Ən yaxşı məqalə müsabiqəsi

Təhsil Şurasının həyata keçirdiyi təlimlərin müəllimlərin metodiki bacarıqlarının inkişafında rolu
Texnologiya əsri olan XXI əsrin müəllimi yenilikçi və yaradıcı olmalıdır. Bunun üçün müəllim təhsildə olan ənənəvi nailiyyətlərə istinad edib ondan bəhrələnməli, öz üzərində işləməli, yeniliklərə nail olmalıdır. Qloballaşan, yeniliyə can atan dünyamız, bu gün ən müasir informasiya və kommunikasiya texnologiyalarının sürətli inkişafı Azərbaycanda da İKT-nin inkişafı və istifadəsi üçün ümummilli strategiyanın hazırlanması və qəbul edilməsini zəruri etdi. Təhsilin informasiyalaşdırılması haqqında Dövlət Proqramı da bu zərurətdən qaynaqlanmışdır. Proqramın ən mühüm vəzifəsi İKT-nin bütün sferalarda tətbiqi işinin yüksək səviyyədə həyata keçirilməsindən ibarətdir. "Məktəb-informatika layihəsi"də bu Proqramın tətbiqinə xidmət edən layihələrdən biridir. Bu layihə İKT-dən tədris prosesində daha geniş istifadəni nəzərdə tutur. Proqramın ikinci bir layihəsi "Müəllimlərin təhsili" adlanır. Layihədə təkcə məktəb rəhbərləri, informatika müəllimlərini deyil, bütün müəllimlərin iştirak etməsi nəzərdə tutulur.
Kompyuterlərin təhsil sahəsində uğurlu tətbiqi yalnız onların əldə edilməsindən deyil, eyni zamanda, istifadəçilərin onlarla nə dərəcədə tanış olmalarından asılıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 avqust 2004-cü il tarixində təsdiq etdiyi "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci illər)" ölkəmizdə bu prosesə həm start, həm də təkan verdi. Bundan sonra 10 iyun 2008-ci il tarixində ölkə başçısı tərəfindən qəbul edilmiş "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" isə İKT-dən istifadə etməklə ölkəmizdə beynəlxalq standartlara uyğun keyfiyyətcə yeni təhsil modelinin qurulmasını, vahid elektron təhsil məkanının yaradılmasını və təhsil sisteminin dünya təhsil məkanına inteqrasiya etdirilməsini əsas məqsəd kimi qarşıya qoyub. "Müəllim - şagird - dərslik" tədris modelinə kompyuterin də əlavə edilməsi uşağın dərsə marağını və istəyini stimullaşdırmağa imkan verir. Multimedia vasitələri, kompyuter tədris proqramları, animasiya qrafikası, rəngarəng illüstrasiyalar uşaqların idrak aktivliyinə müsbət təsir göstərir. İnteraktiv lövhədən istifadə edilməsi dərsin əsas prinsiplərindən birini, onun əyaniliyini təmin edir. Dövlət Proqramının əsas məqsədi təhsilin bütün pillələrində müasir informasiya və kommunikasiya texnologiyalarının səmərəli tətbiqi və istifadəsi ilə vahid ümummilli təhsil mühitinin formalaşdırılmasına nail olmaq və əhalinin bütün təbəqələri üçün keyfiyyətli təhsil almaq imkanlarını yaratmaqdır. Bu gün artıq nəticəyönümlü təhsilin müsbət tərəfləri özünü göstərir. Hər bir müəllim təqdim olunmuş üsulların tətbiqinə yaradıcılıqla yanaşmaqdadır. Ölkədə aparılan təhsil islahatı və fənn kurikulumlarının tətbiqi, İKT-dən istifadə, İnteraktiv təlimdə hafizənin deyil, təfəkkürün inkişafınana şərait yaradır. Bütün bunların hamısının həyata keçirilməsi üçün üçün bu gün müəllimin bu texnologiyalardan istifadə etmək bacarığına yiyələnməsi və şəxsi təhsili ön sıradadır. Bu yolda müəllimlərə hansı təşkilatlar yardımçıdır? Bu gün Təhsil Şurasının həyata keçirdiyi təlimlərin müəllimlərin metodiki bacarıqlarının inkişafında böyük rolu vardır. Səriştəli, peşəkar müəllim olmaq üçün daim oxumaq, öyrənmək lazımdır. Şəxsi təhsil yolu ilə yaxşı mütəxəssis olmaq olar. Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 14 dekabr 2011-ci il 2052 N-li 2 saylı qərarına əsasən tədris prosesində interaktiv alətlərdən istifadəyə qərar verilmişdir. Müəllimlərin İKT-dən istifadə imkanlarının təkmilləşdirilməsi vəzifə olaraq qarşıya qoyulmuşdur. Azərbaycan Təhsil Şurasının həyata keçirdiyi “Elektron Tədris Resurslarının öyrədilməsi və tətbiqi qaydaları” üzrə təlim kursları da müəllimlərin İKT bacarıqlarını inkişaf etdirməklə, ondan dərs prosesində səmərəli istifadəyə yönəldilmişdir. Qeyd edim ki, pedaqoji kadrların elmi –nəzəri və təcrübi hazırlığının təkmilləşdirilməsi məqsədi ilə həyata keçirilən, “Öyrədənlərin öyrədilməsi” layihəsi çərçivəsində təşkil olunan bu təlim kurslarında mən də iştirak etmişəm. Təlimlərdə iştirak etməklə yenilikləri öyrənmək günün vacib tələblərindəndir. Bu baxımdan rus musiqişünası və pedaqoqu Anton Rubinşteynin fikirləri çox maraqlıdır: "Əgər bircə gün öyrənmirəmsə - bunu özüm hiss edirəm, əgər iki gün öyrənmirəmsə, bunu mənə yaxın olanlar hiss edirlər, əgər üç gün öyrənmirəmsə - bunu hamı hiss edir." Pedaqoji kadrların elmi –nəzəri və təcrübi hazırlığının təkmilləşdirilməsi məqsədi ilə Təhsil Şurasının keçirdiyi təlimlərdə zəhməti olan hər kəsə təşəkkür edirəm.  
Nübar QAYIBLI, Bakı Şəhəri, Səbail rayonu T.Məmmədov adına 239 saylı tam orta məktəbin biologiya müəllimi. “Ən yaxşı məqalə müsabiqəsi” üçün.

Ədəbiyyat dərslərində dram əsərlərinin tədrisi üsulu

Hazırda təhsil sahəsində uğurla həyata keçirilən islahatlar, qəbul edilmiş qanunlar təhsilimizin dünya standartlarının tələblərinə cavab verməsi üçün yönəlmişdir. Bu baxımdan bir müəllim kimi qarşımızda duran məsuliyyətli işi başa düşürəm. Cünki gənc nəslin düzgün yetişdirilməsi məhz müəllimlərdən asılıdır. Düşünürəm ki, bunun üçün qarşımızda duran ilk amil pedaqoji ünsiyyətdir. Pedaqoji ünsiyyət zamanı müəllim-şagird münasibətləri şagird şəxsiyyətinin formalaşmasına şərait yaradır.
  Bu ünsiyyət formasının hansı növündən istifadə edilməsindən asılı olmayaraq, müəllim şagird kollektivi ilə məhsuldar ünsiyyət prosesi təşkil edə bilməsə, pedaqoji fəaliyyətində müsbət nəticələr əldə edə bilməz. Eyni zamanda müəllim və şagird vəhdəti dərsin daha maraqlı keçməsinə şərait yaradır. Yeni mövzunu təkcə müəllim deyil, şagirdlər də araşdırmalı və birlikdə müzakirə etməlidirlər. Bu da əldə edilmiş yeni məlumatın daha da yaddaqalan olmasına, hər kəs tərəfindən mənimsənilməsinə gətirib çıxarar.
Cünki şagirdin yaradıcı təfəkkürünü formalaşdıran əsas amil onun öz təcrübəsidir. Buna görə də şagirdin gördüyü işə yüksək qiymət verirəm. Şagirdlər məlumatı əldə etməklə yanaşı, onu sözlə ifadə edə bilmək, gördükləri işlər haqqında danışmaq, əldə etdikləri məlumatı təqdim etmək bacarığına da malik olmalıdırar. İnteraktiv təlim metodları mənim bələdçiliyim ilə şagirdlərin fərqli informasiya mənbələri hesabına bilik əldə etmələrinə imkan verir. Bu yolla əldə edilən bilik daha da yaddaqalan olur. Mən müasir tələblərə cavab verən dərs hazırlamaq üçün İKT-nin imkanlarından səmərəli istifadə etməyə çalışıram. Bu məqsədlə elektron sinif otağı hazırlamışam. Sinif otağı kompyuter, elektron lövhə, internet və proyektorla təchiz olunub. Nəticədə lazım olan məlumatı vaxtında təqdim etmək imkanı əldə edirəm. Bu, şagirdlərdə dərsə maraq oyadır, dərsin daha maraqlı, canlı olmasına gətirib çıxarır. Ədəbiyyat dərslərində İKT-nin imkanlarından daha çox istifadə edirəm. Ədiblərin canlı səsini dinlətməklə, onların haqqında olan sənədli filmlərdən, əsərlərə çəkilən kinofilmlərdən kiçik parçalar göstərməklə dərsin daha maraqlı keçməsinə şərait yaradıram. Dram əsərlərinin tədrisi isə daha da maraqlı və fərqlidir. Axı, dram əsərləri həyatı obrazlı şəkildə əks etdirir. Bu, dramatik növə daxil olan komediya, faciə və dram janrının hər birinə aiddir. Dramatik əsərlərdə hadisələr, surətlərin xarakteri daha çox dialoqların köməyi ilə üzə çıxır. Hərəkət, fəaliyyət mənasını ifadə edən dram əsərlərini şagirdlər kor-koranə oxuyub tanış olmur, hətta bunun canlı iştirakçısına çevrilirlər. Dram əsərlərinin mənimsənilməsi üçün müxtəlif metod və üsulları tətbiq etməyə çalışıram. Bu da şagirdləri axtarışa sövq edir. Bu cür dərsləri üç mərhələdə qururam. 1. Məlumatın fərdi olaraq araşdırılması 2. Əldə edilmiş məlumatın çatdırılması 3. Əldə edilmiş məlumatın tətbiqi 1-ci mərhələdə şagirdlər keçiləcək yeni mövzu haqqında əvvəlcədən mənim tərə-fimdən məlumatlandırılır. İKT-nin imknlarından istifadə etməyi bacaran şagirdlər axtarışa cəlb edilir. 2-ci mərhələdə şagirdlər əldə etdikləri məlumatı yeni dərsdə digər yoldaşlarına da çatdırır və bu mövzuda sinifdə müzakirələr aparırlar. 3-cü mərhələdə şagirdlər artıq dərslikdəki məlumatla da yüklənərək əsəri müzakirə edir, düşündürücü suallar verir, mövzunu daha geniş dairədə mənimsəyirlər. Bu mərhələlərin yerinə yetirilməsi şagirdlərdə yaradıcı təfəkkürün inkişafına şərait yaradır. Dram əsərini tədris edərkən əvvəlcə müəllifin həyat və yaradıcılığı haqqında məlumatı maraqlı qururam ki, şagirdlərdə keçilən mövzuya maraq daha da artsın. Buna nümunə olaraq Azərbaycan dramaturgiyasının və realist nəsrimizin banisi Mirzə Fətəli Axundzadənin həyat və yaradıcılığı əsasında hazırladığım dərsə nəzər salaq. Əldə edilmiş məlumatları daha da möhkəmləndirmək üçün müəllifin həyatını əhatə edən slaydları təqdim edirəm. Slayddakı sualları şagirdlər cavablandırırlar. Müəllifin dramaturgiyasına müraciət etməmişdən əvvəl Axundzadənin dramaturgiyanın komediya janrına üstünlük vermə səbəblərini açıqlayıram. Dramaturqun 1850-1855-ci illərdə yazdığı altı komediyanı slaydda xronoloji ardıcıllığına riayət etmədən təqdim edirəm. Şagirdlər bu mərhələdə düşünərək doğru ardıcıllıgı birlikdə tapırlar. Sonra ardıcıllığı düzərək qeyd edirlər. Onlar cavabın doğruluğunu növbəti slaydla yoxlayırlar. Bu üsulla əsərlərin ardıcıllığı daha da yaddaqalan olur. Hər bir komediya haqqında isə bir slayd hazırlayıram. Slaydları təqdim etdikcə şagirdlər komedyanın əsas qəhrəmanları və mövzusu haqqında konkret məlumat verirlər. Həmin slaydlarda əsərlərə aid tamaşalardan parçalar yerləşdirməklə o dövr haqqında şagirdlərdə təsəvvür yaradıram. Eyni zamanda əsərlər, onların haqqında verilən məlumatlar, əldə edilmiş araşdırmalar və şagirdlər tərəfindən aparılmış tədqiqat işləri birlikdə müzakirə edilir. M.F.Axundzadə əsərlərində dövrünü, dövrün tarixi xüsusiyyətlərini daha aydın şəkildə əks etdirdiyi üçün, tarix fənni ilə blok dərs daha da maraqlıdır. Çünki çar höküməti dövründə Azərbaycan bəylərinin, kəndlilərinin vəziyyəti, naçalnikin çar hö-kümətinin həyata keçirdiyi “ali silk” (bəy, xan, ağa və s.)haqqında siyasəti, 1848-ci il inqlabına işarə və s. hadisələr buna zəmin yaradır. Belə blok dərs vasitəsi ilə şagirdlər əsəri həm ədəbi, həm də tarixi mövqedən görüb təhlil etmək imkanı əldə edirlər. Bir dərsdə bir neçə fənnə inteqrasiya şagirdlərin həyati əhəmiyyətli olan bilik qazanmalarına, şəxsiyyətinin formalaşmasına imkan yaradır. Rollu oyunlar əsərin daha mükəmməl dərk edilməsinə yol açır Dram əsərlərində obrazların xarakterlərini şagirdlər canlandırarkən, obrazların xarakterini, danışıq tərzini, səsini, mimikasını, bədii portretini diqqət mərkəzinə çəkirəm. Əgər belə olarsa səhnəciklər daha maraqlı olar. Rollu oyunlar əsərin daha mükəmməl dərk edilməsinə yol açır. Məs: 8-ci sinifdə şagirdlər Axundzadənin dram əsərlərindən xəsisliyi mənfi bir xüsusiyyət kimi ifşa edən “Sərgüzəşti-mərdi-xəsis” əsəri ilə yaxından tanış olurlar. Axundzadə bu əsərdə sələflərindən fərqli olaraq yeni və orijinal xəsis surəti yaratmışdır. Bu surət yerli və milli xüsusiyyətləri də özündə cəmləşdirmişdir. Hacıqaranın, Heydər bəyin, Tükəzin, Sonanın və başqa obrazların xüsusiyyəti barədə şagirdlər artıq məlumatlıdırlar. Əsərdə ən çox şagirdlərin diqqətini çəkən Heydər bəyin monoloqu, Heydər bəy və Sona xanımın , bəylər və Hacı Qaranın, Hacı Qara və Tükəzin dialoqu oldu. Şagirdlər “Hacı Qara” filmindən obrazların xüsusiyyətlərini izləyərək əsərlə tanış olmaq imkanı əldə edirlər. Bundan başqa şagirdlər teatr tamaşasına gedərək, əsəri peşəkar aktyorların oyununu izləməklə tanış olurlar. Bu isə onlarda həmin obrazları canlandırmaq həvəsi oyadır. Bunun üçün dərsdən əlavə məşğələlər təyin edirəm. Şagirdlər əsərdən parçalar üzərində işləməklə, rolları canlandırmaqla əsərə başqa mövqedən baxmaq imkanı əldə edirlər. Əslində əsərdəki sarsıdıcı gülüşün insan əxlaqına, mənəviyyatına necə müsbət təsir etdiyini öz rolları vasitəsilə şagirdlər başa düşürlər. Çünki komedyanın qəhrəmanı və əsas surətləri tənqid hədəfi kimi götürülür. Komedyanın əsasını acı gülüş təşkil edir ki, tənqid üsullarından ən qüvvətlisidir. Belə əsərlərdəki “göz yaşları içərisindən keçən” gülüş gələcək nəslin tərbiyəsində, formalaşmasında böyük iş görür. Şagirdlər bu komediyadakı obrazların xüsusiyyətlərini canlandıraraq çox maraqlı səhnəciklər hazırlayırlar. Səhnəciklərin hazırlanması zamanı valideyinlər də tamaşaçı kimi iştirak edirlər. Onlar övladlarını həvəsləndirir, daha həvəslə çalışmağa sövq edir və onlara məlum olmayan qabiliyyətləri ilə də tanış olurlar. Nəticədə müəllimin zəhməti, şagirdlərin səyi nəticəsində şagirdlər yüksək səviyyədə səhnəciklər hazırlayırlar. Beləliklə, Azərbaycan dramaturgiyasının şah əsəri olan “Hacı Qara” şagirdlər tərəfindən səhnələşdirilir və uğurla təqdim olunur. Nəticədə şagirdlər mövzunu fəal şəkildə mənimsəyir, bilik, bacarıq və vərdişlərə yiyələnmə təcrübəsi əldə edirlər. Dram əsərlərinin bu şəkildə tədrisi şagirdlərin ədəbiyyata olan sevgisini artırmaqla yanaşı, onların dünya görüşünün artmasına da kömək edir. Eyni zamanda gələcək nəslin nitqinin inkişafında, onun cəmiyyət işərisində özünü müstəqil şəkildə düzgün ifadə etməsinə yardım edir.

“Ən yaxşı məqalə” müsabiqəsi üçün İlahə MEHDİZADƏ, Bakı şəhəri 264 saylı məktəb-liseyin müəllimi.
                         
 







  • Oturaq həyat tərzi xəstəliklərə yol açır
    Böyük Azərbaycan ziyalısı və müəllimi, milli mətbuatımızın banisi Həsən bəy Zərdabi “Məktəb gigiyenası” adlı əsərində yazır: “Məktəbli uşaqlarda qan azlığı, əsəbilik,yorğunluq, mədə pozğunluğu, vitamin çatışmazlığı, müxtəlif növ daxili xəstəliklər, göz xəstəlikləri, onurğa sütununun əyilməsi kimi ağır hallar özünü göstərir. Məktəbdə əsas diqqət zehni inkişafa yönəlir, uşaq orqanizminin normal fiziki inkişafına isə lazımi diqqət yetirilmir”. H.B.Zərdabi vəziyyətdən çıxış yolu kimi məktəblərdə bədən tərbiyəsi və idmana qayğını artırmağı, tibbi xidməti gücləndirməyi, tədris yükünü ixtisar etməyi, gigiyenik tələblərə ciddi əməl olunmasını vacib sayırdı. İnsan zaman-zaman sağlamlıq problemləri ilə üzləşmiş və bu problemlərin aradan qaldırılması yolunda çalışmışdır. Lakin bu, heç də həmişə uğurla nəticələnməmişdir. Cəmiyyətin inkişaf dinamikası, təbiətdə gedən proseslər insanı bu və digər formada sağlamlıq qayğılarından kənarlaşdırmış, onu daha çox sosial-ictimai problemlərin həllinə istiqamətləndirmişdir. Müasir dövrdə məktəbin qarşısında dayanan mühüm problemlərdən biri də gənclərin sağlam psixi, ruhi, fiziki, mənəvi durumda cəmiyyətə təqdim olunmasıdır. Amma təəssüflər olsun ki, bəzən Həsən bəy Zərdabinin də dediyi kimi, bu mühüm amil arxa plana çevrilir. Bəs bu mühüm amili daim diqqətdə saxlamaq üçün bu gün hansı işlər görülməlidir və hansı işlər görülür? Bu baxımdan Azərbaycan Respublikasının Təhsil Nazirliyinin son dövrlər atdığı ciddi addımlar diqqətə layiqdir. Təhsil naziri cənab Mikayıl Cabbarovun "Təhsil alanların sağlamlığının qorunması və təlim nailiyyətlərinin yüksəldilməsi sahəsində təhsil texnologiyalarının tətbiqi üzrə işçi qrupun yaradılması haqqında" əmri buna misal ola bilər. Həmin əmrdən irəli gələrək təhsilimizdə artıq bir sıra tədbirlər həyata keçirilməkdədir. Bu günlərdə "Oturaq həyat tərzi - sivilizasiyanın xəstəliyi" adlı elmi-kütləvi filmin disk şəklində artırılaraq təhsil müəssələrinə göndərilməsi pedaqoji kollektivlər tərəfindən maraqla qarşılanmışdır. Filmi mən də seyr etmişəm. Odur ki, bunula bağlı bəzi fikirlərimi bölüşmək istərdim. Qeyd edim ki, Rusiya kinematoqrafçılarının istehsalı olan bu film qlobal mahiyyətlidir və svilizasiyanın ən ağrılı problemlərindən birinin aradan qaldırılmasına yönəlməklə, onun metodoloji, elmi-pedaqoji, eləcə də psixoloji əsasını meydana qoyur. Hər kəs özünün sağlamlığı qayğısına qalmalıdır. Amma hələ sağlamlıq haqqında əhatəli bilgiyə malik olmayan şagirdlərə bu problem ardıcıllıqla, əməli surətdə aşılanmalıdır. Qeyd olunan film bu baxımdan da əhəmiyyətlidir. Fildə nümayiş olunan epizodlar real həyat həqiqətləri əsasında qurulmaqla, faktlar, elmi dəlillərlə təsdiqlənməklə çox inandırıcı və təsiredici xarakter daşıyır. Uşaqların sağlam böyüməsi yalnız bu günün deyil, gələcəyin problemidir. Sağlam gənclik sağlam gələcəkdir deyirlər. Bu gün cəmiyyətin sürətli inkişaf dinamikası özü ilə bərabər cəmiyyətə müxtəlif xəstəliklər bəxş edir. Film həyacan siqnalı çalır: Oturaq həyat tərzi, hərəkətsizlik hələ uşaq yaşlarından ən ciddi xəstəliklərin təməlini qoyur. Yaş artdıqca xəstəliklərin arealı daha da genişlənir, ağır xəstəliklər “gəncləşir”, əvvəllər yaşlı adamlarda rast gəlinən xəstəliklər bu gün 20-25 yaşlı gənclərdə müşahidə olunur, nəticə etibarilə erkən ölüm halları durmadan artır. Aparılmış araşdırmalardan bəlli olur ki, Rusiyada son 15 ildə ölüm göstəriciləri 82 faiz artıb. Tədqiqatçılar bu fikirdədirlər ki, bunun birinci səbəbi hərəkətsizlikdir. Tədqiqatlar sübut edir ki, svilizasiyanın problemi olan bir çox xəstəliklərin aradan qaldırılmasının bir yolu var: Oturaq həyat tərzinə son qoyub hərəkətli həyata keçmək. Qədimdə hərəkət həyatdır deyirdilər. Qədim dövrün insanları müasir texnologiyalardan xəbərsiz olsalar da sağlam orqanizmə, sağlam yaşamaq qabiliyyətinə malik idilər. Bəşəriyyətdə hər şey hərəkətdədir. Yer küəsi, Günəş, ay, bizi əhatə edən hər nə varsa hərəkətdədir. Həyat belə qurulub. Bu nizamı pozmaq isə şübhəsiz ki, xəstəliklərə yol açır. Filmdə tədris proqramlarına da problemin kökündə dayanan amil kimi yanaşılır. Tədris elə qurulmalıdır ki, uşaq məktəbdə, evdə dərsləri ilə yanaşı hərəkətdə olmağa da imkan tapsın. Bütün günü otağa qapılıb hərəkətsiz qalmasın. Bu, onun kompleks inkişafı üşün mühün şərtdir. Film yalnız məktəblilərin deyil, ümumən bütün yaşlı insanların sağlamlığı və hərtərəfli inkişafının yollarını da səciyyələndirir. İnsanın harmonik inkişafında təbiətin, sağlam ətraf mühitin, uşaqların idman yarışlarına cəlb olunmasının vacibliyi rolu önə şəkilir. Qeyd olunur ki, idman ağlın, təfəkkürün inkişafına yol açır. Fikrimcə, şagirdin ruhi-mənəvi, fiziki sağlamlığı hər şeydən önəmlidir. Biz bu gün ilk növbədə fiziki sağlamlığı təmin etməliyik ki, əqli inkişafa nail ola bilək. 19-cu əsrdə Rusiyada ən güclü təhsil müəssisəsi olan “Çarskoe selskie” liseyi yaradılarkən fiziki hazırlıq məsələsi ön planda dayanırdı. Hərəkət aktivliyi mütləq şəkildə onun proqramına daxil edilmişdi. Proqram elə qurulmuşdu ki, gənclər hərtərəfli inkişaf edə bilsinlər. Orada oxuyan şagirdlər fiziki cəhətdən yaxşı formada olmalı idilər. Liseyin dərs cədvəlinə baxanda aydın görmək olur ki, hər gün bütün dərslər gimnastika ilə başlayır. Filmdə bu frazaları müşahidə etdikcə özümün şagird olduğum illər də gözümün önündə canlanırdı. Bizim məktəbdə də dərslər kollektiv olaraq hamının gimnastikasından sonra başlanırdı. Bu gün, doğrudur,cəmiyyət yüksək sürətlə inkişaf edir. Amma insanların sağlamlığı bu inkişafla tərs mütənasibdir. Əgər belə gedərsə, insan özünün inkişaf etdirdiyi texnologiyaların inkişaf sürətinə çatmaqda çətinlik çəkəcəkdir. Xəstəliklər ona bu imkanı verməyəcəkdir. Fiziki qüsurlu insanlarla cəmiyyət inkişaf edə bilməz. Əgər biz bu gün sağlam gələcək üşün çalışırıqsa, ilk növbədə gənclərimizin sağlam böyüməsini təmin etməliyik. Film valideynlər üçün də pedaqoji-psixoloji baxımdan önəmlidir. Təəssüflər olsun ki, bəzi valideynlər sosial-məişət problemlərini uşaqlarının fiziki sağlamlıqlarından üstün tuturular. Uşaqların fiziki inkişafına laqeyd yanaşır, onu taleyin ümidinə buraxırlar. Unudurlar ki, həddindən artıq çox hərəkətin özü də hərəkətsizlik kimi ziyanlıdır. Odur ki, valideyn uşağın hər bir anını diqqətdə saxlamağı bacarmalıdır. Buna rəğmən o, pedaqoji-psixoloji biliklərə sahib olmalı, uşaq gigiyenasını bilməli, lazım gəldikdə onu maarifləndirməyi də bacarmalıdır. Ona görə də bu filmin valideynlər tərəfindən də izlənməsini məqsədəuyğun hesab edirəm. Müdriklər sağlam bədəndə sağlam ruh olar deyiblər. Böyüməkdə olan nəslin sağlam böyüməsini təmin etmək bu gün məktəbin, valideynin, cəmiyyətin qarşısında dayanan mühüm məsələdir. Bunun isə təməlidə fiziki tərbiyə durur. Bu baxımdan şagird və tələbələrin oturaq həyat tərzinə yox deyib idmana cəlbi yönündə davamlı, məqsədyönlü işlər görülməli, onların fiziki və mənəvi baxımdan sağlam böyüməsi ailənin, məktəbin, ictimaiyyətin, bütövlükdə xalqın və dövlətin ümumi işinə çevrilməlidir. Filmin ideya xətti də məhz bunu təlqin edir. Azərbaycanda bu sahədə mövcud olan problemlərin aradan qaldırılması üçün fikrimcə aşağıdakı tədbirləri həyata keçirmək məqsədəuyğundur: 1. Sırf Azərbaycan mühitini xarakterizə edən, milli-mənəvi xüsusiyyətləri özündə cəmləşdirən “Oturaq həyat tərzi-svilizasiyanın xəstəliyi” adlı sənədli film çəkilərək məktəblərdə nümayiş olunsun. Problemin təbliği kompaniya xarakterli deyil, dövrü mahiyyət daşısın. 2. Bu mövzuda reklam xarakterli video-çarxlar məktəblərdə geniş təbliğ olunsun. 3. Oturaq həyat tərzinə yol açan vərdişlərin sosial mahiyyəti araşdırılsın, problemin elmi baxımdam həlli yolları meydana qoyulsun və bunlar cəmiyyətə çatdırılsın. 4. Oturaq həyat tərzinin problem xüsusiyyətləri sinifdənxaric, məktəbdənkənar tədbirlər vasitəsilə şagirdlərə izah olunsun. 5. Siniflər bu mövzuda mütəmadi olaraq divar qəzetləri hazırlasın. 6. Məktəblərdə oturaq həyat tərzinin yaratdığı problemlərə həsr olunmuş seminar, mühazirə, müzakirə, diskussiyalar təşkil olunsun. Tədbirlərə həkimlər, psixoloqlar dəvət olunsun. 7. Problemin mətbuatda genişliyi ilə əks olunmasına şərait yaradılsın. Fikrimcə, məktəblərdə, ümumilikdə təhsil sistemimizdə bu istiqamətdə sistemli işlər həyata keçirilərsə Azərbaycan gəncliyini bəşəriyyətin ağır xəstəliyinə düçar olmaqdan qoruya bilərik.
    Ceyran NOVRUZOVA, Bakı şəhəri Suraxanı rayonu 114 saylı tam orta məktəbin direktoru
    “ƏN YAXŞI MƏQALƏ MÜSABİQƏSİ” ÜÇÜN

    Frazeoloji birləşmələrin tədrisi və Azərbaycan ədəbiyyatı “Ən yaxşı məqalə” müsabiqəsində iştirak etmək üçün təqdim olunub

    Bəlkədə toxunacağım bu mövzu bir çoxlarını düşündürür, bəzilərini bu barədə yazmağa, münasibət bildirməyə təhrik edir. Bilmirəm, bəlkə də, məndən əvvəl də bu mövzu kiminsə diqqət mərkəzində olub, işlənilib. Əgər belə bir hal mövcuddursa, mən özümdən əvvəl bu barədə yazan müəlliflərdən halallıq alıb üzrxahlıq edirəm. Sadəcə sizinlə öz şəxsi mülahizələrimi, tapıntılarımı paylaşmaq istəyirəm. Danılmaz faktdır ki, şifahi xalq ədəbiyyatının ümumxalq dilinə təsiri az olmamışdır. Zaman-zaman şifahı xalq ədəbiyyatı istər yazılı ədəbi nümunələrə, istərsə də ədəbi dilin formalaşmasında aparıcı mövqeyə malik olmuşdur. Amma onu da unutmaq olmaz ki, bir sıra şifahi ədəbi nümunələrdə işlənən ayrı-ayrı leksik vahidlər zaman keçdikcə öz ümumişləklik funksiyasını itirmiş ya dilin əsas lüğət tərkibindən çıxmış, ya da bəzi regionlarda bu gün də işlənərək dialekt söz funksiyası rolunu oynayır. Bir sıra tədqiqatçılarımız əsaslı olaraq qeyd etdilər ki, xalqın gündəlik danışıq dili və onun incəlikləri məhz şifahi xalq ədəbiyyatında, ümumən ədəbiyyatda toplanmışdır. Əgər diqqət yetirsək, bədii əsərlərin dili, demək olar ki, Azərbaycan dilinin bir sıra qanun və qaydalarının tələblərini aşır, başqa cür desək, yeri gəldikcə bu qanunları təkzib edir. Odur ki, əsaslı olaraq deyə bilərik: - Bədii dil müəyyən dərəcə də sərbəstdir. Amma bu sərbəstlik aşırı dərəcədə deyil, bədii məqsədlərə əsaslanır. Bu gün gənc nəslin əksər nümayəndələri dilimizin zənginliyindən istifadə edərək istənilən söz və ifadəni istənilən mənaya yozmaq bacarığına malikdir. Biz addım başı danışıq və söhbətlərdə “ Türkün məsəli” ifadəsini ya işlədirik, ya da işlədilməsinin şahidi oluruq. Bu çoxmənalılıq, məcazilik dilin kökündən gəlir və bədii nümunələrdə qorunub saxlanılır. Bu gün orta məktəb şagirdlərinin əksər qismi iki və daha artıq sözün birləşərək – sabit birləşmə - məcazi birləşmə əmələ gətirməsini bir mənalı qarşılamır. Sabit birləşmələri – frazeoloji birləşmələri keçəndə mən daha çox canlı danışıq dilinə və ya istər şifahi xalq ədəbiyyatının, istərsə də yazılı ədəbiyyat nümunələrinə istinad edirəm. Çalışıram ki, şagirdlərim həqiqi mənalı sözlərin qarşılığı olub məcazi məna ifadə edən birləşmələri daha yaxşı mənimsəsin, yeri gəldikcə yazılı və şifahi nitqdə onlardan istifadə etsin, onları sərbəst söz birləşmələrindən fərqləndirmə bacarığına malik olsun. Amma unutmaq olmaz ki, bu, bütün şagirdlər tərəfindən eyni dərəcədə qavranılmır. Frazeoloji birləşmələr tədris edilərkən müəllimin əlində daha çox ədəbi nümunələr olarsa, bu, ümumi işin xeyrinə olar. Şagirdlər daha çox bədii nümunələr üzərində işləməklə bu tip birləşmələri sərbəst söz birləşmələrindən fərqləndirər və frazeoloji birləşmələrin daha çox leksik vahid olan həqiqi mənalı sözlərin yerində işləndiyini mənimsəyərlər. Onu da bilmək vacibdir ki, əslində frazeoloji – sabit söz birləşmələri qrammatik birləşmələrin əsasında meydana gəlir. “Qrammatik birləşmənin özü və ya onun tərkibində olan sözlər məcazi mənaya keçərək mütəhərrikliyini itirdikdə sözlər arasında əlaqə və münasibətlər yaradan vasitələr donuq bir hala gəlir və o, bir məfhumu ifadə edən sabit söz birləşməsinə çevrilir”*. İndi isə ayrı-ayrı yazılı və şifahi ədəbi nümunələrdə istifadə edilən frazeoloji – sabit birləşmələrin işlənmə mövqeyinə diqqət yetirək: Məs: Atalar sözlərinə nəzər salaq: Allah dərdi dərd çəkənə verir. Arxa su gələnəcən qurbağanın canı çıxar, Bəla bəla gətirər və ya Dəm dəm gətirər, qəm qəm gətirər Can verəndə boz sərçəyə ver, qaranquş gəldi - gedərdi. Dağ başına qış, igid başına iş gələr və.s. Göründüyü kimi , atalar sözləri və məsəllərdə məcazi məna ifadə edən frazeoloji birləşmələrdə emosionallıq daha qabarıqdır. Aşıq yaradıcılğına nəzər salaq:
    Böhtan demə, böhtan tutar adamı, Qul eylər, bazarda satar adamı ( X.Qasım)
    Ey sevdiyim, qaydasıdır qızların, Gahi –gahi bu söz atmaq nədəndir? (Qurbani)
    Otağına qədəm basdıq, Söhbətinə qulaq asdıq, (Aşıq Hüseyn Şəmkirli)
    Niqab açıb nəzər saldı hər yana, Hüsnünün şəminə oldum pərvana. (Yəhya bəy Dilqəm) Aşıq poeziyasından gətirilmiş nümunələr belə bir qərara gəlməyə əsas verir ki, şifahi xalq ədəbiyyatı nəinki frazeoloji birləşmələrlə, tədqiqat üçün müxtəlif materiallarla olduqca zəngindir.
    Yazılı ədəbi nümunələrə nəzər salaq: Z.Yaqubun yaradıcılığında:
    Dost sözünə könül ver, əhdinə əməl elə Şəlaləni qucaqla, sellərə salam yetir.
    Havalanıb nə həvəsə düşmüsən, Şair olmaq asan deyil, ürəyim. Yartdığın yaradana xoş gəlsin Yazılanı haqdan yazan ürəyim.
    Gözəllik mülkündə taxt ələ düşmür, Taxtda əyləşməyə vaxt ələ düşmür.
    Bu nəsildən əllərimi üzmüşəm O nəsillər, soylar qaldı arxada
    K.Abıyevanın yaradıcılığında:
    Mən səni görəndə səadətimdən Hələ gözümün də xəbəri yoxdu
    Hər görüş özüylə bir qəm gətirər, Susarıq ... Dinməyə dilimiz gəlməz
    Gözünün qarası hopdu gözümə, Adının həsrəti dilimdə qaldı (K.Abıyeva)
    Ədəbi nümunələrin əsas xüsusiyyəti onun yığcamlığı, ahəngdarlılığı, ifadəliliyidir ki, frazeoloji birləşmələr bu xüsusiyyətləri bədii nümunələrdə zənginləşdirir və onların dilini şirinləşdirir. Biz bu xüsusiyyətləri gözləməklə şagirdlərimizin bilik və bacarığını inkişaf etdirir, onların müqayisə aparmaq, fərqləndirmək, münasibət bildirmək fəaliyyətlərini genişləndiririk. Şagirdlərlə nə qədər çox nümunə üzərində iş apararlarsa, mövzu bir o qədər yaxşı mənimsənilər. İş qalır sadəcə biz müəllimlərin işimizə vicdanlı münasibətinə. Çalışaq şagirdlərimizi XXI əsrin əsl vətəndaşı kimi yetişdirə bilək.
    Çingiz MURADLI İsmayıllı şəhər 3 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi

    V- VI sinifdə riyaziyyatın  tədrisi xüsusiyyətləri
    Yeni təlim strategiyasında  şagird təlim prosesinin subyektinə çevrilmiş və onun müstəqil idrak fəaliyyəti üçün geniş şərait və imkanlar nəzərdə tutulmuşdur. Digər fənlərin tədrisində olduğu kimi,riyaziyyatın tədrisi prosesində tövsiyə olunan təlim strageyisanın qanunauyğunluğunun aşkar edilməsində meəllimin göstərişləri,istiqamətləri nəticəsində şagirdlərin fəal iştirakı təmin olunur.
     Müəllimlərimiz bu tədris proqramını idarə etməyə hazırdırmı? Müəllimlərimizin elmi-metodiki hazırlığı yeni sistemlə işləməyə cavab verirmi?
    Zəhmətkeş və savadlı müəllim daim öz üzərində işləyir,axtarır,tətbiq edir və işinin nəticəsini görməyə çalışır və nəticənin müsbət tamlığında mənəvi rahatlıq tapır.Səriştəli, hazırlıqlı ,günün təlim tələbi ilə ayaqlaşan müəllim sinifdə şagirdləri,onların təlim fəaliyyətlərini müasir pedaqoji tələblər səviyyəsində asanlıqla idarə edə bilir,yüksək nəticə əldə eda bilirlər.Müəllim üçün sinifdə işləmək,dərs aparmaq olduqca asandırsa,deməli,müəllim hazırlıqlıdır,əvvəlcədən xeyli işləyibözü üçün müəyyən iş sistemini müəyyən edib.Müəllimin məqsədi dərs dediyi şagirdi bir intellekt kimi , bir şəxsiyyət kimi yetişdirməkdən ibarətdir. Bu məqsəd müəllimin maddi marağından irəli gəlmir.Bu müəllim peşəsinin mayasını təşkil edir,onun həyatının mahiyyətidir,müəllimlik fəaliyyətinin işığıdir,amalıdır. Deməli,müəllimlik peşəsinin əsas xüsusiyyəti şagirdləri sevmək,onlara şəxsiyyət kimi baxmaq və humanist münasibət bəsləməkdən ibarətdir.
    Təlim ikitərəfli prosesdir: Müəllim şagirdlərlə münasibəti şagirdlərin ona münasibətini formalaşdırır. Müəlliim şəxsiyyəti şagirdlərini özünə cəlb etməlidir. Hal hazırdarespublikamızda əməyi yüksək qiymətləndirilən və ictimaiyyətin hörmətini qazanan peşəkar müəllimlər çoxdur və onların aşkar edilməsində dövlət səviyyəsində görülən tədbirlər,fəxri adların verilməsi,müsabiqələrin keşirilməsi və Azarebaycan Təhsil Şurasının xətti ilə aparılan bir sıra layihələrdə iştirakı mühüm rol oynayır.
    Müəllim tədris fəaliyyətinin məzmunu aşağıdakı mərhələni təşkil edir.
    1.Tədris üçün materialların seçilməsi
    2.metod və vasitənin müəyyən edilməsi
    3. tədris prosesinin təşkili və aparılması
    4.müntəzəm surətdə əks-əlaqənin reallaşdırılması
    5.təlim nəticəsinin qiymətləndiirilməsi
    Bu mərhələdə müəllim fəaliyyətinə aşağıdakı tələblər verilir.
    1.     Şafirdin fəaliyyətini izləmək,səhvlərinin,doğrularının hesabayını aparmaq
    2.     Şagirdin buraxılan səhvini dərhal düzəltmək,onların nitqindəki,xüsusilə də,riyazi nitqindəki qüsurları aradan qaldırmaq
    3.     Elmi-metodik nöqsanlara yol verməmək,izahı,şərhi şagirdlərin başa düşəcəyi şəkildə və lakonik aparmak,tələffüz edilən hər bir riyazi termini yazı lkövhəsində yazmaq,tanış etmək
    4. Elmi –metodik pedaqoji-psixoloji ədəbiyyatını izləmək,peşə hazırlığını təkmilləşdirmək,öz iş təcrübəsini yayılmasına,dərsliklər və müxtəlif vasitələrə münasibəti bağlı məqalələlər mətbuatda çıxış etmək
    V-VI siniflərdə tədris olunan riyaziyyat fənni induktiv əsaslar üzərində tədris olunur. Bu cəhətdən riyaziyyat anlayışı biliklərinin öyrədilməsi zamanın konkret-əyani induktiv yanaşmalarda məsələ və misalların həllinə üstünlük verilir. Riyaziyyat təkcə misal və məsələlərdən ibarət deyil, onuin həm də nəzəriyyəsi var. Riyaziyyat təliminin nəzəriyyəsi və metodikası var.
    Müəllim riyaziyyatın tədrisinə aid vəsaitlərdən istifadə edərkən aşağıdaki prinsipləri əsas götürməlidir.
    1.     Elmilik-müvafiqlik. Müəllim tədris materialını şərh edərkən,ilk növbədə onun elmi cəhətinə diqqət yetirilməlidir. Şagirdin tez başa düşməsi üçün onu təhrif etməməlidir. Riyazi anlayışı öyrədərkən ciddi riyazilikdən bir qədər kənara çıxmaq olar,bu şərtlə ki riyazi məna təhrif olunmasın.
    2.     Şagirdin dqnyagörüşünü formalaşdırma və əməyə münasibət.  Şagirdin təlim fəaliyyəti onun məqsədyönlqü əməyidir.Bu prosesdə şagird həm tərbiyə olunur,həm də onun dünyagörüşü formalaşır,mövzuya yeni baxışları yaranır.
    3.     Tamlıq . Riyaziyyat dərsinin materialı konkret və məntiqi cəhətdən tamalanmış olmalıdır. Dərsin məqsədinin və  təliminin nəticəsi aydın olmalıdır və bir-biri ilə uyğunluq yaratmalıdır . Məqsədin reallaşması əldə olunan nəticə ila müəyyən olunur.
    4.     Şagirdin idrak fəaliyyətinin gücləndirilməsi. Müasir təhsil sistemində inkişaf etdirmək üçün əsas prinsip və məqsəd kimi qəbul edilir.Müəllim təlim prosesində şagirdin elmi yaradıcılığın sadə elementləri ilə tanış etməlidir. Bu zaman konkret-induktiv metoddan istifadə edilməsi səmərəli nəticə verə bilər.
    5.     Şagirdin  həyata  əmək fəaliyyətinə hazırlaşması. Təlim prosesində riyazi anlayışlar , kəmiyyətlər arasındakı asılılıqdan və məsələ həllində onlardan istifadə edilməsi şagirddən diqqət və yaddaş tələb edir. Bu cəhətə müəllim xüsusi diqqət yetirməli və elə suallar verməlidir ki, şagird düşünərək  cavab versin.
    6.     Şagirdin estetik tərbiyəsi. Riyaziyyat həyatdan yaranıb,onun miqdarı münasibətlərini və fəza formalarını öyrənir.Həyatdakı mövcud gözəlliklər də riyazi qanunauyğunluqlara tabedir. Yaradılan,qurulan,tikilən obyektlərin ölçülərinə,formasına görə diqqəti cəlb edir,çünki onlarda riyazi forma dəqiqliyi var və bunlar hamısı bütün obyektlərə gözəllik verir.
    Yuxarida yazılan fikirlərlə müəllimin iş sisteminin mühüm prinsiplərilə tanış olduq.Müəllimin iş sistemi şagirdə düzgün elmi təfəkkürünün formalaşması,bacarıq və vərdişlərin yaranması və inkişaf etməsinə xidmət edir.
    Müəllim təlim prosesində münbit şəraitin yaradılması üçün proqramlara uyğun dərsə hazırlaşmalıdır. Elmi məlumatlar toplamalı,təlim metod və vasitələrni müəyyənləşdirməlidir.Müəllim şagirdi pedaqiji və psixoloji cəhətdən dərsi qavramağa hazırlamalədır. Bu zaman ən səmərəli və müasir metodik tətbiq etməlidir.Müəllim şagirdlərdə nəzəri biliklərin möhkəmləndirilməsi üşün onları praktiki tətbiq etməlidir.Müəllim , ən əsasi da, şagirdin fərdi qabiliyyətini nəzərə almaqla fərdi yanaşma metodundan istifadə etməlidir.Ümumilikdə, müəllim daim axtarışda olmalıdır,yüksək nəticə göstərməsi üçün çalışmalıdır.Müəllimin uğuru onun savadlı şagirdləri ilə görünər. Bu gün müəllim öz iş sistemini tələb olunan  təlim sisteminə uyğun qurmalı və reallaşdırmalıdır.
    Sevinc Niftiyeva Şirvan şəhər 9 saylı tam orta məktəbin riyaziyyat müəllimi

  • “ƏN YAXŞI MƏQALƏ MÜSABİQƏSİ” ÜÇÜN

  • Təhsil Şurası İdarə heyətinin genişləndirilmiş iclası keçirildi
  • Mayın 29-da Bakının Nizami rayonundakı 129 nömrəli tam orta məktəbdə Azərbaycan Təhsil Şurası İdarə Heyətinin genişləndirilmiş iclası keçirildi. İclasda Şuranın idarə heyətinin, “Təhsil və zaman” qəzetinin redaksiya şurasının üzvləri, rayon nümayəndəliklərinin rəhbərləri, ayrı-ayrı məktəblərdən qabaqcıl müəllimlər iştirak edirdilər. İclası giriş sözü ilə Şuranın sədri professor Əjdər Ağayev açaraq gündəlikdə dayanan məsələlər haqqında məlumat verdi. Bildirdi ki, Şuranın bugünkü iclasında Bakı şəhəri Nizami rayonu 129 nömrəli tam orta məktəbin iş təcrübəsinin öyrənilməsi və müzakirəsi nəzərdə tutulub. Bundan sonra Təhsil Şurasının sədri Ümumi hesabat yığıncağından keçən dövr ərzində görülmüş işlər haqqında məlumat verəcək. Sonda isə Təhsil Şurasının “Təhsil və zaman” qəzeti ilə birgə keçirdiyi “Ən yaxşı məqalə” müsabiqəsinin qalibləri elan olunacaq və qaliblər rəğbətləndiriləcək. Qeyd edim ki, iclasdan öncə Təhsil Şurasının üzvləri məktəbin ayrı-ayrı müəllimlərinin dərslərini dinlədilər. Sonra iclas öz işinə başladı. Öncə məktəbin direktoru Samir Mehdizadə rəhbərlik etdiyi təhsil müəssisəsinin fəaliyyətindən genişliyi ilə söhbət açdı. Son iki ildə görülmüş işləri xarakterizə etdi. Qeyd etdi ki, məktəbdə fəaliyyətə başladığı ilk gündən kimin hansı elmi, intellektual potensila malik olduğunu müəyyənləşdirmək üçün pedaqoji kollektivlə tanışlıq aparıldı. Ayrı-ayrı müəllimlərin bacarıqları müəyyənləşdirildikdən sonra kollektivin fəaliyyət istiqamətini də yönəltmək olardı.
    Məktəbin simasını onun pedaqoji kollektivi təşkil edir və əldə olunan nailiyyətlərin təməlində kollektivin elmi-nəzəri, metodiki hazırlığı dayanır. S.Mehdizadə vurğuladı ki, bütün bunları müəyyənləşdirmək üçün Bakı şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşlarının da iştirak etdiyi sistemli olaraq dərsdinləmələrə başlanıldı. Dərslərdəki müsbət və mənfi cəhətlər aşkara çıxarıldı. Çatışmazlıqları aradan qaldırmaq üçün metodbirləşmələrin fəaliyyəti nizama salındı. Hər bir fənn metodbirləşməsi qarşısında ciddi tələblər qoyuldu. Dərslərin müasir dövrün tələbləri səviyyəsində qurulması, müəllimlərin işə ciddi münasibətinin təmin olunması bir nömrəli vəzifə kimi irəli sürüldü. O, vurğuladı ki, paralel olaraq məktəbin maddi-texniki bazasının mövcud durumu öyrənildi. Məlum oldu ki, pedaqoji prosesi müasir tələblər səviyyəsində təşkil etmək üçün məktəbin maddi-texniki bazasının möhkəmləndirilməsinə ciddi ehtiyac duyulur. Məktəbin istilik sistemi yox dərəcəsində idi. İdman zalından istifadə etmək mümkün deyildi. Elə bu məqsədlə də Bakı şəhəri üzrə Təhsil İdarəsinə müraciət olundu. Bunun ardınca əmək intizamının möhkəmləndirilməsi, işə davamiyyətin yoxlanılması üçün jurnallar hazırlandı, müəllimlər üçün məktəbdə kompüter kursları təşkil olundu. Müəllimlərin dərs zamanı istifadə etmələri üçün sinif otaqlarına internet xətti çəkildi. Məktəb həmkarlar komitəsi ilə razılaşdırılaraq dərs yükünün bərabər və ədalətli şəkildə bölünməsi təmin olundu. Bakı şəhəri üzrə Təhsil İdarəsindən “Kimya”, “Fizika”, “Biologiya” fənninin tədrisi üçün lazım olan əyani vəsaitlər, eləcə də kompyüterlər, proyektor, printer, elektron yazı lövhələri, idman ləvazimatları alınıb gətirildi. Məktəbin yüksək səviyyədə, nümunəvi təxliyyə planı hazırlanıb, Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə İdarəsi tərəfindən təsdiq olundu. Nəhayət 2012-2013-cü dərs ilinin sonunda məktəbdə həyata keçirilən bütün tədbirlər nəfis tərtibatda dərc olunmuş məktəbin “İllik hesabat” jurnalında öz əksini tapdı. Samir Mehdizadə daha sonra məktəbdə sistemli olaraq keçirilən açıq dərslərdən, ölkə başçısı cənab İlham Əliyevin sərəncamları ilə keçirilən görkəmli şəxsiyyətlərin həyat və yaradıcılığını əks etdirən ədəbi-bədii gecələrdən, əlamətdar günlər, tarixi hadisələrdən bəhs edən tədbirlərdən, məktəb-valideyn, məktəb-ictimai təşkilat, məktəb-elm əlaqələrindən genişliyi ilə söhbət açdı. Bütün bunlarla o, rəhbərlik etdiyi təhsil müəssisəsinin qabaqcıllığını şərtləndirən meyarları meydana qoydu. Məktəb rəhbərinin çıxışı slaydlarla müşaiyət olundu.
    Təhsil Şurasının idarə heyətinin üzvü, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidən hazırlanma İnstitutunun direktoru professor Asəf Zamanov, Bakı Musiqi Kollecinin direktoru, professor Nazim Kazımov, Pespublikanın əməkdar müəllimi Həqiqə Məmmədova, 164 saylı tam orta məktəbin direktoru Kəmalə Qədirova, “Təhsil və zaman” qəzetinin redaksiya Şurasının üzvü, Respublikanın əməkdar müəllimi Mayıl İsmayılov çıxış edərək 129 saylı tam orta məktəbin direktoru Samir Mehdizadənin məruzəsinə münasibət bildirdilər. Qeyd etdilər ki, 129 saylı tam orta məktəbin fəaliyyətində nümunəvi nüanslar çoxdur və bunlar istər məktəbin direktorunun məruzəsində, istərsə də “Təhsil və zaman” qəzetinin xüsusi buraxılışında ətraflı şəkildə yer alıb.
    Təhsil Şurasının sədri professor Əjdər Ağayev İclasın gündəliyindəki ikinci məsələ - Təhsil Şurasının ümumi hesabat yığıncağından sonrakı dövr ərzinə görülmüş işlər haqqında – məlumat verdi. O, qeyd etdi ki, son vaxtlar Təhsil Şurasının həyata keçirdiyi tədbirlərin sırası genişlənmişdir. Məlum olduğu kimi, ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə “Təhsilin sahəsinin İnkişafı üzrə Dövlət Strategiyası” təsdiq olunmuşdur. Təhsil Şurası nizamnaməsinə uyğun olaraq “Təhsil sahəsinin inkişafı üzrə Dövlət Strategiyası”na Dəstək” Proqramı hazırlamışdır. Proqramda nəzərdə tutulanlanlar üzrə müvafiq tədbirlər həyata keçirilmişdir. Belə ki, İsmayıllıda, Şirvanda, Lerikdə, İmişlidə ucqar məktəblərin problemləri, eləcə də qabaqcıl məktəblərin iş təcrübəsi öyrənilmiş, “Təhsil və zaman” qəzetində dərc olunaraq Respublikaya yayılmışdır. Qabaqcıl müəllimlərin iş təcrübəsinin öyrənilməsi istiqamətində də xeyli iş görülmüşdür. Bu, daha çox Bakı məktəblərinin müəllimlərini əhatə etmişdir. Ə.Ağayev iş təcrübəsi öyrənilərək yayılan müəllimlərdən Xarici Dillər Təmayüllü Gimnaziyanın ibtidai sinif müəllimi Şəcahan Ramazanovnın, 318 saylı tam orta məktəbin kimya-biologiya müəllimi Şirin Məmmədovanın, 164 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Qafilə Əliyevanın, 240 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Pəri Qasımovanın, 239 saylı tam orta məktəbin biologiya müəllimi Nübar Qayıblının, Şuşa şəhər Təhsil Şöbəsinin metodisti Əyyub Şirlanlının adlarını qeyd etdi. Söylədi ki, müəllimlərin və məktəblərin iş təcrübəsinin öyrənilməsi sahəsindəki fəaliyyət davam etdirilir.
    Əjdər Ağayev daha sonra qeyd etdi ki, Təhsil Şurasının əməkdaşları Şuranın “Region məktəbləri ilə tanışlıq” layihəsi çərçivəsində Lerik, İmişli, Hacıqabul, Bərdə rayonlarının, Şirvan, Şuşa şəhərlərinin məktəblərində təlim-tərbiyə işinin mövcud vəziyyəti ilə tanış olmuşlar. Bundan başqa döyüş bölgəsində yerləşən bir sıra məktəblərin fəaliyyəti öyrənilmiş və qəzetin səhifələrində işıqlandırılmışdır.
    Ə.Ağayev Təhsil Şurasının müəllimlərin elmi-nəzəri, metodiki hazırlıqlarını yüksəltmək məqsədilə “Elektron Tədris Resurslarının hazırlanması və tətbiqi qaydaları” mövzusunda keçdiyi təlimlər barəsində də bəhs etdi. Vurğuladı ki, bu təlimlərdə müəllimlər həvəslə iştirak etmiş, təlimlərin öyrədicilik mahiyyətindən razılıqlarını bildirmişlər.
    İclasın gündəliyindəki sonuncu məsələ Təhsil Şurasının “Təhsil və zaman” qəzeti ilə birgə keçirdiyi “Ən yaxşı məqalə” müsabiqəsi qaliblərinin rəğbətləndirilməsi oldu. Müsabiqənin nəticələri ilə bağlı məlumat verən Əjdər Ağayev bildirdi ki, müəllimlər bu müsabiqəyə maraq göstərmiş və qəzetin səhifələrində diqqətçəkən məqalələrlə çıxış etmişlər. Lakin təqdim olunan məqalələrin əksəriyyəti müsabiqənin şərtlərinə cavab verməmişdir. O, müsabiqədə qalib gəlmiş Bakı şəhəri 264 saylı məktəb-liseyin müəllimi İlahə Mehdizadəni, 30 saylı tam orta məktəbin müəllimi Şəhla Mirzəyevanı, Cəbrayıl rayon 6 saylı tam orta məktəbin müəllimi Raqif Şirinovu, Cəlilabad şəhər 8 saylı məktəb-liseyin müəllimi Ülviyyə Əliyevanı, Kürdəmir şəhər 3 saylı tam orta məktəbin müəllimi Günəş Xudiyevanı, Şəki şəhər 11 saylı tam orta məktəbin müəllimi Fizuli Adışırinovu diplomla təltif etdi.
    Təhsil Şurasının Mətbuat və İctimaiyyətlə Əlaqə Mərkəzi

No comments:

Post a Comment