2.10.2015

İngilis dili dərslərində qrammatik qaydaların müqayisəli tədrisi

Məlumdur ki, hər hansı bir dil üç aspekdə öyrənilir. Bu, fonetika, qrammatika və leksikadan ibarətdir. Bu əlaqələr üzvü surətdə bir-biri ilə bağlıdır və onlar tədris prosesində bir-birini tamamlayır. Xarici dilin tədrisində şifahi nitq mühüm rol oynadığı üçün ona təsir göstərən amillərdən biri də dilin qrammatikasıdır. Bunun üçün də qrammatik qaydaların öyrədilməsi əsas götürülməlidir. Çünki xarici dildə düzgün danışmaq və başa düşmək üçün qrammatikanı bilmək vacibdir.
   Məlum olduğu kimi hər bir dilin özünün qrammatik quruluşu və xüsusiyyətləri var. Bu əlamətlər də bir dili digərindən fərqləndirir. İngilis və Azərbaycan dillərində olduğu kimi. Bu dillər müxtəlif dil qruplarına mənsub olmaqla müxtəlif və fərqləndirici xüsusiyyətlərə malikdir. İngilis dili Hind-Avropa dilləri ailəsinin Cənubi-German qrupuna mənsub olub analitik dil hesab olunur. Azərbaycan dili isə türk dillərinin oğuz qrupuna daxil olub
aqlyutinativ dil adlanır. Göründüyü kimi bu dillər arasında ciddi fərqlər mövcuddur. İngilis dilinin tədrisində bir sıra çətinliklər meydana çıxır. Bu çətinlikləri aradan qaldırmaq üçün istifadə olunan metodlardan biri də müqaysə üsuludur. Bu üsul mövzunun yaxşı mənimsənilməsinə kömək edir. İlk dərslərdə ingilis dilində mövcud olan əsas nitq hissələri, sərbəst nitq hissələri və köməkçi nitq hissələrinin adları öyrədilir. Hər şeydən əvvəl öz ana dilimizə inteqrasiyanı unutmaq olmaz. Azərbaycan dilindən fərqli olan artikl, sözönləri, felin bitmiş və davamedici zaman formaları, sual cümlələrinin növləri haqqında məlumat verilir.
    Məsələn, ismin morfoloji xüsusiyyətlərini keçərkən demək lazımdır ki, Azərbaycan dilində olduğu kimi  ingilis dilində də sayıla bilən isimlər  kəmiyyətcə tək və cəm olur. (Singular and Plural)
a book-books
a child- children
Azərbaycan dilindən fərqli olaraq ingilis dilində ismin qarşısında miqdar sayı gələrsə həmin isim cəmdə işlənir.
                                           a pen – three pens
                                             a bag - five bags
Azərbaycan dilində isə belədir: iki kitab, beş xəritə.
 Müqayisə olunan qrammatik qaydalardan biri də sözönləridir (Prepositions). Nəzərə almaq lazımdır ki, ingilis dilində ismin hal kateqoriyası çox zəifdir və ismin yalnız iki halı mövcuddur.
Common Case and Possessive`s
İngilis dilində olan hal şəkilçilərini sözönləri əvəz edir. Sözönləri cümlədə sözlər arasında mövcud olan  əlaqəni ifadə edir. Mənalarına görə sözönləri Azərbaycan dilində olan ismin hal şəkilçilərinə uyğun gəlir və bu şəkilçilər vasitəsi ilə tərcümə olunur. Məsələn: My little brother goes to  school
to- a,ə,ya,yə-ismin yönlük hal şəkilçisinə uyğun gəlir.
The bird is on the tree
on-da, də, üstündə (yerlik hal)
I come from school
from-dan, dən (çıxışlıq hal)
Daha bir müqayisəli qrammatik qayda isə  artikldır (The Article). Qərbi Avropa dillərinə məxsus qrammatik termindir. Müasir ingilis dilində köməkçi nitq hissəsi olan artikl yalnız isimlərin qarşısında işlənir. Artikl xüsusi məna kəsb etmir və o yalnız isim əlamətidir. Azərbaycan dilinə bir sözü kimi tərcümə olunur.
I see a sheep under the tree-Mən ağacın altında bir qoyun görürəm.

 Məsələn, şəxs əvəzliklərini (Personal Pronouns) tədris edərkən qeyd olunmalıdır ki, ingilis dilində də şəxs əvəzliklərinin tək və cəm forması var. İngilis dilində qrammatik cins kateqoriyası mövcud olduğundan kişi cinsli isimlər üçün He, qadın cincli isimlər üçün She, orta cinsli isimlər üçün  isə It əvəzliyi işlənir. Bunların hər üçü üçüncü şəxs təkdə yazılır və Azərbaycan dilinə O əvəzliyi ilə tərcümə olunur.
He comes-O gəlir
She comes-O gəlir
İt`s a book-O kitabdır
Azərbaycan dilində  “o gəlir” cümləsini dedikdə gələn adamın adı çəkilməyincə həmin adamın kişi və ya qadın olduğunu bilmək olmur. “I” şəxs əvəzliyi cümlədə yerindən asılı olmayaraq həmişə böyük hərflə yazılır. “You” şəxs əvəzliyi ikinci şəxs tək və cəmdə eyni formada yazılır və Azərbaycan dilinə sənsiz kimi tərcümə olunur.
You`re a student-sən tələbəsən
You`re students-siz tələbəsiniz
Burada artikl işlənməsinə, isimlə sayın uzlaşmasına fikir vermək lazımdır.
Azərbaycan dilində olduğu kimi ingilis dilindədə fel əşyanın hal və  hərəkətini bildirən nitq hissəsidir, fel şəxsə, kəmiyyətə, zamana, növə, tərzə və şəklə görə dəyişir.
İngilis dilində Azərbaycan dilindən fərqli olaraq felin dörd əsas forması var.
1.     The İnfinitive (məsdər)
2.     The Past İndefinite Tense (keçmiş qeyri-müəyyən zaman)
3.     The Past Participle (keçmiş zaman feli sifəti)
4.     The Present Participle

Məsələn, ingilis dilində cümlədə söz sırası da Azərbaycan dilindən fərqlidir. Belə misalların sayını artırmaq olar. Keçilmiş qrammatik qaydaları mənimsətmək və möhkəmləndirmək üçün pratik tapşırıqlara geniş yer verilməlidir. Qrammatik tapşırıqların yerinə yetirilməsində yalnız qrammatik qaydalar deyil, tələbələrin söz ehtiyatı, lüğət fondunun zənginliyi özünü göstərir. Qrammatik qaydaların müqayisəli tədrisi tərcümədə də böyük əhəmiyyət kəsb edir.

Səfurə MAHMUDZADƏ,
AMİ-nin Ağcabədi filialının
Dillər, ədəbiyyat və onların tədrisi kafedrasının
baş müəllimi

3 comments:

  1. "My little brother goes to school" burada "go" yerinə niyə "goes" yazılıb?Cəmdə deyil axı.

    ReplyDelete
  2. "My little brother goes to school" burada "go" yerinə niyə "goes" yazılıb?Cəmdə deyil axı.

    ReplyDelete
  3. Çünki mübtəda 3cü şəxsin təkində olanda(brother) xəbər s qəbul edir və təkliyi bildirir.

    ReplyDelete