Hələ XIII əsrdə ustad Yunus Əmrə deyirdi ki, ELM – ÖZÜNÜ BİLMƏKDİR. Bu ifadənin çox dərin mənası var. Axı elm öyrənmək təkcə qrammatik qaydaları bilmək, hesablama aparmaq, təbiət qanunlarına bələd olmaq, yaxud tarixi araşdırmaq deyil. Bəli, bunları bilmək vacibdir, lakin elmin təkcə bundan ibarət olduğunu düşünənlər yanılırlar. İnsan – özü bir elmdir. Dünyadakı bütün insanlar biri-birilərinə bənzədikləri qədər də fərqlənirlər. Hər insan bir yeni dünyadır, bir yeni elmdir və kəşf edilməsini gözləyir. Bu dünyanın öz qanunauyğunluqları, xüsusiyyətləri var. Lakin başqa “dünya”ları öyrənməzdən qabaq hər kəs ən əvvəl özünü – iç dünyasını tanımalıdır. Buna kiçik yaşlardan başlamaq məsləhətdir. İnsanı öyrənməyin yolu isə kitablardan keçir.
Tərbiyənin təməli qoyulandan uşaqlarda kitaba, ədəbiyyata maraq oyatmaq lazımdır. Bəzi valideynlər, təəssüf ki, uşaqlarla vaxt keçirməkdən, ünsiyyətdə olmaqdan qaçır, onlara saatlarla televizor, telefon və kompyuterlə vaxt keçirməyə icazə verirlər. Can qurtaran bu üsulla övladlarına əslində pislik etdiklərinin fərqinə varmırlar.