2.28.2015

Dünyanın qabaqcıl təhsil sistemləri

Azərbaycan respublikası öz tarixi müstəqilliyinə qovuşandan bəri böyük inkişaf yolunu keçmişdir. Arxada qoyduğumuz bu 24 ildə çox uğurlara nail olmuşuq: dövlətçiliyimiz möhkəmlənmiş, bölgənin ən güclü iqtisadiyyatını qurmuşuq, dünya arenasında nufuz qazanmışıq. Dünya daim dəyişir, inkişaf edir. Dünya dəyişdikcə qarşıda duran məqsədlər, hədəflər də dəyişir. Ölkəmiz dünyanın bir parçası olaraq hər keçən gün muasirləşir, dünyaya daha sıx inteqrasiya edir.  Bütün bu dəyişiklər fonunda dünyanın aparıcı ölkələrində təhsil sahəsinə diqqət getdikcə genişlənir və dövlət siyasətinin əsas prioretetinə çevrilir. Azərbaycan Respublikasının Prezidenti cənab İ. Əliyev çıxışlarında dəfələrlə vurğulamışdır: “Ən inkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq görərik ki, o ölkələrin inkişafında ən aparıcı rol oynayan neft, qaz deyil, bilikdir, elmi-texniki tərəqqidir, yeni texnologiyalardır.” Bu baxımdan dünyanın aparıcı ölkələrinin təhsil sistemləri ilə tanış olmaq çox maraqlıdır.

  Son illərdə beynəlxalq təcrübədə təhsilin keyfiyyətini ölçmək məqsədi ilə müxtəlif məzmunlu qiymətləndirmə  proqramlarının nəticələrindən istifadə olunur. Hazırda dünyada şagirdlərin təhsil nəticələrini qiymətləndirilməsi üzrə ən nufuzlu proqram PİSA hesab olunur. PİSA - mənzil-qərargahı Parisdə yerləşən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (Organisation for Economic Co-operation and Development - OECD) 2000-ci ildən başlayaraq həyata keçirdiyi bir proqramdır. Devizi “Yaşamaq üçün öyrənmək!” olan və hər üç ildən bir keçirilən bu proqramın əsas hədəfi ayrı-ayrı ölkələrdə 15 yaşlı şagirdlərin bilik və bacarıqlarını qiymətləndirməkdir. PİSA bu yaşda olan uşaqların riyaziyyat, oxu savadı və təbiət fənləri üzrə bilgilərini müəyyənləşdirir. Proqramın ciddiliyi onunla müəyyənləşdirmək olar ki, müxtəlif illərdə bu qiymətləndirmənin nəticələrindən sonra Almaniya, Türkiyə kimi ölkələrdə təhsil nazirləri istefaya göndərilib. PİSA-nın nəticələrinə görə hazırda dünyanın qabaqcıl təhsil sistemləri Asiya qitəsində Cənubi Koreya, Honkonq, Yaponiya, Çin, Sinqapur, Avropada isə Finlandiya, Lixtenşteyn, İsveçrə, Hollandiya, Estoniya, İngiltərə, Almaniya ölkələridir.
Mütamadi olaraq yüksək nəticə göstərən və dünyada ən çox öyrənilən Finlandiya təhsilidir. Dünyada Fin təhsilindən 2000-ci ildən sonra danışmağa başladılar. Hər dəfə PİSA qiymətləndirməsindən sonra Fin 15 yaşlıları birinci yerlərdən birini tuturdular, halbu ki şagirdlərin məktəbdə keçirdikləri vaxta görə bu ölkə aparıcı təhsil ölkələri olan ABŞ, Almaniya, Rusiya, İngiltərə kimi nəhənglərlə  müqayisədə son yerlərdən birini tutur. Kiçik şimal ölkəsi necə oldu ki, təhsil sahəsində dünya lideri oldu?

Fin təhsilinin uğur formulu nədədir?
Finladiyada təhsil islahatları 1970-ci ildən başlayıb və indiyə kimi davam edir. Burada ümumorta məktəblərdə tədris ili avqustin ortalarından başlayır və iyunun əvvəlinə qədər davam edir. Məktəbə 7 yaşı tamam olmuş uşaqlar qəbul olunurlar. Finlandiyada icbari məktəb təhsili 9 il davam edir. Ümumtəhsil rəsmən pillələrə ayrılmasada, faktiki iki pillədən  ibarətdir:  1-6-aşağı ümumtəhsil məktəbi, 7-9-yuxarı ümumtəhsil məktəbi hesab olunur. Ibtidai siniflərdə bütün dərsləri bir müəllim tədris edir, yuxarı siniflərdə isə fənləri ixtisas müəllimləri keçir. Əsas təhsili bitirdikdən sonra uşağın  qarşısında iki yol var: texniki peşə məktəbinə daxil olub bir peşəyə yiyələnmək və ya gələcəkdə ali təhsil almaq üçün təhsilini liseydə davam etdirmək. Əsas təhsili bitirdikdən sonra şagirdlər imtahan vermirlər. Liseyə  və ya texniki peşə məktəbinə uşagı topladığı ballar əsasında qəbul edirlər. Liseydə şagird 10-12-ci siniflərdə oxuyur. Orta məktəbdə müəllim şagird nisbəti 1-15, liseydə isə 1-18-dir. Beş günlük iş həftəsi tətbiq olunur. Şənbə günləri şagird müxtəlif dərnəklərdə məşğul olur.  Dərslər 45 dəqiqə davam edir. Finlandiyada istənilən təhsil pulsuzdur, o cümlədən əsas təhsil. Buraya kitab, dəftər, digər dəftərxana ləvazimatları, tibbi xidmət, yeməklə təminat və əgər ehtiyac varsa taksi xidməti də daxildir. Liseydə təhsil almaq pulsuz olsada şagirdlər artıq pulsuz dərslik və yeməklə təmin olunmaq imtiyazlarından istifadə edə bilmirlər.  Finlandiyada təhsil “biliyi özün əldə et” prinsipi əsasında qorulub. Bu o deməkdir ki, müəllimlər şagirdlərə biliyi özü kitabxanadan və ya internet resurslarından istifadə etməklə müstəqil olaraq axtarıb tapmaq və onu analiz etməyi öyrədirlər. Uşağa aşılanır ki, dərsə gəlmək, bilik qazanmaq, nəticə əldə etmək məsuliyyəti məhz onun üzərindədir. Nəticələrə görə fin müəllimləri məhz bu cür düşünən şagirdi tərbiyə etmək kimi çətin işin öhdəsindən gəlirlər. Müəllimlər çalışırlar ki, uşaqlar məktəbdə məmuniyyətlə oxusunlar. Ona görə də şagirdləri gün ərzində nə çoxlu dəslərlə, nə də ki, ev tapşırıqları ilə yükləmirlər. Şagird gün ərzində ev tapşırıqlarının yerinə yetirilməsinə yarım saatdan çox vaxt sərf etmir. Dərs zamanı sinifdə müəllimdən başqa tərbiyyəçi, müəllimin köməkçisi də iştirak edir. Siniflərdə şagirdlərin sayı 20 nəfəri keçmir. Uşaqlar biliyi yazı taxtası arxasında deyil,  kiçik qruplarda alırlar, şagirdlər biri digərini öyrədir.  Müəllim sadəcə olaraq ümümi istiqamətləri göstərir, ondan sonra sinifdə partalar arasında gəzişməyə başlayır və müşahidə aparır. 1-6-cı siniflərdə ümumiyyətlə qiymətləndirmə aparılmır. Burada məktəbli kitabçalarından isifadə olunmur, ayda bir dəfə sinfin kuratoru (sinif rəhbəri) şagirdin fəaliyyətinin qiymətləndirildiyi vərəqi uşağın valideyninə göndərir. Fin məktəblərində qeyri-standart qiymətlərində sistemindən istifadə olunur-4 dən 10 qədər. 4 qeyri məqbul qiymət hesab olunur. Uşaqlar ilk və yeganə imtahanı liseyi bitirdikdən sonra verirlər. Lakin imtahanın nəticələri lisey məzununun ali təhsil müəssisələrinə qəbuluna çox az təsir edir. Sadəcə olaraq dövlətin bu imtahanı keçirməkdə əsas məqsədi ölkədə təhsilin səviyyəsi haqqında məlumat əldə etmək və buna uyğun inkişaf istiqamətlərini müəyyən etməkdir. Müəllim peşəsi Finlandiyada ən prestijli peşələrdən biridir. Müəllimə qarşı olan tələb də çox yüksəkdir. Məktəblərdə yalnız ali təhsilli və maqistr dərəcəsi olan müəllimlər dərs demək hüququna malikdirlər. Bəzilərinin hətta professor adı var. Müəllim gün ərzində məktəbdə 4 saatdan artıq dərs demir. Dərsdən sonra 2 saat müəllim valideynlə söhbətə və şagirdin sabahkı dərsə hazırlaşmasına sərf edir. Həftədə 2 saat o biliyini artırmağa və təkmilləşdirməyə sərf edir. Tədris ili bitdikdən sonra bütün müəllimləri işdən azad edirlər. Yeni tədris ilində müəllimlər işə konkurs əsasında qəbul olunurlar və onlarla 1 illiyə yeni əmək müqaviləsi bağlanılır. Kənd və şəhər məktəblərində  eyni təhsil verilir, finlər məktəblərin reytinqinə görə bölünməsini tanımırlar. Burada elit məktəblər anlayışı yoxdur. Məktəblərdə  inspektor yoxlaması aparılmır. Məktəb rəhbərləri müəllimin dərsində iştirak edib dərsi dinləmirlər. Burada hər şey müəllimin şəxsiyyətinə və savadına etimad üzərində qorulmuşdur. Məktəbə nəzarətdə valideynin rolu böyükdür. Hər həftənin 3-cü günü məktəbdə valideynlər günüdür. Valideynlər məktəb haqqında öz rəylərini bildirə bilirlər. Finlandiyada təhsil müəssisəsinin və yerli təhsili idarəetmə qurumlarının böyük muxtariyyatı vardır. Dövlət sadəcə olaraq təhsil sahəsindəki tələbləri, yəni standartları müəyyənləşdirib. Ali təhsil müəssisələrində  müəllimlik ixtisasına  daxil olmaq çox çətindir. Burada böyük rəqabət var. Qəbul zamanı abiturienlərin biliyi yoxlanılsada, onlarla müsahibə təşkil olunur və əsas diqqət abiturientin psixoloji göstəricilərinə yönəldilir-o müəllim işləyə bilər yoxsa yox.
PİSA-nın nəticələrinə görə Britaniya məktəbliləri son 15 ildə mənfi dinamika göstərirlər. Hər üç ildən bir keçirilən qiymətləndirmədən sonra ölkənin nəticələri pisləşir. Buna baxmayaraq Britaniya orta məktəbi-Qərbi Avropada ən özünəməxsus  təhsil sistemidir,  PİSA-nin qiymətləndirməsindən asılı olmayaraq ən prestijlidir. Britaniya təhsil sistemi dünyada bir etalon kimi qəbul edilib və digər təhsil sistemlərini onunla müqayisə edirlər. Bütün dünyadan buraya təhsil almaq üçün axışırlar. “Çoxları təhsil verir, biz isə centlemenlər (savadlı, tərbiyəli, mötəbər) yetişdiririk,”-bu sözləri britaniya məktəb direktorlarından birinə aid edirlər. Böyük Britaniya təhsilinin attestatı bütün dünyada tanınır. Bu attestat vasitəsilə bu ölkənin və eləcədə dünyanın digər istənilən ən nufuzlu ali təhsil müəssisələrinə qəbul olunmaq mümkündür. Böyük Britaniya universitetlərinin diplomları isə məzunlar üçün dünyanın məşhur kompaniyalarının və korparasiyalarının qapılarını açan “qızıl açardır.” Məhz bu ölkədə təhsil almaq təmiz ingilis dilində danışmaq və yazmaq imkanı verir. Təmiz ingilis dilini bilmək XXI əsrdə dünyaya inteqrasiya olunmaq  baxımından  ən vacib şərtlərdən birinə çevrilmişdir. Artıq əsrlərdir ki, bu ölkədə dünyanın siyasi və iqtisadi elitasının övladları formalaşır. Məhz buna görədir ki, heç bir qiymətləndirmənin, olimpiadanın nəticələri Britaniya təhsilinin imicinə təsir etmir.
Böyük Britaniyada hazırda bir biri ilə asan şəkildə uzlaşan iki təhsil sistemləri fəaliyyət göstərir, biri İngiltərə, Uels və Şimali İrlandiyada, digəri isə Şotlandiyada fəaliyyət göstərir.  Böyük Britaniyada orta məktəblərinin iki tipi var; dövlət və özəl. Dövlət təhsil müəssisələrində Britaniya vətəndaşlarının övladları və eləcədə bu ölkədə daimi yaşayış icazəsi olan əcnəbi valideynlərin uşaqları təhsil ala bilərlər. Dövlət təhsil müəssisələrində təhsil, o cümlədən kitablar və digər məktəb ləvazimatları da pulsuzdur. Özəl təhsil müəssisələrində təhsil xərcləri çox bahadır. Özəl və dövlət təhsil müəssisələri arasında qəbul qaydaları, təhsil haqqları, tədris planı və dərs ilinin müddətində fərqlər ola bilər, lakin imtahan qaydaları və təhsil alanların hazırlıq səviyyələrini dövlət müəyyənləşdirib və bütün növ məktəblər üçün eynidir. Bu ölkədə ənənəvi məktəblərdən başqa məktəb-pansionatlar da fəaliyyət göstərir. Əgər ənənəvi məktəblərdə şagird dərslərdən sonra evə qayıdırsa, pansionatlarda uşaq il boyu yaşayır və yalnız tətil günlərində evinə qayıdır.  Müasir Britaniya təhsil sistemi 4 pillədən ibarətdir: ibtidai, orta,  peşəkar və ali. Ibtidai təhsil dövlət təhsil müəssisələrində 5 yaşdan başlayaraq 11-12 yaşlı uşaqları, özəl təhsil müəssisələrində isə 7-13 yaşlı uşaqları əhatə edir. Ibtidai təhsildən sonra uşaq 16 yaşa qədər orta təhsil alır. Qanunvericilikdə 16 yaşa qədər pulsuz icbari təhsil nəzərdə tutulmuşdur. Orta məktəbin məzunları buraxılış imtahanları verirlər və orta təhsil haqqında sertifikat alırlar. Bu sertifikat müstəqil əmək fəaliyyətinə başlamaq üçün kifayyətdir, lakin ali təhsil müəssisələrinə daxil olmaq hüququ vermir. Universitetdə təhsil almaq istəyənlər daha iki il məktəbdə oxuduqdan sonra buraxılış imtahanlarını verirlər. Bu Imtahanların nəticələrini universitetlər eyni zaamnda  qəbul imtahanları kimi dəyərləndirirlər. Rəsmi olaraq ölkədə tədris ili sentyabrın 1 başlayır və iyunun 30-da başa çatır. Başqa sözlə tədris ili 38 həftə davam sdir. Lakin bəzi məktəblərdə dərs ilinin başlanma və bitmə tarixlərində fərqlər ola bilər və bu qanunda nəzərdə tutulub. Dövlət təhsil müəssisələrində dərslər həftədə 5 gün davam edir, özəldə isə 6 günlük rejim tətbiq olunur. Dərslər səhər saat 9 00-da başlayır və 15-30-da başa çatır. Dərs saatının müddəti uşaqların yaşından, dərsin tipindən asılı olaraq 25-45 dəqiqə arası dəyişir. Bu ölkədə sözlü qiymətləndirmə sistemi tətbiq olunur (formativ qiymətləndirmə kimi). Bundan əlavə şagirdlərin biliyini qiymətləndirmək üçün 6 ballıq A-F arası hərf sistemi də tətbiq olunur. A ən yüksək F ən kiçik qiymət hesab olunur. Böyük Britaniyada tarixən qızların və oğlanların ayrı-ayrı məktəblərdə və ya korpuslarda oxumasına ciddi əməl olunur. İndinin özündədə də qızların və oğlanların ayrı-ayrı məktəblərdə oxuması ənənəsi qorunub saxlanılr. İngiltərə ibtidai və orta təhsil sistemlərində  yalnız 1970-ci ildə qızların və oğlanların birgə oxumasına icazə verilmişdir. Burada hazırda hər üç tipdən olan təhsil ocaqları vardır. Bu üç məktəb tiplərindən başqa Britaniya təhsilində saysız-hesabsız başqa tipdən olan məktəblər fəaliyyət göstərir. Məsələn, dini təhsil almaq istəyənlər, əcnəbilər, müxtəlif yaş qruplarına aid uşaqlar, humanitar, texniki, idman, müsiqi  profili üzrə hazırlaşanlar üçün  və sairə tipli məktəblər. Siniflərə şagirdlərin təyin olunması da fərqlidir. Məsələn birinci sinifdə 5-7, ikinci sinifdə 8-11 yaş arası uşaqları görmək mümkündür. Erkən yaşlarından başlayaraq uşaqların meyl və maraqlarına və hətta bacarıq səviyyələrinə uygun siniflərə bölünməsi qaydası də tətbiq olunur. Böyük Britaniya məktəblərini digərlərindən fərqləndirən cəhətlərdən ən birincisi məktəblərdə dəmir qayda-qanunların tətbiq olunmasıdır. Bir çox əcnəbi uşaqlar yüksək tələbkarlığa dözməyərək hətta təhsilini yarımçıq qoyaraq evlərinə qayıtmalı olurlar. Təhsilalanlar mütləq məktəbli formaları geyməlidirlər (formanı təhsilalanlar özləri alırlar). Müəllimə qarşı kobudluq etmək, məktəbin ərazisini icazəsiz tərk etmək, siqaret və ya spirtli içki qəbul etmək, dərsə gecikmək və ya dərsdən yayınmaq olmaz. Belə hallara qarşı məktəblərdə ciddi cəzalar tətbiq olunur. Hətta uşaq məktəbdən xaric edilə bilər. Britaniya məktəblərində məktəblilərin fiziki cəzalandırılması yaxın zamanlara qədər qanunvericiliklə icazə verilirdi. Yalnız 1987-ci ildə Avropa məhkəməsinin təzyiqi ilə bu ölkədə belə cəza tədbirləri aradan qaldırıldı. Özəl məktəblərdə isə daha sonra, 1999-cu ildə fiziki cəza qadağan olundu.
Böyük Britaniyada imtahanların nəticələrinə görə reytinq cədvəli tərtib olunur. Ona görə də yüksək nəticə göstərib, yüksək reytinq qazanmaq uğrunda məktəblər arasında ciddi rəqabət var. Yüksəq reytinq-yüksək nufuz və yüksək təhsil haqqları deməkdir. Məktəblərdə yüksək nəticə əldə etmək üçün daima təkmilləşdirilən müxtəlif tədris metodikalarından istifadə olunur. Britaniya məktəblərinin əsas prinsipləri möhkəm iradəli, fiziki cəhətcə sağlam, müstəqil düşünməyi bacaran, hərtərəfli inkişaf etmiş insan yetişdirməkdir. Buna görə də burada tipindən asılı olmayaraq bütün məktəblərdə fiziki tərbiyə dərslərinə böyük diqqət yetirilir. Məktəblərdə tez-tez müxtəlif  xarakterli turnirlər, yarışlar, müsabiqələr və s. təşkil olunur. Tədrisdə əsas diqqət uşağın müstəqil biliklər almaq və onları praktikada tətbiq etmək bacarığının formalaşdırılmasına yönəldilir. Ona görə də dərslər tez-tez bilavasitə laborotoriyada, istehsal müəssisələrində  təşkil olunur. Əksər özəl məktəblərdə siniflərdə şagirdlərin sayı 5-15 nəfər olur. Beləliklə müəllim hər bir uşağa fərdi yanaşmaq imkanı əldə edir. Siniflərdə şagirdlər yaş və ya bacarıqlarına uyğun qruplara bölünürlər və müəllimin verdiyi tapşırıqları yerinə yetirirlər. Dərslərdən əlavə təhsilalanlar eyni zamanda ev tapşırıqlarını da yerinə yetirməlidirlər, təqdimatlar hazırlamalıdırlar.
  Yaponiya 2-ci dünya müharibəsindən məğlub dövlət kimi çıxdı. Iqtisadiyyat, infrastruktur dağılmış,  büdcədə isə 1 qəpik pul yoxdur. 2013-cü ilin statistikasına görə 2-ci dünya müharibəsindən sonra dünyanın ən böyük iqtisadiyyatı olan ABŞ artıq liderliyi Çinə təhvil vermişdir. Dünyanın ən böyük üçüncü iqtisadiyyatına isə Yaponiya dövləti malikdir. Dünyada yapon “iqtisadi möcüzəsi” adı ilə tanınan belə inkişafı şətləndirən səbəblər bunlardır. 1. Müharibədən sonra ABŞ dövlətinin Yaponiyaya siyasi və iqtisadi dəstəyi. 2. Ənənəvi yapon qənaətçilliyi. 3. Ənənəvi yapon zəhmətsevərliyi. 4. Güclü təhsil sisteminin qurulması.
 Artıq aksioma kimi qəbul olunur ki, ölkədə təhsilin səviyyəsi yüksək olduqca onun iqtisadiyyatı da yaxşı inkişaf edir, işsizlərin sayı az, uzunömürlulərin sayı isə çox olur. Yaponiyada çox əsrlər boyu var-dövlət insan ləyaqətinin qiymətləndirilməsinin meyarı olmamışdır. Onu vicdanlı əmək və bilik kimi dəyərlər əvəz etmişdir. Bu ölkədə qrup maraqları hər bir insanın şəxsi maraqlarından həmişə üstün olmuşdur. Təhsil müəssisələrində artıq uşaq yaşlarından  təlqin olunur ki, qrup maraqları şəxsi maraqlardan üstündür. Qrup-yəni ailə, ölkə, işlədiyin müəssisə, oxuduğun məktəb və s. Məhz bu ideoloqiyanın təsiridir ki, keyfiyyətli olduğuna görə dünyada yaponiya mallarına tələbat günü-gündən artır, Yaponiya ən az boşanma halları olan ölkələr sırasında yer tutur. Müasir yaponiya təhsili indiki halına gələnə qədər çox dəyişiklərə  uğrayıb. 1971-ci ildə dünyaca məşhur Sony korporosiyasının banisi Masaru İbuki “Üç yaşdan sonra artıq gecdir” adlı kitab yazdı. Bu kitab yapon pedaqoqikasında inqlab etdi. Bu kitab nəinki Yaponiyada,  eləcədə dünyanın bir çox ölkələrində insanların süuruna güclü təsir etdi. Bu kitabı hətta “Əsrin kitabı” adlandırdılar. Kitabda irəli sürülən əsas fikir ondan ibarətdir ki, məhz ilk üç yaşında uşağın təhsil almaq üçün ən böyük potensialı olur. Məhz bu yaşında insanda gələcək şəxsiyyətin təməli qoyulur.
Hazırda Yaponiyada 12 illik təhsil sistemidir. Tədris ili 1 apreldə başlayır və növbəti il 25 marta qədər davam edir. Bir həftədən sonra uşaq yenidən məktəbə gedir, lakin indi artıq bir sinif yuxarıda oxuyur. Burada tədris ili üç rüba bölünür: aprel-iyul, sentyabr-dekabr və yanvar-mart. Tətillərin qrafiki məktəb, bagça və ali təhsil müəssisələri üçün eynidir. Ən uzun tətil yay tətilidir və təqribən bir ay davam edir. Yaponiyada məktəb üç pilləyə bölünür: 1. Ibtidai məktəb (1-6 siniflər). 2. Orta məktəblər (7-9 siniflər).  3. Böyük məktəblər (10-12 siniflər). Məktəbə 6 yaşı tamam olmuş uşaqlar qəbul olunurlar. Dərslər məktəbdən asılı olaraq həftədə 5 və ya 6 gün davam edir. Siniflərdə şagirdlərin sayı 35-40 nəfər olur. Şagirdlərin biliyinin qiymətləndirilməsində faizlı qiymətləndirmə sistemi tətbiq olunur, 100 bal ən yüksək hesab olunur. Bundan əlavə sözlü qiymətləndirmə də tətbiq olunur. Yaponiya təhsil sistemini fərqləndirən cəhətlərdən biri də ondan ibarətdir ki, siniflərdə şagirdlərin tərkibi daima dəyişir. Bu imkan verir ki, şagirdin bir sinifdə yoldaşları ilə münüsibətləri alınmadıqda, növbəti ildə başqa sinifdə daha yaxşı münasibətlər qura bilsin. Sinfin müəllimi də hər il dəyişir. Bu da müəllimlə şagirdlərin münüsibətlərində yaranan mənfi effekti aradan qaldırmağa yönəlmişdir. Dərslər adətən 8-30-da başlayır. Əsas dərslərdən sonra  dərnəklər yapon məktəbinin ayrılmaz tərkib hissəsidir. Adətən bu dərnəklər idman və ya incəsənətlə bağlı olur. Ona görə dərs günü ibtidai məktəblərdə 15-00-da, böyük məktəblərdə isə 17-00-da başa çatır. Dərslər ibtidai məktəblərdə 45, böyük məktəblərdə isə 50 dəqiqə davam edir. Dərslər arasında tənəffüslər 5-10 dəqiqə davam edir. Ibtidai məktəblərdə təsadüfi hallarda 4-dən artıq dərs saatları olur. Evə tapşırıqlar verilmir Bu səviyyədə zəng vurulmur. Vaxtı müəllim idarə edir və bilir ki, 13-30-da dərslər bitməlidir. Yuxarı səviyyələrdə gün ərzində dərslərin sayı 6-dır. Hər sinfin öz otağı var.  Məktəblərdə xadimə ştatı yoxdur, dərslərdən sonra şagirdlər məktəbdə hər yeri təmizləyirlər. Yaponiyada özəl məktəblər var, lakin onlar çox azdırlar. Məktəbin ilk iki pilləsi pulsuzdur. Ibtidai təhsil icbaridir və 100% uşaqları əhatə edir. Orta təhsilin ikinci pilləsi icbari deyil, lakin 97% uşaqlar ikinci piiləni başa vururlar. Burada sinfin bütün uşaqları növbəti sinfə keçirlər; sinifdə saxlama halları yoxdur. Böyük məktəblərə (10-12 siniflər) keçid çətin imtahanlardan sonra olur. Imtahanlarda yaxşı nəticə göstərmiş uşaqlar bahalı, lakin prestijli məktəblərdə oxumaq şansı qazanırlar. Imtahanlarda aşağı nəticə göstərmiş uşaqlar isə dövlət məktəblərdə təhsillərini davam etdirirlər, burada təhsil haqqları aşağıdır.  Yaponiyada hər rübün sonunda şagirdlər imtahan verirlər. Imtahanlar yazılı test formasında keçirilir.
  Hər gün dərslərdən sonra uşaqlar yenidən oxumağa yollanırlar, amma artıq icbari olmayan başqa məktəbə, orta məktəbdə  növbəti səviyyəyə keçid və universitetə daxil olmaq üçün çox vacib olan məktəbə. Bu məktəblər “dzyuku”, tərcümədə “ustalıq məktəbi” daha dəqiq desək “repititor məktəbi” adlanırlar. Repititorluq Yaponiyada qədim dövrlərdən mövcüddür və təhsilin ayrılmaz hissəsidir. Burada şagirdlər repititorun yanında axşam saat 6-dan 9-a kimi məşğul olurlar. “Dzyuku” məktəblərində 3-18 yaş arası şagirdlər məşğul olurlar. Ibtidai məktəblilərin altıda biri, orta sinif məktəblilərin yarısı, yuxarı sinif şagirdlərin isə hamısı “repititor məktəbləri”ndə oxuyurlar. “Dzyuku” məktəblərində təhsil  pulludur və çox bahadır.  Evə qayıtdıqdan sonra uşaq hələ gərək saatlarla sinif və repititor müəlliminin ev tapşırıqlarını yerinə yetirsin. Belə gərgin rejimə dözməyənlər də olur. Hazırda Yaponiya şagirdlər arasında özünəqəsdlərin sayına görə dünyada ilk yerlərdən birini tutur. Belə ağır dərs qrafikinin olmasına baxmayaraq yapon uşaqları bunun öhdəsindən gəlirlər və uğur qazanırlar. Yaponiya cəmiyyətində hər bir insan üçün uğur qazanmağın yolu böyük zəhmətdən və yüksək təhsildən keçir. Bu ölkədə yüksək təhsil-yüksək həyat səviyyəsi deməkdir. Hər bir yapon ailəsi uşağının təhsili üçün, repititor xərcləri də daxil olmaqla, büdcəsinin təqribən 4/1 hissəsini xərcləyir. Yaponiyada Avropada və Amerikada analoqu olmayan “ömürlük muzd” adlanan əmək müqaviləsinin forması vardır. “Mazda”, “Honda” və s. kimi nəhəng korporasiyalar prestijli universitetlərdə oxuyan istedadlı gənclərlə hələ tələbə vaxtlarından əmək münasibətləri qururlar. Bu münasibətlər insanın ömrünün sonuna qədər davam edir. Müəssisənin satışları, gəlirləri azala bilər, lakin o heç vaxt işçi ilə bağlanmış müqaviləni puzmur. Beləliklə insan ömür boyu iş və yüksək əmək haqqı ilə təmin olunur.
Yapon təhsilinin uğurları sırasına şübhəsiz ki, valideynlərin, xüsusən də anaların, tədris prosesinə cəlb olunmasını da daxil etmək lazımdır. Ananın təhsil səviyyəsi yüksəkdir, və o əmindir ki, övladlarını da yüksək təhsil səviyyəsi ilə təmin etmək valideynlərin burcudur. Məhz ana ilk dəfə uşağına oxumağı və yazmağı öyrədir. Əgər uşaq xəstələnibsə, ana məktəbdə parta arxasında onu əvəz edir, dərsləri dinləyir və evdə uşağına öyrədir. Çox vaxtı ibtidai məktəblərdə təhsil alan uşaqların anaları işləmirlər.   
Müəllimlik sənəti Yaponiyada prestijlidir. Müəllim cəmiyyətdə avtoritetli simadır və onun əməyi layiqincə ödənilir. Lakin bu ölkədə müəllim olmaq çox çətindir. Bunun üçün əlində müəllim diplomu olmaq azdır. Müəllimliyə yararlılığı müəyyən edən xüsusi imtahandan keçmək lazımdar. Müəllim müvafiq lisenziyanı əldə etdikdən sonra onu digər müvafiq sənədləri ilə birgə vakansiya elanı vermiş profekturaya göndərir. Profektura öz imtahanını təşkil edir. . Bir vakant yerə 20-30 namizəd ola bilər. Uğurlu nəticə əldə etmək üçün müəllim nəinki öz ixtisasını, eyni zamanda filosofiyanı, pedaqoqikanın nəzəriyyəsini və praktikasını, və başqa sahələri də bilməlidir. Müəllim hətta mənəviyyatdan imtahan verir, axı ona ölkənin ən böyük sərvəti-uşaqlar etibar olunur. Ona görə müəllim saf mənəviyyata malik olmalıdır. Imtahanda müsbət nəticə əldə etmiş müəllimlə müəllimlik fəaliyyəti müddətinə (ən azı 15 il), və ya təqaüdə çıxana qədər müqavilə bağlanılır. Yaponiyada müəllim qulluqçudur, məktəbin adi işçisi deyil. Müəllim yapon təhsil sisteminin uğurunun təminatçısıdır.  
  Azərbaycan öz müstəqilliyini əldə edəndən sonra digər sahələrdə olduğu kimi təhsildə də köklü islahatlar zərurəti ortaya çıxdı. Sovet təhsil sistemindən modern və dünya standartlarına uyğun təhsil sisteminə keçid prosesinin başlaması ötən əsrin 90-cı illərinin ortalarına təsadüf edir. 1999-cu ildə «Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı» təsdiq olunduqdan sonra bütün təhsil sistemində, o cümlədən ümumtəhsil pilləsində də islahatlara start verildi. Son illərdə isə bu sahədə problemlərin aradan qaldırılması, inkişafın daha da sürətləndirilməsi istiqamətində işlər daha da intensivləşmişdir. Təkcə son iki ildə atılan addımları  sadalamaqla  görülən işlərin nə qədər sistemli və məqsədəmüvafiq olduğunu müşahidə etmək olar.
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli fərmanı ilə təsdiq olunmuş “Azərbaycan 2020 gələcəyə baxış” İnkişaf Konsepsiyasında ölkəmizin təhsil sistemi ən çox yer ayrılan sahələrdən biridir. Burada konkret tədbirlər və icra müddəti təyin olunub. 24 oktyabr 2013-cü ildə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” və bu Strategiyada nəzərdə tutulan tədbirlər üzrə Fəaliyyət Planı 2015-ci 19 yanvar tarixində  Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq olundu. Ölkədə  səriştəli və bacarıqlı təhsilverənlərin formalaşdırılması istiqamətində kompleks işlər həyata keçirilir. Təhsil naziri cənab M. Cabbarov Azərbaycan müəllimlərinin XIV qurultayında məruzəsində bu məsələyə diqqəti çəkərkən qeyd etmişdir: “ ....ali təhsil müəssisələrinə mövcüd qəbul qaydaları müəllim peşəsi üçün ən aşagı bal ilə qəbul olunmaq imkanı yaratdığı üçün çox aşağı bilik səviyyəli insanların bu ixtisasa axınını stimullaşdırır.” Vəziyyəti kökündən dəyişmək üçün Təhsil Nazirliyi bu istiqamətdə ciddi addımlar atır. Təhsil Nazirliyi 21 aprel 2014-cü il tarixli əmri ilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu Qaydaları”, “Müsabiqə yolu ilə müəllimlərin yerdəyişməsi və işə qəbulu qaydalarının tətbiqini tənzimləyən sənədlər toplusu” və digər müvafiq sənədlər təsdiq edilib. Bu istiqamətdə atılan digər vacib addım kimi yeni tədris ilindən müəllimlik ixtisaslarını öz arzusu ilə seçən və yüksək balla qəbul olunan gənclərə xüsusi imtiyazlar tətbiq edilməsini göstərmək olar.. İlk dəfə olaraq Bakı şəhərindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi keçirildi. Yaxın zamanlarda eyni tədbirin rayonlarda keçirilməsinə hazırlıq gedir. Sınaq qiymətləndirilməsinin keçirilməsi ölkədə müəllim korpusunun təkmilləşdirilməsinə xidmət etməklə yanaşı, gələcəkdə müəllimlərin yekun attestasiyasını problemsiz həyata keçirtmək üçün münbit zəmin yaradır.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 16 2015-ci il tarixində "Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında" sərəncamı ölkədə müəllim peşəsinin və konkret olaraq müəllimin nufuzunun qaldırılmasına yönəlmişdir. Təhsil Nazirliyinin gündəmində olan vacib məsələlərdən biri də keyfiyyətsiz dərslik problemidir. Dərslik müəlliflərinin kurikulumun mahiyyətinin daha dərindən qavramalarını təmin etmək məqsədilə onlar üçün təlimlər təşkil olunur.  Təhsil Nazirliyi tərəfindən həyata keçirilən böyük lahiyyələrdən biri də direktor və gələcəkdə bu vəzifədə çalışmaq istəyənlər üçün müasir peşə standartları əsasında təlimlər təşkil olunaraq həyata keçirilməsidir. Ölkədə paralel olaraq təhsil infrastrukturunun yeniləşməsi və müasirləşməsi istiqamətində hər il  milyonlarla büdcə və digər mənbələrdən vəsaitlər xərclənir. Növbəti ildən dərs ilinin uzadılması qərarının verilməsi təhsil sistemimizdə qabaqcıl dünya təcrübəsinin tətbiqi məqsədinə xidmət edir. Paralel olaraq Təhsil Nazirliyi təhsilin normativ-hüquqi bazası təkmilləşdirilməsi istiqamətində əməli  addımlar atır, bir çox tənzimləyici sənədlər qəbul olunmuşdur, təlim-tərbiyə işinin məzmununun yeniləşməsi, təlimin keyfiyətinin yüksəlməsi, təlimdə və qiymətləndirmədə yeni metodların, texnologiyaların tətbiqi, müəllimin peşə hazırlığı səviyəsinin artırılması, idarəetmə strukturunun təkmiləşdirilməsi, yeni nəzarət sisteminin yaradılması və digər məsələləri üzrə proqramlar həyata keçirir.

                                                                                        Mais QULİYEV,
                                              Lənkəran Şəhər Təhsil Şöbəsinin aparıcı məsləhətçisi


No comments:

Post a Comment