2.10.2015

“Promethean Activboard‎” – “Ağıllı lövhə”nin təbiət fənnlərinin tədrisində rolu

Böyük potensiala, dərin məzmuna malik olan hikmətli sözlər, ilahi kəlamlar insanda yüksək mənəvi- əxlaqi keyfiyyətlər yaradır. Müxtəlif tarixi dövrlərdə yaşamış filosoflarımızın, şair və yazıçılarımızın, ictimai-siyasi, dövlət, elm və mədəniyyət xadimlərimizin  qiymətli kəlamları bu gün bəşəriyyətin mənəvi zənginlik mənbəyinə çevrilmişdir.

Təhsil fasiləsiz prosesdir. Bu gün Azərbaycanda əsas  problemlərdən biri təhsilin dünya standartları səviyyəsinə çatdırılmasıdır. Bu prosesdə uğurlu iştirak etmək üçün  müasir tələblərə cavab verən təhsilə malik olmalıyıq. Təhsilımız daim təkmilləşdirilməlidir. Bütün bunlar təhsil işçilərinin, biz müəllimlərin  üzərinə düşən böyük vəzifədir. Təhsil sistemində aparılan islahatlara, müasir kurikuluma əsaslanaraq qurulan dərslərdə interaktivlik-yeni texnologiyalardan istifadə üstünlük təşkil edir. İKT-dən istifadə etməklə ölkəmizdə beynəlxalq standartlara uyğun, vahid elektron təhsil məkanının yaradılmasını və təhsil sisteminin dünya təhsil səviyyəsinə  inteqrasiya etdirilməsi əsas məqsəd kimi qarşıya qoyulur. İKT-nin inkişaf etdiyi bir dövrdə hər bir müəllim daha da keyfiyyətli, səmərəli dərs təşkil etmək üçün elektron dərslərə üstünlük verir. Elektron dərslərin tətbiqi  müasir məktəblərdə, litseylərdə geniş vüsət almış və uşaqların maraq obyektinə çevrilmişdir. Eyni zamanda, elektron dərslərin gerçəkləşməsi bir çox layihələrin yaranmasına səbəb olmuşdur. Buna misal olaraq qeyd edə bilərik ki, hal-hazırda elektron kitabxanalar, elektron test sistemi, elektron təhsil bugünki təhsil sistemimizin əsasını təşkil edir. Bu dərslər vasitəsilə uşaqlarda informasiya əhatəsi daha da genişlənir və əlçatılmaz  obyektlər şagirdlərin canlı müşahidəsinə çevrilir, şagirdlərin xəyal etdikləri hadisələr reallaşır. Elə isə gəlin birlikdə elektron dərslərin müsbət və mənfi cəhətləri ilə tanış olaq:

Son illərdə məktəblərin “Promethean  Activboard” tipli interaktiv lövhələr ilə təchizatı göstərir ki, bu, şagirdlərin tədris prosesində dərsə marağını  artır. Adi dərslərdən fərqli olaraq, kompüterlə aparılan dərslər uşaqlar üçün  cəlbedici və yaddaqalan olur. Tədris prosesində interaktiv lövhədən istifadə edilməsi dərsin əsas prinsiplərindən birini, onun əyaniliyini təmin edir. Şagirdlərdə kompüterdən istifadə bacarıqlarını formalaşdırır. Əyani vəsaitlərin elektron lövhədə  tətbiqi  mövzunu sonradan xatırlamağı və yadda saxlamağı asanlaşdırır.
Rəngarəng, görüntülü dərslər şagirdlərin fənnə marağını artırır, diqqəti yalnız lövhəyə cəmləyir. Sinfə gətirilə bilməyən, yaxud tapılmayan əyani vəsaitləri asanlıqla nümayiş etdirmək imkanını  yaranır.
Ağıllı  lövhəni elektron interaktiv qurğudan fərqləndirən özəl funksiyası da var. İkinəfərlik iş rejimində işləmə funksiyası bizə müxtəlif fənlərin tədrisində cütlər və ya qruplar arasında maraqlı yarışlar, estafetlər, oyunlar keçirmək imkanı yaradır.
Dərslərimdə tez tez istifadə etdiyim və şagirdlərimin çox sevdikləri bir neçə interaktiv tapşırıqlardan nümunələr göstərmək istərdim: “Sehrli qələm”-“Gizlilik”-“anaqram”, “pazzl”, “krossvord”-test tapşırıqlarını və ya ikinəfərlik iş rejimində maraqlı oyunlar yaratmaq üçün istifadə etdiyim doğru və ya səhv cavabların sayını avtomatik göstərən düymələr; şagirdlərin tədris prosesində maraqlı cavablarının yazılı şəkildə yaddaşda saxlanılması, tədrisin əyaniyiliyini, şagirdlərin dərsə marağını artırmaq məqsədi ilə mövzuya aid maraqlı, qısametrajlı videoroliklərin tətbiqi təbiət fənnlərinin tədrisini daha maraqlı və canlı edir. Tədris zamanı şagirdlər  “Sehirli qələm”dən istifadə etməyə daha maraqlı olurlar. “ Pazzl” yaratmaq, onlarla işləmək, hissələrin quraşdırılması şagirdlərdə konstruktiv qabiliyyətləri inkişaf etdirir .
Cografiyadan Vulkanlar mövzusunun tədrisi zamanı vulkan püskürməsinin canlı görüntüsü və yaxud Biologiyanın tədrisində müxtəlif  heyvan növlərinin görüntülərinin nümayişi şagirdlərdə  təfəkkürün inkişafına səbəb olur.Alınmış biliklər uzun müddət şagirdlərin yaddaşında qalır.  Köhnə yazı lövhələrini əvəzləyən ağıllı lövhələrin üstünlüklərini saymaqla bitmir. Əvvəlki  lövhələrdən təbaşirdən istifadə etməklə ancaq yazı üçün istifadə olunurdusa, ağıllı  lövhə  çoxsahəli funksiyaları və  görüntülü istifadəsi ilə fərqlənir.
Lövhənin yaddaşına elektron dərsliklər, videoroliklər, elektron təqdimatlar və tədris olunan mövzularla bağlı müxtəlif elektron təhsil resursları yerləşdirirmək mümkündür. Eyni zamanda, birbaşa internetə bağlanmaq funksiyası üstünlük kəsb edir. İstənilən dərs  vəsaitinin, proqramların elektron versiyası yuklənir və tədris  prosesində istifadə olunur.
Tədris olunan dərslərin elektron versiyası  yaddaşa yazılır, dərsdən sonra  şagird arzusuna uyğun olaraq, həmin dərsin video yazısını özünə  götürə bilir.
 Promethan lövhədən istifadə hər bir dərsi dinamik edir, bunun nəticəsində dərsin ilk mərhələsindən şagirdlərin diqqətini cəlb olunur. Şagirdlər istənilən kimyəvi reaksiyanın, fiziki, bioloji, coğrafi proseslərin izahını və videogörüntülərini  müxtəlif cihazların, qurğuların, texniki vasitələrin işləmə prinsiplərini "möcüzəli" ekranda izləyə bilirlər. Bu da şagirdlərin nəzəri-metodoloji  biliklərini, praktiki bacarıq və təcrübələrini inteqrasiya etməklə,  tədrisi prosesini canlandırır, uşaqlarda yaradıcı təfəkkürü, tədris materialını dərketmə qabiliyyətini daha da artırır. Elektron tədrisdə uşaqların hər biri lövhəyə çıxıb müəllimin tapşırıqlarını yerinə yetirməkdə həvəsli olurlar. İnteraktiv rejimdə keçilən dərslər bütün uşaqların, o cümlədən passiv,  müəyyən fiziki və ya psixoloji qüsuru olan şagirdlərin də dərs prosesinə aktiv qoşulmasına şərait yaradır.
Ağıllı lövhənin üstünlükləri ilə bərabər bir sıra mənfi xüsusiyyətlərini də qeyd etmək istərdim. Qavraması və öyrənməsi yüksək olan şagirdləri bu metod tez yorur. Tənbəlliyin təməli qoyulur. Buna baxmayaraq, pedaqoji prinsiplər əsasında müxtəlif formatlı informasiyanın kompleks əlaqələrindən hazırlanmış tədris materiallarının auditoriyalarda müasir İKT vasitəsi ilə təqdim edilməsi təhsilalanların təfəkküründə həyat üçün zəruri obrazların (vətənə məhəbbət, valideynə, müəllimə, yaşlılara hörmət və s.) yaranmasına təkan verir.
                                            
Nübar QAYIBLI,

Bakı şəhəri Səbael rayonu T.Məmmədov adına 239 nömrəli tam orta məktəbin müəllimi

No comments:

Post a Comment