1.23.2017

Təhsil Şurasının beynəlxalq layihəsi böyük maraq doğurur

Məlum olduğu kimi, Azərbaycan Təhsil Şurası 2015-ci ilin noyabrında Gürcüstanın
Kabuleti şəhərində bu şəhərin Təhsil Departamenti və bələdiyyə idarəsi ilə birlikdə “Beynəlxalq təcrübə mübadiləsi təlim keyfiyyətini yüksəldən vasitə kimi” mövzusunda beynəlxalq elmi-təcrübi konfrans keçirdi. Məhz həmin konfransla Təhsil Şurası Azərbaycan müəllimlərinin xarici həmkarlarının dərslərində iştirak etməklə təcrübə mübadiləsi aparmalarına, qabaqcıl iş təcrübəsini öyrənmələrinə, bununla yanaşı öz təcrübələrini bölüşmələrinə şərait yaratdı. Bunun ardınca Təhsil Şurası Ukraynanın Lvov şəhərində Lvov Vilayət Dövlət Departamenti Elm və Təhsil İdarəsi ilə birlikdə analoji konfransı keçirməklə müəllimlərin də təcrübə mübadiləsi aparmasına təkrar şərait yaratdı. Həmin konfransda polşalı təhsil işçilərinin də iştirak etməsi bu avropa ölkəsinin təhsil işçiləri ilə də əlaqələrin qurulması üçün əsas oldu. 
Bu günlərdə Ukraynanın Lvov Vilayətindən elm və təhsil işçilərinin Bakıda keçirilən “Beynəlxalq təcrübə mübadiləsi təlim keyfiyyətini yüksəldən vasitə kimi” mövzusunda üçüncü beynəlxalq elmi-təcrübi konfransa qoşulmaları ukraynalı həmkarlarımızın Təhsil Şurasının təşəbbüsü ilə reallaşan beynəlxalq təcrübə mübadiləsi layihəsinə önəm vermələrinin bariz nümunəsidir.
lll Beynəlxalq konfransın məqsədi nə idi?
Qeyd edim ki, hələ 2013-cü ildə Azərbaycan Təhsil Şurasının Ümumi Hesabat Yığıncağından sonra Şurada “Təhsil Sahəsinin İnkişafı üzrə Dövlət Strategiyasına” “Dəstək Proqramı” hazırlandı. Bu həmin vaxta təsadüf edirdi ki, ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə “Təhsil Sahəsinin İnkişafı üzrə Dövlət Strategiyası” haqqında sərəncam imzalanmışdı. Təhsil Şurasının hazırladığı bu Proqram da nizamnaməsinə uyğun olaraq ölkədə həyata keçirilən təhsil islahatlarına dəstəyi nəzərdə tuturdu. Təhsil müəssisələrinin beynəlxalq əlaqələrinin yaradılması, müəllimlərin beynəlxalq təcrübə mübadiləsinə qoşulması, bütün bunlara rəğmən Azərbaycan təhsilinin müasir inkişaf tendinsiyalarının təbliğ olunması Proqramın əsas müddəalarını təşkil etməkdədir.