4.15.2015

İbtidai sinif müəllimliyi müəllimlik peşəsinin zirvəsidir

Yazı Bakı şəhəri Nəsimi rayonu 164 saylı tam orta məktəbin müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi Qafilə Əliyevaya həsr olunur...


Müəllimlik elə bir peşədir ki, onu sevmədən, qəldən bağlanmadan uğur əldə etmək çox çətindir. Yalnız sevgi ilə bu peşənin dərinliklərinə baş vurmaq, onun ən incə məqamlarını mənimsəmək mümkündür. Uzun illik pedaqoji mətbuat təcrübəmdən belə qənaətə gəlmişəm ki, ibtidai sinif müəllimliyi müəllimlik peşəsinin zirvəsidir. Riyaziyyatı bilməklə yaxşı riyaziyyat müəllimi, ədəbiyyatı bilməklə yaxşı ədəbiyyat müəllimi ola bilərsən və s. Amma bir ibtidai sinif müəllimi olmaq bir neçə elm sahəsinin incəliklərini təfəkkür süzgəcindən keçirib beyinlərə həkk etmək bacarığı tələb edir. Həm də hələ formalaşmaqda olan kövrək uşaq beyninə... Bakının Nəsimi rayonundakı 164 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Qafilə Əliyeva da fəndən fənnə, dərsdən dərsə məharətlə adaptasiya olunaraq şagird qarşısına ana dilini sevən, onun musiqisini, mədəniyyətini, təsviri incəsənətini, təbiətini, ədəbiyyatını bilən bir müəllim kimi çıxmaq istedadına malikdir.

4.14.2015

HƏR BİR ANI BİR MƏNAYA ÇEVİRMƏYİ BACARAN MÜƏLLİM

Təlimdə o zaman səmərəli nəticə almaq mümkündür ki, müəllim tədris etdiyi fənlə bərabər şagird qəlbinin bir parçasına çevrilə bilsin.

“Təhsil və zaman” qəzetində dərc olunmuş bu yazıda 318 saylı tam orta məktəbin və Bakı Modern Məktəbin müəllimi Şirin Məmmədovanın iş təcrübəsindən bəhs edilir...

Hər bir dərs müəllimin yaradıcı əsəridir, deyirlər. Doğrudur. Amma müəllim yaradıcı dərsin ərəsəyə gətirilməsi üçün yaradıcılıq potensialına malik olmalı, şagird qəlbinin incəliklərini, onun arzu və istəklərini duymalı, ürəyi dərsin hər bir anı ilə döyünməli, hər məqamı bir mənaya çevirməyi bacarmalıdır. Əldən verilən an bir daha geri qayıtmayacaqdır. Məhz həmin anların dəyərini bilən, dəqiqələri, saniyələri belə öyrənmək üçün mühüm amilə çevirən müəllim təlimdə nailiyyətlər əldə etməyə qadir ola bilər.