5.06.2016

Bilik o zaman dəyərə çevrilir ki...

Bu yazı Bakı şəhəri 162 nömrəli tam orta məktəbin kimya müəllimi Mahirə Nuriyevanın iş təcrübəsindən bəhs edir.

Kimya qarşımızda dünyanın minbir rəngli, möcüzəli aləminin qapılarını açır. Kimya şagirdlərə birgə mübarizə aparmaq, birlikdə nəticəyə gəlmək, kollektiv fikrə ehtiramla yanaşmaq hisslərini aşılayır. Kimya şagirdlərdə özünəinam, güc hissləri, dramatik vəziyyətlərdə davranmaq bacarığı və nə qədər dramatik olsa da, əldə olunan qələbənin bəxş etdiyi lirik duyğuların yaranmasına yol açır. Bakının Səbael rayonundakı 162 nömrəli tam orta məktəbin kimya müəllimi Mahirə Nuriyevanın 7-ci sinifdə apardığı “Yanma, yanacaqların səmərəli yandırılması” mövzusunda dərs məndə bu müstəsna elm haqqında bu fikirlərin yaranmasına yol açdı. Mahirə Nuriyevanın izlədiyim dərsərində bu istedadlı müəllimin nəzəriyyə və təcrübədən yaratdığı bir aləm gözlərim önündə canlanırdı. Onun şagirdlərinin təsəvvüründə formalaşdırdığı “Kimya şəhəri”, “Kimya aləmi”, “Kimya dünyası”nın hər birinin öz sakinləri var idi. O, şagirdlərinin düşüncəsində kimyanın ecazkar sirlərindən yaratdığı bu aləmdə bu elmə bir sevgi imarəti ucalda bilmişdi. Şagirdləri, dərsləri izlədikcə bunu müşahidə etmək mümkün idi. Onun dərslərində kimyanın ən müasir nailiyyətləri də, illərin, əsrlərin yaddaşından süzülüb gələn, kimyanı zənginləşdirən elmi nailiyyətlər də yeni texnologiyaların tətbiqi fonunda həyata keçirilir, bu elmi nailiyyətlərlə bərabər, dediyimiz kimi, dünyanın da minbir rəngi canlanırdı. Bəli, məhz canlanırdı.

Həyat eşqi ilə

Bu yazı Bakının Suraxanı rayonundakı E.Qaranzadə adına 270 nömrəli tam orta məktəbin təsviri incəsənət müəllimi, məktəbin “İstedadlılar” dərnəyinin rəhbəri Məhsəti Cəfərovanın iş təcrübəsindən bəhs edir.

Bəlkə də onlar “Cığal sərçə” nağılını hələ daha kiçik yaşlarında oxumuşdular. Və kiçik yaşlarında “Cığal sərçə”yə, onun hərəkətlərinə bir başqa don geyindirmişdilər. Bəlkə də heç vaxt ağıllarına gəlməmişdi ki, nə zamansa “Cığal sərçə”yə rəsm çəkəcək, onun hərəkətlərini öz xəyallarında yaratdıqları bir aləmdə təsəvvür edəcəklər. Bəlkə də 5 yaşlarında “Cığal sərçə”ni başqa cür təsəvvür edər, onun rəsmini tamam başqa cür yaradardılar. İndi isə tamam başqa xəyallar qururdular. Məhsəti Cəfərovanın yetirmələrinin qonağı olmaq mənim üçün ona görə zövqlü idi ki, onlarının hər birinin öz zəngin aləmi var idi. Bu aləmdə onlar çox sərbəst və azad idilər. Elə bu azadlıqdan da yaranan rəsmlər özünün məna tutumu ilə fərqlənib, minbir fikri ifadə edirdi. Bəli, mən onların – Aydan Mirzəyevanın, Aydan Məhəmmədovanın, Aydan Həsənovanın, Arzu Baxişovanın, Aydan Mustafayevanın, Fatimə Kərimovanın, Ayxan Mansırlının, Məhəmməd Rəhimlinin baxışlarından sezdiyim parıltını minbir rəngdə rəsmlərində də müşahidə edirdim.
Məhsəti Cəfərova Bakının Suraxanı rayonundakı E.Qaranzadə adına 270 nömrəli tam orta məktəbin təsviri incəsənət müəllimidir. Onu bir müddətdir ki, tanıyıram. Amma mart ayının 22-26 tarixlərində Azərbaycan Təhsil Şurasının Ukraynanın Lvov şəhərində keçirdiyi Beynəlxalq elmi-təcrübi konfransda daha yaxından tanımaq imkanı əldə etdim. Əlindəki çanta çox ağır idi. Bunlar nədir belə? - soruşanda, Məhsəti xanım, şagirdlərimin əl işləridir, istəyirəm ki, konfrans gedən məkanlarda nümayiş etdirim, qoy Ukraynalılar görsünlər ki, Azərbaycan məktəbliləri necə istedadlıdırlar. Həm də rəsmlərdə əks olunan milli-mənəvi dəyərlərimizlə tanış olsunlar, dedi. Məhsəti xanımın bu təşəbbüsü mənim də ürəyimcə oldu. Elə konfransın birinci günündə o, rəsmləri nümayiş etdirməyə imkan tapdı.

Mədəniyyətlərin dərkinə doğru

Bu yazı Bakının Səbael rayonundakı 162 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Sevda Ağayevanın iş təcrübəsi haqqındadır. 

Həmin gün onlar İngiltərənin şəhərlərinə virtual səyahətə çıxdılar. Bu, adi bir səyahət deyildi. Müəllim yalnız İngiltərənin görünən tarixi binalarını, zamanın ənginliklərindən süzülüb gələn tarixi yaddaşını deyil, eyni zamanda, bu ölkənin mənəvi tarixini də şagirdlərinin gözləri qarşısında canlandırmaq, onları bu ölkənin tarixinə, mədəniyyətinə, incəsənətinə, ədəbiyyatına, bir sözlə, mənəvi xəzinəsinə virtual səyahətə aparmışdı. Bakının Səbael rayonundakı 162 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Sevda Ağayeva coğrafiyanın, ədəbiyyatın, tarixin inteqrasiyası şəraitində 9-cu sinifdə elə bir dərs qurmuşdu ki, dünyanın zəngin bir mədəniyyət abidəsini görməmək, təsəvvür etməmk mümkün deyildi. Çünki hər bir məqam gözlər önündə canlanlır, aydın təsəvvür formalaşdırırdı. 

Fikrət Abdulov "Coğrafiya dünyasına səyahət"


Şagirdlərin elmi biliklərin əsasına yiyələnməsi olduqca mürəkkəb və çoxcəhətli bir prosesdir. Dərs zamanı məqsədə tam çatmağın mümkünsüz olması dərsdənkənar tədbirlərin, fənn gecələrinin, bilik yarışlarının keçirilməsini zəruri edir. Dərsdənkənar bu tip tədbirlər öz formasına görə bu və ya digər fənnin tədrisi prosesindən fərqlənsə də, məzmun və məqsədinə görə isə bu prosesi tamamlayır. Bu cür tədbirlər şagirdlərin biliklərini daha da dərinləşdirmək, dünyagörüşünü artırmaq və həmçinin onlarda bu və ya digər fənnə maraq oyatmağa xidmət edir. Xüsusən bilik yarışlarının şagirdlərin elmi biliklərini artırmaqla yanaşı, onlarda yarış, mübarizə mədəniyyəti,əzmkarlıq, daim qələbə qazanmaq istəyi və s. kimi keyfiyyətlər formalaşdırdığını nəzərə alsaq, deyə bilərik ki, bu cür tədbirlər elə təlim-tərbiyə prosesinin ayrılmaz hissəsidir. Odur ki, hər bir məktəb fənn gecələrinin, bilik yarışlarının keçirilməsinə xüsusi önəm verməli, şagirdlər arasında rəqabətli mühit yaratmalıdır.
Belə yarışlardan biri də Astara rayonu Həzi Sovqatov adına Şümrüd kənd tam orta məktəbin-də keçirildi. Coğrafiya yaraşı məktəbin gənc və perspektivli müəllimi olan Mahir Əhədovun təşkilatçılığı ilə baş tutdu. Hələ yarışın başlamasına qalmış, Mahir müəllimin iştirakçılara  son tövsiyyə və təlimatlarını çatdırdığı zaman otağa daxil oldum. Şagirdlərin üzlərində ki, həyəcan, qələbə əzmi və sevinc hissi yarışın gərgin keçəcəyini vəd edirdi. Otaqda gördüklərimdən, müəllim və şagirdlərin dialoqundan anladım ki, bizi “Coğrafiya” adlı bir dünyaya səyahət gözləyir.