Hər bir təhsil ocağının siması, mənəvi mühiti orada çalışan müəllimlərin
hansı peşəkarlıq,
intellektual, pedaqoji-psixoloji hazırlıq səviyyəsinə malik olması ilə ölçülür.
Doğrudur, müəllim çalışacağı təhsil müəssisəsinə bu cəhətdən hazırlıqlı gəlməlidir.
Amma məktəbin mühiti onun bir müəllim olaraq formalaşması üçün başlıca amildir.
230 nömrəli tam orta məktəbin müəllimlərini gənc, orta, yaşlı nəsil
kateqoriyalarına ayırmaq olar. Məktəbin fəaliyyəti ilə tanışlıq çərçivəsində bu
kateqiriyadan olan müəllimlərin hər birinin dərsini izləmək imkanı qazandım.
Əslində bu kateqoriyaları özüm üçün ona görə müəyyənləşdirmişdim ki, məktəbin fəaliyyətini
fəal təlim texnologiyalarının, informasiya-kommunikasiya vasitələrinin, gənc nəslin
tərbiyəsi məsələlərinə yanaşma tərzinin necəliyini özüm üçün aydınlaşdırım. Öncə
onu deyim ki, məktəbin İKT ilə təchizatı normal səviyyədədir. Fizika, kimya,
biologiya fənn kabinetləri əyani texniki
vəsaitlərlə təchiz olunmaqla, tədrisin əyanilik üzərində qurulmasına imkan
yaradır. Bu da nəticə etibarilə təlim keyfiyyətinin yüksəldilməsinə yol açır.
Şagird nailiyyətlərinin sırası genişlənir.
Mübariz ruhlu gənclər yetişdirmək əzmi


Günel Hacızadənin ikincilərlə apardığı “Həyat
bilgisi” fənnindən “Hüquqlarımızı bilək” mövzusunda dərs maraqlı məqamlarla
yadda qaldı. Şagirdlər hüquqlarını kimin daha yaxşı bilməsi uğrunda sanki
yarışa girmişdilər. Müəllim mövzunun imkanlarından istifadə etməklə irəli
sürdüyü suallarda uşaqların öz hüquqlarını onlara aşılamaqla bərabər
başqalarının hüquqlarını da qorumağı, başqalarının hüquqlarına hörmətlə
yanaşmağı, xeyirxah olmağı tövsiyyə edirdi. Şagirdlər fikirlərini sərbəst ifadə
edir, problemin aradan qaldırılması istiqamətində müstəqil fikir irəli sürürdülər.
Bunun nəticəsi olaraq sonda sinfin kollektiv işinin bəhrəsi kimi “Hüquqlarımızı
tanıyaq” adlı divar qəzeti meydana gətirdilər.
Nigar Bədəlova 3-cü “d” sinfində riyaziyyat dərsində
sagirdləri sərbəst olaraq məsələlər qurmağa istiqamətləndirmişdi. Şagirdlər sərbəst
məsələlər qurur, müstəqil olaraq məntiqli riyazi fikirlər irəli sürürdülər. Müəllim
şagirdləri yazı lövhəsinə dəvət etdi. Hər qrupdan bir nəfərin dəvət olunduğu
yazı lövhəsi qarşısında yarış təşkil olundu. Hər kəs öz biliyini nümayiş etdirməyə,
qələbə əldə etməyə çalışırdı. Nigar Bədəlova da məktəbin mübariz ruhlu gənclər
yetişdirmək əzmində olan müəllimlərindəndir.
Mehdi Talıbov məktəbin qabaqcıl riyaziyyat müəllimlərindəndir.
Fəal təlim texnologiyalarını tədris prosesinə məharətlə tətbiq edən Mehdi müəllimin
ənənə ilə müasirliyin vəhdətində qurduğu dərslər maraqlı cəhətləri ilə seçilir.
O, hər bir şagirdinə fərdi yanaşmaqla, mənimsəməni yüksəltməyə, riyazi misal və
məsələləri müstəqi olaraq həll etmələrinə nail olur.