və məndə belə bir fikir yaransın ki, Xarici Dillər Təmayüllü Gimnaziyazının bu kiçik bir guşəsində 30 nəfərə yaxın şagirdin sevimli müəllimləri ilə yaratdıqları qeyri-adi bir aləmə səyahət etmişəm. Bəs diqqətimi cəlb edən qeyri-adilik nədə idi? Şəcahan müəllim sinifdə buna necə nail olur? Hər şeydən əvvəl onu qeyd etmək lazımdır ki, müəllimin sinifdə yaratdığı mühit şagirdin təxəyyül imkanlarını hərəkətə gətirməyə, onun bacarıqlarını ümumiləşdirib konkret istiqamətə yönəltməyə hesablanmışdı. Sinifdə birinci dərs “Azərbaycan dili”ndən “”Lalə və Məryəm” mövzusu idi. Bu mövzunun incəliklərində xeyirxahlıq, sevgi, mənəvi sağlamlıq, psixoloji hazırlıq dayanırdı. Müəllim mövzunun verdiyi imkanlar və özünün ustalıqla yanaşması sayəsində uşaqları xeyirxahlıq duyğuları üzərində düşünməyə səsləyirdi. Xeyirxalıq hissi orta ümumtəhsil məktəblərinin birinci sinfindən uşaqlara aşılanmaqla onların mənəvi aləminin formlaşmasında mühüm təsirə malikdir. Amma mövzunun dərslikdə yer alması hələ işin hamısı demək deyil. Şəcahan Ramazanova mühüm mənəvi təsirə malik mövzuların tədrisini həyat həqiqətləri ilə əlqələli şəkildə öyrətməklə, şagird qəlbinin incəliklərinə

həqiqətdən naxış vurmağı bacaran müəllimdir. O, dərsdə elə bir şərait yaradır ki, şagird sanki dərsdə deyil, mövzuda hadisələrin cərəyan etdiyi həyatın özündədir. Bu hadisələr sanki onun öz ətrafında baş verir. Və şagird burada əsas simadır. Hadisələrin gedişini öz əlində saxlamağı, ona nəzarət etməyi bacarır. O, mövzu ətrafında qoyulan suallarla, tutaq ki, təkcə xeyirxahlıq duyğularını yetirmələrinin düşüncəsinə həkk etməklə kifayətlənmir, eyni zamanda, bu hisslərin elə dərsdəcə onların simasında meydana çıxarılmasına nail olur. Axı, ətrafda olan hər bir varlığın xeyirxahlığa, mənəvi dəstəyə ehtiyacı var. Xeyirxahlıq ən dəyərli mənəvi keyfiyyətdir.