3.12.2017

VAQİFİN DƏ ÖZ DÜNYASI VARDI...

Tədbir MAHMUDOV,
Neftçala şəhərindəki “Təhsil muzeyi” nin rəhbəri,
Respublikanın əməkdar müəllimi.
"Təhsil və zaman" qəzetinin 03.03.2017-ci il tarixli sayında dərc olunmuş bu yazı uzun illər Neftçala rayon qəzetinə rəhbərlik etmiş Vaqif Əliyevin ömür yolundan bəhs edir.

İllər gəlib keçdi ömürdən, illər!
İllər görməmişdik bu illər kimi!
Səməd Vurğun.
Yaşasaydı 80 yaşı olacaqdı Vaqifin. Ancaq ölümün daş üzü, buz nəfəsi ömrünün çiçəklənən bir vaxtında, müdriklik və kamillik dövründə dostlarına, doğmalarına, ən əsas ailəsinə daha çox lazım olan bir vaxtda gözlənilmədən sıramızdan qoparıb uzaq bir səfərə, gedər-gəlməz bir səfərə apardı,Vaqifi.
İllər nə tez gəlib keçdi, ömürdən keçən illər! Vaqif , səni bizdən düz 19 il bir vaxt ayırır. Amma elə bilirəm ki, bunların hamısı lap dünən olub. 21 may 1998-ci il. Oğlun Vasif bu bəd xəbəri mənə telefonla çatdıranda, lap çaşıb qaldım, bilmədim nə edim. Bir neçə dəqiqə özümdə olmadım. Sonradan özümü topladım, birlikdə keçirdiyimiz ağrılı-acılı, bəzən də bəxtəvər günlərimiz kino lenti kimi gözlərimin önündən gəlib keçdi. Nəhayət, həmişə gəldiyim küçəyə, evə gəlməkdə çətinlik çəkirdim, sanki ayaqlarımdan daş asılmışdı.

VƏTƏNDAŞ HAZIRLIĞI ÜÇÜN TƏMƏL

VƏTƏNDAŞ HAZIRLIĞI ÜÇÜN TƏMƏL
"Region məktəbləri ilə tanışlıq" layihəsi çərçivəsində "Təhsil və zaman" qəzetinin 03.03.2017-ci il tarixli sayında dərc olunan bu məqaləm Mingəçevir şəhər 4 nömrəli tam orta məktəbin iş təcrübəsindən bəhs edir...
Mingəçevir şəhərindəki R. Mirabov adına 7 nömrəli tam orta məktəbdə bir neçə il əvvəl olmuşdum. Xatırlayıram ki, o zaman məktəbin ciddi təmirə ehtiyacı var idi. Maddi-texniki baza zəif idi. Onu da xatırlayırm ki, maddi-texniki bazanın zəifliyinə baxmayaraq tədrisin keyfiyyəti, məktəbin əldə etdiyi uğurlar şəhərin digər məktəbləri ilə müqayisədə heç də geri qalmır, bəzi göstəriciləri ilə digərlərini qabaqlayırdı. Şəhər Təhsil Şöbəsinin müdiri Sahib Məmmədovla Təhsil Şöbəsindəki söhbətimizdə də o, bu cəhəti vurğuladı və məsləhət gördü ki, məktəbin təmirdənsonrakı vəziyyəti ilə yerində tanış olaq.