7.04.2015

Məktəb yeni inkişaf mərhələsində

Bakının Şüvəlan qəsəbəsində yerləşən Fuad Fərhadoğlu adına 230 nömrəli tam orta məktəblə tanışlığım yeni olsa da, bu təhsil ocağı haqqında kifayət qədər məlumat əldə edə bilmişəm. Mütəmadi olaraq iştirak etdiyim rəngarəng tədbirlər, məktəbin direktoru Elşən Qafarovla söhbətlərim, müəllimlərin dərslərini izləmək imkanlarım məndə məktəb haqqında xeyli təəssürat yaradıb. Bu təhsil ocağı son iki ildə şagirdlərin dünyagörüşünün, pedaqoji kollektivin peşəkarlıq səviyyəsinin, tədrisin keyfiyyətinin yüksəldilməsi üçün, əgər belə demək mümkünsə, sanki bir təcrübə bazasına çevrilib. Atılan hər bir addım həm yenilikçilik, həm öyrədicilik, həm də tərbiyəedicilik mahiyyəti ilə diqqət mərkəzində dayanıb.

Şübhəsiz ki, məktəbdə yeni dərs ilinə hazırlıq işləri hələ köhnə dərs ili başa çatmamışdan aparılmağa başlayır. Məktəbin direktoru Elşən Qafarov bu mövzuda bəhs edərkən söyləyir ki, hər şeydən öncə pedaqoji kollektivə yeni dərs ilində qarşıda dayanan vəzifələrlə bağlı məlumatlar çatdırılır. Pedaqoji kollektivin hər bir üzvü bu vəzifələrin içərisindən öz payını götürür. Nəzərdə tutulur ki, dərs ili ərzində məktəbdə informasiya-kommunikasiya texnologiyalarından istifadə, onun tədrisə tətbiqi işi genişliyi ilə tətbiq olunsun. Bununla paralel olaraq İKT-nin tədrisə tətbiqi işinin səviyyəsi mütəmadi olaraq öyrənilsin. Elşən Qafarov haqlı olaraq vurğulayır ki,  İKT-nin tətbiqi ilə keçirilən dərslərin intensivliyini təmin etmək zamanın tələbidir. Pedaqoji kollektivin hər bir üzvü bu tələblə yanaşı addımlamağı bacarmalıdır. Lakin İKT-nin tətbiqi də hələ son deyil.
Fəal təlim texnologiyalarının tədris prosesində səmərəli şəkildə istifadəsi müasir dövr təhsil sisteminin əsas meyarlarından biridir. Ölkə başçısı cənab İlham Əliyev tərəfindən imzalanan Təhsil Sahəsinin İnkişafı üzrə Dövlət Strategiyasında təsbit olunan məsələlərdən biri də məhz budur. Müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması, bu məqsədlə məktəbdə mütəmadi olaraq həyata keçirilən təlimlər, disputlar, seminarlar, müzakirələr, dəyirmi masalar özlüyündə bu məqsədə xidmət etməklə, məktəbdə təlim mühitinin yaxşılaşdırılmasına yönəlib.
Elşən Qafarov söyləyir ki, dərs ilinin əvvəlindən qarşıya qoyulan vəzifələrdən biri də valideynlərlə işin səmərəli şəkildə həyata keçirilməsidir. Məktəbin fəaliyyəti ilə tanış olduqda valideyn-məktəb əməkdaşlığının məktəbin əsas fəaliyyət istiqamətlərindən biri olduğunu görmək mümkündür. Məktəbdə valideynlərlə əlaqələr formal olaraq keçirilən iclaslar, görüşlərlə yekunlaşmır, əksinə məktəbdə artıq bu sahədə müəyyən sistemin yaradılmasına başlanılmışdır. Bəs bu sistem özündə nələri ehtiva edir? Elşən Qafarovun sözlərindən bəlli olur ki,dərs ilinin əvvəlində məktəbdə təhsil alan şəhid övladları, valideyn himayəsindən məhrum olmuş, yaxud valideynlərindən birini itirmiş, eləcə də uğursuz ailələrdən, köçkün ailələrdən olan şagirdlər müəyyənləşdirilir. Məktəbdə bu sosial kateqoriyaya aid olan şagirdlərə xüsusi yanaşma mövcuddur. Bu yanaşma özündə onların təhsil, sosial və psixoloji  məsələlərinin təşkili problemlərini ehtiva edən tədbirlər planını birləşdirməkdədir.
Məktəbin tədbirlər planında önəm verilən məsələlərdən biri də respublikanın digər təhsil ocaqları ilə əməkdaşlıq əlaqələrinin yaradılmasıdır. Məlum olduğu kimi,  Azərbaycan Təhsil Şurası ötən ilin yayında “Təhsil müəssisələrinin əməkdaşlıq və təcrübə mübadiləsi” layihəsini həyata keçirməyə başlayıb. Bu layihə çərçivəsində əməkdaşlığa qoşulan ilk məktəblərdən biri də məhz 230 nömrəli tam orta məktəb oldu. 129 nömrəli tam orta məktəblə əməkdaşlıq memorandumunun imzalanması mərasimində Azərbaycan Təhsil Şurasının sədri professor Əjdər Ağayev, Təhsil Şurası İdarə Heyətinin üzvü, “Təhsil və zaman” qəzetinin redaktoru Böyükağa Mikayıllı, 129 nömrəli tam orta məktəbin direktoru Samir Mehdizadə, eləcə də 230 nömrəli tam orta məktəbin pedaqoji kollektivinin üzvləri iştirak edirdilər. Tədbiri goriş sözü ilə açan Təhsil Şurasının sədri professor Əjdr Ağayev qeyd etdi ki, “Təhsil müəssisələrinin əməkdaşlıq və təcrübə mübadiləsi layihəsi” təhsilimizin bu günü üçün mühüm olan bir layihədir. Təhsil müəssisələri arasında əməkdaşlıq layihələri illər öncə mövcud olmuşdur. Amma son illər bu tendensiya unudulmuşdur. Halbuki, məktəblər, pedaqoji kollektivlər, şagirdlər  əməkdaşlıqdan çox fayda əldə edə bilərlər. Əjdər Ağayev vurğuladı ki, Təhsil Şurası bu layihəni mətbuatda elan etdikdən sonra xeyli sayda məktəb əməkdaşlıq üçün müraciət edib. Belə məktəblərdən ikisi 230 və 129 nömrəli tam orta məktəblər bu gün əməkdaşlıq haqqında memorandum imzalamaq üçün bir yerə yığışıblar. O, ümidvar olduğunu bildirdi ki, bu məktəblər arasında imzalanmış əməkdaşlıq memorandumu hər iki təhsil ocağında təlim keyfiyyətinin yüksəldilməsinə yardımçı olacaq.
Tədbirdə iştirak edən 129 nömrəli tam orta məktəbin direktoru Samir Mehdizadə də layihənin əhəmiyyətindən bəhs etdi. O, memorandumun ayrı-ayrı maddələrini iştirakçıların diqqətinə çatdırdı. Qeyd etdi ki, bu, özlüyündə məktəbin bütün pedaqoji kollektivini, şagirdləri əhatə etməklə, təcrübə, informasiya mübadiləsi aparmağa, konfransların, seminarların, idman və bilik yarışlarının keçirilməsinə, elmi müzakirələrin təşkilinə və s. xidmət edir. Şübhəsiz ki, bu, öz növbəsində təhsil müəssisəsinin hərtərəfli inkişafını stimullaşdırmağa yönəlib.
Elşən Qafarov da öz növbəsində layihənin əhəmiyyətindən bəhs etdi. Sonra isə rəhbərlik etdiyi 230 nömrəli tam orta məktəbin ənənələrindən, nailiyyətlərindən danışdı. Söylədi ki, bu gün məktəbdə zamanın tələbləri səviyyəsində həyata keçirilən tədbirlər, əldə olunan nailiyyətlər təhsil ocağını ən yaxşı məktəblər sırasına çıxarmaqdadır. Sevindirici haldır ki, məktəbin maddi-texniki bazası, pedaqoji kollektivin intellektual hazırlığı da buna imkan verir. O, ümidvar olduğunu bildirdi ki, məktəbin qoşulduğu “Təhsil müəssisələrinin əməkdaşlıq və təcrübə mübadiləsi” layihəsi fəaliyyətində daha yeni istiqamətlərin açılmasına imkan yaradacaq. Tədbirin sonunda əməkdaşlıq haqqında memorandum imzalandı.
230 nömrəli tam orta məktəb yola saldığımız dərs ilində Bakının digər təhsil ocaqları ilə də əməkdaşlıq münasibəti qurdu, bilik yarışlarında, breyn-rinqlərdə iştirak etdi. Belə yarışlardan biri bu günlərdə keçirildi və Bakının 12 məktəbini əhatə etdi. Məktəbin şagirdləri bu yarışda təhsil ocağını uğurla təmsil etdilər, qazandıqları bilikləri nümayiş etdirməyi bacardılar.
Artıq ikinci ildir ki, məktəbdə ayrı-ayrı fənn metodbirləşmələrinin əvəzində fənn kafedraları fəaliyyətə başlayıb. 230 nömrəli tam orta məktəb fənn kafedralarının fəaliyyət göstərdiyi azsaylı təhsil ocaqlarındandır. Elşən Qafarov fənn kafedralarının yaradılmasını məktəbin həyatında dönüş nöqtəsi hesab edərək, bunun təlim keyfiyətinin yüksəlməsi, uğurların daha da artacağı ilə müşaiyət olunacağını vurğulayır. Qeyd edir ki, təhsil prosesi formallıqdan uzaq olmalıdır. Formallıq məktəbin inkişafını zəiflədən ən ciddi amillərdəndir. Fənn kafedralarını yaratmaqda da əsas məqsəd elə fənn metodbirləşmələrinin formal fəaliyyətinə son qoymaq olub. Elşən Qafarov vurğulayır ki, məktəbin kafedral idarəolunması təhsil ocağının həyatında sözün həqiq mənasında canlanma yaradıb. Kafedralar sanki bir-biriləri ilə yarışa giriblər. Hər bir fənn kafedrası həmin fənn üzrə tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədilə sistemli tədbirlər keçirir. Bu tədbirlərdə istər şagirdlər, istərsə də müəllimlər fəal iştirak edirlər. Elşən Qafarov vurğulayır ki, fənn kafedraları şagirdlərin bilik və bacarıqlarının aşkara çıxarılması, onların yaradıcılıq qabiliyyətinin inkişafı üçün əlverişli mühit yaradır. Söhbət əsnasında o, nümunə kimi təbiət elmləri kafedrasının fəaliyyətinə toxundu. Qeyd etdi ki, kafedranın fəaliyyəti çərçivəsində vaxtaşırı olaraq fizika, kimya, biologiya və coğrafiya müəllimlərinin birgə toplantısı keçirilir. Toplantıda görüləcək işlər haqqında, görülən işlərin nəticəsi və əhəmiyyəti haqqında söhbətlər aparılır. Müvafiq plana əsasən şagirdlər müxtəlif mövzularda referatlar yazır, divar qəzetləri hazırlayır, əl işlərini nümayiş etdirirlər. Şagirdlərin əldə etdiyi biliyin yoxlanması məqsədi ilə test sorğuları aparılır. Təbiət fənləri kafedrasının fəaliyyətinin yekunu olaraq bu il məktəbdə 28 aprel tarixində “Sehrli Dünya” adlı maraqlı tədbir keçirildi. Bundan əlavə 2014/2015-ci il tədris ilinin fəaliyyət planına əsasən məktəbdə aprel ayı “Təbiət elmləri” aylığı elan olunmuşdur. Ay ərzində rəhbərlik tədrisə nəzarət və şagird nailiyyətlərinin qiymətləndirilməsi məqsədi ilə kimya, biologiya, fizika, coğrafiya fənnləri üzrə monitorinqlər keçirdi, dərs dinləmələrdə iştirak etdi və açıq dərslər təşkil olundu. Şagirdlər “Gənc kimyaçı”, “Gənc fizik”, “Coğrafiya”, “Ekologiya”, “Gənc bioloq” adlı divar qəzetləri hazırladılar, müxtəlif sərbəst işlər, referatlar yazdılar. Həmçinin kimya müəllimi Dilarə Məmmədovanın “Kimya məktəbdə” jurnalının 2015-ci il aprel ayı buraxılışında məqaləsi nəşr olunub. “Təbiət elmləri” aylığı 28.04.2015-ci il tarixində keçirilmiş ədəbi-bədii tədbirlə sona çatdırılıb. Tədbirdə “Suni vulkan”, “ Əldə alov”, “ Qələvi metalların su ilə qarşılıqlı təsiri”, “Ağırlıq qüvvəsi” və s. kimi maraqlı təcrübələr nümayiş etdirildi. Şagirdlərin ifasında “Elektrik dövrəsi”, “Kimyəvi elementlərin bəhsi”,  7 “A” və Cəbiş müəllim”, “N.Gəncəvi və fizika-kimya elmləri”, “Fənnlərin bəhsi” adlı səhnəciklər səsləşdirildi, “Məzəli mahnı” və “Orqanik kimya” musiqisi ifa olundu. IX sinif şagirdi Emin Zeynalovun hazırladığı Robot hamının marağına səbəb oldu. Sonda tədbir iştirakçıları rəhbərlik tərəfindən “Təşəkkürnamə” və hədiyyələrlə təltif olundular.
Məktəbdə bu günlərdə keçirilən “32 hərfin möcüzəsi” adlı ədəbi-bədii kompozisiya ibtidai sinif şagirdlərinin ifasında məktəbin pedaqoji kollektivinə təqdim olundu. İbtidailərin təqdim etdikləri bu kompozisiya onların gələcəkdə təlimdə böyük uğurlar əldə edəcəklərinə bir işarə idi. İbtidailərin nümayiş etdirdikləri kompozisiya ümid verirdi ki, onların kövrək addımları möhkəm təməllər üzərində qurulur və bu təməl onların parlaq gələcəklərini təmin edəcəkdir.
Biz sadalanan bu tədbirlərlə məktəbdə fəaliyyət göstərən bir kafedranın fəaliyyətini izlədik və gördük ki, şagirdlərin təlimə, təbiət elmlərinə, ictimai işlərə marağının artmasında kafedra nə qədər mühüm rol oynadı. Şübhə yeri qalmır ki, biz yaxın gələcəkdə kafedral fəaliyyətin daha geniş  uğurları ilə üzləşəcəyik. Məktəbdə digər fənn kafedralarının da fəaliyyəti diqqətəlayiq işlərlə müşaiyət olunur. Onu da qeyd edək ki, fənn kafedraları lazımı səviyyədə metodiki vəsaitlərlə təchiz olunmuşlar. 
Şagirdlərin dünyagörüşünün, mənəvi-əxlaqi davranışlarınn formalaşdırılması, elmə, təhsilə marağının artırılması, tariximizin, görkəmli şəxsiyyətlərimizin, ayrı-ayrı bölgələrimizin öyrəilməsi, tanıdılması bu gün məktəbin rəhbərliyini əsas vəzifələrdən biri kimi düşündürür. Bütün bunların dərs prosesində şagirdlərə öyrədilməsi, şübhəsiz ki, mümkün deyildir. Odur ki, məktəbin rəhbərliyi illik iş planına müvafiq olaraq maraqlı sinifdənxaric, məktəbdənkənar tədbirlər həyata keçirməklə, şagirdlərin də belə tədbirlərdə həm fəal təşkilatçılıqlarını, həm də iştiraklarını təmin edirlər. 15 may 2015-ci il tarixdə Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibəti ilə keçirilən və Bakının 12 məktəbinin iştirak etdiyi breyn-rinq yarışması da bu qəbildən idi.  Qeyd edək ki, yarışın birinci mərhələsi Bakı şəhərindəki 245 nömrəli tam orta məktəbdə, final mərhələsi isə 230 nömrəli məktəbdə keçirildi. 7 nömrəli tam orta məktəb yarışın qalibi elan olundu. 230 nömrəli tam orta məktəbin şagirdləri də yarışda fəəl iştirak etdilər.
Məktəbdə mütəmədi olaraq təşkil olunan görüşlər, Təhsil naziri cənab Mikayıl Cabbarovun şagirdlərin mütaliə vərdişlərinin təkmilləşdirilməsi istiqamətində imzaladığı əmrdən irəli gələrək həyata keçirilən tədbirlər də uşaq və gənclərin şəxsiyyət kimi yetişməsində mühüm rola malikdir. Bu aspektdə keçirilən silsilə tədbirlərə nəzər salsaq görərik ki, bunların hər birinin mahiyyətində inkişafetdiricilik, tərbiyəedicilik dayanmaqdadır. İkinci Dünya Müharibəsində faşizm üzərində qələbənin 70 illiyinə həsr olunmuş tədbir də bu qəbildən idi. Tədbirdə iştirak edən şagirdlər, müəllimlər  iki dəfə Sovet İttifaqı Qəhrəmanı general Həzi Aslanova həsr olunmuş “Mən sizi dünyalar qədər sevirdim” filminin yaradıcı heyəti və baş rolunun ifaçısı,  Xalq artisti Ramiz Novruz və bir qrup müharibə veteranı ilə təmasda oldular. Bu filmə dəfələrlə baxmışam. Amma etiraf edim ki, filmə bu dəfəki baxışım məndə tamamilə başqa hisslər yaratdı. Xalq artisti Ramiz Novruzun, yaradıcı heyət üzvlərinin filmin çəklişi ilə bağlı xatirələri, mülahizələri, üzləşdikləri problemləri dilə gətirmələri tamaşaçıları sanki filmin cərəyan etdiyi illərə çəkib aparır, qəhrəman həmyerlimiz Həzi Aslanovun özü ilə görüşdürürdü. Tədbir boyunca şagirdlərin ünvanladığı sulları cavablandıran Ramiz Novruz çox maraqlı məqamlara aydınlıq gətirirdi. Bu məqamlarda İkinci Dünya Müharibəsinin çoxlarına bəlli olmayan tərəfləri də var idi. Məktəbdə keçirilən bu görüşün şagirdlərin xatirəsində həmişəlik iz buraxacağı şübhəsizdir.
Məktəbdə belə görüşlərdən biri də Azərbaycan Təhsil Şurasının sədri, pedaqoji elmlər doktoru professor Əjdər Ağayevlə keçirildi. Bu görüşün əks-sədası Bakının digər məktəblərinə də çatmışdı. Məktəbin qarşısında duz-çörək, gül-çiçəklə qarşılanan fəxri qonaq öncə təhsil müəssisəsinin foyesində şagirdlərin əl işlərindən ibarət sərgiyə tamaşa etdi. Tədbirdə Əjdər Ağayevin həyat və fəaliyyətinin bəzi məqamlarını əks etdirən “İşığa gedən yol” adlı elektron çarx nümayiş olundu.  Sonra məktəbdə fəaliyyət göstərən fənn kafedraları Əjdər Ağayevin əsərləri əsasında hazırladıqları məruzələri təqdim etdilər. Qeyd edim ki, professor Əjdər Ağayevin ayrı-ayrı əsərləri fənn kafedralarında müzakirə edilmiş və məruzələr hazırlanmışdır. Bunun nəticəsi olaraq məktəbin ingilis dili müəllimi Firuzə İsayeva “Ümumtəhsil məktəbi şagirdlərinin təhsilə, tərbiyəyə və əməyə hazırlanması”, Azərbaycan dili və ədəbiyyat müəllimi Gülnar Rəhimli “Əjdər Ağayevin pedaqoji görüşləri və şəxsiyyətin formalaşmasında ədəbiyyatın rolu”, Rus dili müəllimləri Sevil Həsənova və Natella Şəfizadə “Əjdər Ağayevin pedaqoji tədqiqatları”,  Azərbaycan dili və ədəbiyyat müəllimi Hüseyn Məmmədov “Azərbaycan ictimai pedaqoji fikrində şəxsiyyətin formalaşması problemi”, İbtidai sinif müəllimi Sevinc Səfərova “Təməldən əmələ”, Kifayət Allahverənova “Əməyin tərbiyədə rolu”, Tünzalə Əmirova “Güney Qafqaz xalqlarının pedaqoji əlaqələri tarixindən” mövzusunda çıxış etdilər. Onlar Əjdər Ağayevin əsərlərinin elmi-pedaqoji, metodiki, sosial-pedaqoji, əxlaqi-mənəvi mahiyyətindən bəhs etdilər, Əjdər Ağayevin elmi, publisistik, jurnalistik, bədii yaradıcılığını böyüyən nəslin mənəvi tərbiyəsində dəyərli mənbə adlandırdılar. Tədbirdə çıxış edən professor Əjdər Ağayev müəllimlərin tədqiqat xarakterli çıxışlarını yüksək qiymətləndirdi. Söylədi ki, 230 nömrəli tam orta məktəb yüksək yaradıcılıq potensialına malik müəllimlərin çalışdığı, innovasiyaların, müasir texnologiyaların tətbiq olunduğu, şagird, müəllim nailiyyətlərinin getdikcə artdığı bir təhsil ocağıdır. Məktəb rəhbərliyinin və müəllim heyətinin təlim-tərbiyə işinə yanaşmasındakı novator möqve bu təhsil ocağının yaxşı perspektivindən soraq verir. Əjdər Ağayev   söhbətində müəllimlik peşəsinin xüsusiyyətlərindən, bu peşənin şərəfli, çətin cəhətlərindən bəhs etdi. Vurğuladı ki, müəllimlik fədakarlıq sevən bir peşədir. Bu peşəni seçənlər bunu nəzərə almalıdırlar. O, özünün müəllimlik fəaliyyətindən, elm, həyat yollarında mübarizəsindən, daim öz həyat amallarına sədaqətindən, eləcə də müasir təhsilimizin uğurlarından, problemlərindən bəhs etdi. Söylədi ki, bugünün müəlliminin üzərinə çox vacib məsələlər düşür. Onlardan ən əhəmiyyətlisi müasir düşüncəli, savadlı, milli-mənəvi dəyərlərə sahib gənc nəsil formalaşdırmaqdır. Əjdər Ağayev daha sonra müəllimlərin çoxsaylı suallarını cavablandırdı, öz tövsiyyələrini verdi.
Yola salınan dərs ilində maraqlı görüşərdən biri də aprelin 16-da reallaşdı. Həmin gün məktəbin qonaqları ABŞ-ın San Dieqo Dövlət Universitetinin Gürcüstan üzrə nümayəndəsi professor-doktor Halil Güven və professor-doktor  Oya Güven idi.  Qonaqlar məktəbin müəllim və şagird heyəti üçün “Liderlik” mövzusunda seminar apardılar. Seminar iştirakçılarına təlimdə, həyatda uğur qazanmağın yollarından bəhs etdilər. Bununla yanaşı, Halil Guven San Dieqo Dövlət Universitetinin STEM proqramı barəsində də seminar iştirakçılarına məlumat verdi. Qonaqlar, eyni zamanda, dərs prosesi ilə də tanış oldular. 
Milli-mənəvi dəyərlərimizin gənc nəslə çatdırılması istiqamətində görülən işlər də məktəbdə müvafiq təlim-tərbiyə mühitinin formalaşdırılmasında müstəsna rola malikdir. Əxlaqi dəyərlərə hörmətin hökm sürdüyü mühitdə böyüyən nəslin elə bu dəyərlər ruhunda formalaşacağına da inam böyük olur. Maraqlıdır ki, 230 nömrəli tam orta məktəbdə mənəvi dəyərlərin gənclərə aşılanması bir sistem halında reallaşdırılır. Yəni, burada mənəviyyatın formalaşması, şəxsi-mənəvi dəyərlərin aşılanması üçün nəyi, necə, nə zaman etmək lazım olduğunu çox gözəl dərk edirlər. İbtidaidən ustalıqla qoyulan tələb yuxarı siniflərə qalxdıqca uğurla davam etdirilir. Yeri gəlmişkən şagirdlərin uğurlarının bir qisminə də nəzər salmaq yerinə düşərdi:  Cavidan Yarıyev hal- hazırda məktəbin 10-cu sinfində təhsil alır. 2007-ci ildən idmanın müxtəlif növləri ilə məşğul olur. 2014-cü ildən ağır atletika ilə məşğuldur. Bir il ərzində müxtəlif yarışlarda iştirak edib. "Spartak" KBTİCRŞ-nın açıq birinciliyində II yerə, Təhsil RİM-nin Respublika birinciliyində I yerə layiq görülüb. Hal-hazırda məktəbdə təhsilini davam etdirməklə yanaşı idmanla da məşğul olur.
Elmar Atakişiyev beş yaşından şahmatla məşğul olur, 2 dəfə - 8 və 12 yaşlı uşaqlar arasında Bakı şəhəri üzrə keçirilən şəhər birinciliyində uğur qazanaraq, Azərbaycan Şahmat Çempionatına vəsiqə qazanıb. 2014-cü ildə şahmat üzrə Avropa kuboku mükafatına layiq görülüb. 2014-cü ildə oğlanlar arasında açıq turnirdə 1-ci yeri qazanıb.  Birləşmiş Ərəb Əmirliyi (Dubay), Gürcüstan və Çexiyada keçirilən Avropa və Dünya Çempionatlarında iştirak edib. Şahmat üzrə Milli reytinq 2000 xal dərəcəsi və Beynəlxalq reytinq 1654 xal dərəcəsi qazanıb. Elmar Atakişiyev Şahmat üzrə Beynəlxalq Qrossmeyster Fərid Abbasovun yetirməsidir.
Röya Hacıyeva 3 ildir ki, Taekvando idman növü ilə məşğul olur. Bu zaman ərzində çoxlu sayda uğurları olub. 4 dəfə Azərbaycan Milli komandasına düşüb. Hal-hazırda gənclərdən ibarət milli komandanın üzvüdür. Lənkəranda keçirilmiş Respublika birinciliyində III yerə layiq görülüb. Bu yarışdan sonra yeniyetmələrin Respublika birinciliyində də bu uğuru təkrarlayıb. Şağan MOK-da keçirilən yarışda II yerə layiq görülüb. Röya Tehranda keçirilən beynəlxalq yarışda birincilik qazanıb. Azərbaycanda keçirilən gənclərin Azərbaycan çempionatında II yerə layiq görülüb. Gənclərdən ibarət milli komandaya cəlb edilib. Daha sonra Türkiyənin Ankara şəhərində olan yoldaşlıq görüşündə I yeri tutub. Həmin yarışdan sonra Türkiyənin Kırıkkala şəhərində keçirilən yarışda bir daha birincilik əldə edib. Gənclər arasında  Azərbaycan birinciliyinin qalibi olub. Röya Azərbaycan milli komandasının üzvüdür.
Məktəbin 6-cı sinif şagirdi Nailə Əlizadənin rəsmləri, əl işləri öz rəngarəngliyi ilə seçilir. Onun, eləcə də məktəbin digər şagirdlərinin Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə həyata keçirilən “Gül bayramı”nda nümayiş olunan əl işləri iştirakçıların sonsuz marağı ilə qarşılanıb.
Yuxarıda qeyd etdiyim kimi, məktəbdə milli-mənəvi dəyərlərin aşılanması istiqamətində həyata keçirilən tədbirlər barədə bəhs etmək istərdim. Bu il aprel ayının 31-də Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş “Muğam-milli-mənəvi irsimiz” adlı muğam gecəsi məhz gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunması istiqamətində həyata keçirilən tədbirlər silsiləsindən idi. Tədbirdə çıxış edən Elşən Qafarov Azərbaycan muğam sənətinin UNESKO-nun qeyri-maddi irs siyahısına daxil edilməsinin Azərbaycan üçün qürurverici hadisə olduğunu vurğulayıb. Məktəbin şagirdlərinin Bəxtiyar Vahabzadənin “Muğam” poemasından səsləndirdikləri parçalar ürəkləri riqqətə gətirib. Binə Musiqi Məktəbinin muğam müəllimləri, tanınmış muğam ifaçıları Arif İsmayıloğlu, Hüseyn Məlikov və gənc ifaçılar böyük məharətlə ifa etdikləri muğam partiyaları ilə qəlbləri oxşadılar. Ümumiyyətlə, qiymətli incilərimizdən hesab olunan muğamla bərabər, şagirdlərin maddi-mədəniyyət nümunələrini, tarixi abidələri öyrənmələri də diqqət mərkəzində dayanır. Məlum olduğu kimi, hər il aprel ayının 18-i Respublikamızda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Həmin günə 230 nömrəli tam orta məktəbin kollektivi də xüsusi hazırlaşır. Pedaqoji kollektiv və şagirdlər həmin gün Qala Dövlət Tarix Etnoqrafiya Qoruğunda təşkil olunan “İrs günləri” festivalında iştirak edirlər. Şagirdlər açıq səma altında təşkil olunmuş muzeyin ərazisini gəzir, real tarixi eksponatlarla tanış olur, keçmişimizə səyahət edirlər. Şübhəsiz ki, məktəbdə mütəmadi olaraq təşkil olunan bu kimi gəzintilər şagirdlərin dünyagörüşünü artırmaqla bərabər, tariximizə, mənəvi dəyərlərimizə onlarda məhəbbət hissi formalaşdırır. Məktəbdə yaradılmış “Şəms” klubu da buna nail olmağı qarşısına məqsəd kimi qoyub. Kluba məktəbin əmək-texnologiya müəllimi İncixanım Abbasova rəhbərlik edir. Klubun məqsədi məktəbli qızlara evdarlığın sirlərini, təmizlik və gigiyena qaydalarını öyrətmək, gələcək həyata hazırlamaqdır. 230 nömrəli tam orta məktəbdə həyata vəsiqə alan bu kimi vacib layihələri müşahidə etdikcə düşünürəm, nə yaxşı ki, məktəbin gələcək üçün layiqli vətəndaş hazırlığı prinsiplərinə əməl edən məktəblərimiz var.  Onu da qeyd edim ki, Uşaq Birliyi Təşkilatı tərəfindən uşaqların da iştirakı ilə hazırlanaraq buraxılan “Milli mədəni irsimizi qoruyaq” adlı bülleten də şagirdlərin mənəvi dəyərlərimiz haqqında məlumatlarının genişlənməsinə istiqamətlənib.
Məktəbdə fəaliyyət göstərən “Düşüncə” klubunun fəaliyyət istiqaməti isə bir qədər fərqlidir. Burada şagairdlərin daha çox elmi və həyati bacarıqlarını aşkara çıxarmaq, onların bu istiqamətdə dünyagörüşlərini formalaşdırmaq qarşıya məqsəd kimi qoyulub. “Düşüncə” klubu məktəbdə fəaliyyət göstərən şagird özünüidarə orqanı olan “Şagird parlamenti”, “İstedad bankı”, eləcə də “Şəms” klubu ilə qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərməkdədir. Şagirdlərdən təşkil olunan bu birliklər ümumilikdə məktəbin ictimai işlərində yaxından iştirak edir. Məktəbin həyatını onlarsız təsəvvür etmək mümkün deyil. Elə bu dərs ilində reallaşan tədbirlərin əksəriyyətində onların fəal iştirakı diqqəti cəlb etdi. Belə tədbirlərin biri Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun döyüş yolundan bəhs edirdi. Şagirdlər qəhrəman döyüşçüyə həsr etdikləri tədbiri qəhrəmanın adına layiq hazırlayıb təqdim etməklə, həm də özlərinin vətənpərvərlik ruhlarını, vətənin müdafiəsinə hazır olduqlarını nümayiş etdirdilər. Məktəbin şagirdi Aytən Məmmədova qahrəmanın xatirəsinə həsr olunmuş inşa müsabiqəsinin final mərhələsinə uğurla vəsiqə əldə etmişdir. Əslində vətənpərvərlik ruhunu məktəbin hər bir şagirdində görmək mümkündür. Təmasda olduğum bir neçə ay ərzində şagirdləri belə bir ruhda, məktəbin rəhbərliyini, müəllimləri isə işinə məsuliyyətli, uğur həvəsli, gələcəyə inamlı gördüm…
Bakının Şüvəlan qəsəbəsində yerləşən 230 nömrəli tam orta məktəbin əsası 1953-cü ildə qoyulub. Məktəb 1975-ci ildə hazırda yerləşdiyi binaya köçürülüb. 1176 şagird üçün nəzərdə tutulan məktəb 2006 – cı ildə Heydər Əliyev Fondu tərəfindən müasir standartlara cavab verə biləcək şəkildə təmir olunub. Məktəbdə tədris emalatxanası, idman zalı, idman meydançası, kitabxana, akt zalı, tədris və təcrübə otaqları, tibb otağı və bufet var. Məktəbdə radio qovşağı fəaliyyət göstərir. Məktəbdə fizika, biologiya, kimya kabinetləri vardır. Məktəbdə tədris prosesi təcrübəli və peşəkar müəllimlər tərəfindən aparılır. Bir neçə sinifdə elektron lövhələr quraşdırılmış və tədris prosesində istifadə olunur. Əksər qəsəbə sakinləri demək olar ki, bu məktəbin məzunları olmuş, hal-hazırda da həmin məktəbin müəllim kollektivinin əksəriyyəti bu məktəbin məzunlarıdırlar. Məktəbdə tarixən yüksək səviyyəli tədbirlər təşkil olunub və hal-hazırda da bu ənənə davam etdirilməkdədir. Respuplikada tanınmış şəxslər və ziyalılar məktəbin qonağı olmuş və şagirdlərlə görüş keçirmişlər.
Təhsil Şurasının məktəbdə genişləndirilmiş iclası
Məktəbdə maraqlı tədbirlərdən biri də 2015-ci il iyunun 11-dəbaş tutdu. Həmim gün məktəbdə Azərbaycan Təhsil Şurası İdarə Heyətinin genişləndirilmiş iclası keçirildi. İclasda Təhsil Şurasının sədri professor Əjdər Ağayev, idarə heyətinin üzvləri professor Nazim Kazımov, professor Asəf Zamanov, dosent Şaiq Əsgərov, Aliyə Təmasib, Həqiqə Məmmədova, Böyükağa Mikayıllı, İslam Baxşıyev, Samir Mehdizadə, Şuranın üzvləri Sevinc Abbasova, Nübar Qayıblı, Türkiyəli təhsil mütəxəssisi Erdem Söylemez, eləcə də 230 nömrəli tam orta məktəbin rəhbərliyi, pedaqoji kollektivinin üzvləri, Xəzər rayonunun qabaqcıl müəllimləri iştirak edirdilər.
İclası giriş sözü ilə açan Təhsil Şurasının sədri professor Əjdər Ağayev gündəlik barəsində məlumat verdi. Qeyd etdi ki, bu günkü iclasda Bakı Musiqi Kollecinin direktoru, Təhsil Şurası İdarə Heyətinin üzvü, professor Nazim Kazımov 65 illik yubileyi münasibətilə, eyni zamanda Azərbaycanda musiqi təhsilinin inkişafındakı xidmətlərinə, geniş yaradıcılıq fəaliyyətinə görə  Şuranın “Kamillik” diplomu ilə təltif ediləcək. Ölkədə sabahdan keçirilməyə başlayacaq Birinci Avropa Oyunlarına həmrəylik bildiriləcək. Nəhayət, Xəzər rayonu 230 nömrəli tam orta məktəbin iş təcrübəsi müzakirə olunacaq, məktəbin iş təcrübəsinin öyrənilib  yayılması məsələsinə baxılacaq.
Əjdər Ağayev iclasın gündəliyində dayanan ikinci məsələyə də münasibət bildirdi. Söylədi ki,  dünyada Azərbaycanın tanınmasında idman oyunları müstəsna rola malikdir. Birinci Avropa Oyunları da bu baxımdan mühüm əhəmiyyət daşıyır. Azərbaycanın belə möhtəşəm bir yarışa ev sahibliyi etməsi dövlətimizin imicinin formalaşması, idmanın inkişafı baxımından da təqdirəlayiqdir. Biz bu tədbiri alqışlayırıq.
Məktəb yeniliklərin astanasında
 O, iclasın gündəliyində dayanan üçüncü məsələ ilə əlaqədar çıxış etmək üçün sözü 230 nömrəli tam orta məktəbin direktoru Elşən Qafarova verdi. Elşən Qafarov çıxışında söylədi ki, Təhsil Şurası İdarə heyətinin üzvü, “Təhsil və zaman” qəzetinin redaktoru Böyükağa Mikayıllı artıq iki aydır ki, məktəbimizdə keçirilən tədbirlədə iştirak edir, dərsləri dinləyir, müəllimlərin, məktəbin  fəaliyyəti ilə ümumilikdə yaxından tanış olur. Biz hesab edirik ki, bu tanışlıqdan yaranan təəssürat “Təhsil və zaman” qəzetində məktəbimiz haqqında geniş yazıların dərc olunması ilə müşaiyət olunacaq.  Elşən Qafaov söylədi ki, rəhbərlik etdiyi təhsil ocağı 1975-ci ildə tikilərək istifadəyə verilib. 2006-cı ildə məktəb Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Fond tərəfindən əsaslı təmir edilərək müəllim və şagirdlərin istifadəsinə verilib. 230 nömrəli tam orta məktəb bütün dövlərdə yeniliyə, yeni təlim texnologiyalarının tətbiqinə fəal yanaşan, novator ənənələri dəstəkləyən  bir kollektiv olub. Çıxışına davam edən E.Qafarov dedi ki, 2012-ci ildə o, bura rəhbər təyin olunduqdan sonra təlim-tərbiyə işinin keyfiyyətini yüksəltmək məqsədilə pedaqoji kollektivin iştirakı ilə xüsusi fəaliyyət planı hazırlayıblar. Fəaliyyət planında nəzərdə tutulan əsas məsələ təlim-tərbiyə prosesində ədalət prinspinin qorunması idi. Əgər məktəb rəhbərliyi ədalətli mövqe tutarsa, iş bölgüsü ədalətli şəkildə aparılarsa, o zaman məktəbdə müasir layihələr həyata keçirmək, təlimin keyfiyyətini yüksəltmək, yüksək nəticələrə, şəffaflığa nail olmaq  mümkündür. Həmin vaxtdan etibarən məktəb-icma, məktəb-şagird, məktəb-valideyn münasibətlərinin müasir tələblər səviyyəsində təşkil olunması üçün müəyyən addımlar atılmağa başlandı. E.Qafarov söylədi ki, kurikulum təlimi tətbiq edilməyə başlayandan məktəblərin heç bir təchizatı olmadığı üçün ən azından summativlərin keçirilməsi üçün müəllimlərin üzərinə böyük yük düşdü. Çap vasitələrinin, kağızın olmaması az maaş alan müəllimin problemlərini artırırdı. Müəllim də məcbur olub bu problemi  valideynlərin dəstəyi ilə aradan qaldırırdı. Bu da təbii ki, narazılıq, neqativlik yardırdı. Biz bu problemi aradan qaldırmaq üçün imkanlı valideynləri məktəbə cəlb etməklə məktəbdə mini-mətbəə yaratdıq. Onların imkanlarından istifadə edərək 11 çap maşını aldıq. Mətbəə üçün bir otaq ayırdıq. Bundan sonra məktəbdə müəllimə lazım olan bütün çap işləri həmin mətbəədə həyata keçirilməyə başladı. Mətbəənin işinə ciddi nəzarət olunur. Bundan sonra valideynlər daha bu işə cəlb olunmadı.
Elşən Qafarov söylədi ki, valideyn-məktəb əlaqələri ümumilikdə, onları daim düşündürən məsələlərdən olub. “Valideynləri məktəbə cəlb etmək üçün sorğular, açıq qapı günləri keçirdik. Biz bununla qarşılıqlı olaraq şagirdlərin fəaliyyətinə nəzarəti təmin edə bildik. Bu da öz nəticəsini verməyə başladı. Son 20 ildə təhsilimizdə olan problemlərdən biri də ailə başçılarının – ataların məktəbə o qədər də diqqət göstərməməsi, daha çox anaların uşaqların məktəbdəki qayğıları ilə maraqlanmasıdır. Bunun səbəblərini araşdırdıq. Məlum oldu ki, bu problemin əsasında sosial vəziyyət dayanır. Yaşadığımız ərazidə valideynlərin böyük qismi tikinti sektorunda çalışır. Bu insanlar arasında təbliğat qurub ataları məktəbə dəvət etdik. Bu gün artıq ataların böyük qisminin məktəblə sistemli əlaqə saxlamasına nail olmuşuq.”
Metodbirləşmələr əvəzinə fənn kafedraları
Elşən Qafarov çıxışında daha sonra vurğuladı ki, məktəbin fəaliyyətində kollegial orqanların işi müstəsna əhəmiyyətə malikdir. İlk növbədə direktoryanı şuraların fəaliyyətini formallıqdan çıxardıq. Yerli həmkarlar komitəsinin işini fəallaşdırdıq. Məkətəbdə metodbirləşmələr əvəzinə fənn kafedraları yaratdıq. Məktəb rəhbərliyi olaraq müəllimlərin gündəlik yazmasını ləğv etmək haqqında qərar qəbul etdik. Əslində bu, formal xarakter daşıyırdı. Bundan sonra müəllimin hazırlığının yoxlanılmasının digər bir yolunu tapdıq. Formal olaraq açıq dərslərin keçirilməsi əslində məktəbdə təlimin gedişinə mənfi təsir göstərir. Ümumi ahəngi pozur. Düşündük ki, fənn aylıqları keçirək və bu aylıqlar çərçivəsində məktəb rəhbərliyi kafedra ilə birlikdə dərsləri dinləsin. Dərsdinləmələr zamanı məlum oldu ki, bəzi müəllimlər ancaq bu zaman dərslərini yaxşı qururlar. Amma sonra yenə də dərsə ciddi yanaşmırlar. Nəticə zəif idi. Düşündük ki, əgər təhsilimizdə nəticəyönümlülükdən söhbət gedirsə, ilk növbədə elə bir layihə həyata keçirməliyik ki, həm nəticəni müəyyənləşdirə, həm də onu yüksəldə bilək. Buna görə də ilk dəfə olaraq məktəbdə monitoriq keçirdik. Müəllimlərə elan olundu ki, monitoriqlər aparılacaq və bu, il boyu davam edəcək. İlkin monitorinqin nəticələri əksər siniflərdə aşağı oldu. Nəticə aşağı olan siniflərdə yenidən monitorinq apardıq. Nəticələr direktoryanı şuralarda slaydlaşdırılıb təqdim olundu. Amma aybaay aparılan monitoriqlərin nəticələrini müşahidə etdikdə görürük ki, irəliləyişlər var. Deməli, həm müəllimlər həm də şagirdlər üzərlərində işləyirlər.
Elşən Qafarov məktəbdə keçirilən tədbirlərindən də danışdı. Qeyd etdi  ki, bu tədbirləri bir neçə qrupa bölmək olar. İdman, vətənpərvərlik, fənn aylıqları və tanınmış insanlarla görüşlər. Elşən müəllim bu tədbirlər haqqında geniş məlumat verdi. Ulu öndər Heydər Əliyevin “Təhsilin qarşımızda qoyduğu ən vacib məsələ vətənə layiqli vətəndaşlar yetişdirməkdir” fikrini diqqətə çatdıran natiq bu, bizim üçün fəaliyyət amalıdır, deyə vurğuladı. Təsadüfü deyil ki, son 5 ildə 230 nömrəli məkəbin bir şagirdi hərbi xidmətdən yayınmayıb. Ailələrə hərbi xidmətdə olan övladları haqqında minnətdalıq məktubları gəlib. Ali məktəblərə qəbul olanları sayı 2009-cu ildən bu yana ən azı 5 dəfə artıb.
Elşən Qafarov qeyd etdi ki, Peşə məktəblərinə təşkil edilən ekskursiyalar şagirdləri peşə seçimində də müstəsna rola malikdir.
O, məktəbdə şagirdlərin iştirakı ilə keçirilən vətənpərvərlik mövzusunda tədbirlərdən də bəhs etdi. Bildirdi ki, Bakı şəhəri üzrə Təhsil idarəsinin razılığı ilə şəhərin bir neçə məktəbinin min nəfərdən artıq şagirdi ilə birlikdə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun məzarına yürüş təşkil olunub. Hər il məktəbin adını daşıdığı Fuad Fərhadoğlunun xatirəsi anılır, 20 yanvar şəhidləri, Xocalı faciəsinin qurbanları yad olunur. 230 nömrəli tam orta məktəb Milli Qəhrəman Mübariz İbrahimovun oxuduğu Biləsuvar rayonu Əliabad kənd tam orta məktəbi ilə əməkdaşlıq edir. Mütəmadi olaraq o məktəbdə olur, Mübariz İbrahimovun yaşadığı evi ziyarət edirik. 3 ildir ki, ardıcıl olaraq Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş müxtəlif tədbirlər təşkil olunur. Çalışırıq ki, qonşu məktəblər də bu tədbirlərdə iştirak etsin. Mübariz İbrahimova həsr olunmuş bilik yarışında rayonun 9 məktəbi iştirak etdi. Mübariz İbrahimovun ailəsi, oxuduğu məktəbin kollektivi tez-tez qonağımız olur. Biz torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş digər şəhidlərimizin də xatirəsinə həsr olunmuş tədbirlər keçiririk. Görkəmli şəxsiyyətlərlə  keçirilən görüşlər də şagirdlərin dünyagörüşünün formalaşmasında mühüm ro oynayır. Dünyada tanınan təhsil mütəxəssisi, professor Xəlil Güvən, professor Oya Güvənlə, Ərdəm Söyləməzlə, professor Əjdər Ağayevlə, xalq artisti Ramiz Novruzla keçirilən görüş, akademik Həsən Əliyevin 105 illiyinə həsr olunmuş tədbir unudulmaz xatirəyə çevrilmişdir. Məktəbdə şagirdlərin əməyə alışdırılması qarşıya qoyulan mühüm məqsədlərdən biridir. Bu məqsədlə yaradılmış “Şəms” klubu şagirdlərə evdarlığı, ailə-məişət prinsiplərini öyrədir. Son bir il ərzində məktəbin həyətində 700-ə yaxın ağac əkilib.
Məktəbaxili təlimlər davam edir
Elşən Qafarov məktəbdə müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması ilə bağlı keçirilən tədbirlərdən də bəhs etdi. Söylədi ki, kurikulumla bağlı keçirilən 10 günlük təlimlər müəllimlərin onu tam olaraq mənimsəməsinə gətirib çıxarmır. Düşünürük ki, rəhbərlik iş tələb edirsə işin təkmilləşməsi qayğısına da qalmalıdır. Buna görə də ötən dərs ilindən məktəbdaxili təlimlərə başladıq. Əvvəlcə monitoriq apardıq ki, müəllimlər əsasən hansı sahədə çətinlik çəkirlər. Müəyyən oldu ki, müəllimlər daha çox kurikulumun, İKT-nin təlimə tətbiqi, valideynlərlə əlaqələrin təşkilində  çətinliklər çəkirlər. İlkin olaraq kurikulum təlimini yaxşı məmimsəyən müəllimlər ayrılmış qruplarda təlimlərə başladılar. Daha sonra İKT bacarıqlarına görə müəllimləri bir neçə qrupa ayırıb təlimlər keçdik. Daha sonra məktəbin psixoloqu ayrı-ayrı  istiqamətlər üzrə müəllimlərlə psixoloji iş apardı. Biz ötən dərs ilində Təhsil nazirliyinin apardığı diaqnostik sınaq qiymətləndirilməsində müəllimlərimizin yaxşı nəticələr əldə etməsinin bir səbəbini də məktəbdaxili təlimlərin keçirilməsində görürük. Bu iş bu il də davam etdirilir. “Həmkara dəstək” adı ilə keçirilən bu təlimlər müəllimlər arasında səmimi mühitin daha da yüksəlməsinə imkan yaradır. Müəllimlərimizin özü-özünü öyrətməsi çox yaxşı nəticələr verir. Müəllimlər bu təlimlərə böyük həvəslə qatılırlar.  Düşünürük ki, növbəti illərdə qonşu məktəbləri də bu təlimlərə cəlb edək. Müəllimlərimiz onlara da təlim keçsinlər. Təlimlərdə keçirilən materialları toplayıb “Həmkara dəstək” kitabı çap edib respublikaya yaydıq. Bu, müəllilərə çox faydalı vəsait kimi qarşılandı. İnanıram ki, gördüyümüz işlər bizi daha böyük nailiyyətlərə qovuşduracaq.
Təhsil Şurası İdarə Heyətinin üzvü Şaiq Əsgərov söylədi ki, məktəbin ədalət prinsipləri ilə işləməsi çox yaxşı haldır. Bu gün bəzi məktəblərdə dərs bölgüsünun düzgün aparılmaması ilə əlaqədar bizə məktublar daxil olur. Bu kimi halların qarşısının alınması vacibdir. O, qeyd etdi ki, bəzən açıq dərslər məktəbdə dərs rejimini pozur. Amma açıq dərslərin əhəmiyyəti də var. Açıq dərslər müəllimin gələcək fəaliyyətinin dəyərləndirilməsi üçün də mühümdür. Müəllimin dərsi hər zaman açıq olmalıdır. O, daha sonra vurğuladı ki, İqtisad universitetinin prorektoru olarkən o zamankı rektor Əli Abbasov göstəriş vermişdi ki, prorektorlar ay ərzində ən azı 30 dərsdə iştirak edib fikirlərini bildirsinlər. Sonra bu dərslər müzakirə olunurdu. Şaiq Əsgərov təklif etdi ki, gələcəkdə Təhsil Nazirliyinin nümayəndələri də bizim belə iclaslarımızda iştirak edib burada qaldırılan, xüsusən də kurikulumla bağlı məsələlərə fikir bildirsə yaxşı olardı. Şaiq Əsgərov bildirdi ki, məktəbdə görülən işlər təhsilin inkişafına xidmət baxımından çox yaxşıdır. O, məktəbin peşə təhsili müəssisələri ilə əlaqələrini yaxşı təcrübə kimi dəyərləndirdi. Şagirdlərin peşə məktəblərinə istiqamətləndirlməsinin yaxşı hal olduğunu diqqətə çatdırdı. O, məktəbdə həyata keçirilən işlərin yayılmağa layiq olduğunu bildirdi.
129 nömrəli tam orta məktəbin direktrou Samir Mehdizadə qeyd etdi ki, məktəbdə məktəbdaxili monitorinqlərin, təlimlərin keçirilməsi, müxtəlif tədbirlərin təşkil olunması çox yaxşı haldır. Biz il ərzində məktəbin fəaliyyətini sosial şəbəkələrdən, mətbuatdan izləmişik və bu təhsil ocağında təqdirəlayiq işlərin həyata keçirilməsinin şahidi olmuşuq. 230 nömrəli tam orta məktəbin öyrənilməli işləri çoxdur.

Təhsilin keyfiyyəti müəllimin biliyindən asılıdır
Professor Asəf Zamanov söylədi ki, bu məktəbdə xeyli iş görüldüyünün şahidi olduq. Həyata keçirilən məktəbdaxili təlimlər müəllimlərin peşəkar baxımdan təkmilləşməsi üçün təqdirəlayiq haldır. Biz də İxtisasartırma institutu olaraq məktəbə dəstək verməyə hazırıq. Təhsilin keyfiyyəti müəllimin biliyindən asılıdır. Bu məktəbdə də bu iş görülür. Biz burada 3 il əvvəlki nailiyyətlərlə bu ilki nailiyyətlərin müqayisəsini görəndə nə qədər böyük irəliləyişin olduğunun şahidi oluruq. Bu çox yaxşı haldır. Bu məktəbdə əsaslı işlər görülür və bu, öz bəhrəsini verir. Onu da nəzərə almaq lazımdır ki, bu məktəb mərkəzdən kənarda yerləşir. Yaxşı müəllimlər uzaq məktəblərə gəlmirlər. Mövcud reallığı nəzərə alıb deyə bilərik ki, burada çox iş görülüb. Yaxşı haldır ki, Təhsil Şurası ucqar məktəbə təşrif gətirir, bu məktəblərin işini tanıdır, onların fəaliyyətini cəmiyyətə təqdim edir.
Əjdər Ağayev qeyd etdi ki, Təhsil Şurasının iki əvvəl keçirilmiş Ümumi Hesabat Yığıncağının qərarı ilə Şuranın nəzdində “Təhsil Sahəsinin İnkişafı üzrə Dövlət Strategiyası”na Dəstək Proqramı” yaradıldı. Həmin Proqrama Şuranın İdarə Heyətinin üzvü, “Təhsil və zaman” qəzetinin redaktoru Böyükağa Mikayıllı rəhbərlik edir. Həmin Proqram çərçivəsində ictimai əsaslarla  həyata keçirilən “Qabaqcıl müəllimlərin iş təcrübəsinin öyrənilməsi və yayılması”, “Qabaqcıl məktəblərin iş təcrübəsinin öyrənilmsi və yayılması” layihəsi öz ətrafında xeyli sayda müəllim cəlb etmişdir. O, bu barədə danışmaq üçün sözü Proqramın rəhbəri Böyükağa Mikayıllıya verdi. Böyükağa Mikayıllı qeyd etdi ki, ötən iki il ərzində layihə çərçivəsində qırx nəfərə yaxın müəllimin iş təcrübəsi öyrənilib. Bu məqsədlə həmin müəllimlərin dərsi dinlənilib, sinifdənxaric, məktəbdənkənar fəaliyyətləri izlənilib, müəllimlərin ictimai nüfuzu öyrənilib. İş təcrübəsi ilə bağlı əldə olunan nəticələr ümumiləşdirilərək məqalə halında “Təhsil və zaman” qəzetində dərc olunaraq respublikaya yayılıb. O, bu iclasda iş təcrübəsi öyrənilərək yayılmış müəllimlərdən Bakı şəhəri Binəqədi rayonu 284 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Sevinc Abbasovanın, Səbael rayonu 239 nömrəli tam orta məktəbin biologiya müəllimi Nübar Qayıblının da iştirak etdiyini diqqətə çatdırdı. Vurğuladı ki, müəllimlərin pedaqoji fəaliyyəti öyrənilərkən onların İnformasiya-kommunikasiya texnologiyalarından, fəal təlim metodlarından, müasir təhsilin irəli sürdüyü tələblərdən, şagirdlərin mənəvi tərbiyəsinin formalaşdırılması istiqamətində metodoloji yanaşmalardan, dünyanın, eləcə də ölkəmizin qabaqcıl təhsil  ənənələrindən istifadə imkanlarından nə dərəcədə yararlanıb tətbiq etdiklərinə önəm verilir. Onların vətəndaş hazırlığına töhfə vermək bacarıqları dəyərləndirilir. B.Mikayıllı qeyd etdi ki, qabaqcıl müəllimlərin iş təcrübəsinin öyrənilib yayılması layihəsi çərçivəsində Gədəbəyin Soyuqbulaq, Gərgər, Gəncənin 25 nömrəli tam orta məktəbinin də müəllimlərinin dərsləri dinlənilib. Bu layihə çərçivəsində gələn ay çap olunacaq kitabda həmin müəllimlər haqqında qəzetdə dərc olunmuş məqalələr yer alacaq. O, qeyd etdi ki, Bakının Nizami rayonundakı 129 nömrəli tam orta məktəbin fəaliyyəti də “Qabaqcıl məktəblərin iş təcrübəsinin öyrənilməsi və yayılması” layihəsinə cəlb edilmişdir.
B.Mikayıllı 230 nömrəli tam orta məktəbin fəaliyyəti ilə iki aya yaxın bir vaxtda mütəmadi olaraq tanış olduğunu, burada zamanın tələbləri səviyysində həyata keçirilən tədbirlərin yüksək nəticələr verdiyinin şahidi olduğunu diqqətə çatdırdı. Qeyd etdi ki, məktəbdə həyata keçirilən bütün tədbirlərin mahiyyətində öyrədicilik, tərbiyəediciliklə yanaşı, həm də məntiqi ardıcıllıq dayanır. O, vurğuladı ki, 230 nömrəli tam orta məktəbdə iş təcrübəsinin öyrənilib yayılmasına layiq olan xeyli müəllimlər çalışırlar. Onlar gələcəkdə bu layihələrin iştirakçısı olacaqlar. B.Mikayıllı onu da vurğuladı ki, 230 nömrəli tam orta məktəbin fəaliyyətinin yayılması ölkənin digər təhsil ocaqları üçün də maraqlı və faydalı olar. Çünki burada öyrənilməli cəhətlər çoxdur.
Professor Nazim Kazımov da 230 nömrəli tam orta məktəbin fəaliyyətini yüksək dəyərləndirdi. Qeyd etdi ki, məktəbin maddi-texniki bazası da onun inkişafına stimul yaradacaq. Bu məktəbin gələcəyi var. Çünki onun rəhbərliyi də öz işini bilir, idarəetməni bacarır.
Tədbirin sonunda çıxış edən professor Əjdər Ağayev 230 nömrəli tam orta məktəbin iş təcrübəsinin yayılmasının gərəkli olduğunu diqqətə çatdırdı. Məktəb haqqında xüsusi buraxılışın hazırlanmasını “Təhsil və zaman” qəzetinin redaktoru, Şuranın Mətbuat və İctimaiyyətlə Əlaqə Mərkəzinin rəhbəri Böyükağa Mikayıllıya həvalə etdi.
Genişləndirilmiş iclasın sonunda 230 nömrəli tam orta məktəbin direktoru Elşən Qafarov “Təhsil və zaman” qəzetinin redaksiya şurasına üzv qəbul olundu.
Böyükağa MİKAYILLI


 



 

    
 

 
 
 
 
 
 

No comments:

Post a Comment