6.02.2016

Qabaqcıl müəllimlərin I Respublika Forumu keçiriləcək

Təhsil Şurasının Mətbuat Xidmətinin məlumatı...

Xəbər verdiyimiz kimi, Azərbaycan Təhsil Şurası tərəfindən 4 iyun 2016-cı il tarixdə Azərbaycan Respublikasında Təhsil Sahəsinin İnkişafı istiqamətində Dövlət Strategiyasının tələblərinə uyğun olaraq müəllim peşakarlığını və metodiki ustalığını artırmaq məqsədilə Qabaqcıl müəllimlərin I Respublika Forumu keçiriləcəkdir. Forumun məqsədi qabaqcıl təcrübə yollarının araşdırılması, qabaqcıllıq kriteriyalarının müəyyənləşdirilməsi, bu sahədə mövcud vəziyyətin təhlili və perspektivlərin araşdırılmasıdır. 
Qabaqcıl müəllimlərin Forumu respublikada ilk dəfədir ki, keçirilir. Azərbaycanın bütün rayonlarından nümayəndələrin iştirak edəcəyi Forumda ümumtəhsil məktəblərində tədris olunan bütün fənlər üzrə müəllimlər öz iş təcrübələrini təqdim edəcəklər. 
Təhsil Şurası qabaqcıl müəllimlərin birliyini təmin etməklə ən yaxşı iş təcrübəsinin öyrənilməsi və yayılmasını həyata keçirir. 
Forum, eyni zamanda, pedaqoji prosesin keyfiyyətli qurulmasına mane olan amilləri də araşdıracaq, Təhsil Nazirliyinə və hökumətə müvafiq təkliflərini verəcək.
Forumda mütəxəssis alimlərin məruzələri ilə yanaşı, qabaqcıl müəllimlərin müsabiqə yolu ilə seçilmiş çıxışları da dinləniləcək.
Forum başlamazdan əvvəl ayrı-ayrı məktəb şagirdlərinin əl işləri və rəsmləri sərgilənəcək.

“Heç vaxt təslim olmamaq” dərsi

HƏDƏFİMİZ ƏN YAXŞI MÜƏLLİMLƏRİ CƏMİYYƏTƏ TƏQDİM ETMƏKDİR...
Bu yazı Sumqayıt şəhərindəki 26 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Könül Qafarovanın iş təcrübəsndən bəhs edir.
Hər bir insanın şəxsi-mənəvi keyfiyyətləri onun hansı ruha, hansı əxlaqa, hansı dəyərlərə sahibliyi ilə formalaşır. Ürəyin, ruhun sahib olduğu mənəvi keyfiyyətlər insanın ən dəyərli nemətləridir. Zaman-zaman müəllimin qarşısında dayanan ən ali vəzifə də, məhz yetirmələrinin mənəvi dünyasının zənginləşməsi, onun ürəyinin, qəlbinin ən dərin qatlarında mərhəmət, xeyirxahlıq, haqq-ədalət toxumlarını cücərtmək olmuşdur. Əlbəttə ki, bu, bu gün də belədir. Sumqayıt şəhərindəki 26 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Könül Qafarovanın 8-ci sinifdə “Heç vaxt təslim olma” mövzusunda apardığı dərs yalnız mövzuda əks olunan iradəli, mətin, cəsur şəxsiyyətlərin mənəvi dünyasını xarakterizə etmək deyil, həm də şagirdlərdə bu keyfiyyətlərin formalaşdırılmasına yönəlmişdi. Qarşıya qoyulan məqsədlərdən də bunu aydın görmək mümkün idi. Onlar dil bacarığından istifadə etməklə fiziki qüsurlu insanların həyat eşqindən ruhlanaraq bu insanların cəsarətliliyi haqqında tapşırıqları icra etməli, mövzu ilə bağlı fikirlərini bildirməli, mətndən fiziki qüsurlu insanlar haqqında fakt və hadisələri seçib qruplaşdırmalı, fiziki qüsurlu insanlar haqqında kiçik mətnlər yazmalı idilər. Ən nəhayətdə isə onlar bu insanların mənəvi dünyasını xarakterizə etməli, onları yüksək zirvələrə aparan zəngin mənəvi aləmlərindən bəhs etməli idilər.