2.10.2015

MÜASİR TƏRBİYƏ SISTEMİNİN VƏZİYYƏTİ

Tərbiyə prosesi ziddiyyətli və uzun sürən prosesdir. O, məktəbəqədər dövrdən başlanır və əmək  fəaliyyəti prosesində davam edir. Yeniyetməlik dövründən insan özünütərbiyə ilə məşğul olmağa başlayır. İnsanda olan qüsurların tərbiyə yolu ilə aradan qaldırılması yenidəntərbiyə adlanır. Məktəbdə tərbiyə prosesini xarakterizə etmək üçün “yumşaq” meyarlar tətbiq olunur. Onlar müəllimlərə tərbiyə prosesinin gedişi və nəticələri haqqında ümumi təsəvvürlər almağa kömək edir. Bu meyarlar şəxsiyyətin bütün keyfiyyətlərini kompleks halda öyrənmək üçün deyil, ancaq ayrı-ayrı keyfiyyətlərini (əxlaqi, əmək, estetik və s.) öyrənmək üçün nəzərdə tutulur. Şəxsiyyət bütöv bir varlıqdır, onun bütün keyfiyyətlərini və əlamətlərini kompleks halda öyrənmək lazımdır.
Söz ilə əməl arasındakı ziddiyyətlər tərbiyə işində bir çox çətinliklərin və nöqsanların yaranmasına səbəb olur. Pedaqoqlar xarici təsirlərlə məktəblilərin daxili meylləri arasındakı ziddiyyətlərə münasibətdə xüsusilə diqqətli olmalıdırlar.. Uşağın hərəkətinin daxili məzmununa diqqətsizlik pedaqoqun fəaliyyətini uğursuz edə bilər.

Tərbiyə prosesi mürəkkəb dinamik sistemdir. Bu sistemin hər bir komponenti öz növbəsində bir sistem hesab edilə bilər, çünki onun da öz komponentləri vardır. Tərbiyə prosesinin dinamikliyini  öyrənmək onun nə vaxt meydana gəldiyini, təşəkkülünü və inkişaf yollarını müəyyənləşdirmək deməkdir.
Tərbiyə prosesindəki sistemləri ayırmaq və təhlil etmək üçün çoxlu meyarlar vardır. Tərbiyə prosesi sisteminin modeli aşağıdakı meyarlara əsasən qurulmuşdur :
-      məqsədlər və vəzifələr meyarı ;
-      tərbiyə prosesinin məzmunu , prosesin baş verdiyi şərait meyarı;
-      tərbiyəçilərlə tərbiyə olunanların qarşılıqlı təsir meyarı;
-      tətbiq olunan metodlar meyarı;
-      tərbiyə fəaliyyətinin formaları meyarı;
-      zaman kəsiyində prosesin inkişaf mərhələləri meyarı və s.
Sinif-dərs sistemindəki bütün fəaliyyət növləri təhsilləndirici, tərbiyəedici və inkişafetdirici funksiyaları yerinə yetirdiyi kimi, dərsdənkənar (sinifdənkənar və məktəbdənkənar) şəraitdə həyata keçirilən bütün növ işlər də öyrədici, tərbiyəedici və inkişafetdirici vəzifələri yerinə yetirir. Məktəbdə vahid pedaqoji prosesin mahiyyəti bundan ibarətdir. Sinifdənxaric və məktəbdənkənar təlim və təhsil – tərbiyə şəxsiyyətin məqsədyönlü formalaşması prosesidir. Bu proses qarşıda qoyulmuş ümumi məqsədə çatmaq üçün müəllim və məktəblilərin qarşılıqlı əməkdaşlığıdır. Bu prosesin aşağıdakı xüsusiyyətlərini qeyd etmək olar:
-      Tərbiyə prosesi məqsədyönlü prosesdir.
-      Tətbiyə prosesi çoxamilli prosesdir.
-      Tərbiyə prosesi mürəkkəb prosesdir.
-      Tərbiyə prosesi uzun sürən prosesdir.
-      Tərbiyə prosesi fasiləli prosesidir.
-      Tərbiyə prosesi kompleks prosesidir.
-      Tərbiyə prosesi dəyişkən,qeyri-müəyyən prosesdir.
-      Tərbiyə prosesi ikitərəfli prosesdir.
 Tərbiyənin məzmununa baxsaq, biliklər, əqidələr, şəxsiyyətin keyfiyyətləri, əlamətləri və sabit davranış vərdişləri sistemi başa düşülür. Məktəblilər bunlara qarşıda qoyulan məqsədlərə və vəzifələrə uyğun olaraq yiyələnməlidirlər. Vahid pedaqoji prosesdə birləşən əqli, fiziki, estetik, əmək və əxlaq tərbiyəsi şəxsiyyətin hərtərəfli və ahəngdar inkişafının ən mühüm şərtidir.
 Müasir tərbiyə işinin əsasında aşağıdakı ideyalar durur.
1.     Tərbiyə məqsədlərində realizm. İnsanın hərtərəfli inkişafı onun qabiliyyətlərinə və istedadına əsaslanmalıdır. Tərbiyənin məzmununun mərkəzi anlayışı şəxsiyyətin “baza mədəniyyəti” anlayışıdır ki, bu mədəniyyətə iqtisadi və əmək mədəniyyəti; siyasi; demokratik və hüquqi mədəniyyəti; əxlaqi, ekoloji, bədii və fiziki mədəniyyəti; ailə münasibətləri mədəniyyəti daxildir.
2.     Özünütəyinetmə.   İnkişafetdirici tərbiyə möhkəm əqidələrə, demokratik baxışlara və həyati mövqelərə malik şəxsiyyət formalaşdırmağı nəzərdə tutur. Tərbiyənin məzmununun mühüm elementlərindən biri insanın öz həyatını təyinetmə mədəniyyətidir. Bu, insanı öz həyatının və şəxsi xoşbəxtliyinin subyekti kimi xarakterizə edir. İnsanın özünü vətəndaş, peşə sahibi  və əxlaqlı adam kimi dərk etməsi harmoniya halında baş verməlidir. Tərbiyə işinin mərkəzində proqramlar, tədbirlər, forma və metodlar deyil, hər şeydən əvvəl uşaq, yeniyetmə, gənc durmalıdır. Onların fərdiyyətini, maraqlarını, özünəməxsus xarakterlərini, şəxsi ləyaqət hisslərini inkişaf etdirmək lazımdır. Məktəblilər üçün yaxın  maraqlardan yüksək mənəvi  tələbatların inkişafına doğru hərəkət tərbiyə prosesinin məqsədi olmalıdır.
3.     Uşaqlarla böyüklərin birgə fəaliyyəti.  Birgə iş prosesində mənəvi mədəniyyətin, fəaliyyət mədəniyyətinin ən yaxşı nümunələrini axtarmaq, onların əsasında özünün şəxsi dəyərlərini, həyat normalarını və qanunlarını yaratmaq, tərbiyə prosesində məktəblinin fəal şəxsi mövqeyini təmin etmək müəllimin tərbiyə işinin məzmununu təşkil edir.
4.     Könüllülük.  Məktəblilərin şəxsi istək və arzusu olmasa, tərbiyənin başlıca ideyalarını həyata keçirmək olmaz. Məktəbli kollektivinə şəxsiyyətin mənəvi, əxlaqi qüvvələrinin inkişafına mane olan intizam vasitəsi kimi baxmaq doğru deyil.
Şəxsiyyətin daxili mövqeyi onun davranışında aşkara çıxır. İnsan necə tərbiyə olunubsa, elə də hərəkət edir. Metodik tövsiyyələrə riayət olunması yüksək nəticələr qazanmağa gedən yolu asanlaşdırır.
1.     İşin effektliyi zəruri şərtdir. Məktəblilərə fikir zorla qəbul etdirilməməlidir;
onlar qərar qəbul etməyin vacibliyinə inandırılmalıdır; elə etmək lazımdır ki, onlar o qərarı öz qərarları kimi başa düşsünlər;
2.      Fəal yanaşma məktəblilərin canlı, yaradıcı fəaaliyyətini tələb edir. Kompleks yanaşma isə müəllimə bir işdən çoxlu səmərə əldə etməyə imkan verir.
3.     Hər bir tərbiyəvi işin vəzifələri və həyata keçirilmə şəraiti ilə əlaqədar olaraq onun məzmununu müəyyənləşdirmək olduqca vacibdir. Müəllim məktəblilərin maraq və həvəslərinə istinad etməklə onların düzgün istiqamətini inkişaf  etdirməlidir.
4.     Tərbiyə işləri şablon sevmir, çeviklik və manevrin genişliyi onları fərqləndirən əlamətlərdir.
5.     Tərbiyə işləri rəngarəng olmalıdır. Məktəblilər maraqlı  işləri uzun müddət unutmurlar.
Düzgün təşkil olunmuş tərbiyə insanı ləyaqətli vətəndaş, yaxşı işçi, ailə başçısı, humanist, insanpərvər, xeyirxah, ədalətli şəxsiyyət olmağa hazırlamalıdır.

Almas ƏSƏDOVA,

Sumqayıt  şəhəri  28  №li tam  orta  məktəbin ibtidai  sinif  müəllimi

No comments:

Post a Comment