Qabaqcıl təcrübənin ünvanı

Pedaqoji kollektiv məktəbin simasıdır
Ötən il Şirvan şəhərindəki Nofəl Quliyev adına 9 saylı tam orta məktəbin fəaliyyəti haqqında qəzetimizdə yazı dərc edəndə məktəbin işini tam dolğunluğu ilə əks etdirə bilməmişdim. Ona görə ki, məktəbin genişmiqyaslı fəaliyyətini bir məqalədə təqdim etmək mümkün deyildi. Aradan keçən bir il ərzində 9 saylı tam orta məktəbin fəaliyyəti daim mənim diqqətimdə oldu. Bu kollektivi yaxından müşahidə etmək imkanı qazandım, məktəbdə keçirilən açıq dərsdə iştirak etdim, müəllimlərin metodiki məqalələri qəzetimizin səhifələrində dərc olundu, bu məktəbin müəllimləri ilə müxtəlif mövzulu konfranslarda, seminarlarda iştirak etdik.

Nəhayət məktəbin pedaqoji kollektivinin təşəbbüsü ilə bu təhsil ocağında Respublika Təhsil Şurası “Təlim keyfiyyətinin yüksəldilməsi problemi” mövzusunda elmi-təcrübi konfrans keçirdi. Bundan sonra məktəbin pedaqoji kollektivi ilə redaksiyanın əlaqələri daha da genişləndi. Məktəbin direktoru Respublikanın əməkdar müəllimi Əlizadə Hüseynov başda olmaqla qabaqcıl müəllimlərindən bir qismi Təhsil Şurasının ümumrespublika toplantısına dəvət olundu. Məktəbin qabaqcıl riyaziyyat müəllimi Sevinc Niftiyeva Təhsil Şurası İdarə Heyətinin, eləcə də “Təhsil və zaman” qəzeti redaksiya Şurasının üzvü seçildi. Bununla yanaşı, məktəbin müəllimlərindən bir qrupu Təhsil Şurasının üzvlüyünə qəbul edildi. Fikrimcə, fəal pedaqoji kollektiv məktəbin siması olmaqla, həmin təhsil ocağında təlimin, tərbiyə işinin keyfiyyətini xarakterizə edir. Məktəbin də pedaqoji kollektivini daha yaxında tanıdıqca, həmin məktəb haqqında daha ətraflı fikir söyləmək mümkündür.
Pedaqoji kollektiv üzvlərindən söz düşmüşkən qeyd etmək istərdim ki, 9 saylı tam orta məktəb, ümumiyyətlə, qabaqcıl müəllimlərin məktəbidir. Məktəbin direktoru Əlizadə Hüseynov 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə əməkdar müəllim fəxri adına layiq görülüb. Onun rəhbərliyi ilə bu təhsil müəssisəsi həmin il ölkə başçısının sərəncamı ilə keçirilən “Ən yaxşı ümumtəhsil məktəbi” Respublika müsabiqəsinin qalibi olub. Məktəbin qabaqcıl iş təcrübəsi MDB ölkələrinin bəzi təhsil müəssisələri arasında yayılıb. Əlizadə Hüseynovun Şirvan şəhəri üzrə hazırladığı “Açıq şəraitdə coğrafiya meydançası” layihəsi Təhsil Nazirliyinin xətti ilə beynəlxalq qrand prizini qazanıb.
Qeyd etdiyim kimi 9 saylı tam orta məktəb qabaqcıl müəllimlərin məktəbidir. Onlardan biri, dil-ədəbiyyat müəllimi İradə Xəlilova həm də məktəb həmkarlar təşkilatının rəhbəridir. İradə müəllimi də məktəblə əməkdaşlığımızın genişləndiyi bir il ərzində qabaqcıl, təşəbbüskar müəllim kimi tanıdım. İradə müəllimin şagirdlərindən bir çoxu Respublika uşaq forumunun I və II toplantısında iştirak edib. Bununla yanaşı, qabaqcıl müəllimin yetirmələrinin əksəriyyəti respublikanın nüfuzlu ali məktəblərində təhsil alır.
Məktəbin riyaziyyat müəllimi Sevinc Niftiyevanın da adı təcrübəli və qabaqcıl müəllimlərin sırasında çəkilir. O, Azərbaycan Respublikası Təhsil Şurası idarə heyətinin üzvü, eyni zamanda Şuranın Şirvan nümayəndəliyinin rəhbəridir. Mütamadi olaraq dövrü pedaqoji mətbuatda çıxış edən Sevinc müəllimin iş təcrübəsi mətbuat vasitəsilə respublikaya yayılmış, sertifikatlara, təşəkkürnamələrə layiq görülmüşdür. O, pedaqoji mətbuatda ən çox məqalə ilə çıxış edən müəllimlərdəndir. Sevinc Niftiyeva Respublika elmi-təcrübi konfranslarında da maraqlı çıxışları ilə diqqət mərkəzində olmuşdur. O, eyni zamanda “Öyrədənlərin öyrədəni” statusuna malikdir.Sona Ağayeva da məktəbin qabaqcıl müəllimlərindəndir. İxtisasca fizika müəllimi olan Sona Ağayeva da respublika miqyaslı müxtəlif elmi-təcrübi konfransların, treninqlərin iştirakçısıdır. Ümumiyyətlə, məktəbin fəal müəllimləri ilə tanış olduqca düşünürsən ki, burada sözün yaxşı mənasında rəqabət mövcuddur və bu rəqabətdə kimin irəlidə getdiyini də söyləmək çətindir. Çünki əslində hamı öndədir. Direktor müavini Mətanət Baxışova, psixoloq Leyla Səmədova, təşkilatçı Afərin Əliyeva, dil-ədəbiyyat müəllimi Təhminə Məmmədova, tarix müəllimləri Fərqanə Babayeva, Xalid Səlimov, ibtidai sinif müəllimləri Sevda Qaraşova, Sənəm Mirzəyeva, Kəmalə Əliyeva. Sevinc Mirzəyeva, riyaziyyat müəllimi Mərcan Kərimova, ingilis dili müəllimi Nəzakət Nurullayeva, kimya-biologiya müəllimi Solmaz Heydərova, coğrafiya müəllimi Sona Nəzərova, çağırıçaqədərki hərbi hazırlıq müəllimi Rövsən Qədirov, fiziki tərbiyə müəllimi, ixtisası üzrə metodik vəsaitin müəllifi Alim Niftullayev, eləcə də İradə Süleymanova, Zenfira Qurbanova, Mətanət Mikayılova, Mirgüllər Səfərova, Mərcan Vəliyeva, Eldarə Əliyeva
yalnız bu məktəbin deyil, şəhərin qabaqcıl müəllimlərindən hesab etmək olar. Onların pedaqoji fəaliyyətləri ilə tanış olduqca bu qənaətə gəlmək mümkündür.
Məktəbin rəhbərliyi və pedaqoji kollektiv təlim tərbiyə sahəsində görüləcək işlərin yerinə yetirilməsində yüksək uğurlar qazanılması üçün aşağıdakı məsələləri daim diqqət mərkəzində saxlayırlar:- Proqram materiallarının tələblərə uyğun düzgün yerinə yetirilməsi vəziyyətinin araşdırılması;- Təlim prosesində müasir metod və vasitələrin tətbiqinin şəraitə uyğunluğunu nəzərə alınması;- Qabaqcıl təcrübənin öyrənilib, ümumiləşdirilib yayılması;- Gənc müəllimlərə müasir tələblərə uyğun elmi, pedaqoji və metodik köməkliklərin göstərilməsi və müasir tələblərə uyğun dərslərdə iştiraklarını təmin etmək;- Nümunəvi (açıq), elektron vəsait, dərsliklərin istifadəsi ilə müşayət olunan dərslərin kollektiv şəkildə müzakirəsinin keçirilməsi;- Şagirdlərin vətənə məhəbbət, milli-mentalitetimizə hörmət və sədaqət, dövlət mənafeyinin hər sahədə müdafiəsinə istək tərbiyəsində kompleks tədbirlərin həyata keçirilməsi;- Dərslərdə təlim metod və üsulların tətbiq vəziyyətinin öyrənilməsi və müzakirəsinin daim diqqət mərkəzində saxlanılması;- Tədris vəziyyətinin yarımillik və illik dövr üzrə araşdırılması;- Şagirdlərin təlim göstəricilərinin əvvəlki illərlə müqayisəli təhlilinin aparılması.Bütün bunlar məktəbdə təlim keyfiyyətinin yüksəldilməsinə yönəldilmiş mühüm tədbirlərdir. Məktəbin şagirdlərindən Əvəz Zeynallı 620, Mətanət Vəlizadə 465, Fərid Bağırov 459, Ruslan Babayev 450, Xavər Əliyeva 403 balla ali məktəblərə qəbul olublar. Ümumilikdə isə 23 məzun ötən il tələbə adı qazanıb.
Təlimin keyfiyyətinin yüksəldilməsi məqsədilə məktəbdə fənn kabinetlərinin tərtibatına xüsusi diqqətlə yanaşılır. Demək olar ki, hər dərs ilində bu istiqamətdə hanısa işlər görülür. Bu yaxınlarda Ədədiyyat (M.Səfərova), Tarix(X.Səlimov), Biologiya (M.Mustafayeva), Kimya (S.Heydərova), Riyaziyyat (R.Qocayev) kabinetləri sırasına yüksək elmi –pedaqoji tələblərə uyğun Fizika (S.Ağayeva), Rus dili (Z.Qurbanova) kabinetləri də əlavə olmuşdur. Bu isə həmin fənlərə marağının daha da artmasına şərait yaratmışdır. Pedaqoji kollektiv bu amildən də istifadə edərək işini müasir dövrün tələbləri səviyyəsində qurmağa çalışır. B.MİKAYILLI


Ustad dərsi
Yaradıcı mühitin bəhrəsi
Qəzetimizin “Ustad dərsi” rubrikasının qonağı Respublikanın əməkdar müəllimi Həqiqə Məmmədovadır.
Həqiqə Məmmədovanı uzun illərdir ki, tanıyıram. Rəhbərlik etdiyi 177 saylı məktəbin fəaliyyəti haqqında bir neçə dəfə məqalə yazmışam. Bu yazılarda Həqiqə müəllimin 177 saylı məktəbdə həyata keçirdiyi, məktəbin qabaqcıl təhsil müəssisəsi kimi fəaliyyətini şərtləndirən tədbirlər, eləcə də “İkimərhələli tədrisin təşkili” ideyası, idarəetmənin müasir tələblər səviyyəsində qurulması, şagird özünüidarə orqanlarının işi və s. diqqətimi cəlb edib və “Təhsil və zaman” qəzetinin səhifələrində onun fəaliyyəti qabaqcıl məktəb rəhbəri kimi həmişə təqdir olunub.
Ümumiyyətlə, Həqiqə müəllim uzun illik pedaqoji fəaliyyəti dövündə bir sıra yenikilərə imza atıb. 1981-2000-ci illərdə rəhbərlik etdiyi 264 saylı məktəbdə irəli sürdüyü “Müəllif məktəbi” ideyası həmin təhsil müəssisəsinə “Müəllif məktəbi” statusunun verilməsi ilə nəticələnib. Onun bu təcrübəsi Respublikanın pedaqoji ictimaiyyəti tərəfindən zaman-zaman qabaqcıl ənənə kimi qarşılanıb. Həqiqə müəllimi qabaqcıl məktəb rəhbəri olmaqla bərabər, həm də ictimai fəal kimi tanıyıram. O, Azərbaycan Təhsil Şurasınin işində fəal iştirak edir. Moskva şəhərində fəaliyyət göstərən Məktəb Şuralarına Dəstək Beynəlxalq Assosiasiyasının Azərbaycan üzrə təmsilçisi, eyni zamanda həmin təşkilatın vitse-prezidentidir. Həqiqə Məmmədova Azərbaycanın və SSRİ-nin Maarif əlaçısı döş nişanı, Krupskaya adına medal, Mehdizadə adına diplom, nəhayət ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə “Respublikanın əməkdar müəllimi” fəxri adına layiq görülüb. Bütün bunları yazmaqda məqsədim odur ki, bu zamana qədər Həqiqə Məmmədovanı qabaqcıl məktəb direktoru, ictimai xadim kimi tanımışam. Aprelin 12-də müşahidə etdiyim və həqiqətən də ustad dərsi kimi dəyərləndirdiyim dərsindən sonra Həqiqə Məmmədova ilə bağlı qənaətlərim daha da zənginləşdi. Onu ustad müəllim kimi də tanıdım. Dərslə bağlı qənaətlərim o qədər zəngindir ki, bunları bir qəzet məqaləsində cəmləşdirmək o qədər də asan deyil. Odur ki, müşahidələri müəyyən qədər ümumiləşdirməyə çalışdım ki, dərsin əsas məqamlarını əhatə edə bilim. Bəzi hallarda nəticə çıxarmağı oxucuların öhdəsinə buraxım. Etiraf edim ki, bu məqamların hər biri özlüyündə bir nümunə kimi xarakterizə oluna bilər. 8-ci sinifdə “Kimyəvi reaksiyaların sürətinə təsir edən amillər” mövzusunda qurulan dərs müasir dərsin tələblərini ehtiva etməklə, kimyanın cəmiyyətimizdəki rolunun şagidlər tərəfindən dərk edilməsinə də yol açırdı.
Bir sıra mərhələlərdən ibarət olan dərsdə təcrübəli müəllim informasiya-kommunikasiya texnologiyalarından, Təhsil Nazirliyi tərəfindən hazırlanmış elektron dərsliklərdən, mövzuya aid material nümunələrindən, bunlarla da kifayətlənməyərək, öz hazırladığı materiallardan bəhrələnməklə mövzunu şagirdlərə bütünlüklə açıqladı.
Öncə şagirdlər “Kimya dərslərində davranış qaydaları”nı təkrar etdilər. Bu qaydalar, eyni zamanda, monitorda nümayiş olundu.
Sonra müəllim dərsin məqsədlərini açıqladı. Açıqlamadan məlum oldu ki, müəllim şagirdlərin elmə, təhsilə marağını artırmaq, onların nəzəri biliklərini laboratoriya işləri vasitəsilə təcrübi cəhətdən möhkəmləndirmək, dərsi tam olaraq şagirdlərin bilik və bacarıqlarının təkmilləşdirilməsinə yönəltmək və hər bir şagirdin potensial imkanlarını nəzərə alaraq fənnin də imkanlarından istifadə edərək onların ümumən təbiət fənlərindən biliklərini yüksəltməyi qarşısına məqsəd kimi qoyub. Göründüyü kimi, müəllim qarşıya fundamental məqsədlər qoymuş və nail olmaq üçün optimal yollar-interaktiv üsullar- Beyin həmləsi, VYEN diaqramı, layihələr üzərində iş, problem ağacı, müqayisə cədvəlləri-seçmişdi. Şagirdlərin fəaliyyəti isə qruplar, cütlüklər, fərdi olaraq istiqamətləndirilmişdi. Həqiqə müəllim dərsin bütün məqamlarını məntiqi cəhətdən əsaslandırmış və əlaqələndirmişdi. Elə qrupların adlandırılmasından başlayaq. “İnqibitor”, “İniçiator”, “Katalizator”... Bu adların hər biri mövzunu ifadə eləməklə bərabər, həm də onun mükəmməl mənimsənilməsinə hesablanmışdı. “Kimyəvi reaksiyaların təsnifatı, kimyəvi reaksiyaların sürəti” mövzusunda ev tapşırığının sorğusu prosesi qruplara VYEN diaqramının paylanması ilə başlandı. Qrupların VYEN diaqramı əsasında çıxışı beyin həmləsi ilə təqdim olundu. Sorğunun ikinci mərhələsində VYEN cədvəlində kimyəvi reaksiyaların təsnifatına aid müqayisələr aparıldı. Müqayisə üçün şagirdlərə layihələr paylandı. Mövzu, bildiyimiz kimi, kimyəvi reaksiyaların sürətindən bəhs edirdi. Qruplar hazırladıqlarını təqdim elədilər. Qrupların əməkdaşlıq şəraitində işləməri də diqqətimi cəlb edən mühüm məqamlardan idi. Təqdimatdan sonra şagirdlərin biliklərini müəyyənləşdirmək üçün 10 variantda test tapşırıqları verildi. Nəticələr dərsdə iştirak edən ekspert-müəllimlər tərəfindən yoxlanıldı.
Müəllim dərsin növbəti mərhələsində keçmiş mövzu ilə yeni mövzu arasında ustalıqla əlaqə yaratdı. Belə bir versiya irəli sürdü ki, kimyəvi reaksiyalar haqqında nə qədər geniş məlumat olsa da, kimyəvi reaksiyaların sürəti haqqında bəzi anlayışlar əldə edilsə də, təbiətdə gedən proseslərin, kimyəvi reaksiyaların gedişini tənzimləmək üçün bu biliklər kifayət deyil. Müəllimin bu versiyası ilə yeni mövzunun motivasiyası yaradıldı: Kimyəvi reaksiyaların gedişinə müdaxilə etmək üçün lazım gələrsə onların sürətini artırmaq və ya ləngitmək üçün nə etmək lazımdır? Yeni mövzu məhz bu sualın cavabı ətrafında quruldu. Müəllim bunun əsasında aşağıdakı tədqiqat suallarını müəyyənləşdirdi:-Kimyəvi reaksiyaların sürətinə təsir etmək mümkündürmü?
-Hansı amillər kimyəvi reaksiyaların sürətinə təsir edir? Bundan sonra mövzu elektron formada, eləcə də slaydlarla təqdim olundu. Ardınca kimyəvi reaksiyaların sürətinə təsir edən amillər barədə bir daha qısa müzakirə aparıldı. Təcrübələr nümayiş olundu. Birinci təcrübə kimyəvi reaksiyaların sürətinə kimyəvi maddələrin daxili təbiətinin təsirini isbat etmək məqsədi daşıyırdı. Bunun üçün sınaq şüşəsində rəngsiz məhlul NaOH (qələvi) üzərinə rəngsiz məhlul fenol ftolein (indikator) əlavə olundu. Sınaq şüşəsində dərhal qırmızı bənövşəyi rəng alındı. Sonra həmin sınaq şüşəsinin üzərinə rəngsiz maye halında olan HCL (turşu) əlavə edildi. Sınaq şüşəsindəki qırmızı bənövşəyi rəng dərhal yox oldu. Deməli, bu sınaq şüşəsində aparılan reaksiya böyük sürətlə keçdi.
İkinci reaksiya zamanı sınaq şüşəsində maye halında mavı rəngdə CuSO4 (mis sulfatının) içərisinə iplə bağlanmış dəmir mismar (Fe) daxil edildi. Kimyəvi reaksiya dərhal başlamadı. Müəyyən qədər gözləyəndən sonra mismar sınaq şüşəsindən çıxarıldı. Şagirdlər gördülər ki, mismarın mavi mayedə olan hissəsi qırmızı rəng alıb. Müəllim şagirdlərə izah etdi ki, burada dəmir aktiv metal olaraq misi əvəz edib. Mis isə sərbəst halda mismarın üzərinə çöküb. Deməli, bu sınaq şüşəsində keçən reaksiyanın sürəti bir qədər ləng baş verdi.
Üçüncü təcrübə nəinki şagirdlərin, dərsdə iştirak edən hər kəsin marağına səbəb oldu. Müəllim portağal rəngində olan quru bir maddənin üzərinə bir qədər spirt əlavə etdi və yandırdı. Əvvəlcə reaksiyanın sürəti zəif idi. Lakin bir qədər sonra sanki odlu vulkan püskürdü. Ətrafa yaşıl quru bir maddə səpələndi. Bu reaksiyanın nəticəsində (NH4)Cr2O7 (Amonium bixromat) parçalanması zamanı gözəl effekt yarandı. Bundan sonra daha üç təcrübə aparıldı və təcrübələr ümumiləşdirilərək şagirdlərə nəticə çıxarmaq tapşırıldı. Sagirdlər belə bir nəticəyə gəldilər ki, həqiqətən də kimyəvi reaksiyaların sürəti kimyəvi maddələrin daxili təbiətindən asılıdır.
Növbəti nümayiş reaksiyaların sürətinin katalizatordan asılı olduğunu göstərmək üçün aparıldı. Şagirdlər bu reaksiyadan da belə nəticəyə gəldilər ki, kimyəvi reaksiyaların sürətinə təsir edən amillərdən biri də katalizatordur. Sonra qatılığa, kimyəvi maddələrin hetorgen sistemdə toxunma səthinin böyüklüyü və temperaturun təsirini isbat etmək üçün maraqlı təcrübələr aparıldı. Hər bir təcrübədən sonra şagirdlər kimyadan olan işçi dəftərlərinə qeydlər apardılar. Sonda belə bir nəticəyə gəlindi ki, -kimyəvi reaksiyaların sürətinə təsir etmək olar; -kimyəvi reaksiyaların sürətinə təsir edən amillər aşağıdakılardır:
1. Reaqentlərin kimyəvi təbiəti
2. Reaqentlərin qatılığı
3. Hetoregen sistemdə reagentlərin toxunma səthinin böyüklüyü
4. Temperatur.
5. Katalizator
6. Təzyiq
Şagirdlərin mövzuya aid biliklərini yoxlamaq üçün laboratoriya tapşırığı verildi. Laboratoriya işi üç variantda aparıldı. Şagirdlər cütlərlə işlədilər.
Dərsin növbəti mərhələsində şagirdlər “Problem ağacı” layihəsinin üzərində calışdılar. Ağac 6 yarpaqdan, 6 almadan və ya 6 güldən ibarət kökə bağlı bir sxem formasında idi. Şagirdlər yeni mövzuya aid biliklərindən istifədə edərək “Problem ağacı” layihəsini başa vurdular və öz layihələrini təqdim etdilər.
Sonuncu tapşırıq hər bir şagirdə aid idi. Onlar yeni mövzuya aid 10 variantda test tapşırıqları aldılar. Operativ cavablandırdılar. Ekspert qrupu test cavablarını qiymətləndirdi. Dərsin sonunda qiymətlər elan olundu. Şagirdlər bütün nominasiyalar üzrə qiymətləndirildilər. Dərs maraqlı sonluqla yekunlaşdı. Hər bir şagird benqal işığını yandıraraq sonuncu reaksiyanı nümayiş etdirdilər.
Həqiqə Məmmədovanın nümayiş etdirdiyi “Ustad dərsi” müşahidə edənlər BŞTİ-nin Nərimanov-Nizami rayonu kimya-biologiya üzrə baş məsləhətçisi Tahirə Qədimova, məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Afilə Cəfərova və başqaları qeyd etdilər ki, dərs müəllim-şagird əməkdaşlığı, qarşılıqlı anlaşma şəraitində keçdi. Şagirdlər kimyəvi reaktivlər, avadanlıqlardan məharətlə istifadə etməklə kimyəvi reaksiyaları uğurla nümayış etdirdilər. Şagirdlərin hazırladıqları kiçik elmi işlər, referatlar onların kimya fənninə olan marağını xarakerizə etmək baxımından da əhəmiyyətli idi. Bütün bunları şübhəsiz ki, təcrübəli müəllim Həqiqə Məmmədova zəngin təcrübəsi, pedaqoji ustalığı, metodiki bacarığı ilə meydana çıxarmışdı. Dərsi müşahidə etdikcə düşünürdüm ki, Həqiqə Məmmədovanın dərsdə əldə etdiyi bu nəticə həm də onun şagirdlərlə müntəzəm işinin, sinifdənxarıc tədbirlərin, eyni zamanda məktəbdə uzun müddətdir ki yaradılan tədqiqatçılıq, elmi axtarıcılıq mühitinin bəhrəsidir. Bu mühitin uğurlu bəhrələri çoxdur və bundan sonra da davam edəcəyi şübhəsizdir.
Sinif elmi laboratoriyanı xatırladırdı
Ustad dərsi məktəbin yüksək səviyyədə təchizatlı kimya kabinetində keçirildi. Hər bir şagirdin stolu üzərində mövzuya dair laboratoriya işlərini aparmaq üçün reaktiv və avadanlıqlar yerləşdirilmişdi. Müəllimin stolunun üzəri isə nümayiş məqsədilə oksigen almaq üçün pribor, reaktiv və avadanlıqlarla zəngin idi. Resursların digər qismini Mendeleyev cədvəli, kimyəvi reaksiyaların başlanması üçün hansı şəraitin olmasanı əks etdirən və kimyəvi reaksiyaların növlərini göstərən stendlər, eləcə də şagird biliklərinin qiymətləndərilməsi cədvəli asılmışdı. Diqqəti həm də şagirdlər tərəfindən hazırlanıb nəfis şəkildə tərtib olunan referatlar, məruzələr, kicik elmi işlər cəlb edirdi. Sinif həqiqi mənada elmi laboratoriyanı xatırladırdı. Ağ xalat geyinmiş şagirdlərin qarşısında dərslik, işçi dəftəri, gündəlik var idi.
Böyükğa MİKAYILLI
ÖMRÜN 25 İLİ
Bacarıqlı təhsil təşkilatçısı, istedadlı jurnalist kimi tanınan Zəhra xanım Əliyevanın ömür pillələrində “Azərbaycan məktəbi” jurnalı mühüm mərhələ təşkil edir. O, 25 il bu jurnalın baş redaktoru vəzifəsində çalışmışdır.
Respublikamızın təhsil naziri, professor Misir Mərdanov Zəhra xanımı gözəl müəllim, məhsuldar alim, bacarıqlı jurnalist, səmimi insan, ləyaqətli ziyalı kimi dəyərləndirmişdir. O demişdir: “Müəllim adı ən böyük hörmətə, ən yüksək ehtirama layiqdir. O adın ən layiqli daşıyıcılarından biri Zəhra xanımdır”.

Uzun müddət Maarif Nazirliyinində çalışan, 1972-ci ildən isə Baş Məktəblər idarəsinin rəisi və kollegiya üzvü kimi məsul vəzifələr daşıyan Zəhra xanım 1981-ci ildə “Azərbaycan məktəbi” jurnalına baş redaktor vəzifəsinə köçürüləndə böyük həyat təcrübəsinə malik idi. Bu vəzifədə də ona tapşırılmış əvvəlki işlər kimi, məsuliyyətlə işləmiş, jurnalın və ona əlavə kimi nəşr olunan məcmuələrin elmi-nəzəri, pedaqoji və metodik səviyyəsinin yüksəldilməsinə ardıcıl fikir vermişdir. Baş redaktor işlədiyi müddətdə o, alim-pedaqoqları, psixoloqları, qabaqcıl müllimləri tez-tez redaksiyaya dəvət edir, təhsilin müasir vəziyyəti ilə bağlı müzakirələr aparır, müəllimlərin elmi-metodiki hazırlığının artırılması məqsədilə sifariş materialları müəyyənləşdirir və onların icrasına nəzarət edirdi. 15 adda dərslik, proqram və metodik vəsaitin, 200-dən artıq elmi-pedaqoji, ictimai-siyasi, publistik məqalələrin, 3 didaktik tərtibat işinin müəllifi olan Zəhra xanım müxtəlif səpklili məqalələri ilə jurnalı daha da məzmunlu etmişdir.
Zəhra xanım tələbkar redaktor idi. İlk günlərdən jurnalistika onun fəaliyyətinin öncül cəhətlərindən birinə çevrilmişdir. Jurnalın ənənələrinə hörmətlə yanaşan baş redaktorun gərgin əməyi sayəsində “Azərbaycan məktəbi” jurnalı ildən-ilə daha da yaxşılaşmış, qol-qanad açaraq respublikanın çoxsaylı təhsil işçilərinin stolüstü kitabına çevrilmişdir. İlk gənclik illərindən müəllimliyi özünə peşə edən Zəhra xanım bu peşənin ilk pilləsindən ən uca pilləsinə yüksəlmiş, qazandığı təcrübəni jurnalistika peşəsi ilə əlaqələndirərək respublikamızın ilk pedaqoji jurnalının tanınmış redaktorları cərgəsinə öz imzasını qoymuşdur. Respublikanın ən adlı-sanlı alimləri onun başçılıq etdiyi jurnalda məqalələr dərc etdirir, jurnalın mövqeyini yüksək qiymətləndirirdilər. Mirzə İbrahimovun “İdrak və ədəb çırağı” adlandırdığı “Azərbaycan məktəbi” jurnalı 90-cı illərin əvvəllərində bağlanmaq təhlükəsi ilə üz-üzə qalanda Zəhra xanım redaksiyanı tərk etməmiş, hər cür əziyyətə qatlaşıb jurnalın fəaliyyətini davam etdirməsinə nail olmuşdu. Ulu öndərimizin hakimiyyətə qayıdışıyla təhsilimizdə yeni inkişaf mərhələsinin başlandığı tarixi düzgün qiymətləndirən Zəhra xanım milli təhsil quruculuğu və islahat prosesini yüksək səviyyədə işıqlandırmağı, eləcə də təhsil işçilərini elmi, nəzəri, metodiki materiallarla təmin etməyi özünün amalına çevirmişdi. O, təhsilimizin gələcəyinə inanırdı. Çünki pedaqoji kollektivlərlə daim təmasda idi, pedaqoji prosesdə gündən-günə artan yeniliyi, düyəviliyi də yaxşı görürdü.
Zəhra xanım milli-mənəvi dəyərlərimizin yaşaması və təbliği üçün səylə çalışırdı. Onun rəhbərlik etdiyi jurnal Azərbaycanda pedaqoji fikrin inkişafında, klassik dünya pedaqoqlarının, Azərbaycanın görkəmli maarifçilərinin, məktəbdarlarının, yazıçı və şairlərin pedaqoji fikir və ideyalarının təbliğində, xalqımızın zəngin mədəniyyət tarixinin ayrılmaz hissəsi olan məktəb və pedaqoji fikir tarixinin müxtəlif problemlərinin araşdırılmasındakı xidmətləri tədqirə layiqdir.
Pedaqoji fikir tariximizin nadir inciləri, xalq pedaqogikasından, “Avesta”dan, “Dədə Qorqud”dan başlamış klassiklərimizin, müasirlərimiz olan onlarla maarifpərvərin pedaqoji fikirləri ilk dəfə “Azərbaycan məktəbi” jurnalında öz əksini tapmışdır. Pedaqogika sahəsində yetişmiş alimlərimiz bu jurnaldan yetərincə bəhrələnmişlər. Professor Əjdər Ağayev 8 il bu jurnalın baş redaktoru olmuşdur. Mərhum professor Şamil Qurbanovun da ilk iş yeri bu jurnal olmuşdur.
Professor Əbdül Əlizadə ilk elmi-pedaqoji fəaliyyətə bu jurnalda başlamışdır. “Azərbaycan məktəbi” jurnalında baş redaktor kimi Zəhra xanımın özünün də çoxsaylı elmi yazıları çıxmış, təklifləri ilə məktəblərin, müəllim və tərbiyəçilərin, məktəb rəhbərlərinin işinə yaxından yardım göstərmiş, onların fəaliyyətlərini düzgün istiqamətləndirmişdir.
Zəhra xanım yorulmaq bilmədən işləməklə, çalışmaqla, vəzifəsinə yüksək məsuliyyətlə yanaşmaqla, rəhbərlik etdiyi kollektiv üzvlərinə qayğı və diqqəti bir an unutmurdu.
Qeyd etmək lazımdır ki, Zəhra xanım “Azərbaycan məktəbi”nin sanballı nəzəri və metodik mətbuat orqanlarına rəhbərlik etdiyi müddətdə ləyaqət və xeyirxahlığı, işə bələdlik və təşkilatçılığı ilə seçilmiş, elmi-pedaqoji ictimaiyyətin və pedaqoji kollektivlərin sayılan, ehtiram göstərilən nüfuzlu nümayəndəsi kimi tanınmışdır. O bu mövqeyini axıradək qoruya bilmişdir.
Redaksiyanın kollektivi uzun illər boyu jurnalın baş redaktoru olmuş Zəhra xanımı bacarıqlı, püxtələşmiş maarifçi-jurnalist kimi tanımış, təhsilimizin inkişafı üçün, respublikamızın yaradıcı müəllimləri üçün çox iş gördüyünün şahidi olmuşlar.
O, 90-cı illərin çətin günlərində “Azərbaycan məktəbi”ni yaşatmış, onu sonrakı nəsillər üçün qoruyub saxlamışdır. Respublikamızın təhsil ictimaiyyəti bu nəcib və işgüzar qadının, alim-filoloqun, təcrübəli və məsuliyyətli maarifçinin, ömrünü təhsilimizin inkişafına sərf edən insanın xatirəsini əziz tutur.
Nəsrəddin Musayev “Azərbaycan məktəbi” jurnalının baş redaktor müavini

Qabaqcıl müəllimlərimiz...

İnsanlara gərəkli olmaq insanı yaşadan ən böyük qüvvədir


Bu məqalə İmişli rayonundakı Cəfərli kənd tam orta məktəbin qocaman ibtidai sinif müəllimi Bəyim Əliyevaya həsr olunur.

Hələ əlli il bundan əvvəl İmişlinin Cəfərli kəndində pedaqoji fəaliyyətə başlayarkən çoxları Bəyim Əliyevanın yaxşı müəllim olacağına inanırdı. Bu da səbəbsiz deyildi. Pedaqoji texnikumu əla qiymətlərlə bitirməzdən öncə Bəyim müəllim orta məktəbdə də mükəmməl təhsil alıb. İnqilab Verdizadə, Soltan Qasımov kimi müəllimlərin yaratdığı təlim-tərbiyə mühitində elmlərin sirrinə yiyələnib. Qəlbində müəllim olmaq, gənclərin təlim-tərbiyəsi uğruna həyatını bəxş etmək arzusu baş qaldırıb. Cəfərli məktəbini bir dünya bilib, qəlbən ona bağlanıb. 

Pedaqoji fəaliyyətinin bütün dövrlərində Bəyim müəllim yeni-yeni uğurlara imza atıb və bu uğurların təməlində peşəsinə dərin məhəbbət, eyni zamanda dövrün tələbləri səviyyəsində işləyə bilmək bacarığı dayanıb. Elə bunun səbəbindəndir ki, bu gün Bəyim müəllimin Cəfərlidən olan yetirmələrinin xoş sorağını Respublikamızın hər yerindən eşitmək mümkündür. Onun yetirmələri sırasında bu gün çiyin-çiyinə çalışdığı coğrafiya müəllimi Raya Atakişiyeva, ədəbiyyat müəllimi Əlibala Qənbərov, hərbi həkim Nizami Cəfərov, eləcə də Əfqanıstanda Sovet ordusu sıralarında hərbi xidmət kecərkən həlak olmuş Tərlan İsmayılov da var. 
Bəyim müəllimin tətbiq etdiyi təlim metodologiyasının əsasını ənənəviliklə müasirliyin vəhdəti təşkil edir. Fəal təlim texnoloigiyaları əsasında dərsin səmərəliliyini yüksəltmək bir pedaqoq kimi onu daim düşündürüb. Tətbiq etdiyi texnologiyalar pedaqoji kollektivin marağına səbəb olub. Uzun illər məktəbdə ibtidai siniflər üzrə metodbirləşməyə rəhbərlik edən Bəyim müəllim öz qabaqcıl təcrübəsini gənclərə sevə-sevə öyrədib. Şagirdlərin vətənpərvər ruhda böyüməsi bir müəllim, bir ana kimi onu daim düşündürüb. Onun bütün pedaqoji fəaliyyəti yalnız şagirdlərin deyil, həm də müəllim həmkarlarının öyrədilməsinə, işlərinin təkmilləşdirilməsinə həsr edilib. Bu da öz növbəsində məktəbdə təlim-tərbiyə işinin keyfiyyətinin yüksəldilməsi ilə müşaiyət olunub.
Bəyim müəllimin həm bir müəllim, həm də bir insan kimi ehtiram qazanmasının əsasında, eyni zamanda mənəvi dəyərlərə sahibliyi ilə tanınan ailəsi dayanıb. Həyat yoldaşı Eldar Əliyev İmişlinin tanınmış ziyalılarından idi. Eldar Əliyev ali təhsilli iqtisadçı olub. İmişlidə müxtəlif rəhbər vəzifələrdə çalışıb. Rayon Ağsaqqallar Şurasına rəhbərlik edib. Elə ağsaqqal kimi də neçə-neçə ailənin ümid yerinə çevrilib. Xeyir-duası ilə ailələr qurulub. Bu ailə təməldən sanki ailələrə mənəvi güvənc yeri ücün qurulub. Elə Bəyim müəllim də gəncliyindən ağbirçəklik missiyası daşıyıb.Onun da dəyərli məsləhətləri neçə-neçə ailənin yoluna işıq saçıb. İmişlidə qonaq olan elm-sənət adamları Eldar Əliyevin qapısını böyük ürəklə açıb. Onların arasında xalq artistləri Hacıbaba Bağırov, Zeynəb Xanlarova da olub. 
Eldar Əliyev pedaqoji fəaliyyətlə də məşğul olub. Ümumiyyətə, bu ailənin təməlində dayanan ziyalılıq ailədə böyüyən uşaqların da tərbiyəsində müstəsna rol oynayıb. Ailənin böyük oğlu atasının yolu ilə gedib. İqtisadçı peşəsini seçib. Ortancıl oğul biznes sahəsinə yiyələnib. Kiçik oğul hüquqşünasdır. Ailənin yeganə qızı Yeganə isə müəllim olub. Anasının you ilə getməyi qərara alıb. Övladlar mütəxəssis kimi ayrı-ayrı yolları seçsələr də vətəndaş kimi eyni yolu seçibər: Harada yaşamaqlarından asılı olmayaraq vətənin adını uca tutmaq, layiqli vətəndaş olmaq, əsl mütəxəssis kimi cəmiyyətə xidmət göstərmək. Eldar müəllimin, Bəyim müəllimin arzusu da elə bu olub. Onlar öz övladları kimi, şagirdlərinin, ətraflarındakıların hər birini məhz bu ruhda görməyi arzulayıblar. Və öz nümunəvi əməlləri ilə buna örnək olublar. Eldar müəllim haqq dünyasına qovuşub. Amma işıqlı əməlləri bu gün onu tanıyanların qalbində yaşamaqdadır. İmişlidə olduğum bir neçə gün ərzində buna əmin oldum. Elə məqalədə yazdıqlarımı da əsasən adamlardan eşitdim. Hazırda Kanadada yaşayan, orada Azərbaycan dilini tədris edən Yeganə Cəfərova da atası haqqında deyilənləri təsdiqləyib, onun işıqlı əməllərini xatırlayan hər bir həmyerlisinə minnətdarlığını ifadə elədi. 
Mən bu yazını Bəyim Əliyeva ilə başlayıb onun həyat yoldaşı Eldar Əliyevlə tamamladım. Bu da təsadüfü olmadı. Bu elm, təhsil, insanlıq, xeyirxahlıq fədakarlarının əməlləri də axı bir-birini tamamlayır. Bu gün müəllimlik peşəsini böyük şövqlə davam etdirən Bəyim müəllimin ağbirçəklik missiyası da davam edir. İnsanlara gərəkli olmaq insanı yaşadan ən böyük qüvvədir...

Böyükağa MİKAYILLI



Cəmiyyətin hər zaman ağıllı, bilikli müəllimlərə ehtiyacı olmuşdur.
Məlumdur ki, öyrənmə fəal idrak prosesidir və müəllimin rəhbərliyi altında həyata keçirilir. Müəllim öz həyatını məhşur alman filosofu İ.Kantın bəşəriyyət tarixində ən çətin kəşf hesab etdiyi iki kəşfdən birinə, tərbiyə etməyə həsr edəndir. Öyrənməyə stimul yaradan amillərdən biri də mənəvi amildir. Bu isə o deməkdir ki, məktəbli tədris prosesində özünün vəzifəsini, məsuliyyət və borc hissini dərk edir, zəruri keyfiyyətləri özündə tərbiyə edir. Bu kimi keyfiyyətləri şagirdlərdə formalaşdırmaq hər bir müəllimin borcudur.
Ağılla bilik sağ və sol əl kimidir. Onlar birləşəndə məqsədə tez çatmaq olar. Buna görə də bütün əsrlərdə ağıllı, bilikli, istedadlı müəllimlərə zəruri ehtiyac olmuşdur. Şirvan şəhərində də belə müəllimlər çoxdur. Onlardan biri-Respublikanın əməkdar müəllimi Məlikməhəmməd Həziyevlə həmsöhbət oldum. Qısa arayış: Həziyev Məlikməhəmməd Babaxan oğlu 4 avqust 1959 - cu ildə Əli Bayramlı rayonunun Kalinovka (Meyniman) kəndində anadan olub. 1966 - cı ildə Yardımlı rayonu Avaş kənd VIII illik məktəbin I sinifinə daxil olmuş, 1974 - cü ildə bu təhsil ocağını əla qiymətlərlə bitirmişdir.Təhsilini Yardımlı rayon Çayüzü kənd məktəbində davam edən Məlikməhəmməd 1976 - cı ildə Həsən bəy Zərdabi adına KDPİ - nin Azərbaycan dili və ədəbiyyatı fakültəsinə qəbul olmuş və 1980 - ci ildə həmin institutu “Fərqlənmə diplomu” ilə bitirmişdir. Təyinatını doğma Avaş kəndinə alan Məlikməhəmməd müəllim öz həmkəndlilərinə dilimizin və ədəbiyyatımızın incəliklərini öyrətməyə başlayır. İşlədiyi müddət ərzində Yardımlı rayonu təhsil işçiləri arasında savadlı müəllim, ziyalı kimi tanınır. Rayon ictimaiyyətinin böyük hörmətini qazanır. 1999-cu ilin sentyabr ayından Əli Bayramlı şəhər 2 № - li tam orta məktəbdə ixtisası üzrə pedaqoji fəaliyyətini davam etdirən Həziyev Məlikməhəmməd 2003 - cü ildə şəhər T.Bağırov adına orta məktəbə direktor müavini, 2006 - cı ildən R. Həbibov adına 14 №- li orta məktəbə direktor təyin olunur. 2008 - ci ildə ərizəsinə əsasən vəzifədən azad olaraq, yenidən öz pedaqoji fəaliyyətini şəhər 11 saylı məktəbdə davam etdirir. Ailəlidir. 2013-cü ilin 6 avqustunda ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə Respublikanın əməkdar müəllimi fəxri adına layiq görülüb. - Məlikməhəmməd müəllim, istərdim bir müəllim olaraq qarşıya qoyduğunuz məqsədlərdən, prinsiplərdən bəhs edəsiniz... - Bilirsiniz ki, ixtisasca Azərbaycan dili və ədəbiyyat müəllimiyəm. Tədris ediyim fənnin əsas predmeti canlı insandır. Bu fənni tədris edən müəllimin əsas işi əxlaqi, mənəvi, etik normaları, maddi və mənəvi dəyərləri şagirdlərə aşılamaqdır. Bu işdə isə bir neçə prinsiplər vardır ki, biz dil- ədəbiyyat müəllimləri bunu yaddan çıxarmamalıyıq. Şagirdlərimizə düzlük, doğruçuluq, mənəvi saflıq tərbiyə etməklə yanaşı, yetişdirdiyimiz hər bir şagirdin gələcəyimizin əsl layiqli övladı olmasıdır. Məsələn, Milli Qəhrəman Mübariz İbrahimov kimi... Aqillərin belə bir sözü var: “Hər hansı bir millətin dili varsa o millət ölməzdir”. Biz övladlarımıza ana dilimizi elə aşılamalıyıq ki, onlar bu dili sevsinlər, öz övladlarına da gələcəkdə bu sevgini aşılasınlar. Ölkə başçısı cənab İlham Əliyevin 2013 - cü ili Azərbaycan Respublikasında “İnformasiya - Kommunikasiya Texnologiyaları ili” elan etməsi yenilikçi və çalışqan müəllimlərin sayının artmasına bir təkan vermiş oldu. Məlikməhəmməd müəllim öz şagirdlərinə təkcə bilik verməklə kifayətlənmir. Onların əsl Azərbaycan vətəndaşı kimi tərbiyə edilməsinə də çalışanlardandır. Onun şagirdləri hər il ali məktəblərə qəbul onunanlar sırasındadır. O, şəhər üzrə fənn olimpiadalarında yer tutan şagirdlərilə haqlı olaraq fəxr edir. Onun şəhər üzrə hazırladığı tədbirlər şəhər ictimaiyyətinin, ziyalıların, valideyn və məktəblilərin marağına səbəb olur. Məlikməhəmməd müəllimin 2009 - cu ildə istedadlı şagirdlərin Ulu öndər Heydər Əliyevin 86 - cı ildönümünə həsr olunmuş “Gözəl Vətən, mənan dərin” ədəbi- bədii bilik yarışının hazırlanmasında xüsusi xidməti olmuşdur. Bu tədbirdə şəhər ictimaiyyətının də nümayəndələri iştirak etmiş və tədbir televiziyada işıqlandırılmışdır. Məlikməhəmməd müəllimlə söhbət zamanı keşmiş şagirdlərindən Azərbaycandan başqa, Ukrayna, Almaniya, Türkiyə, Rusiya Federasiyasında və digər ölkələrdə işləyənlərin olduğunu öyrəndim. “Onlar mənimlə daim əlaqə saxlayırlar, məni yaddan çıxarmırlar” - söyləyir, Məlikməhəmməd müəllim. Onların arasında həkim, müəllim, mühəndis, hüquqşünas və digər peşə sahibləri vardır. Məlikməhəmməd müəllim deyir ki, ötən illər ərzində qazandığı bütün uğurlara görə valideynlərinə, ailəsinə, müəllimlərinə, xüsusilə 11 saylı tam orta məktəbin pedaqoji kollektivinin hər bir üzvünə və sonra da onu əhatə edən bütün yaxşı insanlara minnətdardır. Biz də Məlikməhəmməd müəllimə minnətdarıq. Bu gün cəmiyyətimizin belə müəllimlərə böyük ehtiyacı var. Sizə cansağlığı, işlərinizdə uğurlar diləyirik, Məlikməhəmməd müəllim... Seyyub ƏSƏDLİ, Şirvan şəhər 11 saylı tam orta məktəbin müəllimi, bölgə müxbiri.


Qabaqcıl müəllimlərimiz...
İnsanlara gərəkli olmaq insanı yaşadan ən böyük qüvvədir
Bu məqalə İmişli rayonundakı Cəfərli kənd tam orta məktəbin qocaman ibtidai sinif müəllimi Bəyim Əliyevaya həsr olunur.
Hələ əlli il bundan əvvəl İmişlinin Cəfərli kəndində pedaqoji fəaliyyətə başlayarkən çoxları Bəyim Əliyevanın yaxşı müəllim olacağına inanırdı. Bu da səbəbsiz deyildi. Pedaqoji texnikumu əla qiymətlərlə bitirməzdən öncə Bəyim müəllim orta məktəbdə də mükəmməl təhsil alıb. İnqilab Verdizadə, Soltan Qasımov kimi müəllimlərin yaratdığı təlim-tərbiyə mühitində elmlərin sirrinə yiyələnib. Qəlbində müəllim olmaq, gənclərin təlim-tərbiyəsi uğruna həyatını bəxş etmək arzusu baş qaldırıb. Cəfərli məktəbini bir dünya bilib, qəlbən ona bağlanıb.
Pedaqoji fəaliyyətinin bütün dövrlərində Bəyim müəllim yeni-yeni uğurlara imza atıb və bu uğurların təməlində peşəsinə dərin məhəbbət, eyni zamanda dövrün tələbləri səviyyəsində işləyə bilmək bacarığı dayanıb. Elə bunun səbəbindəndir ki, bu gün Bəyim müəllimin Cəfərlidən olan yetirmələrinin xoş sorağını Respublikamızın hər yerindən eşitmək mümkündür. Onun yetirmələri sırasında bu gün çiyin-çiyinə çalışdığı coğrafiya müəllimi Raya Atakişiyeva, ədəbiyyat müəllimi Əlibala Qənbərov, hərbi həkim Nizami Cəfərov, eləcə də Əfqanıstanda Sovet ordusu sıralarında hərbi xidmət kecərkən həlak olmuş Tərlan İsmayılov da var. Bəyim müəllimin tətbiq etdiyi təlim metodologiyasının əsasını ənənəviliklə müasirliyin vəhdəti təşkil edir. Fəal təlim texnoloigiyaları əsasında dərsin səmərəliliyini yüksəltmək bir pedaqoq kimi onu daim düşündürüb. Tətbiq etdiyi texnologiyalar pedaqoji kollektivin marağına səbəb olub. Uzun illər məktəbdə ibtidai siniflər üzrə metodbirləşməyə rəhbərlik edən Bəyim müəllim öz qabaqcıl təcrübəsini gənclərə sevə-sevə öyrədib. Şagirdlərin vətənpərvər ruhda böyüməsi bir müəllim, bir ana kimi onu daim düşündürüb. Onun bütün pedaqoji fəaliyyəti yalnız şagirdlərin deyil, həm də müəllim həmkarlarının öyrədilməsinə, işlərinin təkmilləşdirilməsinə həsr edilib. Bu da öz növbəsində məktəbdə təlim-tərbiyə işinin keyfiyyətinin yüksəldilməsi ilə müşaiyət olunub. Bəyim müəllimin həm bir müəllim, həm də bir insan kimi ehtiram qazanmasının əsasında, eyni zamanda mənəvi dəyərlərə sahibliyi ilə tanınan ailəsi dayanıb. Həyat yoldaşı Eldar Əliyev İmişlinin tanınmış ziyalılarından idi. Eldar Əliyev ali təhsilli iqtisadçı olub. İmişlidə müxtəlif rəhbər vəzifələrdə çalışıb. Rayon Ağsaqqallar Şurasına rəhbərlik edib. Elə ağsaqqal kimi də neçə-neçə ailənin ümid yerinə çevrilib. Xeyir-duası ilə ailələr qurulub. Bu ailə təməldən sanki ailələrə mənəvi güvənc yeri ücün qurulub. Elə Bəyim müəllim də gəncliyindən ağbirçəklik missiyası daşıyıb.Onun da dəyərli məsləhətləri neçə-neçə ailənin yoluna işıq saçıb. İmişlidə qonaq olan elm-sənət adamları Eldar Əliyevin qapısını böyük ürəklə açıb. Onların arasında xalq artistləri Hacıbaba Bağırov, Zeynəb Xanlarova da olub. Eldar Əliyev pedaqoji fəaliyyətlə də məşğul olub. Ümumiyyətə, bu ailənin təməlində dayanan ziyalılıq ailədə böyüyən uşaqların da tərbiyəsində müstəsna rol oynayıb. Ailənin böyük oğlu atasının yolu ilə gedib. İqtisadçı peşəsini seçib. Ortancıl oğul biznes sahəsinə yiyələnib. Kiçik oğul hüquqşünasdır. Ailənin yeganə qızı Yeganə isə müəllim olub. Anasının you ilə getməyi qərara alıb. Övladlar mütəxəssis kimi ayrı-ayrı yolları seçsələr də vətəndaş kimi eyni yolu seçibər: Harada yaşamaqlarından asılı olmayaraq vətənin adını uca tutmaq, layiqli vətəndaş olmaq, əsl mütəxəssis kimi cəmiyyətə xidmət göstərmək. Eldar müəllimin, Bəyim müəllimin arzusu da elə bu olub. Onlar öz övladları kimi, şagirdlərinin, ətraflarındakıların hər birini məhz bu ruhda görməyi arzulayıblar. Və öz nümunəvi əməlləri ilə buna örnək olublar. Eldar müəllim haqq dünyasına qovuşub. Amma işıqlı əməlləri bu gün onu tanıyanların qalbində yaşamaqdadır. İmişlidə olduğum bir neçə gün ərzində buna əmin oldum. Elə məqalədə yazdıqlarımı da əsasən adamlardan eşitdim. Hazırda Kanadada yaşayan, orada Azərbaycan dilini tədris edən Yeganə Cəfərova da atası haqqında deyilənləri təsdiqləyib, onun işıqlı əməllərini xatırlayan hər bir həmyerlisinə minnətdarlığını ifadə elədi. Mən bu yazını Bəyim Əliyeva ilə başlayıb onun həyat yoldaşı Eldar Əliyevlə tamamladım. Bu da təsadüfü olmadı. Bu elm, təhsil, insanlıq, xeyirxahlıq fədakarlarının əməlləri də axı bir-birini tamamlayır. Bu gün müəllimlik peşəsini böyük şövqlə davam etdirən Bəyim müəllimin ağbirçəklik missiyası da davam edir. İnsanlara gərəkli olmaq insanı yaşadan ən böyük qüvvədir...
Böyükağa MİKAYILLI

Uğurlara aparan yolun başlanğıcında
İmişli rayonundakı Şahverdili kənd tam orta məktəbin kimya müəllimi Firuzə Abbasovanın iş təcrübəsi haqqında bəzi qeydlər
Şahverdili kənd tam orta məktəbinin əsası 1948-ci ildə qoyulub. Məktəb özünün 60 illik yubileyini isə müasir tələblərə cavab verən binada qarşılamağa nail olub. Məktəbin direktoru Məryəm Məhərrəmova yeni bina və yeni şəraitin təhsil müəssisəsinin yeni-yeni uğurlara imza atmasında müstəsna rol oynadığını xüsusi vurğulayır. Şübhəsiz ki, nailiyyətlərin əldə olunmasında qabaqcıl müəllimlərin də danılmaz rolu var. Biz bu yazıda onlardan biri-məktəbin kimya müəllimi Firuzə Abbasovadan bəhs edəcəyik.
Məktəbin direktoru Məryəm Məhərrəmova Firuzə Abbasovanı xarakterizə edərək söyləyir ki, o, əldə etdiyi təlim nailiyyətlərinə görə ötən dərs ilində “İlin ən yaxşı müəllimi” rayon müsabiqəsinin qalibi olub. Firuzə Abbasovanın dərs prosesinə yanaşmasındakı özünəməxsusuluq laboratoriya işlərinin təşkilinə, təlimdə əyaniliyə, sinifdənxaric tədbirlərin təşkilinə üstünlük verməsi ilə şərtlənir. Yeri gəlmişkən qeyd edək ki, məktəbdəki kimya laboratoriyası da tədrisin yüksək səviyyədə təşkilinə stimul verən amillərdəndir. Firuzə Abbasova dərsin əyaniliyinin təmin olunmasında qeyd etdiklərimizlə bərabər informasiya-kommunikasiya texnologiyalarından da məharətlə istifadə edir. Kimyadan artıq bir neçə mövzunu slaydlaşdıran müəllim müasir texnologiyaların mövzunun mənimsədilməsindəki əhəmiyyətini yüksək qiymətləndirərək onlardan daha səmərəli və optimal istifadə etməyə calışır. Firuzə Abbasovanın tətbiq etdiyi öyrətmə texnologiyalarının əsasında şagirdlərin yaradıcı işə cəlb olunması da xüsusi yer tutur. 11-ci sinif şagirdlərindən Sahil İsmayılovun, Səidə Muradovanın, 10-culardan İbrahim Qurbanovun, Aynur İbrahimlinin, Reyhanə Əliyevanın hazırladığı referat işləri həqiqətən də şagirdlərin yaradıcı işləmə imkanlarından, axtarıcılıq meyllərindən soraq verir. Şagirdlərin yaradıcı işləməyə həvəsləndirilməsi və bu sahədə istəyinə nail olması müəllimin özünün də geniş yaradıcı potensialının məntiqi nəticəsidir. Firuzə müəllim mövzunu yalnız mənimsətməklə kifayətlənmir. Eyni zamanda onu həyatla əlaqələndirməyə, həyat üçün gərəkli olan məqamların dərk olunmasına çalışır. Məsələlərin qoyuluşu kimyanın həyatın ayrılmaz bir hissəsi olduğu fonunda daha çox maraq doğurur. Firuzə Abbasovanın nail olduğu üstün cəhətlərdən biri də dərs prosesində əldə edə bilmədiklərinin sinifdənxaric tədbirlərlə tamamlanmasıdır. Axı bizi ətrafda əhatə edən nə varsa hamısı kimya ilə əlaqədardır. Bu əlaqənin izah olunması üçün isə dərs prosesi kifayət deyil. Diqqətçəkən digər məqam isə müəllimin kimyanı inteqratıv şəraitdə tədris etməsidir. Firuzə müəllim riyaziyyatı da, fizikanı da mükəmməl bilir. Bu bilikləri o, orta məktəbdə oxuyarkən əxz edib. İndi həmin biliklər kimyanın inteqratıv tədrisində ona yardımcı olur. Bütün bunların nəticəsidir ki, Şahverdili məktəbində şagirdlərin kimyaya sonsuz maqağı mövcuddur. Firuzə Abbasovanın yetirmələri ölkənin nüfuzlu ali təhsil müəssisələrində kimya elminin sirlərinə yiyələnirlər. 11-ci sinif şagirdi Səidə Muradova fənn olimpiadalarının kimya üzrə respublika turuna vəsiqə qazanıb. Səidənin Respublika turunda uğur qazanacağına məktəbdə inanırlar. Bu inam da təsadüfdən yaranmayıb. Ötən il məzunlar müəllimlərinin etimadını doğrultmağa nail olublar. Beş nəfər ali məktəbin tələbəsi adını qazanıb. Məryəm Məhərrəmova qeyd edir ki, məktəbdə də bunun üçün hər cür şərait yaradılıb. Bütün fənlər üzrə fəaliyyət göstərən fənn kabinetləri, yüksək elmi potensiala malik pedaqoji kollektiv, eləcə də övladlarının təhsilinə önəm verən valideynlər, şübhəsiz ki, şagirdlərin təlimə marağını artırmalıdır. Əslində bir yazı ilə Firuzə Abbasovanın malik olduğu qabaqcıl təcrübənı xarakterizə eləmək asan deyil. Hesab edirəm ki, daim axtarışda olan, uğurlarını ilbəil artıran müəllimin fəaliyyəti ilə bağlı başladığım mövzuya bir daha qayıdacam...
Böyükağa MİKAYILLI

İxtiyar müəllim

Sinfə girdim. Heç gözləmədiyim halda, İxtiyar adlı şagirdimin etirazı ilə qarşılaşdım. Jurnaldakı qiymətlərindən narazılıq edirdi. Tanış mənzərə idi: bir vaxtlar mən özüm onuncu sinifdə oxuyanda sinfimizdə belə bir hadisə baş vermişdi. Həddindən artıq ciddi, tələbkar müəllimimizin üzündə təbəssüm görmüşdüm onda. Sevindiyini bildirmişdi müəllimimiz. "Mənim istəyim də elə budur. Çalışın sübut edin, məndən layiq olduğunuz qiyməti alın. Amma havayı, ucuz qiyməti yox", - demişdi. "Buyur, lövhəyə çıx, sübut elə mənə. Sübut elə ki, qiymətin beşdir", -demişdi. İxtiyar müəllimin fikirləri ilə cavab verdim həmin şagirdə. İxtiyar adlı şagirdə İxtiyar adlı müəllimimin mənə göstərdiyi münasibəti göstərdim. Razılaşdıq. Dərsi bitirdim. Lakin sevimli müəllimim haqqında düşüncələrdən ayrıla bilmirdim..
Qeyd etdiyim kimi həddindən artıq tələbkar müəllim idi. Düşüncəsinə, dərkinə inandığı şagirdinin heç bir kiçik səhlənkarlığına dözmürdü. Əsəbiləşirdi tez-tez. Başa düşülməyəcəyindən narahat olurdu. Hiss edirdik ki, savadlı, bilikli uşaqları çox istəyirdi. Ancaq biruzə vermirdi bu sevgisini. Öyrətməkdən yorulmurdu, əksinə zövq alırdı bundan. Əməyinin nəticələri isə göz qabağında idi. Yetirmələrinin sorağı ölkənin, o vaxtkı ittifaqın ali məktəblərindən, elm ocaqlarından gəlirdi. Sayı-hesabı yox idi yetirdiyi alimlərin, müəllimlərin, mühəndislərin. Məktəb idi özü. Siyəzənin riyaziyyat məktəbi. Şagirdləri fərqlənirdi başqalarından. Onunsa özünə tələbkarlığı azalmırdı, əksinə hər gün artırdı. Yadımdadır, Siyəzən şəhər 2saylı orta məktəbin direktoru vəzifəsində işləyirdi. O zaman mən Böyük Həmyə kənd orta məktəbinin direktoru idim. Kursa göndərmişdilər bizi. Eyni otaqda qalırdıq. Yatmırdı gecələr, işləyirdi. Sadə ədədlərin tapılması üçün teorem isbat etməyə çalışırdı. Fikirlərini bölüşürdü mənimlə. Riyazi düşüncələrinin zövqü ilə yaşayırdı.Unudurdu ətrafı elə bil. Onun haqqında belə xatirələrim çoxdur.Yaxşı olar ki, İxtiyar müəllimin geniş oxucu kütləsi üçün maraqlı olacaq tərcümeyi-halı haqqında məlumat verim: Niftəliyev İxtiyar Əhmədxan oğlu 1939-cu il sentyabr ayının 20-si Siyəzən şəhər Ağbaş kəndində anadan olmuşdur. İbtidai təhsilini Çarağ kəndində alıb. Sonra təhsilini Siyəzən rayonunda davam etdirib. 1956-cı ildə Azərbaycan Dövlət Pedoqoji İnstitutuna daxil olmuş və 1961-ci ildə Riyaziyyat və fizika ixtisası üzrə tam kursu bitirmişdir. Pedoqoji fəaliyyətinə Siyəzən şəhər Ağbaş kəndində başlamış, sonralar Siyəzən şəhər 1 saylı, 2 saylı və 4 saylı məktəblərdə fəaliyyət göstərmişdir. Uzun müddət 2 saylı məktəbdə direktor vəzifəsində çalışmışdır. 2saylı məktəbdə müəllim işlədiyi müddətdə ona Azərbaycan Xalq Maarif Nazirliyi tərəfindən "Metodist müəllim "adı verilmişdir. Qazandığı uğurlara görə Siyəzən Rayon İcra Hakimiyyəti və Təhsil şöbəsi tərəfindən dəfələrlə təltif olunmuşdur. İkinci kitabım çap edildikdən sonra yanına getmişdim. Xeyli söhbət etdik, minnətdarlığımı bildirdim müəllimimə, ona çox borclu olduğumu dedim. Hamımızın onu sevdiyini, rayonumuzun məktəbləri üçün əvəzedilməz riyyaziyyat müəllimi olduğunu söylədim. Təvazökarlıqla gülümsədi: "Həmin adam mənim müəllimim Soltan müəllim olub"-dedi-"yoxsa mən kim idim ki? Birdə axı mənim o vaxtkı tələbkarlığımı hamı sənin kimi başa düşmür"-dedi. Bir gün evimizdə qardaşlarımla onun haqqında söhbət edərkən məlum oldu ki, onlar da müxtəlif vaxtlarda İxtiyar müəllimin evində olmuş, öz şagird minnətdarlıqlarını ona bildirmişdilər. Bu faktın özü məni heyrətə saldı. Beş qardaş bir-birimizdən xəbərsiz İxtiyar müəllimə eyni qaydada minnətdarlığımızı bildirmişdik. Belələri nə qədər imiş görəsən? Təhsil Nazirliyinin keçirdiyi "Pedaqoji mühazirələr"müsabiqəsində iştirak edirdim. Bir çıxışçını dinləyirdik. Çox bəsit bir məruzə idi. Yanımda əyləşəndən "Bunumu dinləməyə gəlmişik bu qədər yolu?"-deyə soruşdum. Sona qədər dinləməyi məsləhət gördü. Cavan idim o vaxt. Sonra isə dözmədiyimi görüb "haradansan?"-deyə soruşdu. Siyəzəndən olduğumu bildikdə "Hə, aydındır"-dedi. "İxtiyar müəllimin şagirdi üçün həqiqətən bunlar maraqsız olar"-dedi. Daha bir xatirə... İşlədiyim məktəbdə ölkənin tanınmış alimləri ilə şagirdlərimizin görüşünü təşkil etmişdik. İxtiyar müəllim də, həmyerlimiz, BDU-nun professoru Taləddin Bağırovun xahişi ilə onun müəllimi, İxtiyar müəllimin şagirdi Yaqub müəllim də tədbirə dəvətli idi. Bir yerdə söz verdik onlara. Şagirdlərimiz qarşılıqlı müəllim şagird sevgisinin şahidi oldular. Tədbirdən sonra İxtiyar müəllim məndən "bunların arasında riyaziyyatçı varmı?"-deyə soruşdu."Yox"-dedim. Bir az məyus oldu. Əlində tutduğu bükülmüş vərəqləri göstərərək"Yadındadırmı, bir teorem isbat etmək istəyirdim"Sadə ədədlər haqqına". İki ildir bu işi bitirmişəm. Bu sahə üzrə məni dinləyəcək ciddi bir riyaziyyatçı tapa bilmirəm"-dedi. Riyaziyyatın problemli məsələsidir bu. Belə xatirələrim çoxdur. Məncə bu dəfəlik bu qədər bəs edər. Yazımı bitirdikdən sonra ona ad fikirləşməyə başladım. İlk ağlıma gələnsə bu böyük müəllimin özü kimi sadə adı oldu "İxtiyar müəllim". Bu sərlövhə onu tanıyanlara çox şey deyəcək...
 
Nəciməddin MÜRVƏTOV,
Siyəzən şəhər Cəfər Cabbarlı adına 1 saylı tam orta məktəbin direktoru



    Yeni hazırlanmış kimya interaktiv elektron dərsliyinin üstünlükləri

 Nasim ABIŞOV, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin direktoru, pedaqogika üzrə elmlər doktoru

 Son zamanlar IKT-nin hər bir sahədə tətbiqinin genişlənməsi, internet resurslarının çoxalması tədris pprosesinin təşkili və idarə olunmasında, məlumat, bilik və bacarıqların nəsildən-nəslə ötürülməsində yeni üsulların yaradılmasını tələb edir. Bu sahədə atılmış uğurlu addımlardan biri də elektron dərsliklərin yaradılmasıdır. Mövcud olan elektron dərslikləri üç qrupa ayırmaq olar: sadəcə olaraq skayner olunmuş ənənəvi dərsliklər, hipermətnli ənənəvi dərsliklər və xüsusi hazırlanmış elktron dərsliklər. Müasir dövrdə yaradılan elektron dərsliklər əslində necə olmalıdır?
1. İlk növbədə şagirdlərin yaş dövrünü nəzərə almaqla düzgün və həcmcə normada olan mətn yığımı, illustrasiyalar olmalı, şagirdi cəlb etməlidir. 2. Məlumat mətn, interaktiv sxemlər, diaqramlar, audio və videomateriallar arasında elə paylanmalıdır ki, şagird onu oxuyanda yorulmasın və onda həmişə oxumaq istəyi olsun. Ona görə də hal-hazırda olan kağız dərsliyin eynisi olan (yəni skayner olunmuş) elektron formatda olan məhsulun hazırlanması məqsədəuyğun deyildir. 3. Test tarşırıqlarsız, oyun formasında olan öyrədici materiallarsız elektron dərslik öz mənasını itirir. Ənənəvi və elektron kitablar arasındakı fərqlər geniş müzakirə olunur. Təbii haldır ki, həm elektron, həm də ənənəvi dərsliklərin tərəfdarları vardır. Amma bizim hazırladığımız elektron dərslik müzakirə olunan elektron kitablardan köklü sürətdə fərqlənir. Belə ki, bizim dərslik həm interaktivdir, həm də şagird biliyinin qiymətləndirilməsi prosesində tətbiq oluna bilinir. Kimya fənnindən hazırlanmış interaktiv dərslik aşağıdakı əsas komponentlərdən ibarətdir: interaktiv mövzular, laborotoriya işləri, müxtəlif kimya cədvəlləri, kimyaçı alimlər haqqında məlumatlar və kimyadan izahlı lüğət, kimya oyunları, test blokları, şagird, müəllim və valideynlərin görə biləcəyi statistik baza. Dərslikdə hər mövzu ekranda mətn şəklində verilmiş və müəllim tərəfindən səsləndirilmişdir. Lazım olduqda mətni ekrandan yığışdırmaq da mümkündür. Şagirdin mətndəki əsas terminlərə, reaksiyalara, sxemlər, düstur və anlayışlara diqqətini cəlb etmək üçün müxtəlif rənglərlə verilmişdir. Mövzuların mənimsədilməsini möhkəmləndirmək məqsədi ilə hər fəsildən sonra oyunlar və test tapşırıqları verilmişdir. Kimyadan olan mövzuların şagirdlərə oyun şəklində çatdırılması ilk növbədə zəif və orta səviyyədə oxuyan şagirdlərdə fənnə həvəsin artırılması məqsədi daşıyır. Dərslikdəki tapşırıqlar şagirdlərdə faktiki biliklə yanaşı, onlarda diqqət, yaddaş, məntiq, informasiyanı qəbul etmə sürətini inkişaf etdirmək məqsədi güdür. Bu cədvəl müxtəlif qazların molekul kütləsi, mol sayı, kütləsi, normal şəraitdə tutduğu həcm, molekul və atomlarının sayı, hidrogenə görə nisbi sıxlığı arasındakı asılılığa əsaslanır. Gördüyünüz kimi, cədvəldə ikiatomlu bəsit və beşatomlu mürəkkəb qaz molekulları verilmişdir. Hidrogen üçün atom sayının tapılması, oksigen üçün verilmiş həcminə görə, xlor üçün atom sayına, metan üçün kütləsinə görə, azot üçün mol miqdarına görə digər parametrlərin tapılması tələb olunur. Cədvəlin sağ tərəfində bu kəmiyyətlərin hamısı verilmişdir. Şagirdlər onları kursorun köməyilə dartıb boş xanalara doldurmalıdır. Bütün tapşırıqlarda olduğu kimi, bu oyunun yerinə yetirilməsində sərf olunan vaxt ekranda görünür. Bütün boş xanalar dolduqdan sonra “Cavabı yoxla” düyməsinin işarəsi lövhəyə çıxır. Düzgün cavablar yaşıl, səhv cavablar qırmızı işarələrlə qeyd olunur. Doldurulma zamanı səhv edərsə, “Bir daha sına” imkanı verilir və səhv doldurulmuş xanalar boşalır. Şagird yenidən cədvəlin səhv olan xanalarını doldurur və bu halda nəticələr yadda saxlanmaq üçün serverə ötürülür. Mövzunun izahı zamanı ilk dəfə rast gəlinən kimyəvi terminlər, formullar, reaksiyalar addım-addım ekrandakı lövhəyə verilir və izah olunur. Mövzüdakı sxemlər, cədvəllər və şəkillər də lövhədə görünür. Dərslikdən istifadə edən zaman kursorun köməyi ilə video və audio nümayişi idarə etmək, istənilən vaxt saxlayıb və davam etmək olar. İnteraktiv dərsliklərin üstünlükləri bunlardır: 1. Çox böyük həcmdə informasiya saxlanılır. Asanlıqla mövzular, oyunlar və tapşırıqlar yenilənə və dəyişə bilər. 2. Şagirdlərin sərbəst işləməsinə imkan yaradılır. 3. Şagirdin dərsliklə işləmə vaxtı, yeri və mənimsəmə sürəti differensiallaşır. 4. Materiallarla işləmək asandır. Lazım olan termin, anlayış və məlumatları axtarış sistemi ilə tez tapmaq olar. 5. Şagird biliyinin onlayn rejimdə qiymətləndirilməsinə imkan verir. 6. Şagirdlərin mövzülara sərf etdikləri vaxt, oyun və tapşırıqlardan aldığı qiymətlərin statistikası gələcəkdə müəllimin həmin şagirdlə necə işləməsinə yol göstərir. 7. Əyanilik yüksəkdir. 9. Müəyyən səbəbdən dərsdə iştirak etməyən uşaqların sərbəst mövzunu başa düşməsinə kömək edir. Dərslikdəki materiallar multimedia və interaktiv oyunların yaradılması üçün ən qabaqcıl proqram təminatı olan Adobe Flahs-da “Action Script”-də yazılmışdır. İnteraktiv kursların özəyi – multimedik məlumatın və oyunların təsviri, şagird haqqında məlumatın toplanması və saxlanılması, təlim prosesinə nəzarət olunması və şagirdlərin nəticələrinin statistikasının saxlanılmasını təmin edən sistemdir. Sistem “Kursun xəritəsi” ilə təchiz olunub ki, bunun sayəsində şagird sərbəst olaraq istədiyi dərs və ya oyuna keçə bilər. Eşidilmiş materialın həcmi, test və oyunlarda toplanmış balların miqdarı haqda informasiya əldə etmək olar. Sistemdə proqramın interfeysilə işləmək, kursun strukturu və bütün elementləri barəsində dolğun informasiya almaq üçün kömək bölməsi də vardır. Həmçinin öyrədici kurs tədrisin idarə olunması sistemi ilə (Learning Managmeht System – LMS) əlaqədardır, buna görə də şagirdin kursla işləməsi zamanı nəticələri məktəbin serverində saxlanılır, buna həm müəllim, həm valideyn baxmaqla şagird uğurlarını izləyə bilər. Öyrədici kurslarda internet üzərindən işləmək üçün istifadəçinin kompyuterinə internetə çıxışı olan brauzer , 8-ci və ondan yuxarı versiya Adobe Flash Player qurulmuş olmalıdır. Kursun proqram hissəsi Adobe Flash platformasının əsas dili olan Action Script 2.0 həyata keçirilmişdir. Kursun vizual hissəsi XML köməyilə, həmçinin stilin verilməsi CSS dili ilə yerinə yetirilir. Verilənlər bazası və LMS ilə əlaqə üçün isə hal–hazırda web proqramların yazılmasında lider olan PHP dilindən istifadə olunmuşdur.



HƏR MÜƏLLİMİN ÖZ DÜNYASI VAR

Mənim fikrimcə hər bir müəllimin öz dünyası var. Hər bir şagirdi bu dünynın bir vətəndaşıdır. Və hər bir müəllimin öz dünyasının vətəndaşı haqqında düşüncələri, onun sabahı haqqında fikirləri mövcuddur. Seyyub müəllim öz şagirdlərinə-öz dünyasının vətəndaşlarına keçmişdən elə şövqlə danışırdı ki, orta məktəbdə dərs aldığım tarix müəllimim İsmayıl İbrahimov yadıma düşürdü. O da Seyyub müəllim kimi danışırdı. Səsinin ahəngi, əllərinin hərəkəti, müəyyən
məqamlarda səs tonunu ucaltması bizi istər – istəməz müəllimimizin bəhs etdiyi dövrə çəkib aparırdı. Seyyub müəllimin şagirdlərinin də baxışlarından bir zamanlar yaşadığım hissləri duyurdum. Hiss edirdim ki,Seyyub müəllimin dərs prosesində öyrətmək üçün ən mükəmməl “silahı” düşündürməkdir. Sualların qoyuluşundan, cavabları alarkən daha yeni sualların yaranmasından, müzakirəyə meydan verilməsindən, şagirdə sərbəst fikri söyləmək üçün şərait yaradılmasından bunu aydın görmək mümkün idi. 7-ci sinifdə Azərbaycan tarixi fənnindən “Albaniya hökmdarı Cavanşir” mövzusunu tədris edərkən Seyyub müəllim sinifdə məhz belə bir mənəvi-psixoloji mühit yaratmışdı.
Əslində o, bunu yaratmağa cəhd etməmişdi. Bunu illərin təcrübəsi yaratmışdı. Sinif qısa müddətdə qruplara bölündü və onlara “Tusi”, “Hülakü”, “Rəbi-Rəşdi”, “Şirvan” adları verildi. Mövzunun əhəmiyyətliliyini nəzərə alan müəllim qruplara əhatəli suallar ünvanladı. Öncə qeyd edim ki, Seyyub müəllim “Cavanşirin daxili və xarici siyasətinin istiqamətləri nədən ibarət idi?” tədqiqat sualı ilə “Cavanşir” mövzusunun sərhədlərini genişləndirmiş, ona ən azından böyük bir Şərq regionu üçün qlobal mahiyyət verə bilmişdi. Mənim üçün çox maraqlı idi ki, o, bu mahiyyəti hansı formada açacaqdır. Ümumiyyətlə, buna necə nail olacaqdır? Seyyub müəllimin qruplara ünvanladığı suallar ilkin olaraq mövzunun əhatəliliyi baxımından diqqətimi cəlb etdi. “Tusi” qrupuna “Nə üçün Cavanşir Ərəb xəlifəsi ilə görüşdü?”, “Hülakü” qrupuna “Xəritədə Albaniyanın vilayətlərini müəyyənləşdirin və coğrafi mövqeyini şərh edin”, “Rəbi-Rəşdi” qrupuna “Cavanşirin xarici siyasətinin istiqamətlərini müəyyənləşdirin”, “Şirvan” qrupuna “Alban dövlətinin süqutu haqqında məlumat hazırlayın” tapşırığı verilmişdi. Diqqət yetirdikdə görmək mümkündür ki, müəllim tapşırıqlar arasında məntiqi bağlılığı təmin etməklə bütün sinfi ayrı ayrılıqda olsa da, əslində bir sual ətrafında düşünüb nəticə çıxarmağa səfərbər etməyi bacarır. Sinif bütünlüklə tədqiqat sualı ətrafında işə cəlb olunur və təqdimatda maraqlı cavablar meydana çıxır. Şagirdlər öz fikirlərini lakonik, amma əsaslı şəkildə təqdim edirlər. Və qeyd etdiyimiz kimi, əslində Cavanşir mövzusunun ümumşərq və hətta bəşəri mahiyyəti şagirdlərin öz dili ilə açılır. Albaniya dövlətinin coğrafi mövqeyindən tutmuş, onun qonşu dövlətlərlə münasibətləri, daxili və xarici siyasəti, nəhayətdə bu dövlətin dağılmasına gətirib çıxaran səbəblər düşünülmüş şəkildə izah edilir. Şagirdlərin izahatında Çavanşir həm bir tarixi şəxsiyyət, həm bir hökmdar kimi açılmaqla bərabər, dövrün mənzərəsi də canlanırdı. Ümumiyyətlə, tarix müəlliminin dərsdə ən böyük uğuru zamanın və tədris etdiyi şəxsiyyətin obrazını yaratmaq bacarığıdır. Bu mənzərəni yaratmaq, şübhəsiz ki, hər bir müəllimə nəsib olmur. Buna nail olmaq üçün müəllimin mövzunu bilməsi hələ hər şey demək deyil. Müəllim mövzu ilə bərabər tədris etdiyi dövrü, zamanı, tarixin inkişaf dinamikasını, şəxsiyyətləri də mükəmməl bilməlidir. Bunun üçün də dərslik kifayət etmir. Yalnız geniş mütalisəsi olan müəllimlər mövzunun mahiyyətini tam aça bilirlər. Seyyub Əsədov bu kateqoriya müəllimlərin sırasına daxildir.
Seyyub Əsədovun elmi, publisistik,metodiki, tədqiqat xarakterli yazıları həm də pedaqoji-metodiki işə bələdliyindənsoraq verir.

Seyyub Əsədovun “Təhsil və zaman”qəzetində (O vaxt “Təhsil və zaman” qəzeti “Körpü” adı ilə nəşr olunurdu) ilkməqaləsi 02-15 iyul 2003-cü il nömrədə dərc olunub. Həmin vaxtlar TəhsilNazirliyinin xətti ilə keçirilən Respublika Pedaqoji mühazirələrində yüksəknəticə göstərib diploma layiq görülən müəllimlərin çıxışlarını qəzetdə dərcedirdik. Seyyub Əsədov da pedaqoji mühazirələrin qalibləri arasında idi. Lakinmən o zaman Seyyub müəllimi tanımırdım. Bir də on il sonra onun qəzetimizdə məqaləsinidərc etmək imkanı qazandım. Bu illər ərzində Seyyub müəllim dövrü mətbuatdamaraqlı məqalələrə çıxış etmiş, zəngin qələm təcrübəsi qazanmışdır. Qəzetimizətəqdim etdiyi “Qətran Təbrizinin “Divanı” Azərbaycan tarixində mühüm mənbədir”adlı məqaləsi 31 mart 2013-cü il tarixli nömrəmizdə dərc olundu və onunqəzetimizlə, eləcə də Təhsil Şurası ilə əməkdaşlığının yeni səhifəsi açıldı.Seyyub müəllimin bir-birinin ardınca maraqlı məqalələri dərc olundu. Onu dahayaxından tanımaq imkanı qazandım. Öyrəndim ki, istedadlı müəllim Sabirabadrayonunun (Indi Hacıqabul rayonunun inzibati ərazisinə daxil olan) Meynəmankəndində müəllim ailəsində dünyaya gəlib. Ailələrinin əsli Şamaxının Dağ Kolanıkəndindəndir. Babası Dağ Kolanı kəndinin sayılıb-seçilən ağsaqqallarından olub.Seyyub müəllimin atası Əsəd Əsədov ibtidai sinif müəllimi kimi çalışıb. ƏsədovƏsəd Məşədi Səftər oğlu 50 ildən artıq pedaqoji sahədə çalışmış,işlədiyiməktəblərdə həmişə ən çox sevilən müəllimlərdən biri olmuşdur.Böyük Vətənmüharibəsi veteranı Əsəd Əsədov II və III dərəcəli “Şərəf ”ordeni, eləcə dədigər çoxlu sayda medallarla,fəxri fərmanlarla təltif edilmişdir.2 dəfə “Əməkveteranı” fəxri adına layiq görülmüşdür. Şübhə yoxdur ki. Seyyubun müəllimlikpeşəsini seçməsində ailə mühiti mühüm rol oynayıb və Seyyub Şirvan şəhərindəki152 nömrəli Texniki Peşə Məktəbini “Nəzarət ölçü cihazları və avtomatikaçilingəri” ixtisası üzrə bitirdikdən sonra hərbi xidməti başa vurmuş,daha sonraisə Bakı Dövlət Universitetinin ”Tarix” fakültəsinə qəbul olub. Bəzən eləmüəllimlərlə rastlaşıram ki, simasından nur yağır. Belə simaya malik olanmüəllimin nə vaxtsa əsəbiləşdiyini təsəvvür belə etmirəm. Müəllimin nuranisiması, xoş aurası sinfin əhval-ruhiyyəsini formalaşdırır. Mükəmməl öyrənmə -öyrətmə mühiti üçün bu, əsas şərtdir. İstənilən müəllimin dərsində mən maraqlandıran yeganə məqam nəticədir. Müəllim buna yalnız təbaşirlə də nail olabilər, ən müasir İKT vasitələri ilə də. Bu, onun özündən aıslıdır. Təbaşirtutan, İKT – ni idarə edən barmaqmaqları istiqamətləndirən təfəkkürdürqəlbdir. Təbaşiri də, kompüteri də bir kənara qoya bilərik. Yalnız təfəkkür və qəlb kifayətdir ki, müəllim sinfi idarə edə, şagirdi öyrədə bilsin. Seyyubmüəllimin əlində təbaşir yox idi, həmin gün İKT-dən də istifadə etmədi. Tam əminliklə deyə bilərəm ki, Seyyub müəllim həmin gün ruhu ilə öyrədirdi. Sözsüz ki, təcrübə də onun köməyinə gəlmişdi. Seyyub Əsədovun həm bir müəllim, həm də tarixçi kimi yetişməsində dərs aldığı müəllimlərin mühüm rolu olub. O, bu sırada Azərbaycan tarixşünaslığının ustad bilicisi, mərhum professor Seyidağa Onullahinin adını qürur hissi ilə çəkir. Universitetin tarix fakültəsini bitirərkən “Qızıl Orda və Azərbaycan” mövzusunda yazdığı diplom işi mütəxəssislər, alimlər, o cümlədən, professor Seyidağa Onullahi tərəfindən dəyüksək qiymətləndirilmişdir. Professor Seyidağa Onullahi diplom işinə yazdığırəydə Seyyub Əsədovu məntiqə, elmi təfəkkürə malik gənc kimi dəyərləndirmiş və onu elmi fəaliyyətə dəvət etmişdir. Lakin Seyyub ailə vəziyyəti ilə əlaqədar müəlliminin təklifini qəbul edə bilməyib. Tale yolunu müəllimlik yoluna qovuşdurub. Seyyub müəllimin fəaliyyəti ilə yaxından tanış olduqca aydın görünür ki, o, məqsədyönlü şəkildə elm yolu ilə getməsə də, ruhən elmdən bir an ayrı qalmayıb. Elmi araşdırmalarının nəticəsi olaraq maraqlı elimi-kütləvi, fundamental xarakterli məqalələr ərsəyə gətirib. “Qədim türk tayfası – Kolanılar”, “Qədim dövrlərdə Azərbaycan xalq sənəti”, “Qətran Təbrizinin “Divan”ı Azərbaycan tarixində mühüm qaynaqdır”, “Taclı xanım kimdir?”, “ VIII sinif Azərbaycan tarixində toxunulmayan bəzi məqamlar”, “Qərb alimləri və Azərbaycan”, “Şərqdə ilk demokratik dövlət”, “Təlim - tərbiyə ön plandadır”, “Oyanış tariximiz” və digər elmi, publisistik məqalələrinin hər biri mənəviyyat tariximizin bir səhifəsi olmaq, eləcə də Azərbaycan tarixinin tədrisi problemlərinin araşdırılması baxımından əhəmiyyətlidir. Maraqlı cəhət burasıdır ki, Seyyub müəllim tarix sahəsindəki araşdırmalarını yeri gəldikcə tədris prosesinə gətirməklə şagirdlərinin diqqətini bu elmin incəliklərinə cəlb edir, onların gələcəkdə tarixçi kimi yetişməsini stimullaşdırır. Təsadüfü deyildir ki, bu gün Şirvan şəhərindəki 11 nömrəli tam orta məktəbin tarix müəllimlərinin əksəriyyəti Seyyub müəllimin yetirməsidir. Cəmiyyətimizin müxtəlif sahəsində çalışan yetirmələri də az deyil. Seyyub müəllimin hələ neçə-neçə maraqlı məqalələrini oxuyacağımıza, neçə-neçə maraqlı dərslərinə şahidlik edəcəyimizə, neçə-neçə yetirmələrinin uğurlarını müşahidə edəcəyimizə şübhə yoxdur...

Böyükağa MİKAYILLI
facebookdan elaveler


Salyan riyaziyyat məktəbinin layiqli davamçısı

Bir neçə ilin söhbətidir. Təhsil Şurasının elmi-təcrübi konfranslarından birinə hazırlaşırdıq. Telefonum zəng çaldı. Şirin Salyan ləhcəsində bir nəfər özünü
təqdim edib, Təhsil Şurasının tədbirinə qatılmaq arzusunda olduğunu bildirdi. Bu, Salyan şəhərindəki aşıq Pənah adına 1 nömrəli Humanitar Fənlər Təmayüllü Liseyin riyaziyyat müəllimi, Əməkdar müəllim Zabul Əhmədov idi. Təbii ki, Zabul müəllim Təhsil Şurasının həmin tədbirində iştirak etdi və o gündən etibarən onunla aramızda əməkdaşlıq və dostluq münasibətləri yarandı. Vaxt ötdükcə Zabul müəllimi əsl müəllim kimi müşahidə etməyə, öyrənməyə çalışdım. Uzaqdan-uzağa apardığım müşahidələrim ilkin olaraq belə bir qənaətə gəlməyə əsas verirdi ki, Zabul müəllimin pedaqoji fəaliyyəti, eyni zamanda onun elmi, ictimai fəaliyyəti ilə vəhdətdə daha əhatəli məzmun kəsb edir. Bu məqamda qeyd etmək istərdim ki, Salyanın zəngin təhsil ənənləri, pedaqoji mühitində riyaziyyat müəllimlərinin xüsusi yeri olmuş və bu ənənə bu gün də davam etməkdədir. “Ot kökü üstə bitər” deyiblər. Hələ ötən əsrin əvvəllərindən başlayraq Salyan təhsilində riyaziyyata böyük maraq olub. Salyan riyaziyyat məktəbi öz
başlanğıcını Qori Seminariyasının məzunu, Ağəli Qasımovdan (Əli Raqib) götürür. Bəylər Ağayevin “Azərbaycan sovet məktəbində riyaziyyatın tədrisi tarixinə dair” kitabında oxuyuruq ki, Ağəli Qasımov 1880-ci ildə Salyanın Seyidlər kəndində (Seyidlər məhəlləsində) anadan olub. O, Salyanda rus-tatar məktəbini bitirdikdən sonra Qori Müəllimlər Seminariyasında dahi Üzeyir Hacıbəyovla bir yerdə təhsil alıb, onunla yaxın dost olub. “Leyli və Məcnun” operasının ilk tamaşasında solo skripka çalıb. 20-ci əsrin əvvəllərində Azərbaycan dilində ilk mükəmməl dərsliklərdən bir necəsini çap etdirib. O, 1904-cü ildə Azərbaycan dilində "Elmi-hesab" kitabını ərsəyə gətirib. 1906-cı ildə Müəllimlərin qurultayında riyaziyyat komissiyasının üzvü secilib. 1919-cu ildə Ağəli Qasımovun böyük həcmli məsələ kitabı nəşr olunub. O, riyaziyyatdan bəzi terminlərin Azərbaycan dilində izahını verib. Onun sovet dövründə metodika ilə bağlı xeyli məqaləsi “Yeni məktəb” jurnalında cap olunub. Ağəli Qasımov Əli Raqib təxəllüsü ilə şeirlər yazıb. Sonralar Respublikanın Əməkdar müəllimi adına layiq görülən Ağəli Qasımov 1960-cı ildə Mərdəkanda dünyasını dəyişib. Ağəli Qasımovun ardınca Salyanda digər istedadlı riyaziyyatçılar da yetişib. Məsələn, 20-ci əsrin 50-80-ci illərində Salyanda bu ənənəni əməkdar müəllim Yunis Zərgərli, Ağaməmməd Mirzəyev davam etdirib. Dünya miqyasında böyük şöhrət tapmış riyaziyyatçı – alim, akademik Vaqif Quliyev də Salyan məktəbinin yetirməsidir. Zabul Əhmədov Salyan riyaziyyat məktəbinin davamçılarından olan Nadir Əhmədovdan dərs alıb. Məhz Nadir Əhmədov Zabulda riyazi təfəkkürü hiss edərək onu bu sahəyə istiqamətləndirib. Zabul Əhmədovun fəaliyyətini üç aspektdə xarakterizə etmək mümkündür. Müəllimlik, ictimai və elmi fəaliyyəti. Amma öncə qeyd etmək vacibdir ki, bütün bunların əsasında onun müəllimlik fəaliyyəti dayanır. İstər elmi, istərsə də ictimai fəallığı müəllimliyindən qaynaqlanır. Odur ki, onu bir müəllim kimi xarakterizə etmək istərdim. Doğrudur, dərsində iştirak edənə qədər ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə keçirilən “Ən yaxşı müəllim” Respublika müsabiqəsində iki dəfə qalib gəldiyi bilirdim. Həm də məlumatım var idi ki, Zabul Əhmədov 2004-2007 - ci illərdə İsmayıllı, Ucar rayonlarında, Şirvan şəhərində təlimçi-müəllim kimi fəaliyyət göstərib. 2009-2011-ci illərdə isə bu istiqamətdə fəaliyyətini “MƏDƏD” humanitar təşkilatı İctimai Birliyində davam etdirib. Amma dərs haqqında, müəllim haqqında fikir söyləmək üçün onun dərsini müşahidə etmək vacibdir. Onun sinif otağı ilk baxışdan fərqli təsir bağışlayır. Doğrudur, indi elektron lövhə, proyektor, kompüterlərlə təchiz olunmuş kabinetə rast gəlmək təəccüblü deyil. Amma Zabul müəllim bu kabineti yaradanda respublikada bu səviyyədə təchizatlı kabinet çox az olub. Bir neçə il əvvəl Salyanda səfərdə olan o vaxtkı Təhsil naziri Misir Mərdanovla görüşmək imkanı qazanan Zabul müəllim işlədiyi aşıq Pənah adına 1 nömrəli Humanitar Fənlər Təmayüllü Lisey üçün informasiya-kommunikasiya avadanlıqları istəyib. Qısa müddət ərzində müəllimin istəyi təmin olunub. Məktəbə göndərilən avadanlıqlar elə Zabul müəllimin kabinetində quraşdırılıb. Əslində o vaxta qədər Zabul müəllim təlimdə novator ənənələrin tətbiqinə üstünlük verir, dərs prosesində fəal təlim texnologiyalarını uğurla tətbiq edirdi. Təsadüfü deyildir ki, 1998-ci ildə Azərbaycanın o vaxtkı prezidenti cənab Heydər Əliyevin 75 illiyinə həsr olunmuş “İlin ən yaxşı müəllimi” Respublika müsabiqəsinin mükafatçısı olmuşdur. Şübhəsiz ki, İKT – nin tətbiqi imkanlarının genişlənməsi təcrübəli müəllimin işində də dönüş yaratdı. Qısa müddət ərzində informasiya – kommunikasiya texnologiyaları Zabul müəllimin dərslərinin əsasını təşkil etməyə başladı. Əslində Zabul müəllim üçün İKT yeni deyildi. O, 1988-ci ildə Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat fakültəsini bitirdikdən sonra, 1990-cı ildə Xalq Təsərrüfatının İdarə edilməsi İnstitutunda 1 illik EHM-də proqramçı kursunu da başa vurub. 1988-1992-ci illərdə Bakı “Neftkimyacihaz” Xüsusi Konstruktor Bürosunda riyaziyyatçı vəzifəsində işləyib. 1999-cu ildə “Məktəb riyaziyyatında təqribi hesablamaların kompüter vasitəsilə təlimi” mövzusunda dissertasiya işi müdafiyəyə buraxılıb. Bu sahədə metodik vəsait, elmi məqalələr dərc etdirib. Bunları yazmaqda məqsədim həm də odur ki, Zabul müəllimin pedaqoji, tədris fəaliyyətinin elmlə, təcrübə ilə cilalandığını, söykəndiyi ənənə ilə yanaşı, təcrübədən də su içdiyini əsaslandıra bilim. Həm də vurğulayım ki, Zabul müəllim ötən əsrin 90-cı illərindən başlayaraq informasiya-kommunikasiya texnologiyalarının elm və tədrisə tətbiqi təcrübəsi ilə beynəlxalq aləmə addımlamağa başladı. 2005-ci ildə Lənkəranda “Məktəb İcma münasibətləri” Beynəlxalq Konfransının iştirakçısı oldu. 2010-cu ilin 23-25 mart tarixlərində Sankt-Peterburq şəhərində keçirilən “Yeni məktəbdə informasiya texnologiyaları” mövzusunda Beynəlxalq Konfransa qatıldı. Zabul müəllimin dissertasiya mövzusunun müasir məktəbi əhatə edən İKT ilə bağlılığı və onun özünün praktik müəllimliyi həm dissertasiya mövzusunun təcrübədən qaynaqlandığı üçün zənginləşməsinə, həm də müəllimliyinin elmə söykəndiyi üçün fundamentallığına yol açır. Dərsində də bunu müşahidə etdim. Şagirdlərin oturuşundan başlamış cavablarınadək sanki hər şey riyazi cəhətdən hesablanmışdı. Qruplara verilən “Məxrəc”. “Sürət”, “Bilik”, “Zəka”, “Uğur” adları riyaziyyata biliklə, zəka ilə nail olmağın və bunun uğura aparacağını müjdə verirdi. Albert Eynşteyn əsərlərinin birində yazır: “Bir insanın zəkası verdiyi cavablarda deyil, soruşacağı suallardan bəlli olur.” Şübhə yoxdur ki, uşaq zəkasını formalaşdıran, onu məntiqli düşüncəyə alışdıran müəllimdir. Əsl müəllim yetirməsinin zəkasını onun cavabında deyil, verdiyi suallarda araya bilir. Zabul müəllimin şagirdlərində bu cəhəti müşahidə etmək mümkün idi. Onu da görmək mümkün idi ki, şagirdlərin diqqəti yalnız öz suallarını cavablandırmağa yönəlməmişdi, onlar digər qrupların da cavablarına diqqət yetirir, cavabların qüsurlu cəhətlərini aşkara çıxarırdılar. Bu, iştirak etdiyim müstəsna dərslərdən biri idi ki, şagirdlərin böyük əksəriyyətini riyaziyyata meylli, riyaziməntiqli gördüm. Dərsin gedişində bunun cavabını özüm üçün aydınlaşdırmağa çalışırdım. Təxminən belə bir qənaətə gəlirdim ki, şagirdləri riyaziyyata həvəsləndirən məqamlardan birini elə tədqiqat sualında axtarmaq lazımdır. Riyaziyyat konktertliyi sevir. Riyaziyyata mükəmməl yiyələnən şəxs məntiqli nəticəyə gəlməkdə çətinlik çəkmir. Məntiqli nəticə isə uğur, uğur isə sevinc deməkdir. Zabul müəllimin uğurlu nəticəyə nail olmuş şagirdlərinin simasında sonsuz sevinci görməmək mümkün deyildi. Onun şagirdləri kompüter və interaktiv lövhə ilə sərbəst işləməyi bacardıqları kimi, bu kabinetdə keçiriləcək dərsləri səbirsizliklə gözləyirlər. Zabul Əhmədovun iştirak etdiyi digər Beynəlxalq tədbir Tomskda keçirilən Ümumrusiya elmi-praktik konfransı oldu. “Təhsildə informasiya texnologiyalarının tətbiqi” mövzusuna həsr olunmuş bu konfransda Zabul müəllimin çıxışı maraqla qarşılanmış, həmin çıxış dərgilərdə çap olumuşdur. Bu yaxınlarda Moskvada iştirak etdiyi XXV beynəlxalq konfrans da İKT-nin məktəblərdə tətbiqinin təkmilləşdirilməsi yollarının elmi araşdırılması baxımından əhəmiyyətli idi. Zabul müəllimin tədrisdə tətbiq etdiyi yanaşmalardan biri də məktəbin həyətində, təbiətin qoynunda dərs prosesini təşkil etməsidir. Son vaxtlar unudulmaqda olan bu tendensiya, nə yaxşı ki, Zabul Əhmədov kimi müəllimlərin fədakarlığı sayəsində yaşamaqadadır. Artıq məktəbdə hamı Zabul müəllimin dərslərini həyətdə keçməsinə alışıb. Uşaqlar da buna öyrəşiblər. Odur ki, iştirak etdiyim həndəsə dərsinə də əyani baxımdan hazırlıqlı gəlmişdilər. Kurikulumun tətbiqi artıq şagirdlərə formal bilik verməyin yox, öyrəndiyinin praktik əhəmiyyətini, bacarıq və vərdişlərin yaranmasını tələb edir. Elə buna görə də həndəsənin praktik dərslərlə kecilməsi zamanın tələbidir. Zabul müəllim deyir ki, həndəsə latıncadan tərcümədə “yer ölçmək” deməkdir. Bir halda ki, bu fənn yerlə bağlıdır, onda elə müəyyən mövzuların izahında yerin təbii imkanlarından istifadə etmək zəruridir. Necə ki, onlar bunu böyük həvəslə yerinə yetirirdilər. Müasir dövrümüzdə gənclərin əməyə alışdırılması məktəbin qarşısında dayanan bir nömrəli vəzifələrdən olsa da, təəssüflər ki, bu gün məktəb bu vəzifənin öhdəsindən lazımı səviyyədə gəlməyi bacarmır. Məktəb illəri şagirdin şəxsiyyət kimi formalaşması üçün ən münasib yaş dövrüdür. Bu fürsəti ustad müəllimlər dəyərləndirməyi bacarırlar. Mən inanıram ki, Zabul müəllimin şagirdlərində əməyə, zəhmətə məhəbbət hissi vardır və bu onların gələcəkdə də köməyinə çatacaqdır. Səkkizincilər “Paraleloqramın növləri” mövzusunda dərsə müvafiq olaraq metrə, çəkic, mismar, məftil, iplə gəlmişdilər. Onlar dərhal qruplara ayrılıb hərəsi bir tərəfdə ölçü götürüb dördbucaqlı çəkdilər. Yerə mismar vurub tərəfləri iplə birləşdirdilər. Yerdə düzəltdikləri dördbucaqlıların tərəflərinin diaqnallarını ölçdülər. .Maraqlıdır ki, bunu böyük həvəslə icra etdilər. Onlar metrədən, çəkicdən və mismardan bacarıqla istifadə edirdilər. Sanki məktəbin həyətində imarət ucaldacaqdılar. Əslində fikrən onu ucaltmışdılar da. Müəllim əgər şagirdinin arzusunu onun ruhuna hakim edə bilibsə, o, əsl müəllimdir. Hiss edirdim ki, bu alətlərlə mütəmadi olaraq işləyir, təsərrüfat işinə maraqla yanaşırdılar. Bu isə əməyə, zəhmətə məhəbbətin nişanəsi idi. Cəbr, həndəsə dərsində müəllimin bu məhəbbəti yaratması, heç şübhəsiz ki, onun pedaqoji ustalığından qaynaqlanır. Yazımın əvvəlində qeyd etdim ki, Salyan təhsili Azərbaycan elminə görkəmli riyaziyyatçı alimlər, praktik riyaziyyat müəllimləri bəxş edib. Zabul Əhmədov da həmin riyaziyyatçılar nəslinin layiqli davamçılarındadır. İnanırıq ki, bu ənənə Zabul Əhmədov kimi müəllimlərin simasında davam edəcək və yeni ardıcıllar formalşacaqdır.

Böyükağa MİKAYILLI


 

 





2 comments:

  1. "Təhsil və zaman " qəzetinə uğurlar

    ReplyDelete
  2. Anonymous10/8/20 20:43

    Mənə 5.000.000.00 ABŞ dolları məbləğində kredit verən kredit şirkəti digər kredit investorları mənim təklifimi laqeyd etsələr də mr benjamin lee mənə müvəffəqiyyət borcu verərlər. Onlar birbaşa kredit maliyyələşdirmə və investisiya baxımından layihədədirlər. kapital bazarları fondlarına çıxış əldə etmək istəyən şirkətlərə və şəxslərə maliyyələşdirmə həlləri təqdim edir, layihənizi maliyyələşdirməyə və ya işinizi genişləndirməyə kömək edə bilərlər .. E-poçt Əlaqə :::: Lfdsloans@outlook.com və ya da yazın
    whatsapp nömrəsi + 1- (989-394-3740)

    ReplyDelete