11.01.2014

Mirikənd məktəbində xaos

Şamaxıda olarkən yolüstü Mirikənd kənd tam orta məktəbinə baş çəkdim. Məqsədim kənd məktəbində müəllimlərin informasiya-kommunikasiya texnologiyalarından istifadə, pedaqoji mətbuatı mütaliə, eləcə də fəal təlim texnologiyalarını tədris prosesinə tətbiqetmə imkanları ilə tanış olmaq idi. Amma təəssüflər olsun ki, tanış olmaq istədiklərimin heç biri ilə bağlı məktəbdə ürəkaçan vəziyyətlə qarşılaşmadım. Direktor Mirəli Əmrahov məktəbdə yox idi. Təhsil müəssisəsi direktor müavini Məmmədağa Xəlilovun ümidinə qalmışdı. Məmmədağa Xəlilov isə məktəbi özünəməxsus tərzdə idarə etməyi qərara almış, nəticə də isə xaotik vəziyyətə yol açmışdır. Məktəbdə rastlaşdığım birinci xaotik vəziyyət davamiyyətlə bağlı idi. Məktəbin 11-ci sinfində 4 nəfər şagird təhsil alır. Amma məktəbdə olduğumuz gün onlardan iki nəfəri dərsə gəlməmişdi. Məmmədağa Xəlilov iki nəfərin böyük rəqəm olmadığını bildirsə də, əslində iki nəfərin 50 faiz olduğunu ona xatırlatdım. Acınacaqlı vəziyyət isə 10-cu sinifdə idi. Məktəbin 10-cu sinfi, ümumiyyətlə, məktəbdə yox idi. Məmmədağa Xəlilov bu sinfin məktəbin çağırışaqədərki hərbi hazırlıq müəllimi Cahir Beydiyev tərəfindən dərs keçmək, tir atmaq üçün məktəbin həyətinə apardığını desə də, nə məktəbin həyətində, nə də yaxınlıqda sinfi tapa bilmədik. Məmmədağa Xəlilovdan hərbi müəllimin mobil nömrəsini soruşduq ki, əlaqə saxlayaq. Qəribə bəhanə ilə boyun qaçırdı. Dedi ki, guya onun nömrəsindən hərbi müəllimin nömrəsinə zəng getmir. Digər müəllimlərin telefonu ilə zəng edək, dedim. Cavabı bu oldu ki, onlar hərbi müəllimin nömrəsini bilmirlər. Əgər müəllim peşəsinin sahibi olan bir adam həqiqəti deməkdən boyun qaçırırsa, o, gələcək nəslin formalaşması kimi mühüm bir vəzifənin öhdəsindən necə gələ bilər? Belə nəticəyə gəldik ki, Çahir Beydiyev sinfin bütün şagirdlərini vaxtından əvvəl evə buraxıb. Yaxud da sinif, ümumiyyətlə, heç həmin gün məktəbə gəlməyib. Şübhə yoxdur ki, direktor müavininin də bundan xəbəri var və həmin sinfdə dərs aparan müəllimlərin də… Əgər həmin gün sinif məktəbə gəlməyibsə, bəs o sinfə dərs deyən müəllimlər nə iş görüblər? Axı dərsin kiçilməsinə dövlət tərəfindən vəsait ayrılır. Müəllim keçmədiyi dərs üçün necə əmək haqqı ala bilər?