8.31.2015

Şagird düşüncəsinin “Şah əsəri”

"Təhsil və zaman" qəzetinin son sayında dərc olunan bu yazı İsmayıllı şəhər 3 nömrəli tam orta məktəbin müəllimi Çingiz Muradlının iş təcrübəsi haqqındadır.

Onunla 2013-cü il may ayının 25-də Azərbaycan Təhsil Şurasının Bakının Nəsimi rayonundakı 164 nömrəli tam orta məktəbdə keçirdiyi elmi-təcrübi konfransda tanış oldum. Respublikanın demək olar ki, bütün bölgələrindən qabaqcıl müəllimlərin iştirak etdiyi elmi-təcrübi konfrans “Pedaqoji mətbuat və müasir müəllim” mövzusunda idi. Çingiz Muradlı konfransda maraqlı çıxışı ilə diqqəti cəlb etdi və elə həmin konfransda o, Təhsil Şurasının orqanı olan “Təhsil və zaman” qəzetinin redaksiya şurasına üzv seçildi. O vaxtdan Çingiz müəllimin Təhsil Şurası, “Təhsil və zaman” qəzeti ilə sıx əməkdaşlığı başlandı. O, Şuranın keçirdiyi tədbirlərdə mütəmadi iştirak etməklə bərabər, qəzetdə də maraqlı metodiki məqalələrlə çıxış edir, yazılarında təhsilimizin aktual problemləri ilə bağlı təkliflər irəli sürür. O zamandan etibarən mən də Çingiz müəllimin fəaliyyətini izləyir, rayon və Respublika miqyaslı uğurlarından xəbər tuturdum. 2013-cü ildən bu günə kimi Çingiz Muradlı təhsil sahəsində hər bir müəllimin arzu edəcəyi nailiyyətləri gərgin zəhməti, mübarizliyi sayəsində əldə edə bilib. Bunlara qısaca nəzər salaq: Ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə keçirilən “Ən yaxşı müəllim” Respublika müsabiqəsinin qalibi olub. (Qeyd edim ki, o, bu nüfuzlu müsabiqədə iki dəfə qalib olan azsaylı müəllimlər sırasındadır). Bundan sonra o, ölkə başçısının sərəncamı ilə “Tərəqqi” medalına layiq görülüb. İsmayıllı Rayon İcra Hakimiyyəti tərəfindən 2014-cü ildə təhsil sahəsi üzrə “İlin gənci” elan olunub. Yetirmələri ən yüksək balla ali məktəblərə qəbul olub. Bu il isə şagirdlərindən biri orta məktəbi qızıl medalla başa vurmaqla müəlliminin etimadını doğruldub.

Təbiətlə həmahənglik

“TƏHSİL VƏ ZAMAN” qəzetinin son sayında dərc olunmuş bu yazı Xəzər rayonundakı 230 nömrəli tam orta məktəbin müəllimi Sevinc Səfərovanın iş təcrübəsindən bəhs edir.

Sinif otağına daxil olarkən diqqətimi çəkən bir məqam Sevinc Səfərovanın ikinciləri ilə aparacağı maraqlı dərslərin şahidi olacağıma şübhə yeri qoymadı. Bu məqam o idi ki, sinif otağı əyani vəsaitlərlə zənginləşdirilmişdi. Və bu vəsaitlərin böyük əksəriyyətinin şagirdlər tərəfindən hazırlandığı duyulurdu. Hiss olunurdu ki, təcrübəli müəllim yetirmələrinin ilk növbədə zəhmətə alışdırılması, onların əməksevər ruhda tərbiyə olunmasını qarşısına mühüm vəzifə kimi qoyub. Şagirdlərin əl işləri arasında ən maraqlısı isə hazırladıqları “Şəcərə ağacı” idi. “Şəcərə ağacı” müəllimin ağac haqqında ev tapşırığı əsasında şagirdlərin yaradıcı yanaşması, birgə zəhmətləri sayəsində meydana gəlmişdi. Burada şagird yaradıcılığı ilə yanaşı, onların mənəvi dəyərlərə ehtiramı, eyni zamanda bu dəyərlər barədə məlumatlılıqları, onlardan hansı məqamda, necə bəhs etmək bacarıqları da hiss olunurdu. Onlar ağacın kök hissəsini babalarına bənzətmişdilər. Gövdə atalarını xatırladırdı. Budaqlar və yarpaqlardan nəvələr və nəticələr boylanırdı. Ağac sanki möhkəm təməllər üzərindən gələcəyə boylanan bir mənəviyyat, şəcərə düsturunun açarı idi. Bu düstur onunla üzbəüz gələn hər bir şagirdi onun haqqında düşünməyə, keçmişini unutmamağa, daim onu düşünüb, gələcəyini qurmağa səsləyirdi. Və yalnız şagirdlərin hazırladıqları bu “Şəcərə ağacı” deyil, sinif mənə bütünlüklə mənəvi dəyərlər ruhunda gələcəyə üzən bir gəmini xatırladırdı. Sonradan biləcəkdim ki, onların hər biri bu gəminin kapitanı olmağa layiqdir, kompasları bilkləri, hədəfləri isə bilikli gələcəkdir. Bəs görək onlar bu yolda necə addımlayırlar?
Monitorda nümayiş olunan gənc, yaşlı ailə şəkillərindən sonra müəllim şeir səsləndirdi:
Bütün günü uçurlar
Güldən şirə çəkərək.

Zəngin təcrübə ilə üz-üzə

“Təhsil və zaman” qəzetində dərc olunan bu yazı Mingəçevir Texniki-humanitar Fənlər Təmayüllü Liseyin müəllimi Mahiyə Məmmədlinin iş təcrübəsinə həsr olunub.

Mahiyə Məmmədlinin çoxdandır ki, tanıyıram. Təxminən on il əvvəl qəzetimizin əməkdaşı bu təcrübəli ibtidai sinif müəllimi haqqında məqalə təqdim etmişdi. Həmin məqalə qəzetimizdə dərc olunduqdan sonra Mahiyə müəllimin iş təcrübəsi haqqında geniş yazı hazirlamağı planlaşdırmışdım. Amma hər dəfə Mingəçevirə gedəndə buna imkan olmurdu. Sonralar eşitdim ki. Mahiyə Məmmədli Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə keçirilən “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olub. Söz yox ki, Mahiyə müəllim bu adı uzun illik gərgin əməyinin nəticəsi olaraq almışdı. Hesab edirəm ki, bu kimi uğurların sırası daha da genişlənəcəkdir. Çünki bunun üçün müəllimin zəngin təcrübəsi-tədris etdiyi mövzunu həyatla ustalıqla əlaqələndirmək, tədrisi şagird şəxsiyyətinin formalaşmasına yönəli istiqamətdə qurmaq bacarığı var. Bu yaxınlarda Mingəçevirdəki Texniki-humanitar təmayüllü liseydə Mahiyə Məmmədlinin dərsində olarkən sadaladığım bu cəhətlərin şahidi oldum.