Bu yazı Pirallahı rayonundakı 231 nömrəli tam orta məktəbin ibtidai
sinif müəllimi Nüranə Əliyevanın iş təcrübəsinə həsr olunur.
Müəllimlik daha çox mənəviyyat məsələsidir. Hər bir müəllimin ən ali
məqsədi cəmiyyət üçün mənəvi saflığa malik olan şəxsiyyət yetişdirməkdir. Nuranə
müəllim dərs prosesində bütün varlığı ilə bu hisslərin aşılanmasına köklənmişdi.
Həm də çox çətin bir nüans üzərində dayanmışdı. Onun dərs prosesində irəli
sürdüyü prinsip şagirdlərinin mənəvi dünyasının formalaşmasına çalışmaqla bərabər,
bu dünyanın təməllərini onların vətən sevgisi üzərində qurmaq istəyi idi. O,
yetirmələrini bu hissə doğru addım-addım yaxınlaşdırırdı. Və bu yolda gənc müəllimin
ən böyük silahı özünün daxilindən gələn vətən sevgisi və bu sevgini aşılamaq
bacarığı idi.
Onun kabinetində hər bir detal yerli-yerində idi. Divarlardan asılmış
əyani vəsaitər, müxtəlif mövzulara aid plakatlar rəngarənglik yaradırdı. Hər
bir detal özlüyündə nə isə ehtiva edirdi, öyrədirdi. “Kitabqurdu” guşəsində şagirdlər
oxuduqları kitablar haqqında məlumatlar yerləşdirirlər. O məlumatlarla tanış
olduqda düşünmək olurdu ki, balaca fidanlar il ərzində müəllimlərinin tövsiyəsi
ilə maraqlı kitablar oxuyublar.